Azərbaycanda keçiriləcək aprel seçkiləri Ermənistanda aprel döyüşlərindən də ağır təlaş yaradıb

Erməni analitik: İlham Əliyevin siyasi gedişləri qarşısında bizimkilər ancaq “qılıncla rəqs” oynamağı bacarırlar

Yeni Azərbaycan Partiyasının VI qurultayının materiallarını, xüsusilə, 700 mindən çox üzvü olan siyasi təşkilatın aprelin 11-də keçirilləcək prezident seçkilərində bu partiyanın sədrinin namizədliyini irəli sürməsi faktını, eləcə də, dövlət başçımızın qurultaydakı nitqini ən xırda məqamlaradək incələyən, hər yöndən təhlil etməyə çalışan erməni politoloqlar həyəcan təbillərinin birini yerə qoyanda, o birini götürüb döyürlər. Yəni bu fakt Ermənistanda zəlzələ effekti yaradıb. Ermənistan rəhbərliyi xalqı bu “zəlzələ” təlaşından qurtarmaq istəyirdi ki, ardınca “sunami” xəbəri gəldi. Dünya mətbuatı məlumat verdi ki, İran İslam Respublikası artıq Ermənistanı dostluq və tərəfdaşlıq üçün səmərəsiz dövlət kimi tanımağa başlayıb.

 

“Zəlzələ”dən sonra... “sunami”

 

Nəinki okeana, heç dənizə də çıxışı olmayan Ermənistanda sunami törədən xəbərin mahiyyəti nə idi? “ Şimal-Cənub nəqliyyat dəhlizi də Ermənistandan yan keçəcək” adlı məqalədə bildirilirdi ki, Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan Buşəhr və Mazandaran bölgələrinə səfər edib. Bölgələrin rəhbərləri ilə görüşən səfir İran ilə Ermənistanın iqtisadi əlaqələrinin inkişafının zəruriliyindən danışıb. Bildirilir ki, ermənilərin belə fəallaşması təsadüfi deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, son illər İran--Azərbaycan əlaqələri hər iki ölkənin prezidentlərinin uzaqgörən siyasəti nəticəsində yüksələn xətlə inkişaf edir. Böyük dövlətlərin əlində alətə çevrilən Ermənistandan fərqli olaraq, Azərbaycan, ilk növbədə, milli mənafelərə uyğun siyasət yeridir. Azərbaycan--İran əlaqələrinə gəlincə, yüksələn xətlə inkişaf edən əməkdaşlıq özünü bütün aspektlərdən doğruldaraq, hər iki tərəfə fayda verməkdədir. Son 3 ildə Azərbaycan və İran prezidentləri 10 dəfə görüşüblər. Diplomatik mənbələrin verdiyi məlumata görə, cari ilin martında İran Prezidentinin Azərbaycana növbəti rəsmi səfəri gözlənilir.

Azərbaycan və İran nümayəndə heyətləri 100-ə yaxın qarşılıqlı səfər həyata keçirib, 40 sənəd imzalanıb, Dövlət komissiyasının 3 iclası olub. İqtisadiyyatın müxtəlif sahələrində 538 İran investisiyalı şirkət fəaliyyət göstərir və bu ölkə Azərbaycan iqtisadiyyatına, ümumilikdə, 2,7 milyard ABŞ dolları həcmində kapital yatırıb. Azərbaycan şirkətləri də İranda aktiv fəaliyyət göstərirlər. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi, təxminən, 70 faiz artıb.

Bütün bunlar Ermənistanın dərdlərinin yarısıdır. Dərdin əsas hissəsi ondan ibarətdir ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin birinci mərhələsi yekunlaşmaq üzrədir. Artıq yüklə dolu ilk qatar Rusiyanın Sankt-Peterburq şəhərindən Azərbaycan ərazisindən keçməklə İranın Astara şəhərinə çatıb. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90 faizdən çoxu tamamlanıb. Prezident İlham Əliyevin göstərişi ilə rəsmi Bakı bu layihənin ­yekunlaşması üçün İrana 500 milyon dollar güzəştli kredit ayırıb. Bu faktlara İrəvan rəsmilərinin ürəyi necə dözsün?

 

Sarkis Artsruni: Vaxt gözləmir, Ermənistanın əleyhinə işləyir

 

Xatırladılan bu faktların Ermənistana göstərəcəyi mənfi təsirlərin miqyasını nəzərə çatdırmaq istəyən analitik Sarkis Artsruni İrəvan rəhbərliyinə mesaj göndərir: “Ermənistanda iqtisadi təcridolunma kabusu var-gəl edir”. Erməni analitikin həmin xəbərdarlığının kökündə çoxsaylı fakt və rəqəmlər dayanır. Kütləvi informasiya vasitələri xəbər verirlər ki, bu günlərdə “Theiranproject.com” saytı İranın ixrac potensialı haqqında məqalə yayıb. İran Baş Dövlət Gömrük İdarəsinin məlumatına görə, 2016-cı ilin 9 ayı ərzində İrandan məhsul idxal edən ölkələr arasında Azərbaycan İtaliyadan sonra ikinci yeri tutur. Ölkəmiz həmin müddətdə İrandan 302 milyon 128 min dollarlıq məhsul idxal edib. Ermənistan bu göstəriciyə görə Azərbaycandan xeyli geri qalır – cəmi 160 milyon dollar. Halbuki, əvvəlki illərdə İrandan məhsul idxalına görə Ermənistan İtaliyadan sonra ikinci yerdə idi. Bu vəziyyət Ermənistan iqtisadiyyatının dərin böhran içində olduğunu göstərməklə yanaşı, əhalisinin alıcılıq qabiliyyətinin də son dərəcə aşağı düşdüyündən xəbər verir.

Ekspertlərin fikrincə, işğalçılıq siyasətinin əsirinə çevrilən Ermənistanın çıxış yolları tükənib. Odur ki, erməni səfirin İranın bölgələrini gəzərək, sözün əsl mənasında, imdad diləməsindən də bir nəticə hasil olmayacaq. Ermənistan İranın iqtisadi potensialından istifadə etməyə, rəsmi Tehranın diqqətini Azərbaycandan yayındırmağa cəhd göstərir. Lakin artıq çox gecdir. Necə deyərlər, qatar gedib. Əgər Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğaldan azad etməsə, vəziyyəti daha da pisləşəcək.

“1in .am” xəbər portalının şərhçisi yazır: “İran Dəmir Yolunun beynəlxalq məsələlər üzrə direktoru Abbas Nəzəri deyib ki, İran-Rusiya-Azərbaycan üçtərəfli dəmir yolu proqramının icrası barədə regionun bütün dövlətləri xeyli əvvəldən məlumatlandırılıb. A. Nəzəri əlavə edib ki, Avropa ölkələri onların mallarının İran körfəzi vasitəsilə Hindistana çıxarılmasını təmin edəcək Astara-Astara dəmir yolu dəhlizinə böyük maraq göstərirlər. Beləliklə, regionda Azərbaycan, İran və Rusiyanın iştirakı ilə yeni, perspektivli əməkdaşlıq platforması formalaşdırılır. Bu üç ölkə liderinin dövrü olaraq keçirdiyi sammitlər isə həmin formalaşmanı sürətləndirir. Azərbaycanın mərkəzi rol ( baş rol - red.) oynadığı bu layihə Ermənistanın siyasi iqtisadi təcridolunmasının təsdiqi kimi qəbul edilməlidir”.

Təbii ki, erməni analitikin bu qeydləri birbaşa Ermənistan rəhbərliyinə ünvanlanıb. Çünki Ermənistanın regiondakı bütün iqtisadi layihələrdən kənarda qalmasının yeganə səbəbi bu ölkə rəhbərliyinin yürütdüyü işğalçılıq siyasətidir”.

 

 Erməni demoqraf: Təbii artım “katastrofik”dir

 

“1in.am”ın əməkdaşının işğalçı ölkənin əsas demoqraflarından olan Artak Markosyanla söhbəti bu ölkənin ən ağır problemlərindən olan əhali sayının sürətlə azalması məsələsini gündəliyə gətirir. Müxbirin sualları da, demoqraf mütəxəssisin cavabları da bu məsələnin müasir Ermənistan həqiqətləri arasında ən acınacaqlı durumda olduğunu göstərir. Demoqraf qeyd edir ki, Milli Statistika Xidmətinin məlumatına görə, əhalinin təbii artımı 2017-ci ildə 2016-cı illə müqayisədə 16, 4 faiz azalıb. Nikahların sayı isə 15 faiz azalıb. Təbii ki, əsas səbəb sosial-iqtisadi problemlərdir.

Artak Markosyan Serj Sakirsyanın “2040-cı ildə Ermənistanın əhalisi 4 milyon nəfərə çatacaq” bəyanatına da münasibət bildirir və həmin tezisin qeyri-ciddi, həqiqətdən uzaq, gülünc olduğunu söyləyir: “Heç bir islahatın aparılmadığı, həyatın dirçəldilməsi üçün heç bir addımın atılmadığı, insanların sosial-rifah halının gündən-günə pisləşdiyi, əhalinin sürətlə köçüb getdiyi ölkədə 4 milyondan danışmaq absurddur. Həqiqət ondan ibarətdir ki, Ermənistanın əhalisi nəinki heç zaman artmayacaq, əksinə, azalmaqda davam edəcəkdir”.

Ancaq digər demoqraf mütəxəssis Suren Badalyan məsələyə başqa yöndən yanaşır: “Sarkisyan iqtidarı işğalçılıq siyasətindən əl çəkərsə, Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətləri qurularsa, Ermənistan regiondakı iqtisadi layihələrin iştirakçısına çevrilər və bu bizə hərtərəfli səmərə gətirər. Xaricə getmiş insanlarımız geri qayıdar, ailə quranların sayı artar, ikinci və üçüncü övladın dünyaya gəlməsini istəyənlər çoxalar və nəticədə əhalimizin sayı çoxalar. Yəni Ermənistanın bütün problemlərinin kökündə işğalçılıq və seperatçılıq siyasəti dayanır”.

Beləliklə, müasir Ermənistanın dəhşətli dərəcədə ağır olan həqiqətləri barədə deyilənlərlə yanaşı, yaranmış acınacaqlı vəziyyətdən çıxış yolunun olduğunu söyləyənlər də var. Qədim bir erməni məsəlində deyilir ki, insanların yolundakı işığı həmişə kiminsə tamahı qapayır. Bu məqamda söhbət Serj Sarkisyanın şəxsi maraqlarını milli maraqlardan üstün tutmasından, yəni ölkənin var-dövlətini talamasından gedir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında