Qazax 11 aprel Prezident seçkilərinə hazırdır

Azərbaycanın "Qərb qapısı" adlandırılan Qazaxda 11apreldə baş tutacaq Prezident seçkilərinə yaxşı hazırlaşıblar.Biz heç kimə demədən axşam saat 6-dan sonra rayonun bir neçə seçki məntəqəsinə baş çəkdik. Düzü icra strukturlarının, məntəqə seçki komissiyası üzvlərinin, ayrı-ayrı şəxslərin  öz işlərinə bu qədər məsuliyyətlə yanaşması sözün həqiqi mənasında bizi heyran etdi. Yeri gəlmişkən qeyd edək ki,rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun iki il əvvəl Qazaxda işə başladığı vaxtdan nail olduğu nizam-intizamın izləri bütün sahələrdə görünür, o cümlədən seçki məntəqələrində.

Rayondakı 107 saylı seçki dairəsinin 1 saylı seçki məntəqəsindəyik. Məntəqənin sədri Mustafa Hacıyev seçki məntəqəsinin üzvləri ilə nəyisə müzakirə edir. Bizi görüb ayağa qalxır və sual dolu baxışlarla əl uzadır, «xoş gəlmisiniz» deyir. Sanki soruşmaq istəyir ki, «bizim belə seçicilərimiz yoxdur, siz kimsiniz?». Özümüzü təqdim edirik və seçki məntəqələrinin hazırlığı ilə maraqlandığımızı bildiririk. Sədr indiyədək gördükləri işdən o qədər həvəslə və ətraflı söhbət açır ki, əlavə nəsə soruşmağa ehtiyac qalmır.

- Nə bilirsiniz ki, bunları da da sizdən eşitmək istəyirdik, deyə soruşanda məntəqə üzvlərindən biri gülümsəyərək "Mustafa müəllim saçlarını seçki məntəqələrində ağardıb" dedi.

Öyrənirik ki, rayonda müxtəlif vəzifələrdə, təsərrüfat işlərində çalışan M. Hacıyev hazırda tədaüdçüdür. Lakin Qazağın ictimai-siyasi həyatında fəal iştirak edr, öz təcrübəsini gənclərə həvəslə öyrədir. İşində olduqca məsuliyyətlidir.

Bu məntəqədə aprelin 11-də 1354 nəfər səs verməlidir.Yəni siyahı üzrə belədir. Lakin təbii ki, məntəqəyə gəlmək imkanı olmayan seçicilər də olacaq. Məntəqədə artıq bu barədə bilirlər, adlar da məlumdur, ərizələri də alınıb. Məntəqə üzrə ilk dəfə verəcək seçicilərin sayı 6 nəfərdir. Yaşı 80-ni keçənlərin sayı isə 7 nəfərdir. Bir nəfərin 92 yaşı var. Maraqlıdır ki, onlardan heç birinin seçki günü gələ bilməyəcəyi ilə əlaqədar məntəqəyə ərizələri daxil olmayıb. Məntəqədə bildirdilər ki, həmin seçicilərin 4 nəfəri hətta məntəqəyə gəlib, öz adının siyahıda olub olmadığını dəqiqləşdirib, bəzi məsələlərlə maraqlanıb.

Biz də həmin gün məntəqəyə gəlib adlarını seçici siyahısında dəqiqləşdirən 3 nəfər seçici ilə görüşüb söhbət etdik. Onlardan biri Hüsniyyə Əliyevadır. Dedi ki, aşıq gördüyünü çağıran kimi mən son vaxtlar Qazaxda gördüyüm böyük abadlıq-quruculuq işlərinə səs verəcəyəm. Qazağı heç vaxt belə gözəl, firavan görməmişəm. Bir də heç vaxt görməmişəm ki, əhali  rayonun rəhbərini bu qədər çox istəyərmiş. İki il elə çox da bir müddət deyil. Amma hara gedirsən burada çalışdığı iki il ərzində Rəcəb müəllimin işinin, xeyirxah əməlinin izini görürsən. Neqativ halları aradan qaldırıb. Nizam-intizamı gücləndirib, adamların xeyirinə-şərinə yarıyıb. Ayrı nə lazımdır? Düşmənlə 168 kilometr sərhəddə olan bir rayonda bütün bunları yorulmadan həyata keçirmək insandan böyük qabiliyyət və iradə tələb edir.

Seçicilərdən Firəngiz Hacıyeva və Mətanət Hacıyevanın da fikirləri maraqlı oldu. İkisi də bir ağızdan dedi ki, daim insanların günü-güzəranını düşünən namizədə səs verəcəyik.

Rayondakı Qazax Humanitar və Təbiət fənləri üzrə məktəb-liseyin binasında yerləşən 6 saylı məntəqədə də əsl seçkiqabağı əhval-ruhiyyə hökm sürürdü. Şər qarışmasına baxmayaraq məntəqə üzvlərinin hamısı yerində idi. Məntəqənin sədri Tahirə Comərdova əlində tutduğu bir neçə ərizəni nəzərdən keçirirdi. Bizi görüb ilk tanışlıqdan sonra «bunlar o seçicilərin ərizələridir ki, məntəqəyə gəlməyə qətiyyən imkanları yoxdur. Məsələn, baxın, Azərbaycan küçəsi 150 ünvanda yaşayan Zəhra Hüseynovanın ərizəsidir. Ağır xəstədir, yataqdadır. Amma görün öz vətəndaşlıq borcunu necə gözəl dərk edir. Biz ona daşınan seçki qutusu aparacağıq. Kimə istəyir ona da səs verəcək.

Lakin belə seçicilər cəmi bir neçə nəfərdir. Bütövlükdə məntəqə üzrə seçicilərin sayı 1368 nəfərdir. Bildirişlərin paylanması prosesi başa çatmaq üzrədir. Biz məntəqədə olarkən iki məntəqə üzvü sonuncu bildirişləri götürüb ünvanlara yollandılar. Məntəqənin sədri dedi ki, bildirişlər yalnız sahibinin özünə verilir. Evdə olmadıqda bir də, daha münasib vaxtda aparılır.

Sədrin, katiblərin və məntəqə üzvlərinin əyləşdikləri stolun üstündə onların ad göstəriciərini bildirən nəfis şəkildə, plastik şüşədən hazırlanmış lövhəciklər diqqətimizi cəlb etdi. Ona görə cəlb etdi ki, baxdığımız digər rayonların seçki məntəqələrində yalnız printerdən çıxarılmş qalın kağız lövhəciklərdir. Dedilər ki, rayon icra hakimiyyəti başçısının təşəbbüsü və köməyi ilə hazırlanıb və bütün məntəqələrə paylanıb. Həm səliqəli və gözəldir, həm də davamlıdır. Hətta parlament, bələdiyyə seçkilərində də istifadə etmək olar.

Qazaxda hansı seçki məntəqəsində olduqsa,  seçkiqabağı bütün işlərin yüksək səviyyədə təşkil edildiyinin şahidi olduq. Səliqəli səsvermə kabinələri, müşahidəçilər üçün yerlər, seçici siyahıları və digər işlər çox zövqlə, təlimata uyğun təşkil edilmişdi. Stasionar telefon, generator, şam, seyf və digər ilk baxışda adi görünən əşyalar yerbəyerində idi...

Xəyyam Salehovla da görüşdük. O, 107 saylı Qazax seçki dairəsinin sədridir. Dedi ki, bu gün rayonda adamların 11 apreldə keçiriləcək Prezident seçkilərinə marağı böyükdür. Bu fəallıq bizi hədsiz sevindirir. Çalışacağıq ki, seçki günü bu əhval ruhiyyəni qoruyub saxlayaq. Məntəqəyə gələn hər bir seçicinin qarşılanıb yola salınmasınadək yüksək səviyyədə olmalıdır. Kimisi ləngitmək, səhlənkarlığa qətiyyən yol verə bilmərik.

Dairənin sədri dedi ki, 36 məntəqə üzrə 43 min 539 nəfər seçici qeydə alınıb. Seçki gününədək onlar bir daha dəqiqləşdiriləcək. Məntəqələrin 10-da veb kameralar var. Dairə üzrə 374 nəfər müşahidəçi qeydə alınıb. ATƏT-in müşahidəçiləri neçə gündür ki, məntəqələrimizə baş çəkirlər. Hələlik elə bir nöqsan, irad eşitməmişik.

...Bəli, Qazax 11 aprel Prezident seçkilərinə tam hazırdır. Son iki ildə bu rayonun daha sürətli inkişafı, adamlara olan diqqət və qayğının artırılması, əhalinin ürəyindən xəbər verən neqativ halların aradan qaldırılması, torpaqdan səmərəli istifadə etmək üçün şərait yaradılması və digər vacib amillər qazaxlıların dövlətə və dövlətçiliyə inamını, məhəbbətini bir qədər də artırmışdır. Deməli, onların 11 aprel seçkilərinə  belə coşqunluqla  getməsi təsadüfi deyil.

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

          

        

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında