Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib

Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin sosial problemlərinin həlli və mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq ölkəmizin “Gənclər paytaxtı” Naxçıvan şəhərində yeni yaşayış kompleksi – “Gənclər şəhərciyi” inşa olunub.

Aprelin 7-də Naxçıvan şəhərinin Əziz Əliyev prospektində “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abbasov çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən tikinti-quruculuq işlərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması mühüm yer tutur. Hər il yeni yaşayış binaları inşa olunur, mövcud binalar yenidən qurularaq istifadəyə verilir. Həyata keçirilən tədbirlər ailələrin kommunal-məişət şəraitini daha da yaxşılaşdırır, sakinlər tərəfindən razılıq hissi ilə qarşılanır. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı da yaradılmış şəraitdən bəhrələnərək öz layihələri ilə muxtar respublikanın sosial-iqtisadi inkişafında yaxından iştirak edir. Belə layihələrdən biri də bu gün istifadəyə verilən “Gənclər şəhərciyi” yaşayış kompleksidir. Sahibkarlığa Kömək Fondundan layihənin icrasına 3 milyon manat kredit ayrılıb. Sahibkarlar üçün yaradılan şərait və göstərilən qayğı bu layihənin də uğurla icra olunmasına imkan verdi. Vüqar Abbasov yaradılan şəraitə görə “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının kollektivi adından minnətdarlıq edib.

“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Yalçın Vəliyev bildirib ki, muxtar respublikada gənc və aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasında, əhalinin uzunmüddətli kreditlər vasitəsilə yaşayış sahəsi ilə təmin olunmasında “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti də mühüm rol oynayır. Bugünədək dövlət qulluqçuları, hərbçilər, müəllimlər, həkimlər, polislər və digər sahələrdə işləyən muxtar respublika sakinləri maliyyələşdirilmiş ipoteka kreditlərindən istifadə edərək mənzil sahibi olublar. Ötən dövrdə fondun vəsaiti hesabına əhaliyə, ümumilikdə, 3 milyon 501 min 404 manat məbləğində ipoteka krediti verilib. Bu vəsaitin 1 milyon 98 min 173 manatı və ya 31,4 faizi güzəştli, 2 milyon 403 min 231 manatı və ya 68,6 faizi isə adi ipoteka kreditlərinin payına düşür. Bu gün istifadəyə verilən “Gənclər şəhərciyi” yaşayış kompleksində mənzil almaq istəyən gənc ailələr də ipoteka kreditləşməsi ilə bağlı yaradılan imkanlardan faydalanıblar. Belə ki, 98 ailə ipoteka kreditindən istifadə edərək “Gənclər şəhərciyi”ndə mənzil sahibi olub. Bu ailələrdən 26-sı güzəştli, 72-si adi ipoteka krediti götürüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2014-cü ildə təməli qoyulan “Gənclər şəhərciyi” yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək deyib: Ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Sahibkarlar da yaradılan şəraitdən istifadə edərək ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu gün istifadəyə verilən “Gənclər şəhərciyi” yaşayış kompleksi də bu sahədə görülən işlərin nümunəsidir.

Ali Məclisin sədri bu işdə əməyi olanlara və təşkilatçılara təşəkkürünü bildirib.

Qeyd olunub ki, “Gənclər şəhərciyi” yaşayış kompleksinin inşası dövlət və sahibkarların birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur. Kompleks tikilərkən dövlət tərəfindən ilkin kredit verildi. Qalan vəsait isə şirkətin gəlirləri hesabına ödənildi. Yaşayış kompleksində gənclərin mənzillə təmin olunması üçün dövlətimiz tərəfindən güzəştli ipoteka kreditləri verilir. Bu da dövlətimizin gənclərə və sahibkarlara göstərdiyi qayğının daha bir ifadəsidir. Çünki kompleksdəki mənzillər tam satıldıqdan sonra sahibkar yeni obyektlərin və yaşayış binalarının tikintisinə başlayacaq, yeni iş yerləri açılacaqdır. Bütün bunlar isə ümumilikdə, ölkəmizin inkişafına xidmət edir.

Mənzillə təmin olunan Afin Məmmədov və Səməd Həsənov göstərilən qayğıya görə Ali Məclisin sədrinə minnətdarlıq ediblər. Səməd Həsənov deyib: Muxtar respublikada gənclərin mənzillə təmin olunması diqqət mərkəzindədir. Yeni yaşayış kompleksindəki mənzillər güzəştli ipoteka yolu ilə gənc ailələrə verilir. Artıq muxtar respublikamızda gənclər mənzil sahibinə çevriliblər. Bu da insan amilinə verilən qiymətin daha bir ifadəsidir. “Gənclər şəhərciyi” yaşayış kompleksində mənzil sahibi olan bütün ailələr adından göstərilən qayğıya görə minnətdarlıq edirik.  

Ali Məclisin sədri “Gənclər şəhərciyi” yaşayış kompleksinin açılışını bildirən lenti kəsib.

Bildirilib ki, ümumi sahəsi 22 min 860 kvadratmetr olan şəhərcikdə 2 doqquz mərtəbəli, 2 on bir mərtəbəli və 2 on üç mərtəbəli olmaqla, 6 bina inşa olunub. Binalarda sahəsi 57-59 kvadratmetr olan 24 birotaqlı, sahəsi 62-77 kvadratmetr olan 216 ikiotaqlı, sahəsi 86-104 kvadratmetr olan 192 üçotaqlı və sahəsi 120-142 kvadratmetr olan 24 dördotaqlı mənzil olmaqla, ümumilikdə, 456 mənzil var. Mənzillərdən 2-si şəhid ailələrinə verilib, 98-i isə ipoteka krediti ilə satılıb.

 Şəhərciyin ərazisində 315 yerlik yeraltı avtomobil dayanacağı inşa olunub. Hər binanın girişində 1 sərnişin və 1 yük lifti, yanğından mühafizə üçün mərkəzi havalandırma sistemi, həmçinin avtomobil dayanacağına giriş üçün 3 köməkçi lift quraşdırılıb. Yanğından mühafizə üçün 200 kubmetrlik, tələbatı ödəmək üçün 520 kubmetrlik iki su anbarı tikilib. Şəhərciyin kommunal-məişət şəraiti və sosial infrastrukturu da ən müasir tələblər səviyyəsində qurulub. Kompleksə fiber-optik şəbəkə çəkilib, ərazidə təhlükəsizliyi təmin etmək üçün mərkəzi kamera sistemi quraşdırılıb.

Şəhərcikdə 2500 kilovoltamper gücündə transformator, 250 kilovoltamper gücündə generator quraşdırılıb. 6 min kvadratmetr ərazidə abadlıq işləri aparılaraq müasir işıqlandırma və suvarma sistemi qurulub, həyətdə mini-basketbol meydançası, şahmat taxtası və uşaq əyləncə parkı yaradılıb. Şəhərciyi “Cahan” Ticarət Mərkəzi ilə birləşdirən yerüstü keçid tikilib.

Ali Məclisin sədri “Gənclər şəhərciyi” yaşayış kompleksindəki ticarət və xidmət sahələrinə baxıb.

Məlumat verilib ki, kompleksdə 54 ticarət və xidmət sahəsi fəaliyyət göstərir. “Banu” ərzaq mağazasında əsasən muxtar respublikada istehsal olunan məhsullar, o cümlədən xarici ölkələrdə istehsal edilən və mənşə sertifikatı olan gündəlik tələbat malları satışa çıxarılır. Burada çörək və şirniyyat sexi də fəaliyyət göstərir. “Meynəli” şərab mağazasında isə muxtar respublikada istehsal olunan spirtli içkilər və dünyanın 20-yə yaxın ölkəsində istehsal olunan 650 çeşiddə məhsul alıcılara təklif olunur. “Simit sarayı” iaşə obyektində isə insanların rahatlığı tam nəzərə alınıb. Yaşayış kompleksində 21 yeni iş yeri yaradılıb.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında