Azərbaycan xalqı azad, ədalətli seçki şəraitində öz iradəsini ifadə etdi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LƏNKƏRAN

 

Aprelin 11-də Lənkəranda hamı prezident seçkilərindən danışırdı. 33 saylı Sinovlu seçki məntəqəsinin həyətində isə bu kəndin sakini olan ekoloq-şair Bəxtiyar Hüseynov duyğularını ipə-sapa düzdüyü şeirlə ifadə edirdi:

 

Dəyişib donunu hər kənd, hər şəhər,

Hər kəs əməyilə qazanır zəfər.

Doğub talelərə qızıl bir səhər,

O nurlu səhərə səs verək bu gün!

 

Seçki məntəqəsinə gələn və səs verib çıxan həmkəndliləri şairin çıxışını ürəkdən alqışlayırdı.

 Ümumiyyətlə, Lənkəranın bayramsayağı bəzədilmiş kənd və qəsəbələri, qarşısı qələbəlik olan bütün seçki məntəqələri sakinlərin həyatında taleyüklü ictimai-siyasi hadisənin baş verdiyini göstərirdi. Hər kəs özünün layiqli namizədinə səs verirdi.

Lənkəranlı həmkarım Ağaddin Babayev dedi ki, dövlət müstəqilliyimizin bərpasından ötən 26 il ərzində Azərbaycan vətəndaşlarında birmənalı şəkildə yüksək seçki mədəniyyəti formalaşıb. Vətəndaş azad və demokratik şəkildə öz seçimini etmək hüququndan istifadə edir. Bayaqdan məntəqələri gəzir, bütün bunların bir daha şahidi olduqca qürur duyuruq.

Öyrəndik ki, Lənkəranda 2-si qarışıq olmaqla 4 seçki dairəsi fəaliyyət göstərir. 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı və 76 saylı Lənkəran-Astara seçki dairələri üzrə ümumilikdə 116 seçki məntəqəsi var. Bu məntəqələrin 22-də veb-kameralar quraşdırılıb. Səsvermədə 116 min 117 nəfər seçki hüquqlu vətəndaşın iştirakına şərait yaradılıb. Məntəqələr elektrik enerjisi, telefon rabitəsi və zəruri texniki avadanlıqla təchiz olunub.

73 saylı Lənkəran şəhər dairə seçki komissiyasının sədri Kərim Heydərov məlumat verdi ki, dairə üzrə 28 seçki məntəqəsinin hamısı yeni tikilmiş və ya əsaslı təmir olunmuş, hər cür şəraitə malik binalarda yerləşir. Dairə üzrə 35 min 491 seçici var. Məntəqələrin 12-də veb-kameralar quraşdırılıb. Adamlar böyük həvəslə məntəqələrə gələrək öz siyasi iradələrini ifadə ediblər.

 Dairənin şəhər gənclər və idman İdarəsinin binasında yerləşən 1 saylı seçki məntəqəsində seçki komissiyasının sədri Tofiq Paşayev bildirdi ki, məntəqədə ilk dəfə səs verənlər, yaşlı seçicilər və xəstələr xüsusi diqqət və qayğıyla əhatə olunublar.

 Sonra 74 saylı Lənkəran kənd dairə seçki komissiyası sədrinin müavini Eldar Məmmədov dedi ki, DSK-nın əhatə etdiyi 39 seçki məntəqəsində prezident seçkiləri, gözlədiyimiz kimi, mütəşəkkil keçib. Dairənin ərazisində 34 min 892 seçici yaşayır, əksəriyyəti də günortayadək səsverməyə qatılıb. Məntəqələrin 5-də veb-kamera var. Müşahidəçilər üçün də hər cür imkan yaradılıb, onlar məntəqələri gəzdikcə razılıqlarını bildiriblər. Dairə seçki komissiyasının üzvləri müntəzəm olaraq məntəqələrlə əlaqə saxlayıb və mövcud vəziyyətlə yaxından maraqlanıblar.

 Seçicilərin 28 min 523 nəfərini əhatə edən 75 saylı Lənkəran-Masallı seçki dairəsində Lənkəran rayonu üzrə 29 seçki məntəqəsi təşkil edilib. Dairə seçki komissiyasının sədri Cəmil Hüseynovun bildirdiyinə görə, məntəqələrdə adi bir qanun pozuntusu da qeydə alınmayıb.

Həmin dairənin Şağlaser kəndindəki 23 saylı seçki məntəqəsinin sədri Lətif Nəhmətov burada seçicilərin böyük fəallığının müşahidə olunduğunu vurğuladı. Əksəriyyət elə günün birinci yarısında səsvermə hüququndan istifadə etmişdir.

76 saylı Lənkəran-Astara seçki dairəsində komissiya sədri Məzahir Əliyevin məlumatına görə, dairənin Lənkəran rayonu üzrə 20 seçki məntəqəsində 17 min 211 seçici var. 4 saylı Siyavər kənd seçki məntəqəsində seçicilərin normal şəkildə səsverməsi üçün yaradılan nümunəvi şərait diqqəti xüsusilə cəlb edib. Məntəqədə həkim, ana və uşaq otaqlarının da yaradılması yüksək hazırlıqdan və seçici rahatlığına qayğıdan xəbər verirdi. Seçici, Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Fəxrəddin Hüseynov söylədi ki, indiyədək bir çox seçkidə iştirak edib. Hər dəfə də seçki təcrübəsinin daha da təkmilləşdiyinin şahidi olub. İndi isə seçkiyə hazırlıq işləri daha yüksək səviyyədə keçir, hər kəsdə öz gələcəyi ilə bağlı möhkəm xətircəmlik hissi yaradır.

Günün sonunda öyrəndiyimizə görə, Lənkəran rayonunda prezident seçkiləri yüksək səviyyədə, qabaqcıl dünya seçki praktikasına tam uyğun keçib. 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə seçicilərin 73,59 faizi, 74 saylı Lənkəran kənd dairəsi üzrə 78,92 faizi, 75 saylı Lənkəran-Masallı dairəsi üzrə 78,41 faizi, 76 saylı Lənkəran-Astara dairəsi üzrə isə 76,96 faizi səs verib.

 

ASTARA

 

 Ölkəmizin “cənub qapısı” sayılan Astarada hər zaman olduğu kimi, bu seçkilərdə də ilk dəfə səs verənlər, orduya çağırılan və ordudan tərxis olunanlar, tələbələr, ahıl və qocalar, xəstələr xüsusilə diqqət mərkəzində idi. Maraqlı bir fakt: Astarada bu il aprelin 1-dən 11-dək 18 yaşı tamam olanların sayı 81 nəfərdir. Ümumiyyətlə, 2 min 403 nəfər seçici ilk dəfə səs verənlər sırasındadır. Səxsiyyət vəsiqəsi olmayan 1438 nəfərə operativ surətdə həmin sənədlər verilib. Digər yeniliksə ondan ibarətdir ki, seçkilər ərəfəsində şəraiti zəif olan 23 saylı Artupa seçki məntəqəsinin yeri dəyişdirilərək yeni tikilib istifadəyə verilmiş daha münasib məktəb binasına, 30 saylı Ərçivan seçki məntəqəsi isə Astara Boks Mərkəzinə köçürülüb.

 Rayon ərazisində 77 saylı Astara seçki dairəsi üzrə 44 seçki məntəqəsi, 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə 25 seçki məntəqəsi fəaliyyət göstərir. Seçki məcəlləsinin tələblərinə tam əməl edilməklə, seçkilərin demokratik, şəffaf keçirilməsinə nail olmaq məqsədi ilə qanunla müəyyən olunmuş bütün tədbirlər görülüb.

77 saylı seçki dairəsi üzrə səsvermə hüququ olan 38 min 895 nəfər seçici, 76 saylı seçki dairəsi üzrə səsvermə hüququ olan 20 min 857 nəfər seçici var. Rayon üzrə səsvermə hüququ olan seçicilərin sayı 59 min 752 nəfərdir. Onlardan 1074 nəfəri əyani təhsil alanlar, 1249 nəfəri 80-100 yaş arası, 4 nəfəri isə 100 yaşdan yuxarı seçicilərdir. Elə ailələr var ki, 5-6, hətta 7 nəfər üzvü bildiriş alıb.

 Öyrəndik ki, gənclərin ictimai həyatda rolunu artırmaq, onları vətənpərvər, dövlətçilik ruhuna, vətəndaş keyfiyyətlərinə uyğun formalaşdırmaq məqsədilə aparılmış təbliğat işlərinin sayəsində sabahımızın sahibləri səsvermədə daha fəal iştirak ediblər. Rayon üzrə 69 seçki məntəqəsi fasiləsiz elektrik enerjisi ilə təmin olunub, telefon xətləri, peyk və mobil rabitə qüsursuz işləyib. 77 saylı seçki dairəsi üzrə 9 məntəqədə, 76 saylı seçki dairəsi üzrə 4 məntəqədə veb-kamera işləyib.

Prezident seçkilərinin gedişini müşahidə etmək üçün rayon üzrə 744 nəfər dairə seçki komissiyalarından müşahidəçi vəsiqəsi almışdır. Onların istədikləri məntəqələrə getməsi və səsvermənin gedişini müşahidə etməsi təmin olunub.

Axşam saat 19:00-dan sonra öyrəndik ki, Astarada seçkilər tam şəffaf və ədalətli şəkildə keçib. 77 saylı dairə üzrə 77,43 faiz seçici səsvermədə iştirak edib.

 

 MASALLI

 

 Aprelin 11-də Masallı rayonunda yaşayan 106 min 724 sakinin də seçki məntəqələrində səs verməsi üçün hər cür şərait yaradılıb. 69, 70, 71, 72 və 75 saylı dairə seçki komissiyalarının əhatə etdikləri məntəqələrdə qanunun müddəalarına tam əməl edilməklə səsvermə prosesinə səhər saat 8-dən start verilib.

 Rayonun Mahmudavar kəndində yaşı 80-i keçmiş el ağsaqqalı Şirvan Əbilov (o, həm də Prezident təqaüdçüsüdür) ilk səs verənlərdən idi. Söhbət zamanı dedi ki, uzun illər dövlət qulluğunda çalışıb, hazırda təqaüddədir. Sübh tezdən məntəqəyə gələrək bu gözəl günlərə, bu firavan dövrə səs verib. Təqaüdçü müəllim Eyvaz Məcidov da birincilər sırasında səs verməsi ilə qürur duyduğunu söylədi.

 Masallıdakı 71 saylı kənd dairə seçki komissiyasına aid olan məntəqələrdə səs verənlərdən 748 nəfəri ilk dəfə bu hüququ qazananlar idi. Onlardan Qızılavar kəndindəki 8 saylı məntəqədə Məsumə Fətullayevanın, Ərkivan qəsəbəsindəki 4 saylı məntəqədə Sevunc Fitatzadənin fərəh dolu duyğuları çöhrələrindən sezilirdi. Elə söhbət zamanı da bunu gizlətmir, ürəkdən gələn ən xoş sözlərini ifadə edirdilər. Məsumənin dedikləri:

– Artıq müstəqil Azərbaycanımızın tam hüquqlu vətəndaşları olmağımızla fəxr edirik. Sevinə-sevinə səs verməyə gəlmişik. Günəşli sabahlara, işıqlı arzulara səs veririk. Bundan sonra ictimai-siyasi həyatda yaxından iştirak edəcək, ölkəmizin daha da çiçəklənməsi naminə əllərimizdən gələni əsirgəməyəcəyik.

 Ümumiyyətlə, Masallının bütün yaşayış məntəqələrində prezident seçkilərinə qatılanların yüksək əhval-ruhiyyədə olması diqqət çəkirdi. Hər kəs sosial-iqtisadi inkişafın sürətləndiyi doğma rayonda əhalinin həyat şəraitinin ilbəil yaxşılaşdığını əsas götürərək yüksək tərəqqinin davamlı olmasına səs verirdi.

 Axşam saatlarında səsvermə bitəndən sonra zəng edib öyrəndik ki, Masallıda seçicilərin böyük əksəriyyəti seçkilərə qatılıb...

70 saylı dairə üzrə 76,94 faiz, 71 saylı dairə üzrə 77,96 faiz nəticə göstərilib.

 

 LERİK

 

 Bu rayonda ilk görüşdüyüm seçici yaşı 80-i keçmiş biologiya elmləri namizədi Hacı Musa Bədəlov oldu. Musa müəllim dağlar diyarında, ucqar yerdə yaşayıb işləsə də, dissertasiya işi üzərində çalışıb və alimlik dərəcəsi alıb. Uzun illər Lerikdəki internat məktəbinə rəhbərlik edib. Prezident təqaüdçüsüdür. Hər şeydən əlavə, son dərəcə maraqlı həmsöhbət olan Musa müəllimin evində çox zəngin kitabxanası var. Elə özü də neçə-neçə dəyərli kitabın müəllifidir. Flora və faunamıza aid olan, “Minbir dərdin dərmanı” adlandırdığı sayca 16-cı kitabını avtoqrafla mənə bağışladı. Səs verməyə gedirdi deyə, onu çox yubatmadım. “Qardaşoğlu, gələrsən, bir arxayın vaxtda söhbətləşərik”, - dedi. O, məntəqəyə, mənsə 78 saylı Lerik dairə seçki komissiyasına yollandım...

 Dairə seçki komissiyasının sədri İdris Şıxəliyev bildirdi ki, dairənin əhatə etdiyi 108 məntəqənin hamısında səsverməyə hazırlıq işləri təlimata uyğun aparılıb. Seçkilərin mütəşəkkil keçirilməsi üçün məntəqələr lazım olan bütün zəruri avadanlıqlarla, o cümlədən səsvermə qutuları, seyf, ultrabənövşəyi lampalar, dövlət rəmzləri və digər əşyalarla təmin edilib.

 Lerikin seçki məntəqələrində 32 min 500 nəfər seçici qeydiyyata alınmışdır. Onların ölkəmizin daha xoşbəxt gələcəyi naminə keçirilən bu siyasi kampaniyada fəallıqları böyük nikbinlik yaradıb.

 Dairə üzrə 5 seçki məntəqəsində veb-kamera işləyib, bu da seçkilərin şəffaf və demokratik keçirilməsinə zəmanət verib. Müşahidəçilərin sərbəst fəaliyyəti təmin edilib. Onlardan 1202 nəfəri əvvəlcədən qeydiyyatdan keçib: 109 nəfər məşvərətçi səs hüquqlu üzvlər, 439 nəfəri öz təşəbbüsü ilə müşahidəçilik edənlər idi. 783 nəfər lerikli gənc ilk dəfə səsvermədə iştirak etməklə seçkilərə öz münasibətini bildirib.

 Uzunömürlülər diyarında prezident seçkilərində yaşı 100-dən yuxarı olan 3 nəfər, yaşı 80-dən yuxarı olan 941 nəfər var. Lerik şəhərindəki 3 saylı məntəqədən 104 yaşlı seçici Raci İbrahimovun səs verməsi üçün məntəqə üzvlərindən ibarət nümayəndələr onun yaşadığı evə daşınan qutu aparıblar. Əliabad kəndindəki 51 saylı məntəqədə 103 yaşlı Gülənbər Səlimova və Cəngəmiran kəndindəki 5 saylı məntəqədə 100 yaşlı Məmmədxan Abbasov isə özləri məntəqəyə gedərək səsvermədə iştirak etmişlər. Həmişə seçkilərdə fəallıq göstərən ağbirçək və ağsaqqallar bu dəfə də nümunə olublar. Raci kişi deyib:

 – Prezident seçkiləri müstəqil Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Ən layiqli namizədə səs verək ki, dövlətimiz daha da güclənsin, insanların həyat səviyyəsi də daha yüksək olsun.

 Axşam, səsvermə bitəndən sonra bülletenlər sayılmış və məlum olmuşdur ki, 78 saylı dairədə seçicilərin 76,88 faizi seçkilərə münasibət bildirib.

 

CƏLİLABAD

 

 Həmişə olduğu kimi, cəlilabadlılar prezident seçkilərində də öz fəallıqları ilə seçiliblər. Rayon üzrə üç seçki dairəsi, o cümlədən 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələri fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 99 min 236 nəfər təşkil edir ki, bunların da 2 min 207 nəfəri ilk dəfə səs verənlərdir. Seçicilərin sayı 67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə 39 min 40 nəfər, o cümlədən ilk dəfə səs verənlər 959 nəfər, 80 yaşdan yuxarı olan seçicilər isə 739 nəfərdir. 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə 40 min 444 nəfər, o cümlədən ilk dəfə səs verənlər 813 nəfər, 80 yaşdan yuxarı olan seçicilərin sayı isə 871 nəfərdir, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə cəlilabadlı seçicilərin sayı 18 min 852 nəfər, ilk dəfə səs verənlər 435 nəfər, 80 yaşdan yuxarı olan seçicilər isə 481 nəfərdir. Rayon üzrə seçicilərdən 4 nəfərinin yaşı 100 və 100-dən yuxarıdır.

 Seçici, “Sözün işığı” ədəbi-bədii jurnalının təsisçisi və baş redaktoru Ədalət Salman bildirdi ki, hamımız tərəqqi işığının pərvanələriyik. Adamların yüksək əhvalla səsvermədə iştirak etmələri fərəh doğurur. Biz hamımız doğma Azərbaycanımızın sürətli tərəqqisinə, əminamanlığa, daha xoş günə-güzərana səs verməkdən son dərəcə məmnunuq. İnanırıq ki, bu gündən sonra həyat daha da gözəlləşəcək, əhali daha firavan yaşayacaq və biz qələm adamları da bu yüksəlişi inamla tərənnüm edəcəyik.

Rayon üzrə cəmi 87 seçki məntəqəsi təşkil edilmişdir. Bunlardan 37-si 67 saylı Cəlilabad şəhər seçki dairəsinin ərazisində, 34-ü 68 saylı Cəlilabad kənd seçki dairəsinin ərazisində, 16-sı isə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin ərazisindədir. Gün ərzində bütün məntəqələrdə seçici fəallığı hiss olunub. Heç bir qanun pozuntusu qeydə alınmayıb.

 Axşam bülletenlər sayılıb və 67 saylı dairədə seçicilərin 74,71 faizinin, 68 saylı dairədə isə 76,48 faizinin səsvermədə iştirak etdiyi məlum olub.

 

 YARDIMLI

 

 Aprelin 11-də dağlar diyarı Yardımlıda seçicilərdən 68 nəfərinin əhval-ruhiyyəsi daha yüksək olub: onlar prezident seçkiləri ilə bərabər, özlərinin doğum günlərini də qeyd ediblər. Köryədi kənd sakini Çoban Ağamirzəyev ömrünün 78 yaşına adlayıb.

– Ay bala, mənim uşaqlığım olmayıb, çünki İkinci dünya müharibəsinə təsadüf edib. Yarıac-yarıtox böyümüşəm, ayağıma keçirməyə qaloş tapılmayıb. İndi isə, maşallah, bolluqdur, firavanlıqdır. Elə bu bolluğa, firavanlığa, əminamanlığa səs verirəm.

 Rayondakı 72 saylı Yardımlı-Masallı dairə seçki komissiyasında əvvəlcədən seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətinin sadələşdirilməsi məqsədilə zəruri tədbirlər reallaşdırılıb.

 Dairə seçki komissiyasının sədri Qabil Canaliyevin verdiyi məlumata görə, bu dairə Yardımlıda 30 min 31 nəfər, Masallıda isə 10 min 799 nəfər seçicini əhatə edir. Seçki məntəqələrinin sayı isə həmin rayonlar üzrə müvafiq olaraq 68 və 14-dür. Məntəqələr lazım olan bütün zəruri avadanlıqla təmin olunub, 4 məntəqədə əlil arabaları ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılıb. Dairə üzrə ilk dəfə səs verən 181 nəfər, yaşı 100-dən yuxarı olan 6 seçici var. Məntəqələrin 5-ində veb-kameralar quraşdırılıb ki, yüksək onlayn müşahidə imkanı olsun.

 Gün ərzində Yardımlıda səsvermə prosesi qanunamüvafiq surətdə, yüksək səviyyədə davam edib, seçicilər istədikləri namizədə tam azad şəkildə səs veriblər. Seçkilər hər zamankı kimi, tam qanunauyğun şəkildə, uğurla keçib.

 Yekun nəticəyə görə, 72 saylı Yardımlı-Masallı dairəsində Yardımlı rayonu seçicilərinin 77,34 faizi səsvermədə iştirak edib.

 

 BİLƏSUVAR

 

 Gözəl Muğan diyarı – Biləsuvarda iki dairə seçki məntəqəsi fəaliyyət göstərir: 66 saylı Biləsuvar seçki dairəsi və 69 saylı Masallı-Cəlilabad-Biləsuvar seçki dairəsi. Rayon ərazisində bu dairələrin müvafiq olaraq 44 və 8 məntəqəsi, 48 min 670 və 9 min 43 seçicisi var.

 Biləsuvardakı 52 məntəqədə 57 min 713 seçici qeydə alınmışdır. 12 məntəqədə veb-kamera quraşdırılmışdır. Bunun 10-u 66 saylı Biləsuvar seçki dairəsində, 2-si isə 69 saylı Masallı-Cəlilabad-Biləsuvar dairəsindədir.

 Rayonda ilk dəfə səs verənlər – 1191 nəfərdir. 100-dən yuxarı yaşı olanlar 6 nəfər, 80-100 yaş arası olanlar 1080 nəfərdir. Ölkə üzrə ən yaşlı seçici Biləsuvarın Nərimankənd kəndində yaşayan 118 yaşlı Səftər Qurbanovdur.

 Günün sonunda öyrəndiyimizə görə, 66 saylı dairənin seçki məntəqələrində seçicilərin 77,44 faizi, 69 saylı Masallı-Cəlilabad-Biləsuvar dairəsinin məntəqələrində isə seçicilərin 77,28 faizi səsvermədə iştirak edib.

 

NEFTÇALA

 

 Ölkəmizin sürətlə inkişaf edən rayonlarından biri də Neftçaladır. İndi buradakı Sənaye Məhəlləsində hətta minik avtomobilləri istehsal olunur. Aprelin 11-i isə ən gənc seçici Ruslan Əhmədov üçün ikiqat bayram idi. O, sevincini belə izah etdi:

 – Məhz bu gün 18 yaşım tamam olur. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov tərəfindən mənə təbrik və xüsusi bildiriş vərəqəsi göndərilib. Neftçala şəhərindəki 3 saylı məntəqədə böyük həvəslə səs verdim. Sevinirəm ki, ilk səsverməm bu günə düşüb və mən bunu ömrüm boyu unutmayacağam.

 Neftçalada ən yaşlı seçicilərin sayı isə 182 nəfərdir. Güllər Xankişiyevanın 99 yaşı var, Aşağı Qaramanlı kəndində yaşayır. O da kimsədən geri qalmayaraq prezident seçkilərində öz iradəsini ifadə edib, xalqımıza xoş güzəran, möhkəm əminamanlıq arzu edib.

 Neftçala camaatı həmişə özünün ictimai-siyasi fəallığı ilə seçilib. Elə 11 aprel – Azərbaycan Respublikası prezident seçkilərində də onlar bu keyfiyyətlərinə sadiq qalıb, hamılıqla səsvermə məntəqələrinə gedərək Azərbaycanın daha işıqlı istiqbalına səs veriblər. 61 saylı dairə seçki komissiyasının sədri Şaiq Məmmədovdan öyrəndiyimizə görə, buradakı 41 məntəqədə qeydiyyata alınmış seçicilərin sayı 41 min 783 nəfərdir. Onlardan 1011 nəfərinə bu seçkilərdə ilk dəfə səsvermə hüququndan istifadə imkanı yaranmışdır.

 Günün sonunda öyrəndiyimizə görə, 61 saylı dairə üzrə səsvermədə 76,68 faiz seçici münasibət bildirmişdir.

 Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında