Paytaxt seçiciləri seçki məntəqələrinə bayram əhval-ruhiyyəsi ilə gəlmişdilər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Nəsimi rayonu

 

Ötən prezident seçkilərindən keçən dövr paytaxtın Nəsimi rayonu üçün də hərtərəfli inkişaf, geniş quruculuq-abadlıq işləri ilə əlamətdardır. Ölkədə uğurla davam edən tərəqqi və yeniləşmə siyasətinə layiqli töhfələr verən nəsimililər növbəti dövlət başçısı seçkisinə də məhz bu prosesin davam etdirilməsi, sabitlik və vətəndaş həmrəyliyinin qorunub saxlanması, yarımçıq işlərin başa çatdırılması, yeni hədəflərə doğru irəliləyiş arzuları ilə gəlmişlər.

Paytaxtın iri yaşayış massivlərindən biri kimi son illərdə əhalisinin sayı 200 min nəfəri ötmüş Nəsimi rayonunda 3 seçki dairəsi üzrə seçicilərin sayı 96 min 500 nəfər olmuşdur. Dairə və məntəqə seçki komissiyalarının ötən illərdə əldə etdiyi təcrübə və indiki seçkiyə ciddi hazırlığı nəticəsində səsvermə hüququ olan bütün sakinlər müəyyənləşdirilərək seçkiyə rəsmi dəvət almış, ərazilərdə seçicilərlə geniş maarifləndirmə və fəal təşviqat işləri aparılmışdır. Bütün bunlara görə dünən rayon ərazisində yüksək seçici fəallığı müşahidə olundu.

Bunu rayonda 5 saylı məktəbdə yerləşən seçki məntəqəsinə gəlmiş xarici müşahidəçilər də məmnunluqla qeyd etdilər. Bu böyük təhsil ocağında 21 saylı I Nəsimi deçki dairəsinin 4 səsvermə məntəqəsi yerləşir. Səhər tezdən məntəqələr qapılarını seçicilərin üzünə açandan 4-cü mikrorayonda yaşayan müxtəlif yaşdan olan insanlar axın-axın seçki hüququndan istifadə etməyə tələsirdilər.

Azad Demokratik Seçkilərə Sivil Təşəbbüs Təşkilatını təmsil edən Bolqarıstandan gəlmiş müşahidəçilər Nikola Miçevski və Dafina Stoyanovska elə bayırdaca bu fəallığa biganə qalmayıb səbəbi ilə maraqlananda Əsəd Əsədov adlı seçici irəli çıxıb bildirdi ki, bu, adamların öz müstəqil ölkəsinin həyatındakı ali kampaniyaya yüksək düşüncə ilə yanaşmaları, ölkədə və rayonda gedən quruculuq-abadlıq işlərindən, rifahın yüksəlməsindən, problemlərin uğurla həll edilməsindən doğan ümumi razılıq ilə bağlıdır.

Məktəbdəki 15 saylı səsvermə məntəqəsinin qarşısında toplaşmış onlarla seçici hissə-hissə içəri buraxılır, şəxsiyyət vəsiqələrini təqdim edib qeydiyyatdan keçirdilər. Baş barmaqları ilkin prosedura uyğun olaraq, yoxlanıb şəffaf mürəkkəblə işarələnənlər səsvermə bülleteni alır, gizli seçimini edəndən sonra şəffaf qutuya atırdılar. Qoşa qutunun hər ikisi yarıya qədər dolmuşdu.

 Qarşı tərəfdə onlar üçün ayrılmış guşədə əyləşmiş müşahidəçilər göz qırpmadan bu prosesi izləyirdilər. Yeni Azərbaycan Partiyasını təmsil edən Gülnarə Zərbəliyeva, Milli Dirçəliş Hərəkatı Partiyasının müşahidəçisi İradə Hüseynova, Müasir Müsavat Partiyasının nümayəndəsi Dilarə Hüseynova, müstəqil müşahidəçilər Rüxsarə Rüstəmova və Fərid Əmrahovun səsvermənin gedişi barədə rəyləri qısa və eynimənalı oldu: “Normal keçir, heç bir narazılığımız yoxdur!”

15 saylı məntəqənin müdiri Məlahət Hüseynova bildirdi ki, ərazidəki 1275 seçicinin hamısı lazımi məlumat alıb. 14 nəfər müxtəlif səbəblərdən başqa yerlərdə səs vermək üçün qeydiyyatdan çıxıb. Məntəqə üzvləri yataq xəstələrinin və hərəkətsiz qocaların öz mənzillərində səs vermələrinə şərait yaradıblar. Bax, elə indicə Qarabağ müharibəsinin I qrup əlili Yaşar Mirzəyevin yaşadığı ünvana qutu göndərdik. Bütün proses veb-kamera ilə izlənir. İlk iki saatda seçicilərin 20 faizə qədəri çağırışımıza cavab verərək məntəqəyə gəlib.

Oxşar mənzərələri ərazidəki 14, 16, 17 saylı məntəqələrdə də müşahidə etdik. Səs verib çıxanların bir çoxu seçimini çəkinmədən açıqlayaraq bildirirdi ki, o, ümummilli lider Heydər Əliyevin uzun tarixi dövr üçün alternativsiz olan siyasi kursunu davam etdirməyə qadir yeganə namizəd kimi yenə üstünlüyü İlham Əliyevə veriblər. 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 9 saylı məntəqəsində səs vermiş Tamara Raxamimova isə bildirdi ki, təkcə o yox, onun Azərbaycanda yaşayan bütün yəhudi soydaşları indiki seçkidə də ölkəni bütün dünyada multikultural və tolerant dəyərlər mərkəzi kimi tanıtmış İlham Əliyevə səs verməyi qərara alıblar.

* * *

22 saylı Nəsimi II seçki dairəsinin 1 saylı məntəqəsinin sədri Naidə Həsənova fikirlərini bizimlə bölüşdü:

– Seçki Məcəlləsinə uyğun olaraq, səsəvermə saat 8-dən başlayıb. Seçicilərimiz ruh yüksəkliyi ilə gəlir və öz seçimlərini sərbəst şəkildə edirlər. Heç bir qanun pozuntusu baş verməyib. İki nəfər isə seçki məntəqəsinə gələ bilmədiyindən bizə müraciət edib və onlara da seçki qutuları göndərildi. İki nəfər də ilk dəfə səsə verən gəncimiz var. Üç beynəlxalq müsahidəçi seçkinin gedişini izləyib. MDB müşahidəçilər qurupunun nümayəndəsi İqor Eronin və Olqa Kudryavtseva, Yunanıstandan Konistinos Urettos I saylı məntəqədə olublar. Seçkilər şəffaf və demokratik şəraitdə keçir. Seçicilər yüksək fəallıq nümayiş etdirirlər.

Həmin seçki məntəqəsində müşahidəçi qismində iştirak edən Azərbaycana Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nümayəndəsi Elvin Məmmədli seçki prosesi ilə bağlı bunları dedi: “Seçki məntəqəsi açılandan müşahidə aparıram. Seçki şəffaf keçirilir. Müşahidəçilərə seçki prosesini izləmək üçün hər cür şərait yaradılıb. Seçki komissiyasının sədri öz vəzifəsini düzgün yerinə yetirir”.

Milli Dirçəliş Hərəkatı Partiyasından Bağır Bağırlı deyir ki, seçkilər yüksək səviyyədə keçir. Seçicilər növbə ilə yaxınlaşır, səs verirlər. Bu məntəqədə yüksək fəallıq nümayiş olunur. 

İlk dəfə səs verən gənc Aydan Əliyeva öz seçimini etdi. Gənc qəzetimizlə sevincini bölüşdü:

– “Seçimimi etdim. İlk dəfə səs verdiyim üçün çox sevincliyəm. Bu hissi sözlə ifadə edə bilmirəm. Ölkəmizin uğurlu gələcəyinə səs verdim”.

İlk dəfə səs verən Turan Əliyeva da seçkilərin yüksək səviyyədə keçdiyini bildirdi. Əlavə etdi ki, bir gənc olaraq bu seçkidə iştirak etməkdən qürur duydum.

85 yaşlı Aliyə xanım Səidova da güclə gəzməsinə baxmayaraq, öz vətəndaşlıq borcunu yerinə yetirərək, səsvermədə iştirak etdi. Özü 1 saylı məntəqəyə gəldi və istədiyi namizədə səs verdi. Seçki prosesinin yüksək səviyyədə keçdiyini bildirdi.

22 saylı Nəsimi II seçki dairəsinin 5 saylı məntəqə seçki komissiyasının sədri Firəngiz Həmidova:

– Siyahı üzrə 1365 seçicimiz var. Onlardan 14-ü ilk dəfə səs verəcək.

 Bir neçə yaşlı qadın məntəqəyə yaxınlaşanda məntəqə sədri onları gül-çiçəklə qarşıladı. Bildirdi ki, bu cür yaşlı insanların məntəqəyə gəlməsi xoş oldu. Bu yaşda da öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirirlər.

 Milli Dirçəliş Hərəkatı Partiyasından Sevil Bağırova müşahidəçi qismində seçki prosesini izləyir. O, mövqeyini belə ifadə edir: – Həqiqətən, bu seçkilərdə çox yüksək seçici axını müşahidə olunub. Ölkəmizdə keçirilən seçkilərdə dəfələrlə müşahidəçi kimi iştirak etmişəm. Lakin bu qədər seçki fəallığı müşahidə etməmişəm.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından İradə Nəbiyeva:

– Seçicilər səsverməyə çox yüksək ruh yüksəkliyi ilə gəlirlər ki, bu da seçkinin şəffaf və demokratik keçirilməsindən xəbər verir.

22 saylı Nəsimi II seçki dairəsinin 6 saylı məntəqənin sədri Gülər Şahbazova: Məntəqəmizdə 1329 seçici var. Seçici fəallığı müşahidə olunur. İki nəfər ilk dəfə səs verənlərdir. Seçki məntəqəsinə gələ bilməyən 5 nəfərə seçki qutusu göndərilib.

22 saylı Nəsimi II seçki dairəsi 7 saylı məntəqənin sədri Ofeliya Hüseynova qəzetimizlə fikirlərini bölüşdü: – Seçicilər fəallıq göstərirlər. Məntəqəmizdə 1412 seçici qeydiyyatdadır. İlk dəfə səs verən 54 gəncimiz var. Yaşlı insanların gəlməsi bizi çox sevindirir. Bir nəfərə seçki qutusu göndərdik. Seçkini müşahidə edən bolqarıstanlı müşahidəçi Vrettos Konstantions məntəqəmizdə seçki proseslərini izlədi.

Müşahidəçi qismində bitərəf Rəsulova Düldanə: Hər şey seçki Məcəlləsinə uyğun gedir.

* * *

Məlumat üçün bildirək ki, rayondakı 22 saylı II Nəsimi seçki dairəsinin 28 səsvermə məntəqəsi 38 min 38 seçiciyə, 23 saylı Nəsimi-Səbail dairəsinin 31 məntəqəsi Nəsimi rayonunun 24 min 596, Səbail rayonunun isə 10 min 611 seçicisinə aprelin 11-də səsverməyə gəlmələri barədə bildiriş göndərmişdi. Səsvermə başa çatandan sonra öyrəndik ki, 21 saylı I Nəsimi seçki dairəsi üzrə seçicilərin 68,67 faizi, 22 saylı II Nəsimi deçki dairəsi üzrə 67,56 faizi, 23 saylı Nəsimi-Səbail deçki dairəsi üzrə isə 65,7 faizi prezident seçkilərində səsvermə hüququndan istifadə etmişdir.

 

Binəqədi rayonu

 

Ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan prezident seçkilərinin demokratik, azad və şəffaf keçirilməsi üçün respublikamızda yaradılan normal seçki şəraiti Azərbaycan cəmiyyətində yüksək demokratik mühitin formalaşmasından xəbər verir. Bunu Binəqədi rayonunun timsalında da aydın görə bilərik.

Binəqədidəki dairə və seçki məntəqələrində müşahidə etdiyimiz vəziyyət rayonda prezident seçkilərinə ciddi hazırlıq tədbirlərinin həyata keçirilməsindən xəbər verirdi. Xatırladaq ki, dairə seçki komissiyalarının tərkibinə daxil olan məntəqələrdə seçkilərə hazırlıq işləri yüksək səviyyədə başa çatıb. Məntəqələrdə komissiya üzvlərinin normal fəaliyyəti, vətəndaşların sərbəst şəkildə öz iradələrini ifadə etmələri, istədikləri namizədə demokratik şəraitdə səs vermələri üçün hər cür şərait yaradılıb.

Xatırladaq ki, Binəqədi rayonunu 3 əsas seçki dairəsi əhatə edir. Bunlar 8 saylı Binəqədi birinci, 9 saylı Binəqədi ikinci, 10 saylı Binəqədi üçüncü seçki dairələridir. Rayon ərazisinin bir hissəsi isə 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin hüdudları daxilindədir.

Aprelin 11-də səhər saat 8-dən etibarən 8 saylı Binəqədi birinci seçki dairəsinin tərkibinə daxil olan seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada başlayıb. Dairə seçki komissiyasının sədri Natiq Əliyev bildirdi ki, dairənin əhatə etdiyi 39 daimi və bir müvəqqəti seçki məntəqəsi bütün zəruri avadanlıqla təmin olunub.

10 məntəqədə veb-kamera yerləşdirilib. Bundan başqa, bütün məntəqələrdə Mərkəzi Seçki Komissiyası tərəfindən əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılıb. Məntəqələr seçki bülletenləri, gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün xüsusi cihazlarla təmin edilib. Seçicilər axın-axın məntəqələrə gəlir, azad və sərbəst surətdə növbəti 7 il üçün prezident görmək istədikləri namizədə səs verirdilər.

8 saylı Binəqədi I seçki dairəsi üzrə seçki məntəqələrinə gələnlər arasında ilk dəfə səs verən gənclər də vardı. Onlar müstəqil respublikamızın gələcəyinə ilk dəfə səs vermələrindən qürur hissi duyduqlarını bildirdilər.

DSK-nın sədri Natiq Əliyev bildirdi ki, 8 saylı seçki dairəsində 39 məntəqədə 47840 nəfər, 11 saylı cəzaçəkmə müəssisəsində yerləşən müvəqqəti məntəqədə isə 1138 seçici qeydiyyatdadır. Seçki dairəsində yaşlı seçicilərin (80-100 yaş) sayı 923 nəfərdir. Bir nəfərin yaşı 100-dən çoxdur. 776 nəfər seçici isə ilk dəfə səs verir. 131 nəfər daşınan qutu üçün müraciət edib. Seçkini izləmək üçün 469 yerli müşahidəçi, 40 nəfər məşvərətçi qismində qeydiyyata alınıb. Günün sonunda seçicilərin 75,06 faizi səsvermədə iştirak edib.

9 saylı Binəqədi ikinci seçki dairəsi 37 daimi və Ə.D.Məlikov adına xəstəxanada yerləşən 1 müvəqqəti seçki məntəqəsini əhatə edir. Məntəqələrdə seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait yaradılıb. Səhər saat 8-dən qanunvericiliyin tələbinə uyğun olaraq məntəqələr fəaliyyətə başlayıb. Məntəqələrin açılışında beynəlxalq və yerli müşahidəçilər də iştirak ediblər.

Seçki dairəsi əsasən fərdi evlərin yerləşdiyi Xutor yaşayış massivindən Rəsulzadə qəsəbəsinədək olan ərazini əhatə edir. DSK-nın sədri Həsən Bayramov bildirdi ki, qeydiyyata alınmış 49064 seçicinin 1326 nəfəri ilk dəfə səs verən gənclərdir. İki nəfərin 18 yaşı məhz seçki gününə təsadüf edir. Dairədə yaşı 80-ni ötmüş 760 seçici var. Məmmədova Gülənbər Əvəz qızının isə yaşı 100-ü adlayıb.

Dairənin 10 məntəqəsində veb-kameralar işləyir. Həmçinin bütün məntəqələrdə əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılıb.

 9 saylı Binəqədi ikinci seçki dairəsinin seçki məntəqələrində müxtəlif partiyaların nümayəndələri və bitərəf müşahidəçilər seçki prosesində heç bir qanun pozuntusuna yol verilmədiyini, səsvermənin tam şəffaflığını təmin edən şərait yaradıldığını, seçicilrəin 76,53 faizinin səs verdiyini bildirdilər.

10 saylı Binəqədi üçüncü seçki dairəsinin sədri İsgəndər Əliyev bildirdi ki, seçki dairəsi 35 daimi və N saylı hərbi hissədə yerləşən 1 müvəqqəti məntəqəni əhatə edir. Hərəkət imkanları məhdud olan seçicilər üçün 7 məntəqədə panduslar təşkil edilib. Məntəqələrin 10-unda səsverməni izləmək üçün veb-kameralar quraşdırılıb. Seçicilərin ümumi sayı 49 min 229 nəfərdir. Bunlardan 273 nəfəri hərbi hissədəki müvəqqəti məntəqədə səs verənlərdir. 815 nəfər ilk dəfə səs verəcək. Daşınan qutu üçün 74 müraciət qeydə alınıb. Vətəndaşların normal şəraitdə iradələrini ifadə etmələri, istədikləri namizədə azad və şəffaf şəraitdə səs vermələri üçün məntəqələrdə hər cür şərait yaradılıb. Seçkini izləmək üçün 375 yerli müşahidəçi qeydiyyatdan keçib.

10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə siyahıda olan 49 min 229 seçicinin 79,12 faizi səsvermədə iştirak edib.

12 saylı Qaradağ-Binəqədi-Yasamal dairə seçki komissiyasının əhatə etdiyi ərazidə 37 seçki məntəqəsi yaradılıb. Seçicilərin sayı 46 min 638 nəfər olan dairə məntəqələri bütün lazımi avadanlıqla təmin edilib. Yaşı 80-100 arasında olan seçicilərin sayı 285, ilk dəfə səs verənlərin sayı isə 343 nəfərdir. Seçkinin gedişini izləmək üçün 344 müşahidəçi qeydiyyatdan keçib.

 Dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə bildirdi ki, 46 min 638 seçicinin 69,6 faizi istədiyi namizədə səs vermişdir.

 

Sabunçu rayonu

 

Bu rayonda seçkilər həmişə yüksək səviyyədə təşkil olunub. Prezident seçkiləri ilə bağlı rayonda yaradılmış üç seçki dairəsində seçkiöncəsi bütün hazırlıq işləri Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə təşkil olunmuşdu.

50435 nəfər seçicisi olan 26 saylı birinci Sabunçu seçki dairəsində səhərdən gərgin iş başlamışdı. Biz dairə seçki komissiyasının sədri Hacı Əliyevin iş otağında olanda o, hansısa məntəqə sədri ilə telefonla danışırdı. Sonra onunla söhbətdə məntəqələrdəki vəziyyətlə maraqlandıq. Bildirdi ki, mən səhər məntəqələrə baş çəkmişəm. 37 məntəqəmizin hər biri seçiciləri qəbul etməyə hazırdır. 10 məntəqədə veb-kamera quraşdırılmışdır.

Bizim dairədə ilk dəfə səs verən 202 nəfər seçici var. Hətta, 98 yaşlı Zinaida Dmitriyevna Nijnik də bizim 36 saylı məntəqəmizdə səs verəcək. Seçkilərin şəffaf və demokratik keçirilməsi üçün bütün vasitələrdən istifadə olunur.

Biz dairənin bir neçə məntəqəsində də olduq. Bütün məntəqələrdə seçkilər normal şəraitdə davam edirdi.

27 saylı Sabunçu ikinci seçki dairəsində olarkən komissiyanın sədri Nadir Əjdərovla söhbət etdik. Nadir müəllim bildirdi ki, bizim 51305 nəfər seçicimiz var, onların hər birinə göndəriş çatdırılmışdır. Məntəqələrdən gələn ilkin məlumatlara görə, seçicilər xüsusi fəallıq göstərirlər. Baxmayaraq ki, bəzi məntəqələrimiz yaşayış yerlərindən aralı yerləşir, bu da seçicilərin fəallığını azaltmır. Bizim dairədə 1206 nəfər ilk dəfə səs verəcək. Əhəmiyyətli olan budur ki, gənclər daha fəaldırlar. Hətta bir məntəqəmizdə yüzdən yuxarı yaşı olan bir seçici də səs verəcək.

Seçki dairəsinin 2 saylı məntəqəsində xarici müşahidəçilərlə qarşılaşdıq. Onlar rusiyalı Kristina Boqdanova və polşalı Yakup Pilnorski idi. Hər ikisi seçkiyə hazırlığın vəziyyətindən razılıq etdi.

Maştağa qəsəbəsində yerləşən 28 saylı seçki dairəsində də işlər öz ahəngi ilə davam edirdi. Bu dairənin sədri Hacıbala Babayevlə söhbətimiz çox çəkmir. Sədr çox məşğul idi. Müəyyənləşdirdik ki, bu dairədə 53002 seçici var. Məntəqələrin sayı isə 39-dur. Onlardan üçü müvəqqəti məntəqədir. Bu da həbsxana və sanatoriyalarda olanların səs verməsi üçündür. Dairənin 10 məntəqəsində veb-kamera quraşdırılmışdır.

Dairənin 2 saylı məntəqəsində olarkən rumıniyalı beynəlxalq müşahidəçi Pavel Popesku ilə görüşdüm. Bildirdi ki, səhərdən bir neçə məntəqədə olub. Seçki çox demokratik keçirilir. Burada seçicilərin xüsusi fəallığını qeyd etdi. “Bax, indi görün nə qədər seçici səs vermək üçün növbəyə düzülüb”.

Sabunçu 26-cı birinci seçki dairəsi üzrə seçicilərin 66,9 faizi, 27-ci ikinci seçki dairəsi üzrə 65,08 faizi, 28-ci üçüncü seçki dairəsi üzrə 65,64 faizi səs vermişdir.

 

 Suraxanı rayonu

 

Suraxanı rayonunun səsvermə hüquqlu vətəndaşları 30, 31 və 32 saylı Suraxanı birinci, ikinci və üçüncü seçki dairələri üzrə fəaliyyət göstərən məntəqələrdə səs verirdilər.

31 saylı Suraxanı II seçki dairəsi dairə seçki komissiyasının sədri İlham Bayramov səsvermənin gedişi barədə məlumat verərək bildirdi ki, 39 min 220 seçicisi olan dairə üzrə vətəndaşların sərbəst şəkildə səs vermələri üçün bütün zəruri şərait yaradılıb. Səsvermənin gedişində şəffaflığı təmin etmək üçün 32 məntəqənin 10-unda veb-kamera quraşdırılıb. Müşahidəçilər prosesin gedişini aşkar şəkildə izləyə bilirlər.

İlham Bayramov daha sonra dedi: “Məntəqələrdə seçkilərin demokratik, şəffaf keçməsi üçün əlimizdən gələni edirik ki, sonradan əsassız söz-söhbət yaranmasın, komissiya üzvlərinə irad tutulmasın. Odur ki, istər seçicilərin, istərsə də müşahidəçilərin, namizədlərin nümayəndələrinin bütün sorğularına operativ cavab veririk. Əgər müəyyən anlaşılmazlıqlar olursa, onu da qanun çərçivəsində həll edirik”.

Dairənin 2, 18, 22, 4, 5, 9, 31 saylı məntəqələrində seçici fəallığı səhər saatlarından başlamışdı.

31 saylı Suraxanı II seçki dairəsinin 18 saylı seçki məntəqəsində səs verən ağdamlı məcburi köçkün Səbuhi Mehdiyev dövlətin qayğısından, son illərdə bütün qaçqın və məcburi köçkünlərin evlə təmin olunmasından danışdı:

– Ev-eşiyimizdən didərgin düşəndə kiminsə bizə sahib duracağını ağlımıza belə gətirmirdik. Beynəlxalq qurumlar Ermənistanı qınamadı, geri qayıtmağımızı təmin etmədi. Bizə yalnız dövlətimiz arxa durdu. O gündən dövlətimiz qayğımızı çəkir, problemlərimizi həll edir. Biz, əlbəttə, bu gün bu uğurların təməlini qoyan, bizi həyatın ümidinə buraxmayan namizədə səs veririk.

Yeni Azərbaycan Partiyasının nümayəndəsi Lətifə Məmmədova da seçki ilə bağlı təəssüratlarını bölüşdü: “Seçki prosesi çox yaxşı səviyyədə təşkil olunub. Hər şey ədalətli şəkildə, şəffaf, heç kəsə təzyiq olunmadan keçirilir. Ahılların və gənclərin fəallığını xüsusi qeyd etmək istərdim”.

32 saylı Suraxanı III və 30 saylı Suraxanı l seçki dairələrinin əhatə etdiyi seçki məntəqələrində də səsvermədə seçicilər yüksək fəallıq nümayiş etdirirdilər.

Seçicilər məntəqəyə daxil olmamışdan sol əlin baş barmağının üstü xüsusi cihazla yoxlanılırdı. Əgər barmaqda mürəkkəb yoxdursa, seçicinin məntəqəyə daxil olmasına icazə verilmirdi. Barmağı mürəkkəblə işarələnən vətəndaş seçki bülleteni alırdı. Məntəqələrdə beynəlxalq və yerli müşahidəçilər səsvermənin gedişini izləyirdilər.

32 saylı Suraxanı III seçki dairəsinin Əmircan qəsəbəsindəki 1 saylı seçki məntəqəsində seçicilərin fəallığı müşahidə olunurdu. Hər yaş və sosial qrupa aid vətəndaşlar səsvermədən sonra təəssüratlarını “exit-poll” nümayəndələri, eləcə də jurnalistlərlə həvəslə bölüşürdülər.

Veb-kameraların quraşdırıldığı məntəqədə səliqə-sahman var idi. Hətta səs verməyə gələnlərin sayının çox olmasına baxmayaraq, bu səliqə-sahman pozulmur, qarışıqlıq yaranmırdı. Yeri gəlmişkən, onu da qeyd edək ki, səsverməyə gələnlər bülleten götürməmişdən əvvəl seçki qanunvericiliyinə uyğun olaraq ciddi yoxlamadan keçirdilər. İlk növbədə, seçicilərin şəxsiyyət vəsiqələri və ultrabənövşəyi şüa ilə onların başqa məntəqələrdə səs verib-verməmələri ciddi yoxlanılırdı. Həmin məntəqədə səs verməli olan, amma müxtəlif texniki səbəblərdən adları seçici siyahısına düşməyən vətəndaşlara da heç bir bürokratik əngəl törədilmirdi. Sadəcə, şəxsiyyət vəsiqəsini göstərmək kifayət idi ki, vətəndaşın səs vermək hüququ bərpa olunsun.

Təbii ki, bütün bunlar seçkilərin keçirilməsinə nəzarət etmək üçün akkreditə edilmiş çoxsaylı müşahidəçilərin və müvəkkillərin şahidliyi ilə baş verirdi və bu səbəbdən onların heç biri seçkilərin keçirilməsi prosesinə ciddi iradlar bildirmirdilər. Baxmayaraq ki, aralarında müxalifət partiyalarının nümayəndələri az deyildi. Elə biz orada olarkən məntəqəyə gələn pakistanlı beynəlxalq müşahidəçilər də kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdikləri qısa müsahibələrdə burada seçkilərin normal keçdiyini söylədilər.

Konstitusiya hüququndan ilk dəfə istifadə edən gənc seçici Alim Məmmədov: “Həyatımda ilk dəfə seçkidə iştirak etdiyim üçün bir az həyəcanlıyam. Amma “Səs ver” kampaniyası çərçivəsində kifayət qədər maarifləndirildiyimdən ilk səsvermə hissini fərəhlə yaşadım. Seçimimdə də tərəddüd etməmişəm – Azərbaycanda gənclərə xüsusi dövlət qayğısının, himayəsinin təzahürlərini real olaraq görür və bundan mən də faydalanıram. Bu siyasətə qarşı çıxmaq üçün heç bir əsas görmədiyimdən qətiyyətlə mövcud Prezidentimizə səs verdim. Səsvermə nizamlı, səliqəli təşkil olunub, maneə və müdaxiləsiz hüququmu icra etdim”.

Məntəqə qarşısında diqqətimizi ahıl bir qadın cəlb etdi. Yaxınlaşıb seçkilər haqqında rəyini soruşduq. 81 yaşı olduğunu bildirən Həlimə Məmmədova: “Mən həyatın hər üzünü görmüşəm – aclığı, müharibəni, repressiyaları... Şükür ki, Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin müstəsna xidmətləri nəticəsində Azərbaycan tolerantlığı ilə seçilən firavan dövlətə çevrilib. Respublikamızın son illərdə əldə etdiyi nailiyyətlər, yeniliklər məni heyran edir. Təqaüdçülərə həssas münasibət isə xüsusi qeyd edilməlidir. Biz artıq tam əminik ki, ahılları, yaşlıları himayə edən dövlətimiz, hökumətimiz, prezidentimiz var. İlbəil də təqaüdlərin məbləği artırılır. Sizcə, mən belə ümidverici şəraitdə kimə səs verməliyəm? Qızım da yanımdadır, o da İlham Əliyevə səs verib”. Arzu Həmzəyeva anasının dediklərini təsdiqləyərək səsvermə prosesinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğuladı.

Tahir AYDINOĞLU,
Vaqif BAYRAMOV,
Ülviyyə VAHİDQIZI,
Zərifə BƏŞİRQIZI,
Mehdi MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında