Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələr Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş toplantısında müzakirə olunmuşdur.
Ümumrayon məclisini giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nazirlər Kabinetinin dövlət başçısının sədrliyi ilə keçən iclası, Prezident İlham Əliyevin nitqində əksini tapmış önəmli məsələlər, ölkə rəhbərinin cari dövrdə qarşıya qoyduğu vəzifələr və konkret tapşırıqlar barədə ətraflı məlumat vermişdir. Respublikada əldə olunan uğurların Nəsimi rayonunun sosial-iqtisadi həyatı üçün də səciyyəvi olduğunu qeyd edən başçı bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son dövrdə rayon ərazisində gerçəkləşdirilən irimiqyaslı layihələrin davamı olaraq, ilin ilk 3 ayında da quruculuq işləri uğurla aparılmış, istehsal və xidmət sahələrində növbəti irəliləyiş əldə edilmişdir.
Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin problemlərinin həllini sürətləndirmək, paytaxtın ümumi gözəlliyini və rahatlığını daha da artırmaq yönündə həyata keçirilən layihələr, dövlət proqramlarında nəzərdə tutulan məqsədyönlü quruculuq-abadlıq tədbirləri, daxili imkan və ehtiyatların kifayət qədər hərəkətə gətirilməsi bu ilin I rübündə də Nəsimi rayonunda sürətli inkişafı və genişmiqyaslı yeniləşməni təmin etmişdir. Makroiqtisadi göstəricilər əvvəlki ilin müvafiq dövründəkindən xeyli üstün olmuşdur.
Sənaye istehsalı ilə məşğul olanların, fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla, rayon üzrə 5 faiz çox məhsul istehsal edilmişdir. Bunun 17 faizi məhsulun, 83 faizi isə xidmətlərin payına düşmüşdür. Tikinti kompleksində bütün maliyyə mənbələri hesabına 102,8 faiz investisiyadan istifadə edilmişdir ki, bu da keçən ilin müvafiq dövründəkindən çoxdur.
Nəqliyyat sektorunda 90 milyon 135 min manatlıq və ya 7,4 faiz çox yük və sərnişin daşınmışdır. Rabitə müəssisələri isə təşkilatlara və əhaliyə 2,7 faiz çox xidmət göstərmişdir, bunun da 95 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşür. Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 37 faiz çox istehlak malları satılmışdır. Əmtəə dövriyyəsinin 99,9 faizi özəl sektorun payına düşur.
Orta aylıq əməkhaqqı ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 9,2 faiz artmışdır. 2018-cı ilin I rübündə 1060 yeni iş yeri açılmışdır, onların hamısı daimidir.
Məruzəçi daha sonra bildirmişdir ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhərsalma normalarına cavab verməyən, ümumu görünüşə xələl gətirən yaşayış binalarının və obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə bağlı Nəsimi RİH məqsədyönlü işlər aparır. 32 layihə razılaşdırılmış, 21 layihə üzrə söküntü və tikinti işləri aparılır.
Ümumiyyətlə, rayon ərazisində xidmət təşkilatları və digər podrat qurumları rüb ərzində çoxsaylı yenidənqurma, təmir-tikinti, abadlıq, təmizlik və yaşıllaşdırma işləri aparmışdır. Əhalinin su, elektrik enerjisi, qaz və istilik təchizatı daim nəzarətdə saxlanılmış, qəzalar dərhal aradan qaldırılmış, xidmətin səviyyəsi yüksəldilmişdir. Ərazidəki təhsil, səhiyyə, mədəniyyət və digər humanitar sahə müəssisələrinin ahəngdar fəaliyyəti təmin edilmiş, hər sahədə səmərəli iş qurulmasına kömək göstərilmişdir. Əhalinin tibbi müayinədən keçirilməsinə başlanmış, bugünədək 55 mindən artıq sakin pulsuz yoxlanışdan keçmişdir.
İclasda Nəsimi Rayon MKTB rəisi Elman Yəhyayev, Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Əsgər Əsgərov, Sukanal İdarəsinin rəisi İntiqam Tağıyev, “Azərişıq” ASC rayon şöbəsinin rəisi Həbib Əzizov əhalinin zəruri ehtiyaclarının ödənilməsi yönündə həyata keçirilmiş tədbirlər və qarşıda duran məsələlərdən söhbət açmışlar.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, nəzərdə tutulan abadlıq-quruculuq layihələri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur. Qəbul olunmuş qərarda, səslənmiş təkliflər nəzərə alınmaqla, ilin II rübünün konkret vəzifələri əksini tapmışdır.
R.TAHİR,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.