“Erməni əsirliyində: işgəncə və qətl antologiyası” kitabının təqdimatı

“Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi və insanlığa yaraşmayan cinayət əməllərinin dünyaya çatdırılmasında nəşrlərin əhəmiyyəti böyükdür və onların müxtəlif xarici dillərdə çap edilməsi aktualdır”. Bu fikirlər Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun nəşr etdiyi "Erməni əsirliyində: işgəncə və qətl antologiyası” adlı kitabın təqdimat mərasimində səsləndirildi.

Öncə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan dövlət komissiyasının katibi İsmayıl Axundov kitabın Prezident İlham Əliyevin göstərişi əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-leytenant Mədət Quliyevin nəzarəti altında tərtib edildiyini bildirdi. O dedi: "Kitabla tanış olarkən əsir-girovlara qeyri-adi üsullarla verilmiş işgəncə faktları, əlbəttə ki, oxucunu dəhşətə gətirə bilər. Ancaq təəssüf edirik ki, bunlar danılmaz faktlardır və şahid ifadələridir. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülmüş azərbaycanlılara, o cümlədən digər xalqların nümayəndələrinə qarşı adi insani dəyərlərin və beynəlxalq humanitar hüquq normalarının pozulması faktları toplanmışdır"  – deyə komissiya katibi qeyd etdi.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kitabın əhəmiyyətindən danışdı. Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı qeyd etdi ki, kitabda olan faktlar təkcə insanların taleyi deyil, xalqımızın yaxın keçmişdə yaşadığı acı hadisələrdir. Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, AMEA-nın Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov və Moisey Bekker, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək kitabda əksini tapmış hadisələri sadəcə humanitar hüquq normalarının pozulması faktı deyil, ermənilər tərəfindən insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət əməli kimi qiymətləndirdilər.

Tərtibçilər adından çıxış edən dövlət komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov kitabda əksini tapmış faktların müxtəlif vaxtlarda əsir və girovluqdan azad edilmiş şəxslərdən alınaraq arxivləşdirildiyini bildirdi. O, insanlığa qarşı cinayətlər törətmiş ermənilərin beynəlxalq hüquq müstəvisində cəzalarını alacağına inam ifadə etdi.

Sonda İsmayıl Axundov kitabın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq və terror siyasətinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması sahəsində fəaliyyətinin bariz nümunəsi olduğunu diqqətə çatdırdı. O, kitabın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətini vurğuladı və tədbir iştirakçıları adından ölkə rəhbərliyinə bu sahədə verdiyi dəstəyə və diqqətə görə təşəkkür etdi.

Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında