Azərbaycanın ötənilki uğurlarından biri də “Şərq Tərəfdaşlığı” Sammitidir

2017-ci ilin sanballı uğurlarından biri də noyabrın 24-də Belçikanın paytaxtı Brüssel şəhərində baş tutan “Şərq Tərəfdaşlığı” Zirvəsi və orada qəbul edilən bəyannamə oldu. Həmin tədbir ərazi bütövlüyümüz üçün önəmli hadisə kimi yadda qaldı. Təqribən iki il əvvəl Riqada baş tutan analoji tədbirdə qəbul olunan qərarlar bir sıra suallar yaratmışdı. Məsələn, həmin sammitin Yekun Bəyannaməsində Ukrayna, Moldova və Gürcüstandakı münaqişələrin bu ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə olunsa da, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı fikir bildirilməmişdi. Bu baxımdan Brüssel sammiti mümkün dəyişikliklər kontekstində də maraq doğururdu.

Zirvə görüşü göstərdi ki, Azərbaycan öz xarici siyasətində daha qətiyyətli addımlar ataraq, dünyanın böyük bir qütbünün dəstəyini ala bildi. Ermənistan və ona havadarlıq edən dairələrin sammit ərəfəsində apardıqları antiazərbaycan kampaniyası yenə iflasa uğradı. Brüsseldə qəbul edilən birgə bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün də təmin olunması birmənalı vurğulandı. Bundan başqa, Prezident İlham Əliyevin dərin məzmunlu nitqi Azərbaycanın həm Avropa İttifaqı, həm də ümumiyyətlə, bütün beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətləri nə dərəcədə səmərəli qurduğunu bir daha nümayiş etdirdi.

Dövlət başçısının sammitdə ifadə etdiyi fikirlərin geosiyasi analizi olduqca əhəmiyyətlidir. Qəbul edilən bəyannamədə olduqca əhəmiyyətli bəndlər var. Öncə onu deyək ki, Avropa İttifaqının rəhbərləri və tərəfdaş ölkələr 2020-ci ilə qədər "Şərq Tərəfdaşlığı" ölkələrində iqtisadiyyatın, ətraf mühitin, demokratik idarəetmənin və cəmiyyətin möhkəmlənməsinə yönəlmiş 20 konkret hədəf qəbul etdilər. Bu barədə danışan Estoniyanın Baş naziri Yuri Ratas jurnalistlərlə söhbətində deyib: "Biz "Şərq Tərəfdaşlığı"nın şəxsində, şübhəsiz ki, Avropa İttifaqının qonşuluq siyasətinin əsas məqsədi – "Şərq Tərəfdaşlığı" dövlətləri ilə əməkdaşlıq şəraitində və onların arzularına müvafiq olaraq əhalinin həyat səviyyəsinin hissediləcək və nəzərəçarpacaq dərəcədə yaxşılaşması məqsədi üzərində cəmləşmiş müvəffəqiyyətin tarixini görürük".

Sammitdə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində konkret bəndlər üzrə əməkdaşlıq istiqamətlərinin qəbul edilməsi, təbii ki, müsbət hadisə idi. Bununla yanaşı, zirvə görüşündə qəbul edilən birgə bəyannamənin bir sıra müddəalarına ekspertlər daha çox diqqət yetirirlər. Onlar proqram iştirakçılarının ərazi bütövlüyü və suverenliyi ilə bağlıdır. Bəyannamədə "Şərq Tərəfdaşlığı"nın bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq, bir daha dəstəklənib. Bəyannamədə Helsinki Yekun Aktı, ATƏT-in 1990-cı il Paris Xartiyası və Avropa İttifaqının Qlobal Təhlükəsizlik Strategiyasına istinadlar vardır. Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyünə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində hörmət edilməsi ayrıca vurğulanıb. Ərazi bütövlüyünün dəstəklənməsi vacib prinsip kimi qeyd edilib. Özü də bu, Ermənistanın çoxsaylı cəhdlərinə baxmayaraq reallaşıb.

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə xüsusi toxunuldu. Dövlət başçısı bildirdi ki, bizim prinsipial mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanan mövqedir və daha çox beynəlxalq dəstək qazanan mövqedir. Bunu əks etdirən bir neçə önəmli hadisə olmuşdur. Onlardan biri Dağlıq Qarabağda separatçı rejim tərəfindən keçirilmiş “referendum”un dünya ictimaiyyəti tərəfindən tanınmamasıdır. Həm qonşu ölkələr, həm Avropa dövlətləri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar “referendum”un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bir daha onu göstərir ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu dəstək getdikcə daha da artır.

Prezident bu məsələ ilə bağlı deyib ki, ilin sonunda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə də üzv ölkələrin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənmişdir. Bu, işğalçı Ermənistana növbəti zərbə olmuşdur. Bu, ədalətin təzahürüdür və eyni zamanda, onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə, həmçinin dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma ortaya qoyurlar. Hazırda Avropanın özü separatizmdən əziyyət çəkir və görür ki, separatizm nədir. Biz isə aqressiv separatizmlə üzləşmişik. Bizə qarşı soyqırımı törədilmişdir. Bizim vətəndaşlarımız öz doğma torpaqlarından silah gücünə çıxarılmışdır. Əlbəttə, dünyada, o cümlədən Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır ki, yalnız vahid yanaşma tətbiq olunmalıdır. Biz həmişə bunu demişik. Mən dəfələrlə bunu deyirəm ki, bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmalıdır, ikili standartlara yer olmamalıdır, bundan əl çəkilməlidir. Biz bunu artıq görürük. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu, önəmli hadisələrdir. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir.

Dövlət başçısı “Şərq Tərəfdaşlığı” Zirvəsində çıxışında xüsusi olaraq vurğuladı ki, Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Yəni bizim dövlət siyasətimiz bəllidir və artıq illərdir möhkəmlənmiş siyasi kursun üzərində hərəkət edir. Artıq Ermənistan və havadarlarının bundan çox narahat olduqları da aydın məsələdir və onlar artıq heç bir bəhanə ilə təcavüzkar ordunun işğal etdiyi torpaqlardan çəkilməməsinə hüquqi don geyindirə bilməzlər.

Həqiqət onu göstərir ki, tədricən beynəlxalq təşkilatların Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsindən başqa çıxış yolu olmadığı aksiomdur. Tezliklə həqiqət öz yerini tutmalıdır. Ermənistan Aİ "Şərq Tərəfdaşlığı" proqramında reallıqla qarşı-qarşıyadır. Qəbul etmək istəməsələr də, ikili standartları kənara qoyub, ədalətli mövqe tutmaqdan başqa çarələri də yoxdur. Erməni tərəfi Brüssel Sammitində qəbul edilən bəyannamənin əhəmiyyətini etiraf etmək məcburiyyətindədir. Məlumdur ki, Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə bu ilin fevralında Aİ–Azərbaycan əməkdaşlığının yeni məzmunda olmasını təmin edən sənədin müzakirələrinə başlanıb. Prezident bununla bağlı Brüsseldəki çıxışında vurğulayıb: "Bu ilin fevralında biz yeni sazişlə bağlı fəal danışıqlara başladıq. Ümidvaram ki, bu danışıqlar tezliklə başa çatacaq. Bu, ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün imkanlar yaradacaq".

Bu fikir geosiyasi cəhətdən çox əhəmiyyətlidir. Ölkə rəhbəri Azərbaycanın strateji tərəfdaş kimi Aİ-yə xüsusi əhəmiyyət verdiyini konkret ifadə edib. Bu, bir sıra dairələrin iftiralarına baxmayaraq, ölkənin başlıca inkişaf istiqamətinin Avropa ilə əməkdaşlıqla sıx bağlı olduğu deməkdir. Ekspertlər də yazırlar ki, rəsmi Bakı üçün azad ticarət, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti və insan haqları kimi dəyərlərin əhəmiyyəti çox böyükdür.

Dövlət başçısı bu əməkdaşlıqda iqtisadi-ticari, energetika və nəqliyyat əlaqələrinin xüsusi önəm kəsb etdiyini konkret fikirləri ilə vurğulayıb: "Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin, demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır".

Prezident 2017-ci ilin son iclasında bu barədə bildirdi ki, biz hərbi gücümüzü də artırırıq. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa, vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni, müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir.

Bununla yanaşı, Azərbaycanın dünyaya Avropa İttifaqı tribunasından mesaj verməsi Prezident İlham Əliyevin dəqiq və məzmunlu çıxışının hər bəndində özünü göstərdi. Dövlət başçısı Brüssel Sammitində multikulturalizmin Azərbaycan modeli olduğunu vurğuladı. Həmin məqamı "Şərq Tərəfdaşlığı" Sammitinin iştirakçılarına dəqiqliklə çatdıran İlham Əliyev qeyd etdi ki, Azərbaycan dünyada tanınmış multikulturalizm mərkəzlərindən birinə çevrilib. Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir". Danılmaz həqiqətdir ki, hazırda Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, multikulturalizm burada dövlət siyasətidir və fərqli mədəniyyətlərin real harmoniyasını təmin edən ölkədir. Onun qarşısında bir problem var: Ermənistanın işğalçılıq siyasətinə son qoymaqla ərazi bütövlüyünü təmin etmək!

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında