Xalq yaxşı bilir ki, düzgün seçim gələcək sosial-iqtisadi yüksəlişin möhkəm bünövrəsidir

 

 

 

 

 

 

 

 

 

 

 

Səbail rayonu

 

Bakının seçki tarixi paytaxtın qədim hissəsi sayılan Səbaillə bağlıdır. XIX əsrin sonlarına təsadüf edən ilk Duma – bələdiyyə seçkiləri zamanı şəhər, əsasən, bu ərazidə yerləşirdi. Təkcə bu faktın özü səbaillilərin seçki kampaniyalarını ən yüksək səviyyədə keçirmələrinə ənənə və təcrübə amilindən faydalanmaq baxımından əlavə stimul verir, onların məsuliyyətlərini artırır.

Bu vaxta qədərki bələdiyyə, parlament və dövlət başçısı seçkilərini yüksək mütəşəkkilliklə başa vurmuş dairə və məntəqə komissiyaları indiki prezident seçkisinin də demokratik, şəffaf və seçici fəallığı şəraitində keçməsi üçün bütün hazırlıq tədbirlərini gerçəkləşdirmişlər. Rayon seçicilərinin 38 min 782 nəfəri 29 saylı Səbail Seçki Dairəsinin 30 məntəqəsində, 10 min 611 nəfəri isə Nəsimi-Səbail Seçki Dairəsinin müvafiq məntəqələrində səs vermək üçün rəsmi bildiriş almışdır. Bundan əlavə, ərazidəki Xəzər Dəniz Gəmiçiliyinin müəssisə və gəmilərindəki, hərbi hissələrdəki seçicilər üçün 13 xüsusi məntəqə təşkil olunmuşdur.

Bu barədə seçki günü redaksiyamıza məlumat verən 29 saylı DSK-nın sədri Cahangir Məmmədov bildirdi ki, əksər məntəqələrdən alınan operativ məlumat səsvermənin ahəngdar keçdiyini, yüksək seçici fəallığı müşahidə edildiyini göstərir. Xarici müşahidəçilər olduqları məntəqələrdə Seçki Məcəlləsinin tələblərinə tam əməl edildiyini qeyd edirlər. Səsvermənin gedişində DSK-ya hansısa ciddi qanun pozuntusu barədə məlumat daxil olmamışdır. 

Ərazidəki Azərbaycan Dövlət Pedaqoji Universitetinin bölgələrdən təhsil almağa gəlmiş bir çox tələbəsi 29 saylı dairənin Dənizçilərin Mədəniyyət Evində yerləşən 3 saylı məntəqəsində səs verməyə dəvət almışlar. Axın-axın məntəqəyə gələn bu gənclərin xeyli hissəsi ilk dəfə səs verdiyindən məntəqə komissiyasının üzvləri onlara daha çox diqqət ayırırdılar. Tələbələr özləri də səsvermə prosesinə həvəs və həssaslıqla yanaşırdılar. Pərdə arxasında seçimini edib qatlanmış bülleteni şəffaf qutuya atan gənc qızın üz-gözündəki sevinc hissi aşıb-daşırdı. 21 yaşlı həmin tələbə qız Səbrə Abdullayeva ilə müsahib olduq:

– İlk dəfədir ki, səs verirəm. Tarix fakültəsində oxuduğumdan əsrlər boyu xalqımızın başına gələn müsibətlərdən, müstəqil dövlətimizin necə çətinliklərlə qurulmasından yaxşı xəbərdaram. Öz dövlətinin ali rəhbərinin seçilməsində iştirak etmək böyük səadətdir. Bu həm də ciddi məsuliyyətdir. Gizlətmirəm, mən o namizədə səs verdim ki, dövlət müstəqilliyimizin bərpasında və möhkəmləndirilməsində onun rolu və xidmətləri misilsiz dərəcədə böyükdür. Həmin dövlət və siyasət xadimi elm-təhsilimizin hamisi, gənclərin hərtərəfli inkişafına daim dövlət qayğısı göstərən indiki Prezident İlham Əliyevdir. Bütün bunları düşünmək məni duyğulandırır və sabaha inamımı artırır.

Məntəqədə səsverməni müşahidə edənlərdən Yeni Azərbaycan Partiyasını təmsil edən Elxan Quliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının marağını gözləyən Cavid İsgəndərovun, Milli Dirçəliş Hərəkatı Partiyasının nümayəndəsi Elmar Məmmədovun, Müasir Müsavat Partiyasının təmsilçisi Mübariz Həsənovun rəylərini öyrəndik. Onların hamısı prosesi səhər tezdən izlədiyini, heç bir qanun pozuntusu, narazılıq doğuran hal müşahidə etmədiyini söylədi.

Mərkəzi Zabitlər Evindəki, Dəniz Akademiyasındakı seçki məntəqələrində də səsvermənin şəffaf, ahəngdar şəkildə davam etdiyinin şahidi olduq. Hər iki məntəqədə “exit-poll” monitorinqi aparılırdı. Səs verib məntəqədən çıxanlar ictimai rəy mütəxəssislərinin müraciətini həvəslə cavablandırır, seçimlərini açıq bildirirdilər. Belə qənaət yaranırdı ki, səsvermədə böyük üstünlük indiki Prezident İlham Əliyevə verilir. Məntəqələrin bir çoxunda proses veb-kameralarla da izlənirdi.

Günün səsvermə marafonu başa çatandan sonra 29 saylı Səbail Dairə Komissiyasının yekun məlumatını öyrəndik. DSK sədri bildirdi ki, seçicilərin 70,21 faizi məntəqələrə gəlmiş, seçimlərini sərbəst şəkildə gerçəkləşdirmişlər.

 

Yasamal rayonu

 

Yasamal rayonu üzrə dörd seçki dairəsini əhatə edən 96 məntəqə seçki komissiyasında səsvermə keçirilmişdir. Həmin məntəqələrdə təşkilati işlər yüksək səviyyədə qurulduğundan hər hansı problem yaranmadı. Hər şey seçki qanunvericiliyinə və Seçki Məcəlləsinə uyğun həyata keçirildi.

17 saylı III Yasamal dairə seçki komissiyasının 2 nömrəli seçki məntəqəsində səsvermə üçün növbə yaranmışdı. Məntəqə seçki komissiyasının sədri Mədinə Nəbiyeva dedi ki, səsvermə başlanandan seçicilərin ardı-arası kəsilmir. Onun dediyinə görə, müxtəlif ölkələrdən gəlmiş 12 beynəlxalq müşahidəçi səsvermənin gedişini izləyib və seçki prosesindən razılıq ediblər.

Biz seçki məntəqəsində olarkən ATƏT-in İsveçrədən və Fransadan olan müşahidəçiləri Lenard Stiq və Constonce Seignovert də buraya gəldilər. Onlar seçki məntəqəsində səs vermək üçün növbəyə dayanmış seçiciləri görəndə təəccüblərini gizlədə bilmədilər. Bildirdilər ki, Azərbaycanda və müxtəlif ölkələrdə bir neçə dəfə seçki prosesini izləyiblər. Ancaq builki kimi mütəşəkkil seçkinin şahidi olmayıblar. Hansı məntəqəyə baş çəkiblərsə, orada çox sayda seçicinin olduğunu müşahidə ediblər. Seçkinin gedişinə gəldikdə isə Lenard Stiq məntəqədəki veb-kameranı göstərərək dedi ki, bu, şəffaflığın yüksək səviyyədə təmin olunmasının göstəricisidir. Onlar seçkinin azad və ədalətli keçirilməsindən razılıqlarını bildirdilər və hər hansı qanun pozuntusu ilə qarşılaşmadıqlarını dedilər.

Seçkinin gedişini izləmiş digər beynəlxalq müşahidəçilər – MDB-dən olan Gennadi İsakov və Mariya Osipova, Böyük Britaniya parlamentinin təmsilçiləri lord Evans Vatford, David Chlores, Morries David Thomas, Evans Ben Arthus, Latviya Mərkəzi Seçki Komissiyasının üzvləri Eqlas Ritvars və Verners Valdis də seçki zamanı qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirdilər. Onlar yüksək təşkilatçılığa görə minnətdarlıqlarını bildirdilər.

11 saylı seçki məntəqəsinin sədri Yaqut İsayeva ilə söhbət zamanı məlum oldu ki, seçki gözlənildiyindən də mütəşəkkil keçir. Məntəqə sədri dedi ki, 699 seçicidən cəmi 8 nəfər evdə səs verəcəyi barədə müraciət edib. Onların da bəziləri artıq seçki məntəqəsinə gələrək səs veriblər.

Səsverməyə gələnlər arasında prezidentliyə namizəd, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə də var idi. O, səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırdı və dedi ki, builki prezident seçkiləri çox mütəşəkkil keçir: “Mən bundan əvvəlki seçkiləri gözlərim önünə gətirirəm. Budəfəki seçkilərdə seçici fəallığı çox yüksəkdir. Bəs deyirdilər seçkini boykot edəcəyik. Bu fikrə düşənlər seçici fəallığından xəcalət çəkəcəklərmi? İndi onlara bir daha aydın olacaq ki, dediklərini özlərindən başqa eşidən yoxdur. Bunu seçicilərin növbəyə durmaları da təsdiqləyir”.

A.Əlizadə dedi ki, həqiqəti etiraf etməyin özü də bir mədəniyyətdir: “Mən bilirəm ki, seçicilərin böyük əksəriyyəti İlham Əliyevə səs verəcək. Bunu təbii hesab edirəm. Son 15 ildə həyata keçirilən uğurlu siyasət, ölkəmizin bütün sahələr üzrə inkişafı çox məqamlardan xəbər verir. Həmçinin, Birinci vitse-prezident Mehriban Əliyeva ölkənin tərəqqisi, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində çox işlər görüb. Əhalinin onları dəstəkləməyə haqqı var. Mən bəri başdan cənab İlham Əliyevi təbrik edirəm”.

4 və 5 saylı seçki məntəqələrində də vəziyyət ürəkaçan idi. Burada da seçici fəallığı açıq şəkildə özünü büruzə verirdi. Məntəqə seçki komissiyalarının sədrləri Kərim Abidi və Sürəyya Yusifova bildirdilər ki, beynəlxalq müşahidəçilər seçkinin gedişindən razı qaldılar. AŞPA-nı təmsil edən beynəlxalq müşahidəçilər San Tare Blencarthre və David Blencarthre, həmçinin Bosniya və Herseqovinadan gəlmiş QHT nümayəndələri Larar Pradanoniç və Damir Becirovic seçkinin şəffaf və demokratik keçməsindən razılıq etdilər.

Diqqətimi səsverməyə əsa ilə gəlmiş seçici cəlb etdi. Ona yaxınlaşıram. 78 yaşlı Əlşad Məhərrəmovla söhbət zamanı “Nə əcəb evdə səs vermək üçün müraciət etməmisiniz” – deyə soruşuram. Deyir ki, seçki məntəqəsinə gəlib Prezident İlham Əliyevə səs verməyi özümə borc bildim. Bu əmin-amanlığı, sabitliyi qoruyub saxlamalıyıq: “Mən iki il əvvəl Azərbaycan Ordusunun torpaqlarımızı işğal edən ermənilərə necə dərs verdiyinin şahidiyəm. Günahsız insanların qanı qismən də olsa, alındı. Biz bu siyasəti dəstəkləməliyik. İnanıram ki, yaxın vaxtlarda işğalçı Ermənistan bundan da böyük zərbə alacaq. Bax, bu siyasətin davam etdirilməsinin tərəfdarıyam. Ona görə də səsvermədə şəxsən iştirak edirəm”.

16 saylı II Yasamal dairə seçki komissiyasının 21 nömrəli məntəqə seçki komissiyasının sədri Mənsurə Qurbanova bildirdi ki, məntəqə söküntü ərazisində olduğundan seçici siyahısının dəqiqləşdirilməsində müəyyən çətinliklər yaranmışdı. Buna baxmayaraq, səsvermədə iştirak edəcək 1428 seçiciyə bildirişlər vaxtında çatdırıldı. Seçici siyahısı vaxtında hazırlandığından ciddi problemlə üzləşmədik. Hər şey Seçki Məcəlləsinə uyğun aparılır. Elə bir qanun pozuntusu və narazılıq müşahidə olunmayıb. Bunu müxalifət partiyalarından olan müşahidəçilər də təsdiqləyə bilərlər.

Prezidentliyə namizədlərin nümayəndələri ilə söhbət zamanı onlar da hər hansı qanun pozuntusu və ya təzyiqlə üzləşmədiklərini bildirdilər.

Seçicilərin səsvermədə mütəşəkkil iştirakı seçki məntəqələrində xoşagəlməz hadisələrin qeydə alınmaması, əhalinin yüksək əhval-ruhiyyəsi də təsdiqləyirdi ki, builki prezident seçkiləri mütəşəkkil keçirilib.

15 saylı Yasamal I seçki dairəsi üzrə seçicilərin 67,60 faizi, 16 saylı Yasamal II seçki dairəsi üzrə seçicilərin 68,11 faizi, 17 saylı Yasamal III seçki dairəsi üzrə seçicilərin 61,51 faizi səsvermədə iştirak edib.

* * *

Səhər yeni açılsa da, adamlar dəstə-dəstə və şən əhval-ruhiyə ilə 15 saylı Yasamal I seçki dairəsinin 25 saylı seçki məntəqəsinə gəlirdilər. Elə onları da orada gülərüzlə qarşılayıb səsvermə üçün ayrılmış geniş və səliqəli salona dəvət edirdilər. Seçicilərin barmaqlarının rənglənib-rənglənmədiyini yoxlayandan və sol əlinin baş barmağına şəffaf boya vurandan sonra onlara səsvermə bülleteni verib pərdə çəkilmiş kabinəyə yola salırdılar. Kabinədən çıxan adamlar bülletenləri şəffaf qutuya ataraq razılıqla məntəqəni tərk edirdilər. Bu ahəngdar proses beləcə davam edir, ATƏT-in iki müşahidəçisi və yerli müşahidəçilər seçkinin gedişini diqqətlə izləyirdilər.

Müşahidəçilərə yaxınlaşıb fikirlərini öyrənmək istədim. ATƏT-in nümayəndələri öz rəylərini sabah rəsmi şəkildə elan edəcəklərini bildirdilər. Yerli müşahidəçilər isə seçkinin gedişindən böyük həvəslə söhbət açdılar.

Ramil MİRZƏYEV, Milli Dirçəliş Partiyasının nümayəndəsi:

– Seçkinin gedişindən çox razıyam. Hələlik heç bir qanun pozuntusuna, əyintiyə yol verilməyib. Seçicilər sərbəst şəkildə öz seçimlərini edirlər. Onlara kimsə təsir etməyə, fikrini dəyişməyə cəhd göstərmir. Hər şey seçki qanunvericiliyinə uyğun şəkildə davam edir.

Rauf CƏFƏROV, Müasir Müsavat Partiyasının nümayəndəsi:

– Görünən dağa nə bələdçi? Hər şey göz qabağındadır. Seçicilər böyük həvəs və coşqu ilə məntəqəyə gəlir, azad və sərbəst şəkildə istədikləri namizədə səs verirlər. Müstəqil Azərbaycan dövlətinin hazırki reallıqları belədir. Ölkəmiz təkcə iqtisadi deyil, demokratiya və insan azadlıqlarının təmin olunması sahəsində də Cənubi Qafqaz bölgəsinin lideridir.

 Səs verib otaqdan çıxan seçicilərdən birinin fikrini öyrənmək istəyirəm. Orta məktəb müəllimi Ülviyyə Vahidova:

– Builki prezident seçkiləri gözlənildiyi kimi, çox yüksək səviyyədə və seçicilərin fəallığı şəraitində keçir. Çox arzu edirdim ki, xaricdə oturub Azərbaycanın ünvanına yalan və böhtan yağdıranlar burada olaydılar, seçkinin necə yüksək səviyyədə keçdiyini öz gözləri ilə görüb söylədikləri iftiraların xəcalətini çəkəydilər. Son illərdə Azərbaycan dövləti hər sahədə böyük uğurlar əldə edib. Demokratiya və insan azadlıqlarının təmin olunması sahəsində də əldə etdiklərimiz az deyil. Bu həqiqəti hazırki seçkilər də daha aydın şəkildə təsdiqləyir.

Seçki məntəqəsinə gələnləri xüsusi mehribanlıqla qarşılayıb, gülər üzlə yola salan məntəqə sədri Ləbib Ləbibova yaxınlaşıram. O deyir:

– 25 saylı seçki məntəqəsində 1396 nəfər səs verməlidir. Onların hamısına nəzərdə tutulmuş müddətdə bildiriş göndərmiş, məntəqəyə müraciət edənlərlə geniş izahat işləri aparmışıq. Sevinirik ki, səylərimiz hədər getməyib. Seçicilər məntəqəyə gələrək böyük fəallıq göstərir və istədikləri namizədə səs verirlər.

Məntəqədən aldığımız son məlumata görə, cəmi 921 nəfər seçici öz səsvermə hüququndan istifadə edib. Bu da bütün seçicilərin təxminən 65 faizi deməkdir.

 

Qaradağ rayonu

 

Prezident seçkiləri günündə Lökbatan qəsəbəsində küçə, meydan və məhəllələrdən seçki məntəqələrinə doğru gedənlərin sırasına qoşulduq. Əli Əmirov adına Mədəniyyət Sarayının binasında yerləşən 11 saylı seçki məntəqəsinə daxil olduq. Səsverməyə gələnlərin sayı çox idi. Seçicilər bir-birinin ardınca seçki komissiyasının üzvləri oturmuş masaya yaxınlaşır, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsini seçicilər sıyahısında qeyd etdirir və səsvermə bülletenlərini alaraq pərdə çəkilmiş kabinələrə daxil olurdular.  Seçimlərini etdikdən sonra seçicilər qatlanmış bülletenləri şəffaf qutulara salırdılar. 12 saylı Qaradağ-Binəqədi -Yasamal seçki dairəsinin 11 saylı məntəqə seçki komissiyasının sədri Xanımgül Hüseynova sorğumuza cavab olaraq dedi:

– Bizim məntəqədə səsvermə yüksək əhval-ruhiyyə, fəallıq və mütəşəkkillik şəraitində keçir. Səhər tezdən başlanan seçici axını davam edir. Komissiyanın qabağında seçici sırası seyrəlmir. Seçicilər heç bir maneə olmadan azad və sərbəst şəkildə seçimlərini edirdilər. Məntəqə üzrə 1237 nəfər seçicimiz var.

Məntəqədə seçki prosesini izləyən ATƏT-in Estoniya parlamentindən olan nümayəndələri Marrandi Jannus və Uno Kaskpeit ilə görüşüb tanış olduq. Onlar bildirdilər ki, heç bir problem və narazılıqla qarşılaşmadıq. Seçicilər gəlib normal şəraitdə səs verib gedirlər. Onların əhval-ruhiyyələrində də heç bir narazılığa rast gəlmədik. İndiyədək olduğumuz məntəqələrdə seçkilərin çox şəffaf və demokratik keçdiyini gördük.

Elnur Mirzəyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının müşahidəçisi:

– Səhər saat 8-dən başlanan səsvermədə komissiya üzvləri öz vəzifələrini yüksək peşəkarlıq və dəqiqliklə yerinə yetiriblər. Hər şey qanun çərçivəsində aparılıb, heç bir qayda pozuntusu olmayıb. Səsvermə normal və tam şəffaf keçib.

Fəzail Ağamalı, Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı, Mərkəzi Seçki Komissiyasının respublika üzrə müşahidəçisi:

– Müşahidə etdiyimiz bu məntəqə səsverməyə yüksək səviyyədə hazırlanmışdır. Burada seçki prosesinin şəffaf, azad və demokratik keçməsi üçün lazımi şərait mövcuddur. Seçki Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşkil olunmuşdur. Səsvermədə seçkilərin fəallığı müşahidə olunur və müşahidə etdiyimiz zaman kəsiyində hər hansı bir qanun pozuntusuna rast gəlmədik.

 Turan Babaxanova, 18 saylı seçki məntəqəsinin sədri:

– Seçkilərə hazırlıq işləri düzgün aparıldığından seçicilər heç bir çətinliklə üzləşməyib öz səsvermə hüquqlarından sərbəst şəkildə istifadə etdilər. Biz səhər saat 8-dən seçkilərə start verdik. Seçicilərin yüksək fəallığı nəticəsində hər şey qaydasında davam etdi, heç bir qanun pozuntusu və ya xoşagəlməz hadisə baş vermədi.

Aynur Mirzəyeva, qəsəbə sakini:

– Mən ulu öndərimiz Heydər Əliyevin ən layiqli davamçısı, son illərdə Azərbaycanı dünyada inkişaf etmiş ölkələr sırasına çıxaran, tolerantlığı ilə seçilən dövlət kimi tanıdan, müstəsna xidmətləri sayəsində ölkəmizin sürətli inkişafına nail olan İlham Əliyevə səs verdim. Ondan layiqli bir namizəd görmədim. Azərbaycanımızın son illərdə əldə etdiyi nailiyyətlər, yeniliklər məni qəlbən sevindirir. Respublikamızda əməkhaqları və təqaüdlər ildən-ilə artırılır. Biz əminik ki, vətəndaşların qayğısını çəkən, həyat şəraitini daha da yaxşılaşdıran dövlətimiz, hökumətimiz, Prezidentimiz var. Mən bütün bunlara görə İlham Əliyevə səs verdim. Mən fəxr edirəm ki, bizim İlham Əliyev kimi yüksək intellektə malik, dünyada tanınıb-seçilən
Prezidentimiz vardır.

 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 9 saylı seçki məntəqəsinin sədri Marina Hüseynli bizimlə söhbətində bildirdi ki, şəffaflıq, yüksək fəallıq şəratində keçən səsvermədə seçicilər səhər saatlarından başlayaraq yekdilliklə gəlib səs verirdilər. Artıq günün birinci yarısında seçicilərin 50 faizdən çoxu öz hüququndan istifadə etmişdi. Axşamadək səsvermə prosesi öz axarında davam etdi.

Günün sonunda dairə seçki komissiyalarının verdiyi məlumatdan aydın oldu ki, rayon üzrə 57 məntəqədə 54,939 seçici səsvermədə iştirak etmişdir. Bu isə ümumi seçicilərin 68,39 faizini təşkil edir.

Tahir AYDINOĞLU,
Əliqismət BƏDƏLOV,
Əlipənah BAYRAMOV,
Afət SADIQOĞLU
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında