Soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb

Xətai Rayon İcra Hakimiyyətininin iclas salonunda keçirilən 31 mart azərbaycanlıların soyqırımına həsr edilmiş mərasim erməni vəhşiliklərinin qurbanı olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla anılmasından başladı.

Mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, aparatın əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Milli Məclisin deputatları, akademik Ziyad Səmədzadə, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və digər qonaqlar iştirak edirdilər.

İcra başçısı Razim Məmmədov toplantını açaraq qeyd etdi ki, xalqımızın qədim və zəngin tarixində  qürurla xatırlanası möhtəşəm hadisələrlə yanaşı, faciələrlə müşahidə edilən hadisələr də  az olmamışdır. XIX əsrin əvvəllərindən başlayan və xalqımızın kütləvi şəkildə əzəli torpaqlarından zorla köçürülməsi və qırılması ilə səciyyələnən bu faciələrin əksəriyyəti bilavasitə erməni millətçiləri tərəfindən törədilmişdir. Ümummilli liderimiz Heydər Əliyev 31 mart tarixinin  azərbaycanlıların soyqırımı günü elan edilməsi haqqında 1998-ci il 26 mart tarixli fərmanında göstərmişdir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

Natiq qeyd etdi ki, həqiqətən bu qanlı faciələrin ən dəhşətlisi 1918-ci ilin 31 mart tarixində erməni qaniçənlərinin azərbaycanlılara qarşı törədikləri soyqırımı hadisələridir. Bu tarixi faciə günlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif  bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə qəddar Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı ağıla gəlməyən vəhşiliklər törətmişlər.

Toplantıda çıxış edən akademik Ziyad Səmədzadə qeyd etdi ki, həqiqətən 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılmış və minlərlə azərbaycanlı erməni silahlı dəstələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmişdir. Ulu öndərin tarixi fərmanında çox düzgün qeyd edilir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Millət vəkili qeyd etdi ki, sovet dönəmində azərbaycanlı alimlərin bu hadisələrdən xəbəri var idi. Lakin onlara bu hadisələri araşdırmağa, erməni millətçilərinin məkrli planlarını xalqa çatdırmağa bütün vasitələrlə qadağa qoyulmuşdu. Nəticədə, XX əsrin sonlarında xalqımız yenidən bu faciələri  Xocalıda, Qaradağlıda və müxtəlif bölgələrimizdə yaşadı.

YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov da çıxışında Azərbaycan tarixində qanlı izləri heç zaman silinməyəcək erməni vəhşiliklərinin dünyaya çatdırılmasında Heydər Əliyevin tarixi xidmətlərindən geniş söhbət açdı. Natiq  qeyd etdi ki, ulu öndər təkcə ölkəmizin bugününün, siyasi və iqtisadi müstəqilliyinin qurucusu olmadı, həm də onilliklərlə “məhbəsə salınmış” tariximizin faciə dolu səhifələrini dünyaya təqdim etdi, xalqımıza qarşı erməni vəhşiliklərinin xronikasını, qaniçən erməni xislətinin haradan başlandığını bəşəriyyətə tanıtdı.

H.Mirələmov vurğuladı ki, ermənilər təkcə xalqımızı qırmırdılar, onlar tariximizi, mədəniyyətimizi, milli varlığımızı təsdiq edən dəyərlərə qarşı soyqırımı həyata keçirmişlər. 1918-ci il  mart soyqırımı zamanı erməni vandalları bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar.

Mərasimdə azərbaycanlıların soyqırımı ilə bağlı tarixi həqiqətlərin bugünkü və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti haqqında da geniş fikirlər söylənilmiş və vurğulanmışdır ki, tarixi yaddaşımızın daim ayıq olması, bu qanlı faciələrin unudulmaması, xalqımızı ümumi düşmənə qarşı həmişə sayıq olmağa səfərbər edəcək.

Çıxışlarda həmçinin son vaxtlar sosial şəbəkələrdə bəzi insanların milli-mənəvi dəyərlərimizlə bir araya sığmayan, xalqımıza utanc gətirən əxlaqsız yazılar dərc etmələrini,  bir çox hallarda dövlətimizin, istər ölkədaxili, istərsə də xarici siyasətdə son illərdə əldə etdiyi uğurları ləkələməyə cəhd etmələri qətiyyətlə pislənmişdir. Xalqın bu faciəli, tarixi bir gündə həmrəylik nümayiş etdirib erməni vəhşiliklərini dünyaya bəyan etdiyi bir vaxtda, radikal müxalifət nümayəndələrinin  dövlətə və hakimiyyətə qarşı iftira və yalanlarla dolu şüarlarla mitinqə çıxmalarına da toplantıda kəskin münasibət bildirilmişdir.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında