Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

AXC-nin fəaliyyətinə ən yüksək qiyməti ulu öndər Heydər Əliyev vermişdir. Ümummilli lider demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”.

1998-ci il yanvarın 30-da Heydər Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” sərəncam imzalamış və bu yubiley dövlət səviyyəsində keçirilmişdir. Ümummilli liderin qeyd etdiyi kimi, əgər XX əsrin əvvəllərində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail olubdur. “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın о dövrdə və о illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. О illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev 2008-ci il fevralın 15-də “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzaladı. Azərbaycan Respublikası Milli Məclisi də AXC  parlamentinin 90 illik yubileyinə həsr olunmuş xüsusi tədbir keçirdi.

Prezident İlham Əliyev 2013-cü il may ayının 27-də “Buta” sarayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyi ilə bağlı keçirilən rəsmi qəbulda bildirmişdi: “Doxsan beş il əvvəl müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika yaranmışdır. Bu, böyük və tarixi hadisə idi. Çünki Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə, azadlığa qovuşurdu. Azərbaycan xalqının artıq öz dövləti var idi. Eyni zamanda, respublikanın yaranması müsəlman aləmində respublika quruluşunun yayılmasına da təkan vermişdi. Qısa müddət ərzində bütün dövlət qurumları, dövlət təsisatları yaradılmışdı. Demokratik inkişaf gedirdi, qadınlara səsvermə hüququ verilmişdi, Milli Ordu yaradılmışdı. Bir sözlə, respublikanın qurucuları böyük işlər görmüşdülər və Azərbaycan xalqı onların xatirəsinə böyük hörmətlə yanaşır. “İstiqlal Bəyannaməsi”ni imzalayanların şərəfinə Bakının mərkəzində abidə ucaldılmışdır”.

2018-ci il yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi haqqında sərəncam imzalamış və 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etmişdir.

1918-ci ilin yazında – may ayında heç bir qüvvəsi və hakimiyyəti olmayan Zaqafqaziya Seymi dağıldı, meydana gəlmiş konkret tarixi şəraitdə 1918-ci il mayın 27-də Seymdə olan Azərbaycan nümayəndələri Azərbaycanın istiqlalını elan etmək qərarına gəldilər. Beləliklə, təqribən bir əsrlik fasilədən sonra bu qədim türk diyarında müstəqil dövlət quruluşu bərpa olundu.

Bu haqda M.Ə.Rəsulzadə yazırdı: “Türk mənşəli bütün başqa dövlətlər meydana gələrkən, xüsusən, dini əsasa söykənmişdirsə, Azərbaycan Respublikası türk milli demokratik dövlətçiliyi zəminində milli-mədəni təyini-müqəddəratın müasir özülünə əsaslanmışdır. Bu nöqteyi-nəzərdən bizim respublikamız birinci türk dövlətidir”.

Həmin il mayın 30-da Tiflisdə ilk respublikanın ilk hökuməti – Fətəli xan Xoyskinin başçılığı altında kabinet təşkil edildi. İlk gündən başlayaraq Azərbaycan hökuməti geniş tədbirlər həyata keçirməyə başladı.

Yaxın və Orta Şərqdə ilk demokratik dövlət qurumu olan Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətində müsbət cəhətlərin, o cümlədən, xalq maarifi sahəsindəki misilsiz təşəbbüslərin üzərindən Sovetlər dövründə uzun müddət sükutla keçmişdir.

Bu gün aradan yüz il keçəndən sonra, xüsusilə, aydın görünür ki, demokratik hökumətin bu sahədəki fəaliyyəti, həqiqətən, öz bəşəri, humanist məzmunu ilə seçilir.

Azərbaycan hökumətinin siyasətində mədəni-maarif islahatından danışarkən, ilk növbədə, Azərbaycan dilinin dövlət dili elan edilməsi Bakı Dövlət Universitetinin təşkili, milli kadrlar yetişdirməyə yönəldilmiş tədbirlər, ana dilində məktəblərin açılması, azərbaycanlı tələbələrin ali təhsil almaq üçün Avropa ölkələrinə göndərilməsi və sair tədbirlər qeyd edilməlidir. Demokratik hökumətin 1918-ci il 30 iyun tarixli qərarına əsasən, Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edilmiş və onun kadrlarla təmin edilməsi sahəsində tədbirlər görülmüşdür.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərindən biri 1918-ci il 27 iyun tarixli qərar oldu. Həmin qərara əsasən, Azərbaycan-türk dili dövlət dili elan edildi. Lakin Azərbaycan dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini çətinləşdirirdi. Buna görə də inzibati idarə orqanları, məhkəmə işi və s. sahələrdə Azərbaycan dilini bilən ixtisaslı kadrlar hazırlanana qədər, müvəqqəti olaraq, rus dilindən istifadəyə də yol verilirdi.

Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Ana dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Ana dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə rus şöbələri açılır və burada Azərbaycan dili intensiv surətdə tədris olunurdu ki, 2 ildən sonra həmin şagirdlər artıq Azərbaycanca təhsillərini davam etdirə bilsinlər.  Şagirdlər 5-ci sinifdən sonra məktəbi bitirənə qədər tədris prosesi rus dilində aparılır, Azərbaycan dili isə həmin siniflərdə məcburi fənn kimi tədris olunurdu. Bu siniflərdə Azərbaycan dilinin tədrisi həftədə 4 saatdan az olmamalı idi.

Maarif sisteminin milliləşdirilməsi sahəsində ən böyük çətinlik müəllim kadrların çatışmazlığı  ilə bağlı idi. Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki və Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edildi və bu kurslarda 150 nəfər oxumağa başladı. Lakin Gəncədə fəaliyyət göstərən müəllim seminariyası kadrlara olan ehtiyacı ödəyə bilmirdi. Odur ki, Maarif  Nazirliyi Qori müəllim seminariyasının Azərbaycan şöbəsinin müstəqil seminariya kimi Qazaxa köçürülməsi haqqında qərar qəbul etdi.

Müəllim seminariyasından başqa, xalq maarif sistemi üçün kadrlar hazırlayan müəssisələrdən biri də ali ibtidai məktəblər olmalı idi. Bu məqsədlə respublikanın Maarif Nazirliyi 1918-ci ildə bir sıra işlər görmüşdü: Göyçayda məktəb açılmış, Ağdamda, Nuxa (Şəki) qəzasının Qutqaşen kəndində belə məktəblərin açılması haqqında qərar qəbul edilmişdir.

1918-ci ildə Zaqafqaziya dairəsində 25 ibtidai məktəbin açılması üçün nazirlik 199 min manat pul ayırmışdı.

Azərbaycan Respublikasında daxili vəziyyət gərgin olaraq qalırdı. Ermənistanın Azərbaycana qarşı davam edən müdaxiləsi zamanı minlərlə insan öz doğma yerlərini tərk edib, əsasən, Bakı quberniyasına gəlmişdi. Bu qaçqınların arasında müəllimlər və onların ailə üzvləri də var idi. Xalq Maarif Nazirliyi qaçqın müəllim ailələrinə kömək məqsədi ilə 20.000 manat pul ayırmış, onları mənzillə və ixtisaslarına uyğun işlə təmin etmək üçün bir sıra tədbirlər görmüşdü.

Bakı və digər yerlərdə dərs kitablarına, məktəb ləvazimatına olan böyük ehtiyacı nəzərə alaraq, Maarif Nazirliyi məktəblərin bu vasitələrlə təchiz edilməsini öz öhdəsinə götürmüşdü.

AXC hökuməti məktəb dərsliklərinin hazırlanması və nəşrinə də ciddi diqqət yetirirdi. Bunun üçün Maarif Nazirliyinin xüsusi komissiyası təşkil edilmişdi. 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr” dərslikləri nəşr olundu. Dərsliklərin hazırlanmasında Azərbaycan maarif və ədəbiyyatının görkəmli nümayəndələri Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Səməd ağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ağa bəy İsrafilbəyov, Abdulla bəy Əfəndizadə və başqaları fəal iştirak edirdilər. Məktəblər Türkiyədən alınmış dərsliklər və tədris vəsaitləri ilə də təmin olundu. Azərbaycan parlamenti 1919-cu il 18 sentyabr tarixli qərarı ilə türk dilində yeni kitablar almaq üçün Xalq Maarifi Nazirliyinin sərəncamına 1 milyon manat vəsait ayırdı.

AXC-nin rəsmi orqanı olan “Azərbaycan” qəzeti Azərbaycan və rus dillərində nəşr olunurdu. Nəşriyyatlar, dəftərxana ləvazimatı satan mağazalar, həmçinin Məlikov qardaşlarının Teatrı (indiki M.F.Axundov adına Opera və Balet Teatrı) Maarif Nazirliyinin tabeliyində idi. Bu müəssisələrdə çalışan fəhlələrin əmək haqları artırılmış, mənzil və əmək şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülmüşdü. 1919-cu ilin əvvəllərində Azərbaycanda hökumətin ixtiyarında 23 orta məktəb var idi. Bakı, Gəncə və Qazaxda müəllim seminariyaları, Bakı, Gəncə və Şəkidə “Müqəddəs Nina” qadın məktəbləri, Bakıda politexnik və ticarət məktəbləri fəaliyyət göstərirdi.

Lənkəran qəzası 1919-cu ilin iyulunda AXC hökumətinə tabe edildikdən sonra, sentyabrda burada kişi və qadın gimnaziyaları fəaliyyətə başladı.

1919-cu il sentyabrın 11-də Azərbaycan hökumətinin qərarı ilə “Müqəddəs Nina” məktəblərinin adları dəyişdirilərək, Bakı birinci milli qadın gimnaziyası, Gəncə qadın gimnaziyası və Şəki qadın gimnaziyası adlandırıldı. 1919-cu ildə Maarif Nazirliyi Bakı, Şəki, Şuşa, Göyçayda realnı və müəllim hazırlayan məktəblər açılması haqqında parlamentə qanun layihəsi təqdim etdi və layihə bəyənildi.

1919-20-ci tədris ilinin birinci yarısında müəllim seminariyaları istisna olmaqla, qalan məktəblərdə 9.611 tələbə oxuyurdu ki, bunun da 3115 nəfəri azərbaycanlı idi. Hökumətin qərarı ilə Bakı politexnik və kommersiya məktəbləri, 3-cü, 4-cü Bakı məktəbləri və 2-3-4-cü Bakı qadın gimnaziyaları istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün orta məktəblərdə dərslər Azərbaycan dilində keçirilirdi.

Azərbaycan hökuməti ölkədə təhsil sistemini daha da genişləndirmək və dərinləşdirmək məqsədi ilə 1919-cu ilin yayında qısamüddətli pedaqoji kurslar açdı. Belə kurslar kişi və qadınlar üçün Bakı, Gəncə və Şəkidə, kişilər üçün Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada açılmışdı. Hər kursda 50 nəfər təhsil alırdı və onlar təhsilini başa çatdırdıqdan sonra, dərhal müəllimlik fəaliyyətinə başlamalı idilər.

AXC 1918-ci il iyunun 4-də Türkiyə ilə imzaladığı müqaviləyə uyğun olaraq Xalq Maarif Nazirliyi Türkiyədən 50 nəfər müəllim dəvət etmişdi. Onlar 1919-cu ilin oktyabr ayının əvvəllərində Azərbaycana gəlib müəllimlik fəaliyyətinə başladılar.

Maarif sahəsində həyata keçirilən mühüm təcrübələrdən biri də tədris müəssisələrinin lazımi ədəbiyyatla təchiz edilməsi idi. Bu sahədə də 1919-1920-ci illərdə bir sıra işlər görülmüşdü. Xalq Maarif Nazirliyi Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün komissiya təşkil etmişdi. Türkiyədən də dərs vəsaiti və dərsliklər alınmışdı. Azərbaycan parlamentinin qərarına əsasən, 1919-cu il sentyabrın 1-də Bakıda universitetlər təşkil edilməsi haqqında 10 maddəli qanun hazırlandı.

Azərbaycan Xalq Cümhuriyyəti qarşısında duran ən ümdə vəzifələrdən biri də Azərbaycanda ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması idi. Hökumət bu məsələni, bir tərəfdən, ölkədə ali təhsil müəssisələri yaratmaq, digər tərəfdən, azərbaycanlı gəncləri xarici ölkələrin müxtəlif ali təhsil müəssisələrinə göndərməklə həll etməyə çalışırdı.

Azərbaycan hökuməti Xalq Maarifi Nazirliyi qarşısında, ilk növbədə, üç ali məktəbin – Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması məsələsini qoymuşdu. Bakıda Kənd Təsərrüfatı İnstitutu açmaq məsələsi hökumətin 1919-cu il 5 mart tarixli iclasında bəyənilmiş və Xalq Maarifi Nazirliyinə bu məsələ ilə əlaqədar qanun layihəsi hazırlayıb parlamentə təqdim etmək tapşırılmışdı. Lakin о dövrdəki tarixi şərait yalnız bir ali məktəbin – Bakı Dövlət Universitetinin açılmasına imkan verdi.

Bakıda universitet açılmasına böyük dövləti əhəmiyyət verən AXC hökuməti bu məsələni 1919-cu il 8 aprel tarixli iclasında müzakirə etdi. Qəbul olunan qərarda bütün imkanlardan istifadə edərək, 1919-20-ci tədris ilinin əvvəlində Bakıda universitet açılması məqsədilə Xalq Maarifi Nazirliyinə tapşırıldı ki, ümumi həcmi 10 milyon manatdan  çox olmamaq şərti ilə smeta hazırlayıb hökumətə təqdim etsin. Hökumətin qərarına əsasən, Bakı Universiteti kommersiya məktəbinin binasında yerləşdirilməli idi. Həmin il mayın 19-da Azərbaycan hökuməti yenidən Bakı Universitetini açmaq üçün təşkilat komissiyası yaratmaq və vəsait ayırmaq haqqında məsələ müzakirə etdi, universitet komissiyası haqqında əsasnaməni bəyəndi. Mayın 21-də komissiyanın birinci iclası keçirildi. Xalq maarifi naziri vəzifəsini icra edən Camo bəy Hacınski iclasda Azərbaycan hökumətinin dövlət universiteti açmaq haqqında qəti qərara gəldiyini və təşkilat komissiyasının bu çətin işi uğurla yerinə yetirmək üçün bütün imkanlardan istifadə edəcəyinə ümidvar olduğunu bildirdi. O, bəyan etdi ki, Azərbaycan hökuməti universitetin Azərbaycan xalqının həyatında çox böyük mədəni və siyasi əhəmiyyətini nəzərə alaraq, onun açılması və lazımi avadanlıqla təchizi üçün heç nəyi əsirgəməyəcəkdir.

Universiteti professor-müəllim heyəti ilə təmin etmək üçün tanınmış alimlər dəvət olundular. Avadanlıq, kitablar alınması üçün 1 milyon manat pul ayrıldı. Azərbaycan parlamentinin üzvləri, dövlət müəssisələrinin qulluqçuları universitet professorlarının ilk mühazirələrində iştirak etmişdilər.

Universitetin ilk rektoru tanınmış tibb alimi, cərrah Vasili İvanoviç Razumovski (1875-1935) olmuşdu. V. İ. Razumovskinin Azərbaycanda ali təhsil sisteminin yaradılması və inkişafında böyük xidmətləri olub. O, Bakı Universitetinin açılması ilə bağlı qeyd edirdi ki, universitet və maarifin dostları arasında əsas yeri parlamentin nüfuzlu üzvü Məmməd Əmin Rəsulzadə, parlamentin sədri doktor Əhməd bəy Ağayev və katib Ə.Pepionov parlamentin sosialist qrupu, xüsusilə S.Ağamaloğlu tuturdular. Universitetdə Məmməd Əmin Rəsulzadə Osmanlı ədəbiyyatı tarixini, Mirzə Rəhim Mirzəyev türk dilini, R.Kaplanov Osmanlı ədəbiyyatı tarixini tədris edirdilər.

Bakıda Dövlət Universitetinin açılması ilə yanaşı parlamentin qərarı ilə ali təhsil almaq üçün 100 nəfər azərbaycanlı abituriyent xarici ölkələrə – İngiltərə, İtaliya, Fransa və Türkiyəyə yola salınmışdı. Bir neçə tələbənin Rusiyanın təhsil müəssisələrinə göndərilməsi də qərara alınmışdı. Lakin xarici hərbi müdaxilə və vətəndaş müharibəsi getdiyinə görə, bu tədbir baş tutmamışdı. Xarici ölkələrə gedən cavanlar ali təhsil alıb Vətənə qayıtdıqdan sonra 4 il müddətində Azərbaycan hökumətinin təyinatı ilə işləməli idilər.

O dövrdə savadsızlığın ləğv edilməsi sahəsində mühüm addımlar atılmışdı. 1919-cu ildə Bakı, Şuşa, Şəki, Zaqatala və Qazaxda yaşlı əhali üçün Azərbaycan dili üzrə axşam kursları açılmışdı. Bu kurslarda təhsil müddəti, iki hissəyə bölünməklə, 1920-ci il aprelin 1-nə qədər davam etmişdi.

Bundan əlavə, Bakıda parlamentin üzvü Abdulla bəy Əfəndiyevin rəhbərliyi altında ibtidai məktəb müəllimləri üçün xüsusi kurslar açılmışdı. Bu kurslarda pedaqogika, Azərbaycan dilinin tədrisi metodikası öyrənilirdi.

AXC mədəni-maarif sahəsindəki siyasətində milli mənafelərə hörmət prinsipi çox yüksək tutulur və demokratik xarakter daşıyırdı. Bu siyasət Azərbaycanda yaşayan bütün millətlərin mənafeyinə uyğun idi, onların mədəni inkişafı üçün geniş və real imkanlar açırdı.

Elman MİRZƏYEV,
tarix üzrə fəlsəfə doktoru
Sima BABAYEVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında