Ağstafada seçkiqabağı bir gün...

Ağstafada Prezident seçkilərinə iki gün qalmış olduq və bizdə belə bir təəssürat yarandı ki, sanki bütün rayon bu tarixi günə hazırlaşır.Məntəqələrə gəlib adlarını siyahıda axtaranlar, Prezidentliyə namizədlərin keçdiyi yoldan danışanlar, səliqə-sahman yaradanlar...Əsl seçkiqabağı əhval-ruhiyyə hiss olunurdu.

Rayonda kiminlə söhbət etdiksə seçkidən söz saldı, aprelin 11-ni səbirsizliklə gözlədiyini bildirdi.Bizdə belə bir əminlik yarandı ki, həmin gün seçkiyə getməyən, öz səsini verməyən Ağstafalı qalmayacaq. Təbii ki, söhbət 18 yaşından yuxarı olan rayon sakinlərindən gedir. Yeri gəlmişkən qeyd edək ki, ilk dəfə səs verəcək gənclərlə əvvəlcədən söhbətlər aparılıb, onlar təlimatlandırılıb, seminarlar, görüşlər təşkil olunub.Yeni Gün tam orta məktəb binasında yerləşən 10 saylı seçki məntəqəsində öyrəndik ki, burada ilk dəfə səs verənlərin sayı 12 nəfərdir. Bu seçkiyə o qədər maraq  göstərirlər ki, məntəqədə onları zarafatla «bizim daimi sakinlər» adlandırırlar. Kənd icra nümayəndəsinin müavini Məhəmməd Babaxanov söhbət zamanı dedi ki, adamların fəallığı son illər Ağstafada, o cümlədən bizim kənddə aparılan geniş abadlıq-quruculuq işləri, sosialyönümlü obyektlərin tikintisi, yeni iş yerlərinin açılması, əhaliyə olan diqqət və qayğının artırılması ilə bağlıdır.

Biz özümüz də şahidi olduq ki, yollar asfaltlanıb, yeni məktəb binaları tikilib, su xətləri çəkilib,yaşayış binaları təmir olunub, dam örtükləri dəyişdirilib və sair quruculuq işləri görülüb.

Bu yaxınlarda rayonun Vurğun, Həsənsu, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən Ağstafa – Köçəsgər və həmin yaşayış məntəqələrini Qırılı kəndi ilə əlaqələndirən Eynallı-Qırılı avtomobil yollarının əsaslı şəkildə yenidən qurulmasından sonra  təntənəli açılışı olub. Eynallı kəndindəki seçki məntəqəsinə gedərkən bu yolun rahatlığı, genişliyi diqqətimizi elə ilk andan cəlb etdi. Sakinlər deyirlər ki, illər uzunu çəkdiyimiz əziyyətdən yaxa qurtarmışıq. Eynallı tam orta məktəbə çatanda nahar fasiləsi idi. Buna baxmayaraq 16 saylı məntəqə üzvlərinin hamısı yerində idi və məntəqənin sədri Vidadi Hüseynov "gəlin bir qismət bizimlə çörək kəsin" deyib bizi də bir küncdə açdıqları kiçik süfrəyə dəvət etdi.

-Məntəqəyə gələn seçicini mütləq onun üzvləri qarşılamalıdır, deyə sədr izah edir- heç yerə gedə bilmərik. Məntəqə üzvlərinin hamısı təcrübəli adamlardır.

Məlumat verdilər ki, məntəqə üzrə 1411 seçici var. Bildirişlər artıq paylanıb qurtarıb. İlk dəfə 12 nəfər səs verəcək. Artıq yaşı 100-ü haqlayan 3 seçici var siyahıda. Onlardan birinin özünün məntəqəyə gəlmək arzusu var...

...Ağstafa nəinki hər il, hətta hər ay, hər gün böyüyür, inkişaf edir, gözəlləşir. Regionların inkişafını görmək üçün Ağstafaya baş çəkmək kifayətdir. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağstafanın da inkişafına böyük təkan vermişdir. Şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması, Heydər Əliyev və Səməd Vurğun parkları, Musiqi Mərkəzi, “Karvan-L” EKO sənaye parkında inşası başa çatdırılan müəssisələr və istixana kompleksi, “Modern” fabriki, Ağstafa Aqrar Sənaye Kompleksi, yeni inşa olunmuş Gənclər Mərkəzi, Yazıçılar evi, Paintbol atıcılıq mərkəzi, Tarixi abidələr parkı, Bayraq meydanı, əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi və  hamısının adını çəkə bilmədiyimiz digər obyektlər lap bu yaxınların tikililəridir. Ağstafada həyata keçirilən sosial-iqtisadi islahatlar ağstafalıların həyatında, onların maddi rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, son 7 ildə rayonda ümumi məhsul buraxılışının həcmi 2,9 dəfə, sənaye məhsulu istehsalı 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 8,6 dəfə, əsas kapitala yönəldilən investisiyalar 9,2 dəfə, orta aylıq nominal əməkhaqqı 1,4 dəfə artmışdır. Ötən il rayona 34,8 milyon manat özəl investisiya qoyulmuşdur ki, bunun da 25 milyon manatı xarici investisiyadır. Bir fikir verin. Cəmi 6 milyon manat büdcəsi olan bir rayona ondan təxminən 6 dəfə çox investisiya yatırılmışdır.Təsadüfi deyildir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ən çox investisiya yatırılmış 10 şəhər və rayonun sırasında Ağstafanın da adı çəkilmişdir.

Ağstafanın yaşayış məntəqələri 98 faiz mavi qazla təmin olunmuşdur. Ötən il Muğanlı, Sadıqlı və Ağgöl kəndlərinə təbii qazın verilməsi bərpa olunmuşdur. Yaxın vaxtlarda Böyük Kəsik kəndinə təbii qazın verilməsi ilə Ağstafa rayonu da təbii qazla 100 faiz təmin edilmiş rayonların siyahısına daxil ediləcəkdir.

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev işgüzarlığı, təşəbbüskarlığı, yenilikçi olmağı, adamlara həssaslığı ilə seçilib.Elə bir iş yoxdur ki, şəxsən özü nəzarət etməsin, onu bir neçə dəfə yoxlamasın. Məhz bu keyfiyyətlərə malik olmasının nəticəsidir ki, istifadəyə verilən hər bir obyekt, hər bir tikili gözəlliyi, möhtəşəmliyi, keyfiyyəti ilə seçilir. Hər küçədə, hər kənddə, hər qəsəbədə keçirdiyi görüşlər səmərə verir, Ağstafanın gələcək inkişafında mühüm rol oynayır.

…Prezident seçkilərinə lap az qalır. O günü səbirsizliklə gözləyənlərin sırasında Ağstafa seçiciləri də var.

              Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında