GƏDƏBƏY BEŞ İL ƏVVƏL BELƏ DEYİLDİ...

SEÇKİLƏRDƏN-SEÇKİLƏRƏ

Bu ucqar dağ rayonu inanılmaz dərəcədə dəyişib. Xüsusilə son beş ildə, yəni ötən Prezident seçkilərindən sonra Gədəbəyin sürətli inkişafı açıq-aşkar hiss olunur. Yeni, gözəl magistral yollar, körpülər, rayon mərkəzində və kəndlərdə aparılan abadlıq-quruculuq işləri, təzə tikilən sosialyönümlü obyektlər Gədəbəyə gələn turistlərin də sayını nəzərəçarpacaq dərəcədə artırıb. Təsadüfi deyildir ki, hər il yeni, müasir infrastruktura malik istirahət mərkəzləri tikilib istifadəyə verilir. Slavyanka kəndində, yol kənarında yenicə istifadəyə verilmiş “Meh” də məhz belə mərkəzlərdəndir.

İndi rayonda torpaqdan daha səmərəli istifadə edənlərin sayı xeyli çoxalıb. İş adamlarının, necə deyərlər, giley-güzarı da azalıb.Çünki bəzi məmurların sahibkarların işinə qarışması, onları incitməsi halları tamamilə aradan qalxıb. Əksinə, indi müvafiq stukturların rəhbərləri rayonda iş görmək istəyən sahibkarlara hərtərəfli dəstək olur, kömək göstərirlər. Məhz bu keyfiyyətlərinə görə rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovu iş adamları haqlı olaraq özlərinin dostu hesab edirlər. İldə ən azı iki dəfə rayon icra hakimiyyətində iş adamlarının toplantısı keçirilir. Buraya hüquq-mühafizə orqanlarının, ayrı-ayrı strukturların rəhbərləri, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət olunur. Tədbirin keçirildiyi zala açıq mikrofonlar qoyulur və toplantı başlanan kimi rayon rəhbəri “Kimin nə sözü, kimdən, nədən şikayəti varsa çəkinmədən desin, bura sizin öz evinizdir, evdə isə sirr saxlamazlar”– deyərək əməlli-başlı işgüzar bir mühit yaratmağa nail olur...

Gədəbəydə əhalinin qaz, işıq, su problemləri köklü surətdə yaxşılaşdırılıb. Doğrudur, hələlik qazlaşdırılmayan kəndlər də az deyil. Rayonun relyefinin olduqca mürəkkəb olması bu işi bəzən ləngidir. Lakin vacib məsələ daim nəzarət altındadır və hər il 3-4 kənd, bəzən daha çox yaşayış məntəqəsinə qaz xətləri çəkilir ki, bu da əhalinin razılığına səbəb olur. Ötən ilin avqustunda ölkə rəhbərinin iştirakı ilə Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışı olub, içməli su problemi həll edilib.    

 Əvvəlki illərdə şəhərin bir hissəsi, özü də gündə cəmi bir neçə saat su ilə təmin olunurdusa, indi həmin problem öz həllini tapıb və Gədəbəy təmiz içməli su alır.

 Gədəbəyin tarixində ilk dəfə olaraq şəhərin kanalizasiya sistemi də yaradılıb. Layihəyə uyğun olaraq, 47,5 kilometr kanalizasiya şəbəkəsi çəkilib və 1,5 kilometr kanalizasiya kollektoru tikilib. Şəhərdə yaranacaq tullantı sularının təmizlənərək kənarlaşdırılması üçün məhsuldarlığı gündə 3500 kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur. Bundan başqa, şəhərin su mənbələri və su təchizatı qurğuları rayonun 11 min nəfər əhalisinin yaşadığı Düzyurd, Arıqdam, Yenikənd, Söyüdlü və Qaradağ kəndlərinin su tələbatı nəzərə alınmaqla layihələndirilib. Ümumilikdə, bu layihədən gələcəkdə 23 min nəfər faydalanacaq.

Rayonda digər infrastruktur layihələri də bu beş ildə uğurla icra edilib. Ötən il elektrik yarımstansiyasının da açılışı oldu. Bu problem də arxada qaldı. Əvvəllər bir balaca külək əsib, yağış yağdımı, işıqlar kəsilirdi, köhnə, çürümüş taxta dirəklər sıradan çıxırdı. İndi həm yarımstansiya tikilib, həm də yeni ötürücü xətlər var. Nəticədə, rayonda enerji təminatı etibarlı olub.

Kənd yolları nə vəziyyətdə idi, onu hamı görürdü. Son illərdə Gədəbəydə üç kənd yolu layihəsi icra olundu və bu üç layihə 100-dən çox kəndi əhatə edir. Gədəbəydə 108 kənd var. Amma bütün kənd yolları, demək olar ki, əsaslı təmir edilib.

 Beləliklə, rayonda bütün infrastruktur problemləri həll olunur. Eyni zamanda, sosial proqramlar da icra edilir, sənaye müəssisələri yaradılır. Qızıl mədəni sahəsində 600-dən çox insan işlə təmin edilib. Rayonda fəaliyyət göstərən mineral sular zavodunun şöhrəti hər yerə yayılıb. Yeni limonad zavodunun da istifadəyə verilməsi rayonun həyatında mühüm hadisədir və əlavə yeni iş yerləri deməkdir. Bütün bunlar rayonun iqtisadi inkişafına böyük dəstəkdir.

Gədəbəydə bundan sonrakı illərdə də emal sənayesi, kənd təsərrüfatı inkişaf etdiriləcək və bu, rayon üçün prioritet bir məsələ kimi daim diqqətdə saxlanılır.

Gədəbəy rayonunda 60-dan çox məktəb tikilib və əsaslı təmir edilib. Son illərdə kəndlərdə müasir, hər bir şəraiti olan həkim məntəqələri tikilib. Bu illərdə istifadəyə verilmiş Mərkəzi Rayon Xəstəxanasında müalicə alanların sayı ilbəil artır, Bakıya və digər şəhərlərə getməyə daha ehtiyac qalmır. Sosial obyektlərin sırasına 5 il qabaq qatılmış Aşıqlar Evində hazırda 100-dən çox uşaq məşğul olur. Bu dağ rayonuna, bütövlükdə Azərbaycan folkloruna xarakterik olan aşıq sənəti yaşadılır və ənənənə davam etdirilir…

Gədəbəyin son beş ildə keçdiyi yola ona görə qısaca nəzər saldıq ki, 11 aprel prezident seçkiləri ərəfəsində rayonda olduq, seçki məntəqələrinə baş çəkdik, seçicilərlə görüşdük, insanların əhval-ruhiyyəsini öyrəndik. Ən çox diqqətimizi belə bir məqam çəkdi ki, gədəbəylilərin dövlətə və dövlətçiliyə sədaqətli olmaları onlarla elə ilk tanışlıqdan, ilk söhbətdən hiss olunur. Təbii ki, yuxarıda sadaladıqlarımızı bu yerlərin camaatı çox yüksək qiymətləndirir, onu unutmurlar.

Seçki məntəqələri yüksək səviyyədə hazırlanıb. Harada olduqsa, bir işgüzarlıq mühiti hiss etdik. Seçki günü üçün bütün detallar, adi şamdan tutmuş, stasionar telefona, generatora kimi nəzərə alınıb. Bütün məntəqələr yaxşı təmir olunmuş, səliqəli, işıqlı otaqlarda yerləşir. Rayon icra hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nizaməddin Qılıcov söhbət zamanı dedi ki, icra hakimiyyəti bu işdə seçki məntəqələrinə lazım olan bütün işləri vaxtında görüb və heç bir problem yoxdur. Məntəqələrə gedən yollara, səkilərə bir daha əl gəzdirilib, ən yaxşı otaqlar seçki məntəqələrinin ixtiyarına verilib.

103 saylı Gədəbəy dairə seçki komissiyasının sədri Xalid Xudaverdiyev də rayonda seçkiqabağı görülən işlərdən razılığını bildirdi. Dedi ki, Gədəbəydə seçkilərin yüksək səviyyədə keçməsinə, seçicilərin fəallığına heç bir şübhəsi yoxdur. Bütün məntəqələrin texniki təchizat məsələləri yüksək səviyyədə həll olunub. Hiss edirik ki, seçicilər aprelin 11-ni səbirsizliklə gözləyirlər. Qeyd edək ki, bu dairə üzrə seçicilərin sayı 41 min 830 nəfərdir. Məntəqə üzvləri üçün dördgünlük seminarlar keçirilib. Rayondakı 3, 5, 9, 10, 12, 36 saylı məntəqələrdə veb kameralar quraşdırılıb. Bildirişlər də artıq paylanılıb. Bu il bizim dairə üzrə 820 nəfər ilk dəfə səs verəcək. Yaşı 100-ü keçən seçicilərimizin sayı 9 nəfərdir. Maraqlıdır ki, onlar da seçki günü məntəqəyə gələcəklərini bildirmişlər.

Eyni vəziyyət 104 saylı dairədədir. Burada 24 məntəqə üzrə 21 min 334 nəfər seçici var. İlk dəfə səs verəcək seçicilərin sayı 20 nəfər, yaşı 100-dən çox olan seçicilərin sayı isə 8 nəfərdir. Qeyd edək ki, bütövlükdə Gədəbəydə iki dairə üzrə yaşı 80-ni keçən seçicilərin sayı 2551 nəfərdir ki, bu da respublika üzrə ən yüksək göstəricilərdən biridir. 104 saylı dairədə də 6 məntəqədə veb kameralar quraşdırılmışdır. Bunlar 1, 8, 9, 18, 19, 21 saylı məntəqələrdir.

…Rayondakı 103 saylı dairənin 2 saylı məntəqəsinə baş çəkdik və burada işgüzar bir mühitin şahidi olduq. Biri siyahıdakı adları telefonda kiminləsə dəqiqləşdirir, bir başqası məntəqəyə gəlib adını tapa bilməyən seçici ilə söhbət edir, digəri hələ tam paylanılmayan bildirişləri sayır. Məntəqənin sədri Esmira Şirinova dedi ki, maraq üçün seçki günü bizim məntəqəyə gəlin. Özünüz görəcəksiniz ki, 1358 seçicimizin hər biri necə fəaldır.

Eyni işgüzarlığı Slavyanka kəndindəki 12 saylı məntəqədə də gördük. Kənd məktəbi binasında, səliqəli otaqda sərbəst səs vermək üçün hər bir şərait yaradılıb. Məntəqənin sədri Faiq Axundov bildirdi ki, slavyankalıların seçki günü fəal olacaqları indidən hiss olunur. Seçicilər tez-tez məntəqəyə gəlir, onları maraqlandıran suallarla bizə müraciət edir, prezidentliyə namizədlər haqqında daha ətraflı məlumat almağa çalışırlar. Məntəqə üzrə seçicilərin sayı 1117 nəfərdir. Bir vaxtlar tanınmış həkim kimi hamının hörmətini qazanmış 81 yaşlı Əhməd İsmayılovla rastlaşdıq. “Yaxında oluram, gəlin gedək bir stəkan çayımızı için” – dedi. “Vaxtımız çox məhduddur, hələ başqa məntəqələrə də getməliyik” – cavabını eşidib əlini pəncərədən çölə uzatdı:

–Beş il qabaq buralar belə deyildi, – dedi. – Slavyanka çox dəyişib. Kəndarası yollar salınıb, məktəb, uşaq bağçası tikilib, su çəkilib, kənd qəbiristanlığında geniş abadlıq işləri aparılıb, yeni, müasir istirahət mərkəzi istifadəyə verilib, istehsal müəssisələri yaradılıb...

Gədəbəydə hansı məntəqədə olduqsa, Əhməd İsmayılovun söylədiklərinə bənzər söhbətlərin şahidi olduq: “Gədəbəy beş il əvvəl belə deyildi”... “Gədəbəydə insanlar onlara göstərilən diqqət və qayğıdan razıdırlar”.

Ucqar dağ rayonundan şər qarışana yaxın qayıtdıq. Artıq məntəqələrdə işıqlar da yandırılmışdı. Seçki gününə az qalırdı.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında