Hazırda respublikamız regional və qlobal səviyyədə öz fəaliyyətini, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək müstəqil dövlət kimi, bir sıra beynəlxalq təşkilatların fəal üzvünə çevrilib. 48-ci Davos Dünya İqtisadi Forumu ölkəmizin uğurlarının təbliği baxımından mühüm beynəlxalq tribuna oldu.
Siyasət və biznes elitasını bir araya gətirən, dünyanın ən nüfuzlu platforması olan Davos Dünya İqtisadi Forumu artıq 48-ci dəfə idi ki, toplanırdı. Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi bu forum da ölkəmiz üçün bir çox parametlərə görə uğurlu keçdi. Forumun yekunu da təsdiqlədi ki, tədbirdə, əsasən, beynəlxalq aləm üçün əhəmiyyət kəsb edən məsələlər gündəmə gətirildi. Dövlətimizin başçısının iştirakı ilə baş tutan panellər, habelə möhtərəm
Prezidentimizin keçirdiyi çoxsaylı görüşlərin nəticələri, bunlarla yanaşı, “Bakı Ekspo 2025”-in yüksək səviyyəli təqdimatı məhz belə deməyə əsas verir.
Azərbaycanın bu qurumda dövlət başçısı səviyyəsində təmsil olunması böyük əhəmiyyət kəsb edirdi. Bu, ilk növbədə, həm siyasi, həm də iqtisadi baxımdan zəruri idi. Ona görə ki, ölkəmizlə bağlı qaldırılan məsələlərə, habelə, tədbir iştirakçılarını maraqlandıran suallara birinci şəxs səviyyəsində aydınlıq gətirilir. Bunun ən bariz nümunəsi forum çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclas oldu. Prezident İlham Əliyev regionda və dünyada baş verən hadisələrlə bağlı Azərbaycanın mövqeyini bir daha bəyan etdi. Bu, həm Azərbaycanla əməkdaşlıqda ikitərəfli münasibətlərin daha geniş müstəvidə qurulmasında maraqlı olan dövlətlər, həm də respublikamıza investisiya yatırmaq niyyətində olan şirkətlər üçün maraqlı idi. Dövlətimizin başçısı açıq şəkildə bəyan etdi ki, Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil.
Faktlar da təsdiqləyir ki, Azərbaycan Davos Dünya İqtisadi Forumunun ən fəal iştirakçısı olan dövlətlərdəndir. Forumun əvvəlki illərdə keçirilən tədbirlərinə nəzər yetirməklə, bir daha bunun şahidi olarıq. 2016-cı ildən möhtərəm Prezidentimizin Davos Dünya İqtisadi Forumunun “Fəxri üzvlük” döş nişanını gəzdirməsi də bu fəallığın bariz nümunəsidir. Bu vaxta qədər Azərbaycan Prezidenti İlham Əliyev 12 dəfə Davos Dünya İqtisadi Forumunda iştirak edib. Bu müddət ərzində dövlətimizin başçısı, bütövlükdə 183 görüş keçirib. Bu görüşlərin 52-si dövlət və hökumət başçıları, 18-i beynəlxalq təşkilatların rəhbərləri ilə baş tutub. 90-dan artıq görüş dünyanın böyük transmilli şirkətlərinin rəhbərləri ilə keçirilib. Forumun panel və sessiyalarında möhtərəm Prezidentimizin 27 dəfə iştirak etməsi, 7 dəfə kütləvi informasiya vasitələrinə müsahibə verməsi bu vaxta qədər forumda iştirak edən dünyanın heç bir dövlət başçısının fəallığına təsadüf etməyib. Bütün bunlar 2003-cü ildən bu vaxta qədər keçirilən iqtisadi islahatlarda dünyanın qabaqcıl təcrübəsindən və ən innovativ islahat konsepsiyasından faydalanmaq istiqamətində böyük zəmin yaradıb. Bu fakt Davos Dünya İqtisadi Forumunun Azərbaycanın inkişafında oynadığı rolun bariz nümunəsidir. Son 15 ildə Azərbaycanda həyata keçirilən islahatlara nəzər yetirsək, dünya təcrübəsindən yetərincə faydalanmağımızın şahidi olarıq. Davos İqtisadi Forumu dünya təcrübəsini öyrənməklə yanaşı, həm də Azərbaycanın iqtisadi və siyasi uğurlarını dünya ictimaiyyətinə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Forum çərçivəsində “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələri xüsusilə qeyd etmək istərdim. Çünki belə əhəmiyyətli bir tədbirdə əsas müzakirələrin bütövlükdə möhtərəm Prezidentimizin liderliyi üzərində qurulduğu açıq-aydın hiss olunurdu. Dövlət başçımızın son illər ölkəmizdə aparılan iqtisadi siyasət, islahatlar, neftin dünya bazarında ucuzlaşmasının respublikamıza ciddi problemlər yaratmamasının səbəbləri barədə ətraflı məlumatı, son iki ildə qeyri-neft sektorunda əsaslı dönüşün yaradılması barədə tutarlı faktları böyük maraqla qarşılandı. Diqqətə çatdırıldı ki, aparılan siyasət milli maraqlarımıza əsaslanır və heç bir qonşu dövlətin maraqlarına zidd deyil.
Ölkəmizin rəhbəri bildirdi ki, qarşılıqlı siyasi etimadın olması iqtisadi sahə başda olmaqla, digər istiqamətlərdə də əməkdaşlıq üçün yaxşı zəmin yaradır. Dövlətimizin başçısı hər bir ölkə üçün, xüsusilə, bizim regionda qonşularla münasibətləri prioritet hesab etdiyini diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil və biz sərhədlərimiz boyu təhlükəsizliyimizi təmin etməliyik: “Bunun ən yaxşı yolu isə öz ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasıdır. Hesab edirəm ki, Azərbaycanda biz belə bir tərəfdaşlığı qura bilmişik. Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə – Xəzərin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistan da daxil olmaqla, Gürcüstan, Türkiyə, İran və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir”.
Tədbir iştirakçıları Azərbaycanın regionumuzdakı hər bir ölkə ilə xüsusi əməkdaşlıq formatı yaratdığı barədə də məlumatlandırıldı. Azərbaycan gənc müstəqil ölkədir və bu yolda cəmi 26 illik təcrübəsi var. Ancaq, buna baxmayaraq, sözün əsl mənasında, müstəqil ölkə kimi dünya birliyinə sürətli inteqrasiyaya müvəffəq olmuşdur. Həyata keçirilən məqsədyönlü tədbirlər həqiqi müstəqil siyasət aparmağa imkan vermişdir. Milli maraqlarımıza əsaslanan bu siyasi kurs heç bir qonşu dövlətin maraqlarına zidd deyil.
Azərbaycanın coğrafi baxımdan əsas qonşularından kiçik olan ölkə olması hər birimizə bəllidir. Buna baxmayaraq, həyata keçirilən islahatlar, xarici siyasətdəki nailiyyətlər, dünya birliyinə inteqrasiya olunması, demoratik prinsiplərə böyük üstünlük verməsi həm böyük, həm də müstəqillik tarixi qədim olan dövlətlərdən heç də geri qalmır. Bu siyasi kursu layiqincə davam etdirmək, düzgün balansı tapmaq və qonşuluqdan üstünlük kimi istifadə etmək, qabaqcıl təcrübədən faydalanmaq çox vacibdir. Çünki böyük qonşular həm də böyük bazar deməkdir. Bu da iqtisadi qüdrətimizin artmasına təsir göstərən amillərdəndir. Bütün bunları əsas tutan dövlətimizin başçısı forumda bir da bəyan etdi ki, bizim üçün ən yaxşı bazar qonşu dövlətlərin bazarlarıdır. Bu baxımdan da qarşılıqlı maraq, maraqların balanslaşdırılması və digərlərinin daxili işlərinə müdaxilə olunmaması, habelə regionda əməkdaşlıqla bağlı praqmatik yanaşmanın mövcudluğu ölkəmizin uğurlarının, daxili sabitliyin və yaxşı gələcək perspektivlərin səbəblərindəndir.
Forum iştirakçılarına bəlli oldu ki, Ermənistan bu layihələrdən və qonşuluq münasibətlərindən kənarda qalıb. Çünki bu dövlət hələ də qonşu dövlətlərin ərazilərinə göz dikib və işğalçılıq siyasətindən əl çəkmir. Bu yolla ərazilərini genişləndirmək istəyində olan işğalçı Ermənistanda ona görə də bütün sahələr üzrə vəziyyət getdikcə ağırlaşır. Həm iri şirkətlər, həm də inkişaf etmiş dövlətlər daha çox sabit olan dövlətlərə sərmayə yatırırlar. Bu baxımdan, bu gün Azərbaycan dünyanın sabit, xalqla iqtidarın sıx vəhdəti olan ölkələrindən hesab olunur. Ona görə də ölkəmizə sərmayə yatırmaq istəyən dövlətlərin və iri şirkətlərin sayı getdikcə artır. Dövlətimizin başçısının Davosda keçirdiyi görüşlərdə də bunun şahidi olduq. 30-a yaxın görüş keçirən Azərbaycan Prezidenti dünyanın iri şirkətlərinin rəhbərləri ilə də bir araya gəldi.
Dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink ilə görüşü xüsusilə qeyd etmək istərdim. Hazırda 30-dan çox ölkədə 70-dən artıq ofisi olan “Black Rock” şirkəti 6,3 trilyon ABŞ dolları investisiya portfeli ilə dünyanın ən böyük investisiya şirkətidir. Lourens Fink Azərbaycanda qeyri-neft sektorunun inkişafının, bu sahədə həyata keçirilən islahatların maraqla izlənildiyini bildirərək, yaxın illərdə Azərbaycan Respublikasının “Black Rock” şirkətinin təkcə investor qismində deyil, həm də investisiya hədəfi qismində də çıxış edəcəyini diqqətə çatdırması ölkəmizə olan maraqdan irəli gəlir. Lourens Finkin yaxın zamanlarda Azərbaycana səfər edəcəyini və ölkəmizin investisiya imkanları ilə bir daha tanış olacağını bildirməsi adi hadisə deyil. 6,3 trilyon ABŞ dolları investisiya portfeli olan bir şirkətin rəhbərinin Azərbaycana səfər etməsi və ölkəmizə sərmayə yatırmaq istəməsi həyata keçirilən uğurlu strategiyanın, həmçinin davamlı ictimai-siyasi sabitliyin nəticəsidir. Dövlətimizin başçısı da öz növbəsində Azərbaycan Dövlət Neft Fondu ilə “Black Rock” şirkəti arasında yaranan əməkdaşlığın məmnunluq doğurduğunu bildirmiş, son illər ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən səmərəli islahatlar barəsində məlumat vermişdir. Ölkə rəhbəri Azərbaycanın liderliyi və təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr, o cümlədən “Cənub” qaz dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Ələt azad ticarət zonası layihələrindən danışmış, bu layihələrin investisiya qoyuluşu üçün çox səmərəli olduğunu bildirmişdir. O çümlədən, digər tanınmış şirkətlərin rəhbərləri ilə keçirilən görüşlərdə də dünyanı maliyyə və iqtisadi böhranının bürüdüyü bir vaxtda Azərbaycanda iri layihələrin reallaşdırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluğun səviyyəsinin azaldılması, yeni iş yerlərinin yaradılması və digər uğurlar müzakirə obyekti oldu.
Yeri gəlmişkən, qeyd edim ki, son illər regionların iqtisadi inkişafı ilə bağlı bir sıra rayonlarda sənaye məhəllələri yaradılmışdır. Bu da yeni iş yerlərinin açılmasında böyük rol oynayır. Ölkə başçısının sərəncamı ilə Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycan Respublikasının logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması istiqamətində böyük əhəmiyyətə malikdir.
Davos Dünya İqtisadi Forumu Azərbaycanın iqtisadi və siyasi uğurlarının dünyaya bəyan edilməsi baxımından əhəmiyyətli rol oynadı. Bu gün Qərbin və Avropanın bir sıra dövlətlərinin sifarişlərini yerinə yetirən bəzi beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycan haqqında həqiqətdən uzaq, qeyri-obyektiv hesabatlar hazırlayır, guya ölkəmizdə söz və mətbuat azadlığı, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində məhdudiyyətlər qoyulaması barədə qarayaxma kampaniyası aparırlar. Qürurverici haldır ki, forumun “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclasında bu məsələlərə də aydınlıq gətirildi və dünya ictimaiyyətinə ölkəmizdə söz və mətbuat azadlığı, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində yaradılan şərait, mövcud vəziyyət barəsində ətraflı məlumat verildi. Böhtançı və sifarişlə işləyən qərəzli beynəlxalq qurumların 100-dən çox ölkədən gəlmiş 3 min nəfərə yaxın nümayəndənin qarşısında iç üzü açıldı. Respublikamızın Prezidenti bu məsələyə münasibət bildirərkən dedi ki, Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda, mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır.
Göründüyü kimi, Davos Dünya İqtisadi Forumu Azərbaycanın siyasi və ictimai reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynadı. Ölkə Prezidentinin keçirdiyi görüşlər həm iqtisadi, həm də siyasi baxımdan mühüm önəm kəsb edir. Sirr deyil ki, ölkəmizin siyasi və iqtisadi müstəqilliyi ilə barışa bilməyən qüvvələr daim əlavə təsir rıçaqları axtarır, ənənəvi metodlardan istifadə edərək, Azərbaycana qarşı qərəzli kampaniyalar aparırlar. Prezident İlham Əliyevin Davosdakı görüşləri və interaktiv iclaslardakı iştirakı, ona ünvanlanan suallara tutarlı cavabları antiazərbaycan qüvvələrin arzusunu növbəti dəfə puç etdi.
Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.