İşğal edilmiş torpaqlarımızın azad olunacağı gün yaxınlaşır

Yasamal rayonundakı 308 saylı tam orta məktəbdə Aprel döyüşlərinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Mərasimin bu məktəbdə təşkili təsadüfi deyil. Çünki həmin döyüşlərdə şəhid olanların dördü Yasamal rayon sakini olmuşdu. Onlardan biri – Mahir Quliyev isə 308 saylı tam orta məktəbin məzunu idi. Digər şəhid Murad Mirzəyev isə Milli Qəhrəman adına layiq görülüb.

Dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov iki il əvvəl ordumuzun düşmənə vurduğu ağır zərbədən, 23 il işğal altında olan torpaqlarımızın min hektarlarla ərazisinin dörd gün ərzində azad edilməsindən, strateji əhəmiyyətli bir sıra yüksəkliklərin Silahlı Qüvvələrimizin nəzarətinə keçməsindən söhbət açdı. Dedi ki, aprel ayı artıq müstəqillik tariximizə yazılıb, özü də Qələbə ayı kimi: “İki il əvvəl, məhz həmin ayın əvvəlində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Sağ qalmış işğalçı ordunun hərbçiləri silah-sursatlarını da atıb canlarını güclə qurtardılar. Bu döyüşlər zamanı Azərbaycanın şanlı ordusu ermənilərə böyük dərs verdi. Eyni zamanda, ordumuzun 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə yüksək hərbi və siyasi üstünlüklər qazandırdı. Azərbaycan xalqı ermənilərə və bütün dünyaya necə hərbi qüvvəyə malik olduğunu, ordumuzun fiziki və mənəvi gücünü, ən çətin döyüşlərə də hazır olduğunu nümayiş etdirdi”.

Aprel döyüşlərinin Ermənistanın ideoloji əsaslarını dağıtdığını və işğalçı ölkənin rəhbərliyinin özlərini tam şəkildə ifşa etdiyini vurğulayan Ə.Əzizov düşmənin həm döyüş meydanında acı məğlubiyyətə uğradığını, həm də siyasi meydanda heç bir dəstək almadığını diqqətə çatdırdı. İşğalçı dövlət, eyni zamanda, beynəlxalq ictimaiyyət bir daha şahid oldu ki, Azərbaycan əzəli torpaqlarını qısa müddət ərzində geri qaytarmağa qadirdir: “Azərbaycan Ordusunun kifayət qədər gücü, qüdrəti var. Azərbaycan xalqının orduya, Ali Baş Komandana böyük inamı, dəstəyi var. Qürurverici haldır ki, Aprel döyüşlərindən sonra hazırda Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının işğaldan azad edilmiş hissəsində Azərbaycan bayrağı dalğalanır, o torpaqlara bu gün Azərbaycan Ordusu nəzarət edir. Hazırda, az qala, bütün dünyanın tanıdığı Cocuq Mərcanlıda məhz Aprel döyüşlərindən sonra həyat öz axarına düşdü və Böyük qayıdışın əsası qoyuldu. Allah yüksək şərəf və ləyaqətlə Vətənimiz uğrunda şəhid olan qəhrəman oğullarımıza rəhmət eləsin!”

Aprel şəhidi Cabbarxan Hacıağayevin atası İlham Hacıağayev, şəhid Mahir Quliyevin atası Qadir Quliyev, Qarabağ qazisi, baş leytenant Kamil Musəvi və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev Aprel döyüşlərinin yaddaşımıza Qələbə döyüşü kimi həkk olunduğunu bildirdilər. Həmin günün həm sevincli, həm də kədərli olduğunu bildirən Qarabağ qazisi “şəhid verdiyimizə görə kədərlənirik, ancaq düşmənə, onun himayədarlarına öz gücümüzü göstərdiyimizə, Qələbə qazandığımıza görə sevinirik”– dedi.

Sonra şagirdlərin ifasında Aprel döyüşlərinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında