Biz seçkiləri müsbət qiymət almaq üçün keçirmirik. Biz özümüz demokratiyanı, sərbəst seçkiləri Azərbaycanın dövlət quruculuğunun strateji yolu kimi qəbul edərək və nəzərə alaraq bu seçkilərin tam demokratik, sərbəst, azad keçirilməsinə nail olmalıyıq.
Heydər ƏLİYEV
Ümummilli lider
Ölkəmiz daha bir mühüm siyasi kampaniyanın – növbəti prezident seçkilərinin ərəfəsindədir. Bu seçkilər Azərbaycan dövlətinin cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində atdığı addım kimi tarixə düşəcək. Çünki seçki qanunvericiliyimiz də, səsvermə təcrübəmiz də Avropa standartlarına uyğun olaraq təkmilləşdirilib və daha mükəmməl səviyyəyə çatdırılıb. Bu işdə bizim ən yaxın tərəfdaşlarımız əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlardakı təcrübəli ekspert və seçki mütəxəssisləridir.
Yeri gəlmişkən, 2018-ci ilin aprelində keçiriləcək prezident seçkiləri barədə qələmə aldığımız yazının əvvəlində ötən seçkilərdə ölkəmizə müşahidəçi kimi gəlmiş əcnəbi mütəxəssislərin fikirlərindən istifadə etməyimiz təsadüfi deyil. Çünki 2015-ci ildə keçirilmiş parlament seçkilərini müşahidə etmək üçün gəlmiş Avropa mütəxəssisləri sözün həqiqi mənasında Azərbaycanda mövcud olan seçki qanunvericiliyinin mükəmməlliyinə və səsvermənin ədalətli, obyektiv keçirilməsinə heyran olmuşdular.
Klaude Moniquet: Seçkilər Avropa standartlarına uyğun keçirilir
Yadımdadır, Avropa İttifaqının yerli siyasətçilərindən və Aİ Regionlar Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda keçirilən parlament seçkilərini 54 seçki məntəqəsində izləmişdi. Nümayəndə heyətinin üzvləri seçki prosesinin demokratik standartlara uyğun keçdiyini bildirmiş, təşkilatçılığın yaxşı səviyyədə olduğunu qeyd etmişdilər. Mətbuat konfransında parlament seçkilərinin Azərbaycanda demokratiyanın daha da inkişafına öz töhfəsini verəcəyini bildirən müşahidəçilər seçkilərin qanunvericiliyə uyğun, şəffaf və azad keçdiyini diqqətə çatdırmışdılar.
Bizim üçün daha maraqlı olan məqam isə müşahidə missiyasının rəhbəri Klaude Moniquetin həmin vaxt seçkilərin Avropa standartlarına uyğun keçirildiyini dilə gətirməsi idi: “Komandamız seçki günü Bakıda, Sumqayıtda və Xırdalanda 100 seçki məntəqəsinə, 6 seçki dairəsinə baş çəkərək müşahidə apardı. Səsvermə prosesi yüksək səviyyədə təşkil edilmişdi. Məntəqələr bütün zəruri avadanlıqlarla təchiz olunmuşdu. Seçici fəallığı yüksək idi, qadınların fəallığı isə xüsusi qeyd edilməlidir. Seçkiləri sosial mənsubiyyətinə, peşəsinə və ya siyasi baxışlarına görə fərqlənən xeyli sayda yerli müşahidəçi izləyirdi. Seçki komissiyalarında da xeyli sayda qadın var idi”.
Məlumdur ki, istənilən dövlətin inkişafında demokratik və şəffaf seçkilər böyük rol oynayır. Çünki vətəndaşlar seçkilərə qatılmaqla cəmiyyətin ictimai-siyasi həyatında iştirak etmək hüququ qazanırlar. Dövlətin idarə olunmasında iştirak hüquqları da məhz seçkilər vasitəsilə həyata keçirilir. Buna görə də qeyd etmək vacibdir ki, hakimiyyət məhz seçkilər vasitəsilə, başqa sözlə, seçicilərin razılığı ilə legitimlik qazanır. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən əsas mexanizmin də ədalətli və şəffaf seçkilərin keçirilməsindən ibarət olduğu məlumdur. Şəffaflıq, ədalətlilik və obyektivlik demokratik seçkilərin əsas şərtləri hesab edilir. Bu da bir aksiomdur ki, seçkilərin bu mühüm prinsiplər çərçivəsində keçirilməsi xalqın ümumi iradəsinin milli mənafelər ətrafında birləşdirilməsi kimi mühüm amil rolunu oynayır.
Avropalı mütəxəssislərin də qeyd etdiyi kimi, müstəqillik dövründə ümumrespublika səviyyəli 15-ə qədər seçki proseduru həyata keçirilən Azərbaycanda demokratik və legitim siyasi hakimiyyətin formalaşdırılmasının ənənəyə çevrilməsi heç kimə sirr deyil. Bu ənənənin təməlində isə 1995-ci ildə qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyası dayanır. Həmin Ana Qanunumuzla Azərbaycanda demokratik standartlara cavab verən seçkilərin keçirilməsi üçün əsas prioritetlər müəyyənləşdirmişdi. Konstitusiyanın maddələrinə əsasən, onun seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və müraciət etmək hüququ yoxdur. Hər bir vətəndaşın isə dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.
Gündən-günə qüdrətlənən Azərbaycanın əsas həqiqətlərindən biri də Əsas Qanunda qeyd olunmuş prioritetlərdir. Həmin prioritetlər rəhbər tutularaq, ölkədə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazası yaradılmışdır. Ötən müddət ərzində Azərbaycan rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq, müasir standartlara cavab verən seçki qanunvericiliyinin hazırlanması məqsədi ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq gücləndirilmiş və səmərəli əməkdaşlıq nəticəsində Seçki Məcəlləsi qəbul edilmişdir. Seçki Məcəlləsi seçkilərin və referendumun keçirilməsi üçün əksər məsələlərdə beynəlxalq meyarlara və ən yaxşı təcrübələrə uyğun olan hərtərəfli çərçivələr nəzərdə tutur və məcəllənin qəbulundan sonra baş tutmuş seçkilərdə əldə edilən nəticələr də bir daha bunu təsdiqləmişdir.
Azad, demokratik seçkilər reallıqdır
Hamının bildiyi və etiraf etdiyi həqiqətdir ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsi ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Seçkilərin uzunmüddətli və davamlı inkişafın əldə edilməsində böyük rol oynadığını önə çıxaran ulu öndər dövlət quruculuğunda demokratik və şəffaf seçkilərin dəyərini yüksək qiymətləndirirdi. Ümummilli lider 1999-cu ildə bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciətində demokratik seçkilərin keçirilməsini məqsəd kimi önə çəkmişdir: “Biz seçkiləri müsbət qiymət almaq üçün keçirmirik. Biz özümüz demokratiyanı, sərbəst seçkiləri Azərbaycanın dövlət quruculuğunun strateji yolu kimi qəbul edərək və nəzərə alaraq bu seçkilərin tam demokratik, sərbəst, azad keçirilməsinə nail olmalıyıq”.
Heydər Əliyev xalqa müraciətində Azərbaycanın demokratiya yolu ilə addımlayan və hüquqi, demokratik dövlət quruculuğu aparan ölkə olduğunu vurğulayaraq əlavə etmişdi ki, hər bir seçki prosesi insanları, vətəndaşları demokratiya prinsiplərinə daha da yaxınlaşdırmalıdır. Ulu öndər qeyd edirdi ki, demokratiya prinsipləri insanların daxili mənəviyyatı olmalıdır və belə olan şəraitdə gələcəkdə də Azərbaycanda demokratiyanı sürətlə inkişaf etdirə bilərik.
Ölkədə demokratik seçkilərin keçirilməsinə mühüm önəm verən Azərbaycan hökuməti, istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də, seçkilərə hazırlıq və seçkilərin keçirilməsi istiqamətində də əhəmiyyətli addımlar atmaqda maraqlı olduğunu həmişə nümayiş etdirmişdir. Bu baxımdan aparıcı beynəlxalq təşkilatların Mərkəzi Seçki Komissiyası (MSK) və seçki komissiyalarına, onların üzvləri üçün treninq və seminarların təşkili, əhalinin seçkilərlə bağlı məlumatlılığının artırılması sahələrində yardımı yüksək qiymətləndirilir.
Seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən, qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycanda formalaşdırılan demokratik seçki mühitinin daha da möhkəmləndirilməsinə xidmət edir. MSK ötən seçkilərdə olduğu kimi, bu il də seçki prosesinin şəffaf və təlimatlara uyğun keçirilməsi üçün zəruri addımlar atır. Ölkə başçısının sərəncam və fərmanlarına uyğun olaraq, seçki praktikasını daim təkmilləşdirən MSK apreldə keçiriləcək seçkilərlə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində müşahidəçilər, namizədlər və ümumiyyətlə, bu proseslə əlaqəsi olan hər kəsin hüquqlarının yüksək səviyyədə qorunmasını təmin edəcəkdir.
Jurnalist vəsiqəsi kifayət edir ki...
Avropa təcrübəsindən də bilirik ki, seçkilərin işıqlandırılması və kütləvi informasiya vasitələrinin bu prosesdə rolu da seçkilərin demokratikliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Mətbuat azadlığı və fikir plüralizmi təmin olunan Azərbaycanda KİV seçkiləri maneəsiz işıqlandırmaq hüququna malikdir. Ötən parlament seçkiləri ərəfəsində Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda keçirilən seminarda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu və digər vacib məsələlər barədə maraqlı fikirlər səsləndirmiş və media nümayəndələrinin seçkiləri obyektiv və fəal işıqlandırılmasında hakimiyyətin maraqlı olduğunu açıqlamışdı: “Jurnalist vəsiqəsi kifayət edir ki, hər bir mətbuat nümayəndəsi seçkiləri əvvəldən axıra qədər müşahidə etsin. Buna görə də biz mətbuatı seçkilərin mühüm bir daxili aktoru, tərəfi kimi dəyərləndiririk. Mətbuatın vəzifəsi ondan ibarətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin, əhalinin seçki ovqatının, fəallığının necə olmasını öyrənsin”.
Azərbaycan növbəti mühüm seçkiləri də yüksək səviyyədə keçirməyə hazırlaşır. Ötən seçkilərdə olduğu kimi, bu seçkilərin də şəffaf, demokratik və ədalətli keçirilməsi üçün zəruri imkan yaradılmışdır. Ölkə vətəndaşı da əmindir ki, 11 aprel seçkiləri yüksək standartlara uyğun keçiriləcək və baş tutacaq səsvermə prosesinin yekunları seçici iradəsini əks etdirəcəkdir. Azərbaycan rəhbərliyi də məhz bu mühüm nəticənin əldə olunmasında maraqlı olduğunu açıqlayır və dövlətin belə qətiyyətli mövqeyi də qarşıdakı parlament seçkilərinin ədalətli keçiriləcəyinə, xalqın iradəsini əks etdirəcəyinə və ölkədə demokratiyanın inkişafı prosesində mühüm addım atılacağına inamı daha da gücləndirir.
Seçkilərə hazırlıqla bağlı fikirlərimizi daha bir avropalı müşahidəçinin ürək sözləri ilə tamamlamaq istəyirik. AŞ PA-nın müşahidə missiyasının rəhbəri, ispaniyalı deputat Jordi Çukla ötən parlament seçkisindən sonra Seçki Müşahidə Missiyasının hazırladığı hesabatı səsləndirərkən demişdi: “Azərbaycanda parlament seçkilərinə hazırlıq və səsvermə prosesi peşəkarlıqla, texniki baxımdan yaxşı təşkil olunub. Seçkilər ölkənin Seçki Məcəlləsinə uyğun keçirilib. Ən əsası isə seçkilər demokratik əsaslarla təşkil edilib.”
Əminik ki, ölkəmiz aprelin 11-də daha bir seçkini yüksək demokratiya və şəffaflıq şəraitində keçirəcək.
Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.