Nəsimililər Aprel döyüşlərində “Qələbəyə gedən yol”un qəhrəmanlığını öyünclə yad etmişlər

Azərbaycan Respublikasının  Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti  2016-cı ilin Aprel döyüşlərinin növbəti  ildönümü münasibətilə Nizami Kino Mərkəzində  “Qələbəyə gedən yol” mövzusunda hərbi vətənpərvərlik aksiyası keçirmişdir.

Ali hərbi məktəb və lisey kursantlarının, yuxarı sinif şagirdlərinin, Qarabağ müharibəsi veteranlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi təntənəli toplantı hərbi orkestrin Dövlət himnini səsləndirməsi və Vətən şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlanmış, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən və döyüş hazırlığından bəhs edən videoçarxın nümayişi ilə davam etmişdir.

Sonra Müdafiə Nazirliyi mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi general-mayor  Rasim Əliyev çıxış edərək bildirmişdir ki,  2 il əvvəl aprelin ilk günlərində düşmənin azğın təxribatına yetərli cavab olaraq,  ordumuzun apardığı dördgünlük irimiqyaslı döyüşlər zamanı strateji əhəmiyyətli bir neçə yüksəklik və yaşayış məntəqəsi düşmənin nəzarətindən azad edilmişdir. Yaddaşlara “Aprel döyüşləri” adı ilə düşən bu qanlı savaşda ordumuzun göstərdiyi qəhrəmanlığı torpaqlarımızın müdafiəsi uğrunda mübarizənin  ən şanlı səhifəsi kimi dəyərləndirən general silahlı qüvvələrimizin torpaqlarımızı işğaldan azad etməyə hər an hazır və qadir olduğunu vurğulamışdır.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov isə qeyd etmişdir ki, Aprel döyüşləri xalqımız üçün uğurlu sınaq və başucalığı, yağı üçünsə sarsıdıcı zərbə və ciddi xəbərdarlıq oldu. Həmin günlər əsgər və zabitlərimiz itirilmiş  torpaqlarımızın hər qarışının xalqımız üçün nə qədər qiymətli olduğunu öz canları və qanları ilə sübut etdilər. Rayon rəhbəri demişdir ki, qazanılmış qələbədə vətənpərvərlik tərbiyəsinin təsirli rolu da danılmazdır. Gənclərin qeyrət və düşmənə nifrətlə döyüşməsi, yüksək yurd sevgisi sərgiləməsi Prezident  İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu gənclər siyasətinin nəticəsidir.

Mərasimdə Müdafiə Nazirliyinin  və Nəsimi RİH-in hazırlatdırdığı  “Azərbaycan əsgəri” mahnısı və klipinin iştirakçılara təqdim olunması salonda yüksək vətənpərvərlik coşğusu yaratmışdır. Sözlərini Zahid Əzizin, musiqisini isə Elvin Orucovun yazdığı mahnını müğənnilər Ehtiram Hüseynov, İlkin Əhmədov  və Tural Salmanov yurdumuzun igid müdafiəçilərinə sevgi ilə  ifa etmişlər.

Toplantı “Azərbaycan əsgəri” mahnısının yaradıcı heyətinə Müdafiə Nazirliyi  və Nəsimi RİH-in hədiyyələrinin təqdim olunması ilə başa çatmışdır.

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında