Gəncə 2018-ci ilə uğurla başlayıb

Gəncədə 2018-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir .İclasda ilin ilk üç ayının statistik göstəricilərinə nəzər salınıb, həyata keçirilməsi nəzərdə tutulan məsələlər müzakirə edilib. Gəncə şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi yığıncaqda icra hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək bildirib ki, hesabat dövründə qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində mühüm işlər görülüb. Şəhərdə ictimai-siyasi sabitlik hökm sürür, dinamik makroiqtisadi göstəricilər əldə edilib.

Şəhər üzrə ümumi daxili məhsul istehsalı və xidmətlərin həcmi 2018-ci ilin yanvar-mart aylarında 236 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə 19,9 faiz çox olub. Şəhərdə istehsal olunan sənaye məhsulunun 46,1 faizi respublika daxilinə, 53,9 faizi Rusiya, Türkiyə, Ukrayna, Belarus, Gürcüstan və digər ölkələrə ixrac edilib.

Təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı, onların maddi-texniki və tədris-metodiki bazasının getdikcə müasirləşdirilməsi, eləcə də müasir avadanlıqlarla təmin olunması, mövcud obyektlərin əsaslı surətdə yenidən qurulması və təmiri, məktəb binalarının inşası şəhər icra hakimiyyəti başçısının daim diqqət mərkəzində saxlanılır.

Qeyd olunmuşdur ki, Gəncə Beynəlxalq Avtovağzal Kompleksinin tikintisində son tamamlanma işləri qısa müddətdə başa çatdırılmalıdır. Şahmat məktəbinin yeni binasının inventarla təminatı, şəhər səhiyyə idarəsinin yeni binaya köçürülməsi ilə bağlı məsələlər də müzakirə edilmiş, aidiyyatı şəxslərə tapşırıq və tövsiyələr verilmişdir.    Elmar Vəliyev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncəçayın sel sualarından mühafizəsi ilə bağlı çayın sağ sahilində bəndvurma işləri aparılmışdır. Çayın sol sahilində aparılan işlər isə yekunlaşmaq üzrədir. Sözügedən ərazidən 130 ailə köçürülmüş və yeni layihə nəzərə alınaraq daha 26 evin köçürülməsi prosesi 1 ay ərzində yekunlaşmalıdır. Çayın sol sahili üçün işlənilən layihə də artıq hazırdır. Bu hissədə də bulvar kompleksi salınacaq. Layihəyə uyğun olaraq bulvarda “Bayraq muzeyi”, yaşayış binası, tələbələr üçün yataqxana inşa ediləcək. Yeni salınan bulvarda qapalı və açıq stadionların tikintisi də layihədə öz əksini tapıb.

İcra hakimiyyətinin başçısı müxtəlif təyinatlı binaların tikintisi üçün tenderin elan olunacağını da qeyd edib. Layihənin icrası investorların qoyduğu investisiya hesabına həyata keçiriləcək. İş adamlarının təqdim edəcəyi layihələrə də xüsusi baxış keçiriləcək. Şəhərin görkəminə yaraşan layihələrin icrasına icazə veriləcək.

Nizami prospektində isə Gəncəçay körpüsündən Heydər Əliyev prospektinə qədər olan ərazidə 7 ədəd  Gəncə memarlığına xas olan müxtəlif bloklu 9 mərtəbəli binalar inşa ediləcək. Binaların birinci mərtəbəsində iaşə obyektləri, alış-veriş mərkəzləri fəaliyyət göstərəcək. Köçürülən 150-dən çox ailə evinin sahəsinə uyğun mənzillə təmin edilərək həmin binalara köçürüləcək. Digər mənzillər isə açıq satışa çıxarılacaq.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında