Yasamal rayonunda anım tədbiri

Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib. Öncə Heydər Əliyev Mərkəzinin foyesində 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi şagirdlərinin əl işlərindən ibarət sərginin nümayişi olub.

Dövlət himni səsləndirildikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini, pedaqogika üzrə fəlsəfə doktoru Təravət Muradova çıxış edərək, xalqımıza qarşı törədilmiş soyqırımının tarixi, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində on minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, onların evlərindən didərgin salınması barədə məlumat verib.

T.Muradova bildirib ki, erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırımı siyasəti bu gün də davam etdirilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və amansızlığı ilə seçilən vandal aktları, ölkəmizə qarşı yürüdülən işğalçılıq siyasəti, Xocalı soyqırımı erməni millətçilərinin qəddarlığının bariz nümunəsidir. İşğal olunmuş ərazilərimizdəki tarixi mədəniyyət abidələrinin yerlə-yeksan edilməsi, xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırımı mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsidir.

Tarixi faktlarla soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında dövlət tərəfindən göstərilən dəstəkdən söhbət açan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin maarifləndirilməsi işində hər bir soydaşımızın üzərinə məsuliyyət düşdüyünü vurğulayıb.

31 saylı tam orta məktəbin tarix müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Aidə Məmmədova martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərmanın tarixi əhəmiyyətindən söhbət açıb və bu sənədin xalqımızın milli şüurunda və özünüdərkində mühüm rol oynadığını diqqətə çatdırıb.

Tədbirin sonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş film, həmçinin 31 saylı tam orta məktəbin şagirdlərinin ifasında bədii kompozisiya nümayiş olunub.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında