Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar kursunun uğurlu nəticələri, xüsusilə qeyri-neft iqtisadiyyatında ardıcıl artım tempinin özünü göstərməsi respublikamızın müasir standartlara cavab verən və vahid prinsiplər əsasında fəaliyyət göstərən sığorta-pensiya sisteminin inkişafı istiqamətində də növbəti nailiyyətlərin əldə olunması ilə müşahidə olunur. 2018-ci ilin birinci rübündə də bu müsbət tendensiya davam edib.

Belə ki, cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 999,85 milyon manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,50 faiz artıb. O cümlədən Fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 9,61 faiz artaraq 507,85 milyon manat təşkil edib. Həmin daxilolmaların 63,8 faizi qeyri-büdcə sektorunun payına düşüb ki, bu da  ötən ilin birinci rübünə nisbətən 10,03 faiz və ya 29,54 milyon manat çox olmaqla proqnozun 102,1 faiz icra edildiyini göstərir.

2018-ci ilin birinci rübündə işsizlikdən sığorta haqları üzrə gəlirlər isə 15,5 milyon manat təşkil edib.

İşləyən əhalinin sosial müdafiə hüquqlarının formalaşmasına əsas yaradan fərdi uçot sistemində iştiraka marağın artması həmin sistemdə fərdi şəxsi hesabı olanların sayının cari ildə də artmasını şərtləndirib. Bunun əyani təsdiqi olaraq, 2018-ci ilin 1 aprelinə  sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 443 760 nəfər) ilə müqayisədə 164 212 nəfər və ya 4,8 faiz artaraq 3 607 972 nəfərə çatıb.

“Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncama əsasən  2018-ci il yanvarın 1-nə əmək pensiyasının minimum məbləği, bütün növ əmək pensiyalarının sığorta hissəsi və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri 2017-ci il ölkə üzrə orta aylıq nominal əməkhaqqının 5,7 faiz illik artım tempinə uyğun olaraq indeksləşdirilib. Əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 236 min nəfərinə və ya 94 faizinə şamil olunmaqla, 2018-ci ilin fevral ayının pensiyalarının ödənişi onların yanvar və fevral aylarındakı artımları ilə birlikdə həyata keçirilib.

Onu da bildirək ki, 2018-ci il aprelin 1-nə ölkəmizdə 1 milyon 313 min  nəfər əmək pensiyası alır. Onlardan 58,8 faizi yaşa görə,  11,5 faizi ailə başçısını itirməyə görə, 29,7 faizi isə əlilliyə görə pensiya alanlardır.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında