Ölkəmizin bütün bölgələrində haqqın, ədalətin, demokratiyanın təntənəsinin şahidi olduq!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qəbələ

 

Qəbələ hər gün, hər saat dəyişir. Bu sözü, bəlkə də min dəfə, milyon dəfə eşitmişik. İlin bütün fəsillərində gözəl olan bu yerlər turizm məkanına çevrilib. İndi dünyanın hər yerindən bura yüzlərlə, minlərlə turist gəlir, burada yaradılmış gözəlliklərdən zövq alırlar. Bu gün də Qəbələdə əsl yaz havasıydı. Ürək oxşayan və əsrarəngiz diyarda insanda xoş ovqat yaradan belə bir havada seçicilər məntəqələrə tələsirdilər...

116 saylı dairə seçki komissiyasının 43 min 743 nəfər seçicisi var. Onlar 54 məntəqədə səs verirlər. 10 məntəqədə veb-kamera quraşdırılıb. 610 nəfər müşahidəçi seçkinin gedişini izləyir. Seçkilər tam şəffaf, heç bir müdaxilə olmadan keçirilir. Məntəqə üzvləri tam təlimatlandırılıb. Hələ seçkidən əvvəl treninqlər keçirilib, seçkinin tam demokratik olması üçün vacib olan tövsiyələr verilib. Odur ki, bir nəfər də olsun belə burada hansısa qanun pozuntusu olduğunu deyə bilməz.

Nəcəf dayını təxminən 10 ildir ki, tanıyıram. Uzun illər kənd təsərrüfatı sistemində çalışıb. Təcrübəli mütəxəssisdir. Yeddi uşaq böyüdüb, boya-başa çatdırıb. Bu gün 14 nəvəsi, 12 nəticəsi var. Həyat yoldaşı Səriyyə xanımla 60 il bir yerdə ömür sürüb. 8 il bundan əvvəl dünyasını dəyişmiş. Həyat yoldaşı haqqında danışanda kövrəlir, üzünü yana çevirir ki, gözlərindən axan yaş damlalarının çöhrəsində düyünlənməsini heç kəs görməsin.

İndi oğlu Rahillə birgə yaşayır. Gəlini Dilarə, nəvələri həmişə qulluğundadırlar.

Bütün bunları yazıram. Və fikirləşirəm ki, məhz aprel ayının 11-də 90 yaşı tamam olan Nəcəf Mustafayev üçün bu gün ikiqat bayramdır.

Adətinə uyğun olaraq səhər hamıdan tez yuxudan durub, övladlarını qaldırıb, səhər yeməyindən sonra ailəliklə səs verməyə gediblər.

Nəcəf dayı ilə axşam danışa bildim. Evlərində əsl qələbəlik idi. Bu nurani insanı yubileyi münasibətilə təbrik etdim. Hiss etdim ki, yenə kövrəldi. “Oğul, mən bəxtəvər insanam, – dedi. Bu gün gedib bax, bu bəxtəvərliyə səs verdim”.

100 yaşa Nəcəf dayı!

Dairə seçki komissiyasının sədri Ramiz Əsədovla əlaqə saxlayanda bildirdi ki, seçicilərin 77,1 faizi səsvermədə iştirak edib.

 

Balakən

 

Fatma Saməddinovanın 118 yaşı var. Sonuncu dəfə onu 5 il bundan əvvəl – prezident seçkiləri ərəfəsində görmüşdüm. Bir neçə gün bundan əvvəl yenə də Qullar kəndinə gələndə qonağı oldum. Xeyli söhbət etdik. Fatma nənə özü Şəkidəndir. Bura gəlin köçüb. Yenə nəvələri, nəticələri başına yığışıb. Ocağın ağbirçəyini heç vaxt tək qoymurlar.

109 saylı dairə seçki komissiyasının sədri Vahid Əliyev bildirir ki, həmişə olduğu kimi Fatma nənə bu dəfə də evində səs verib. “Bəlkə də inanmazsınız”, – deyə, Vahid müəllim sözünə davam edir. – 118 yaşlı nənəmiz deyirdi ki, məntəqəyə özü gələcək. Əlbəttə, biz razı olmazdıq. Ümumiyyətlə, bizim dairədə 43 min 327 nəfər seçici var. 39 məntəqənin səkkizində veb-kamera quraşdırılıb. Əhval-ruhiyyə çox yüksəkdir. Seçicilər məntəqələrə həvəslə gəlib, layiq bildikləri namizədlərə səs verirlər.

6 saylı məntəqənin sədri Züleyxa Dibirova ilə əlaqə saxladıq. Sevinclə bildirdi ki, 1226 nəfər seçicinin 84 faizi artıq öz səsini verib. Günün sonunda Vahid Əliyevə zəng vurduq. “Sizə dedim axı, hələ indiyədək seçkilərdə belə fəallıq olmayıb. Seçicilərin 76,62 faizi səsvermədə iştirak edib.

 

Zaqatala

 

110 saylı Zaqatala seçki dairəsinin seçiciləri də bu gün məntəqələrə yüksək əhval-ruhiyyə ilə gəliblər. Dairə seçki komissiyasının sədri Fikrət Mustafayev dedi:

– 47 məntəqənin hər birindən aldığımız məlumatlar göstərir ki, seçicilər bu kampaniyada yüksək fəallıq göstərirlər.

İlk dəfə səsverənlərin isə sevincinin həddi-hüdudu yoxdur. Onlardan biri – İkram Bazaşvilinin ürək sözlərini yazım, siz də tanış olun: “Mən xoşbəxtəm ona görə ki, istədiyim namizədə, bizim xoşbəxtliyimizin təminatçısı olan şəxsiyyətə səs verirəm”.

9 saylı Əliabad seçki məntəqəsinin sədri Aydın Rəsulovun üzü gülür. 1287 nəfər seçicinin məntəqəyə gəlib səs verməsi, burada yaradılmış demokratik seçkidən razılıqla danışmasından ona da pay düşür.

Seçki başa çatıb. Fikrət Mustafayevə zəng vururam: “Gözəl sonluqdur, – deyir. – Seçicilərin 77,61 faizi seçkidə iştirak edərək səs verib.

 

Qax

 

Qaxdakı 6 saylı seçki məntəqəsinə Sevil Paşayeva nəvələri Adil və Nərgizlə birgə gəlmişdi. Gözəl mənzərə idi. Mən nəvələrimlə ona görə bu tədbirə qatıldım ki, məhz onların xoşbəxt gələcəyinə səs vermək üçün bura gəldiyimi bilsinlər.

Nə qədər səmimi sözlərdir. Əslində, həmin gün Qaxın 58 seçki məntəqəsinə səs verməyə gələn hər bir seçici sanki özündə çox məsuliyyət daşıdığını yaxşı bilirdi. Kimlərlə görüşüb, söhbət etdiksə, hamı məntəqələrdə seçki prosesinin ideal həyata keçirilməsi üçün hər cür şərait yaradıldığından ağızdolusu danışdı. 8 məntəqədə veb-kamera quraşdırılıb. 591 nəfər müşahidəçi qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilər, demək olar ki, əksər məntəqələri gəzib, seçkinin gedişi ilə tanış olublar. Onlardan bir neçəsi ilə biz də görüşdük. Dedilər ki, heç bir qanun pozuntusu görmədik.

112 saylı Qax dairə seçki komissiyasının sədri Abdukərim Əliyevin məlumatı bizi təəccübləndirmir. Seçicilərin 76,61 faizi seçkidə iştirak edib.

 

Kürdəmir

 

Son illər Kürdəmir simasını başdan-başa dəyişib. Yeni parklar, xiyabanlar salınıb. Bayraq meydanı bu gün kürdəmirlilərin istirahət yeridir. Burada hər şey möhtəşəmdir. Yolunuz Kürdəmirə düşsə, bu meydana siz də gəlin. Hər şey ustalıqla düzəldilib, zövqlə bəzədilib.

Aprelin 11-də Kürdəmirin qocası da, cavanı da seçki məntəqələrinə həvəslə gəliblər. Hələ mən 550 nəfər ilk dəfə səs verənləri demirəm. Sevincləri aşıb-daşır. Onlardan birinin ürək sözləri yəqin sizin üçün də maraqlı olar. “Qürur hissi keçirirəm. Bu gün ölkə başçısının seçkisində iştirak etmək, parlaq gələcəyimizə səs vermək, böyük qələbələrimizə imza atmaq yaddaşımıza yazılacaq ən xoşbəxt anlardandır”.

Fərid Teyyubovun bu fikirlərini söhbət etdiyimiz neçə-neçə gənc təsdiqlədi.

İstər 57 saylı Kürdəmir, istər 58 saylı Kürdəmir – Hacıqabul, istərsə də 65 saylı Saatlı – Sabirabad – Kürdəmir seçki dairələrində səs verməyə gələn seçicilər tam azad, şəffaf şəkildə məntəqələrə gəlib istədikləri namizədlərə səs verdilər.

Kürdəmirdə hamının ağsaqqal, nurani insan kimi tanıdığı Ayyət Nəsirovun dediyi sözlər isə yadımdan çıxmır: “Oğul, mən çox seçkilərdə olmuşam. Amma insanların seçkilərə belə həvəslə gəldiyini ilk dəfədir görürəm”.

 

Ağsu

 

Bilmirəm, son vaxtlar rayonun Caparlı – Abasxanlı – Cəfərli yolu ilə getmisinizmi? Təxminən dörd ay bundan əvvəl asfalt döşənib. Adama ləzzət verir. Bu yolun kələ-kötüründən canları qurtardıqları üçün hər üç kəndin sakinləri onlar üçün bu şəraiti yaradan insanlara həmişə minnətdar olacaqlar. Zarafat deyil, 30 kilometrlik yolda şütüyən maşınlara baxanda inanmağım gəlmir ki, bir vaxtlar bu kəndlərə getmək üçün saatlarla vaxt itirən sakinlərə indi cəmi15-20 dəqiqə vaxt tələb olunub. 1895-ci ildə anadan olmuş, ömrünün 123-cü baharını yaşayan Nənəş Hüseynova Abasxanlı kəndində yaşayır. Mən bilmirəm, ondan yaşlı seçici var, ya yox? Amma bu, bir həqiqətdir ki, Nənəş nənə 18 saylı məntəqədən gələn qonaqları evində mehribanlıqla qarşılayıb, özü gedə bilmədiyi üçün onlardan üzr istəyib: “Bizim balaları bu xoşbəxtliyə qovuşduran insana səs verməyə gərək özüm gedəydim”, – deyib.

87 saylı Ağsu – İsmayıllı seçki dairəsinin sədri Azad Dursunəliyev bildirdi ki, 63 məntəqənin 9-da veb-kamera quraşdırılıb.

 Saat 20-dir. Dairə sədri Azad Dursunəliyevlə əlaqə saxlayıram. Xəttin o başından fərəh dolu səsini eşidirəm. Seçki uğurla baş tutdu. Seçicilərin 76,38 faizi seçkilərdə iştirak edib.

 

Şamaxı

 

“Şamaxı, ey mənim sevimli yurdum, mən sənin qoynunda xaniman qurdum...” Böyük şairin qanadlı misralarını xatırlatmağım, əlbəttə, əbəs yerə deyil. Bu gün Şamaxı hamının sevimli yurduna çevrilib. Görülən işlər, salınan yollar ürəkaçandır. Bu yaxında hələ təzə xəbər də eşitdim. Başdan-başa asfalt döşənmiş Dəmirçi kəndində muzeyin tikintisinə başlanılıb, Azərbaycanın ən qədim yurd yerlərindən biri olan Şamaxının tarixi burada öz əksini tapacaq. İnandırım sizi, çox maraqlı layihədir. İndi Şamaxıda hara getsən, bax belə təəccüblənəcəksən. Çünki tarixə böyük şəxsiyyətlər verən Şamaxıya diqqət son illər xüsusilə artıb.

Elə bunun nəticəsidir ki, 44 min 493 nəfər seçicisi olan şamaxılılar məntəqələrə bu əhval-ruhiyyə ilə gediblər. 63 məntəqənin 11-də veb-kamera qoyulub. Seçkinin necə keçirildiyini birbaşa izləmək mümkün olub. Seçicilərin 4 nəfərinin yaşı 100-ü keçib. 13 saylı məntəqədə səs verməli olan Mədrəsə qəsəbəsinin sakini Gülqayıt Qəhrəmanova da, Meysəri kəndindən olan 36 saylı məntəqənin seçicisi olan Nazxanım Hümbətova da ürəkdolusu danışdılar. Düzdür, onlar məntəqələrə getməsələr də, kimə səs verəcəklərini bilirdilər.

86 saylı Şamaxı seçki dairəsinin sədri Hüseyn Rəcəbov bildirdi ki, seçici fəallığı çox yüksəkdir. Hamı yaxşı bilir ki, seçkidə heç bir qanun pozuntusu ola bilməz. Gəl, imza at, bülleten götür, kimə istəyirsən səs ver, sonra bülleteni qutuya at, get. Vəssalam.

Rayonda 919 nəfər ilk dəfə səs verən var. Bu gün onlar seçkiyə xüsusi fəallıqla qoşulublar. Nə deyək, yolları işıqlı olsun.

Günün sonunda Hüseyn Rəcəbovla əlaqə saxladıq ki, seçicilərin 75,12 faizi seçkilərdə iştirak edib, istədikləri namizədə səs veriblər.

 

Mingəçevir

 

Baba Əliyevlə Mingəçevirdə keçirilən çox tədbirlərdə görüşmüşük. Həmişə harada olubsa hörmətini saxlayıblar, başda əyləşdiriblər. Müharibənin odlu-alovlu yollarından keçib. Cəbhədən sonra doğma Mingəçevirə qayıdıb. Müxtəlif vəzifələrdə çalışıb. Uzun illər Təbiəti Sevənlər Cəmiyyətinə rəhbərlik edib. Dindirəndə həmişə həvəslə bildirib ki, Mingəçevir mənim gözlərim qarşısında böyüyüb, inkişaf edib. Onun hər qarışına yaxşı bələdəm. Gümrahdır. Mingəçevir haqqında o qədər maraqlı xatirələr danışır. Bu gün də 97 yaşlı Baba Əliyev 15 saylı seçki məntəqəsinə özü gəlib. Səs verib, ürək sözlərini deyib. Deyib ki, bugünkü gənclər xoşbəxtdirlər ki, belə bir dövranda yaşayırlar. Bunu görməmək ən azı naxələflikdir. Bu sabitliyə hamı həsəd aparmalıdır. Son illər Mingəçevirdə aparılan abadlıq-quruculuq işləri, tikilən möhtəşəm binalar şəhərə xüsusi yaraşıq verir. Müasir istehsal müəssisələri quraşdırılır, yeni iş yerləri yaradılır. Mingəçevir, oğul, bax, bu nailiyyətlərlə seçkiyə gedir.

Mingəçevirdə 30 məntəqənin 12-də veb-kamera quraşdırılıb. 325 nəfər müşahidəçi qeydiyyatdan keçib. Bəziləri ilə söhbət etdik. Heç biri narazılıq etmədi. Seçkinin demokratik keçirildiyini dönə-dönə bildirdilər. Axşam isə dairə seçki komissiyasının sədri Oqtay Məmmədovla əlaqə saxladıq. Cavabı bu oldu: Seçicilərin 76,38 faizi seçkilərdə iştirak edib.

 

İsmayıllı

 

... Hələ bir həftə əvvəl İsmayıllının, demək olar ki, əksər kəndlərini gəzmişəm. Seçki məntəqələrinə baş çəkmişəm. Ayrı-ayrı seçicilərlə görüşmüşəm. Ən ucqar kənd olan Candaharda belə yerləşən məntəqədə hər şey qaydasındadır, seçki tələblərinə tam əməl olunub. Cəmi 134 nəfər seçici var. Bir neçəsi ilə söhbət etdim. Fərəhlə danışdılar. “Hamımız bir nəfər kimi seçkidə iştirak edəcəyik” – dedilər.

Məntəqə seçki komissiyasının sədri Valeh Hacıyevə zəng vurdum. “Candaharlılar sözlərinin üstündə dayandılar...”

Nə gizlədim. Qürur hissi keçirdim. Yadıma “Dağ adamları sözü bütöv olurlar” ifadəsi düşdü. Ürəyimdən keçdi ki, o kənddən, onun mərd, təpərli insanlarından bir yazı hazırlayım.

86 saylı İsmayıllı seçki dairəsinin sədri Əlirəmzi Məhərrəmov bildirdi ki, 41 min 40 nəfər seçici var və onlar 69 məntəqədə səs verəcəklər. Məntəqələrin 6-da veb-kamera quraşdırılıb. 142 nəfər ilk dəfə səsvermənin sevincini dadacaq.

Seçki günü qeydiyyatdan keçən 703 nəfər müşahidəçinin izlədiyi və mühüm kampaniyada hər hansı qanun pozuntusu olması barədə dairəyə müraciət daxil olmayıb.

Sonra dairə seçki komissiyasından aldığımız xəbəri sizin də nəzərinizə çatdırıram: Seçicilərin 72 faizi seçkilərdə iştirak edib.

 

Şəki

 

... Bilmirəm, Şəkinin Böyük Dəhnə kəndində olmusunuzmu? Bir dəfə gəlin. Burada hansı gözəlliklərin olduğunu öz gözlərinizlə görün. Mən bir dəfə də Ağsunun Ciyni kəndi haqqında yazanda ürəyimdən keçənləri gizlətməmişdim. Yazmışdım ki, mən Azərbaycanın bütün kəndlərini bax belə gəzmək istəyirəm. Elə oradaca əlavə etmişdim ki, belə bir inkişaf olan ölkədə bu, mütləq olacaq.

Kənddə salınmış 4 hektara yaxın ərazisi olan parkda nə yoxdur? İnsanların istirahəti üçün hər cür şərait yaradılıb. Böyük sahə quraşdırılıb, skamyalar qoyulub. Qiymətli ağaclar, bəzək kolları parka xüsusi yaraşıq verir. Uşaqlar da yaddan çıxmayıb. Onlar üçün əyləncə yerləri yaradılıb, attraksionlar quraşdırılıb. 620 yerlik yeni tikilmiş məktəb binasında balalarımız elmin sirlərinə yiyələnirlər. Hələ bu yaxınlarda əlavə üçmərtəbəli korpusun tikintisinə başlanacaqdır. Yeni xəstəxana binasının isə özülü qoyulub. 24 metr enində olan yola asfalt döşənib, hər iki tərəfində səliqə-sahman yaradılıb.

Hələ harasıdır. Qarşıda bizi təəccübləndirən çox işlər görüləcək. Jurnalist dostum Akif Salamın sözünü xatırlayıram: “Bu işləri görmək üçün insanda təpər, qeyrət, torpaq sevgisi olmalıdır”.

Böyük Dəhnədə kimdən soruşsan seçki məntəqəsinə qürur hissi ilə gəlib. 37, 38 və 39 saylı məntəqələrin hamısı səhər saat 8-dən seçicilərin üzünə açılıb. Hər şey normaldır. Günortaya yaxın seçicilərin, demək olar ki, yarısından çoxu öz səslərini istədikləri namizədə veriblər.

Nə gizlədim, mənim üçün ən maraqlı olanlardan biri məhz aprelin 11-də 18 yaşı tamam olacaq Sarxan Əhmədovun səs verməsi idi. Təxminən bir həftə bundan əvvəl onunla təsadüfən tanış olmuşdum. Söz vermişdi. Demişdi ki, məntəqədən çıxıb ilk zəng vuracağım siz olacaqsınız. Gözləyirdim. Zəng vurdu. Nə desə yaxşıdır: “Təbrik edə bilərsiniz. İnanın ki uçmağa qanadım yoxdur. Bir xeyir xəbər də verim. Sabah hərbi xidmətə yola düşürəm”. Sarxanın sözləri məni lap kövrəltdi. Bu gün səs verib, sabah Vətən torpağını qorumağa gedən balamıza “Uğur olsun!”, deməkdən başqa ayrı söz tapmadım.

114 saylı Şəki kənd birinci dairə seçki komissiyasının sədri Məhərrəm Məmmədovla əlaqə saxlayanda onun dediyi ilk söz bu oldu: Hər şey əladır 76,82 faizi seçkilərdə iştirak edib.

115 saylı Şəki ikinci seçki dairəsində seçicilərin 77,06 faizi, 113 saylı Şəki şəhər dairə seçki komissiyasında 73,24 faizi səs verib.

 

Oğuz

 

... Dağlar qoynunda yerləşən Oğuzda dünən başqa bir təmtəraq vardı. 117 saylı Oğuz – Qəbələ seçki dairəsinin sədri Rəsul Cəfərov söhbət zamanı xüsusi vurğuladı ki, oğuzlular seçki məntəqələrinə həvəslə gəliblər. Belə ki, dairə seçki komissiyasına daxil olan məlumatlarda bu, özünü açıq-aşkar büruzə verib. 46 min 803 nəfər seçicinin səs verəcəyi 61 məntəqənin 7-də veb-kameralar vasitəsilə bu mühüm kampaniyanı canlı izləmək mümkün olub. Əlillərin də səsverməsi üçün lazımi şərait yaradılıb, 12 məntəqədə pandus quraşdırılıb.

Bu yazıda ilk dəfə səs verən iki seçicinin sevincini qeyd etməmək mümkün deyil. Səba Bədəlovanın və Malik Hədyarovun dünən 18 yaşları tamam olub. İlk dəfə məntəqəyə qədəm qoyan gənclərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təbrik göndərib. Yaşı 100-dən yuxarı olan 4 nəfər seçici də dünən səs verib.

117 saylı Oğuz – Qəbələ dairə seçki komissiyasının sədri Rəsul Cəfərovun son məlumatı belə oldu: seçicilərin 76,42 faizi səsvermədə iştirak edib.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında