Ağlın, idrakın və müdrikliyin qələbə bayramı

Öz ölkəsinə rəhbər, öz dövlətinə simvol, öz həyatına qarant seçmək haqqına qovuşan və bu haqqı ədalətli, demokratik, sivil şəkildə yerinə yetirən xalqın, bunu bayram etməyə də, təbii ki, haqqı çatır. Xətai rayonunda seçmək və seçilmək haqqı olan bu xalqın nə az, nə çox 286 mindən artıq nümayəndəsi yaşayır.

Artıq tarixə yazılan 11 aprel Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü, dörd dairə üzrə keçirilən səsvermədə bu rayonun əhalisinin seçki hüququ olan 181 min 264 üzvündən 122 min 458 nəfəri iştirak edərək dövlətin taleyinin, onun idarəçiliyinin kimə etibar edilməsinə öz münasibətini bildirdi. Xətai rayonu, həmişə olduğu kimi, yenə də sabitliyin, iqtisadi yüksəlişin, sosial tərəqqinin və möhkəm dövlətçiliyin qarantına səs verdi. 103 min 601 nəfər, yəni səsvermədə iştirak edənlərin 84,88 faizi birmənalı şəkildə İlham Əliyevi yenidən öz lideri kimi müstəqil Azərbaycanı tərəqqiyə, inkişafa aparmaq yoluna rəhbərliyi davam etdirməyə səs verdi.

Yüzlərlə rayon sakini, idarə və müəssisələrdə çalışan insanlar həmin gün Azərbaycanın əbədi müstəqilliyi üçün canını belə əsirgəməyən və buna ən gərgin, ən ağır, ən məşəqqətli şəraitdə nail olan ümummilli lider Heydər Əliyevin adını daşıyan parka toplaşıb, məhz o bənzərsiz şəxsiyyətin sədaqətli silahdaşını yenidən Prezident postunda görmək arzularına qovuşduqlarını bayram edirdilər. Bu, sadəcə ayrıca bir liderin qələbəsinin bayramı deyildi. Bu, minlərlə, milyonlarla insanın rahat, firavan, azad və əmin-amanlıq içində yaşamasını, son 15 ildə dönmədən, ən yaxşı şəkildə təmin etmiş bir dövlət xadiminə xalqın etimadının möhtəşəm təntənəsi idi. 

Öz liderinin qələbəsinə sonsuz sevinc hissini parka axışan  sadə insanlarla paylaşan Milli Məclisin deputatı, yazıçı-dramaturq  Hüseynbala Mirələmova üz tutur və səbəbini soruşmadan duyğularını, keçirdiyi hissləri ifadə etməsini istəyirik:

– Bu, xalq iradəsinin, cənab İlham Əliyevə sonsuz inam və etimadın möhtəşəm təntənəsidir. Kim inanmırsa ki, bu belədir, gəlib bu parka toplaşan, sevincini rəqsləri, qəlblərinin dərinliklərindən gələn gülüşləri ilə göstərən xalqın minlərlə nümayəndəsinin burada yaşadıqlarına baxsın.  Səsvermə günü Xətai  rayon sakinləri seçkidə iştirak etmək vəzifələrinə əsl vətəndaşlıq məsuliyyəti ilə yanaşıb ən fəal şəkildə seçki məntəqələrinə axışdılar. Təkcə ona görə yox ki, sadəcə seçkiyə getsinlər, yox.  Həm də ona görə ki, istəklərini, iradələrini, öz liderlərinə inamlarını, etimadlarını nümayiş etdirsinlər.

Xalqımız bu seçkilərdə həmrəylik və seçki fəallığı ilə bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan heç də təsadüfən Şərqin ilk demokratik ölkəsi adlandırılmır. Biz bu gün bir daha dünyaya bəyan etdik ki, heç kimin demokratiya dərsinə, nəsihətinə ehtiyac duymuruq. Gəlsinlər, baxsınlar və qürurlarına, ədalarına güc gələ bilsələr, hələ bir az da öyrənsinlər ki, xalq demokratiyası necə olur. Bu, ağlın, iradənin, müdrikliyin qələbəsinin bayramıdır.

Söhbətimizin bu yerində parkda qurulmuş möhtəşəm ekranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətinin canlı yayımı başlanır. İnsanların sevincindən çağlayan park bir andaca sükut edib diqqətini öz əvəzsiz liderinə yönəldir. Müasir Azərbaycanın lideri əbədi müstəqillik yolunu, ölkənin tərəqqi və inkişaf strategiyasını, bu gündən başlayaraq daha böyük səy və qüvvə ilə davam etdirəcəyini bəyan edir. Göstərilən böyük etimada, inama və dəstəyə görə xalqa ünvanlanan minnətdarlıq böyük coşqu və sürəkli alqışlarla qarşılanır. Uzun sürən alqışlar sanki seçkilərin nəticələrini təkrar-təkrar təsdiqləyir.

Hələ heç nə bitmir. Böyük inamla və qətiyyətlə səs verdikləri namizədin – İlham Əliyevin qələbəsini eşidib Heydər Əliyev parkına üz tutan insan axını dayanmaq bilmirdi. Gecə yarıdan keçsə də onlar bu təntənəni bayram etməkdən yorulmurdular. Parkda yaşanan bayram ruhu sanki bütün qaranlıqları yarıb insanları tarixin yeni mərhələsinə yol açan bu seçimin uğurunu birgə yaşamağa çağırırdı. Bu gün hamı eyni duyğuları və hissləri yaşayırdı - Xətai Rayon İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxsləri də, rayon ictimaiyyətinin nümayəndələri də, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının fəalları da, Milli Məclisin deputatları da.

Tədbirdə rayon ağsaqqalları, ziyalılar çıxış edərək bildirdilər ki, İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi Azərbaycanın yeni inkişafı, yüksəlişi, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının öz gələcəyinə ümidlə baxması deməkdir. Ona görə də bütün Azərbaycan xalqı bu qələbəni hamılıqla bayram edir.

Bayram tədbirinin sonunda xalqın istək və arzularının, iradə və idrakının, ağlının və müdrikliyinin qələbəsini nümayiş etdirən möhtəşəm atəşfəşanlıq isə sanki sabaha gedən yolumuza, yaşayacağımız yeni tarixə və yeni günə  bir işıqlı müjdə oldu. Beləcə bir mühüm seçim və taleyüklü gün tarixə millətin, xalqın qələbə bayramı kimi yazıldı. 

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında