Ermənistanda keçirilən rəy sorğusunda prezident Serj Sarkisyana respondentlərin cəmi 8 faizi etimad göstərib

Yola saldığımız 2017-cı il  Ermənistanda uzun müddətdir hökm sürən iqtisadi böhranın dərinləşməsi ilə yadda qaldı. Yerli  politoloqların qənaətinə görə, ötən il əvvəlki illərlə müqayisədə daha acınacaqlı olmuşdur. Siyasi, iqtisadi, mədəni sahələrdə, ordu quruculuğunda, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində vəziyyətin daha da dərinləşdiyini, yeni iş yerlərinin açılmadığını, korrupsiya və hegemonluğun baş alıb getdiyini görən əhali 2017-ci ildə ölkəni tərk etməkdən başqa çıxış yolu tapmadı. Ümumiyyətlə, son 20 il ərzində Ermənistanı 1,2 milyon insanın tərk etdiyi bildirilir. Bu isə ölkə əhalisinin 33 faizi deməkdir. Sovet dövrü ilə müqayisədə 2 dəfə geriləyən doğum göstəricisi də buna təsir edən amillərdəndir. Ötən il ölkəni tərk edənlərin sayı xeyli artmışdır. Ermənilərin böyük əksəriyyəti Rusiyaya, az bir qismi isə Avropaya və ABŞ-a köçür.

Yerli hüquq müdafiəçisi Georgi Vahanyan 2016-cı ildə ölkəni 55 min insanın daimi olaraq tərk etdiyini bildirib. 2017-ci ildə isə bu rəqəmin 97 min nəfərə çatdığı bildirilir. Hüquq müdafiəçisi bildirib ki, 1989-cu ildə Ermənistanın əhalisi 4,2 milyon idi. Hazırda sakinlərin sayı 2,9 milyona enib. Onların da 500 min nəfəri iş axtarmaq üçün Rusiyaya və digər ölkələrə üz tutub. Ölkədə baş alıb gedən işsizlik və yoxsulluq Serj Sarkisyan iqtidarına olan inamı heçə endirib.

Ermənistan vətəndaşlarının ölkə ərazisini tərk etməsinin səbəblərindən biri də Dağlıq Qarabağda müharibə təhlükəsinin olması, Serj Sarkisyan iqtidarının işğalçılıq siyasətindən əl çəkməməsidir. 2016-cı ilin Aprel döyüşlərindən sonra artıq yerli əhali qorxu işçərisində yaşayır. Onlar dərk etməyə başlayıblar ki, Azərbaycanın Silahlı Qüvvələri  hər an işğal altındakı torpaqlarını azad etməyə hazırdır. Aprel döyüşlərində 4 gün ərzində Ermənistan ordusunun darmadağın edilməsi bu inamı daha da gücləndirib. Ona görə də övladlarını sağ-salamat görmək istəyən valideynlər ölkəni tərk edirlər. Yerli əhali müharibəyə birdəfəlik son qoymağı tələb edir və bildirir ki, bu müharibədən ən çox ziyan çəkən Ermənistandır.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da müsahibələrinin birində bildirib ki, indiki iqtidar Ermənistanın iqtisadiyyatını inkişaf etdirmək, coxmilyardlı investisiya axınını təmin edəcək və ordunu gücləndirmək, getdikcə artan miqrasiya axınının qarşısını almaq, ən başlıcası isə insanları təngə gətirmiş Qarabağ məsələsini tənzimləmək iqtidarında deyil. Eks prezident “Sülh, barışıq, mehriban qonşuluq” siyasətinin tərəfdarı olduğunu deyib. O,qətiyyətlə bildirib ki, axıdılan hər əsgər qanına, cəbhədə baş verən ölüm faktlarına görə Serj Sarkisyan və onun komandası məsuliyyət daşıyır. Petrosyan Ermənistanın BMT və ATƏT-in sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı prinsiplərini qəbul etdiyini və buna imza atdığını da xatırladıb. Onun qənaətinə görə, Ermənistanın inkişafı Qarabağda sülh sazişinin imzalanmasından asılıdır.

Ermənistan vətəndaşları artıq aydın şəkildə dərk edirlər ki, Qarabağ münaqişəsi həll olunmadan və qonşu dövlətlərlə dostluq münasibətləri bərpa edilmədən rəsmi Yerevanın gələcəyi barədə yaxşılığa doğru heç nə fikirləşmək mümkün deyil.

Ölkənin tanınmış politoloqu Levon Zurabyan da artıq müharibəyə birdəfəlik son qoyulmasının vaxtının çatdığını bildirib. Onun fikrincə, qarşıda duran əsas problem ölkəni inkişaf etməyə qoymayan Qarabağ münaqişəsidir. Politoloq bildiirb ki,  Qarabağda status-kvonu saxlamaqla ölkənin sabit inkişafına nail olmaq mümkün deyil. Ona görə də Serj Sarkisyan iqtidarı təcili istefa verməlidir. Xalqın artıq bu iqtidara inamı tamamilə itib. Bunu ölkədə əhali arasında keçirilən rəy sorğuları da təsdiqləyir.

Ermənistanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Jamanak”, “Aravot” və “Haykakan jamanak” qəzetlərində, PanARMENIAN.net, Epress.am və NEWS.am portallarında dərc olunan məlumatlarda bildirilir ki, Ermənistan Sosioloqlar Assosiasiyasının Yerevanda apardığı rəy sorğusunun nəticələrinə görə, respondentlərin cəmi 8 faizi Ermənistan prezidenti Serj Sarkisyana etimad göstərib. Məlumatda bildirlir ki, həmin 8 faizi təşkil edənlər Sarkisyanın yaxın ətrafıdır. Rəyi soruşulanlar növbəti prezident seçkilərində Serj Sarkisyanı və onun komandasından kimsəni görmək istəmədiklərini bildiriblər. Məlumatda o da bildirilir ki, respondentlər arasında gənclər daha çox olub. Rəyi soruşulanlar arasında politoloqların, ekspertlərin, hüquq müdafiəçilərinin, iqtisadçıların da olduğu bildirilir. Məsələn, iqtisadçı Baqrat Asatryan bildirib ki, Ermənistan 2018-2019-cu illərdə ciddi demoqrafik problemlərlə üz-üzə qalacaq. Onun fikrincə, hazırki ölkə rəhbərliyinin bu problemləri həll etmək üçün siyasi iradəsi və konkret planı yoxdur.

Ermənistan Sosioloqlar Assosiasiyasının rəhbəri Qevorq Poqosyan da rəy sorğusunun nəticələrini məqbul hesab edib. Onun fikrincə, ölkədəki ağır vəziyyət Serj Sarkisyanın istefa verməsinin vaxtı çatdığını göstərir. Əgər ölkə əhalisinin cəmi 8 faizi ona etimad göstərirsə, bu, rüsvayçılıqdır. Onun qənaətinə görə, dünyanın heç bir ölkəsində belə göstərici qeydə alınmayıb. Bu, o deməkdir ki, əhalinin dövlət başçısına olan inamı tamamilə itib. Yerevan küçələrində keçirilən rəy sorğularında əhali heç kimdən qorxmadan, çəkinmədən prezidenti dəstəkləmədiyini açıq şəkildə bəyan edib. Rəyi soruşulanların 47 faizi isə ölkəni tərk etmək istədiyini bildirib. Çünki ölkədə bütün sahələrdə vəziyyət ildən–ilə pisləşir.

Ermənistan Statistika Xidmətinin məlumatına görə, digər sahələr kimi, sənaye və kənd təsərrüfatı da çöküb. Əhalinin 90 faizinin istehsal etdiyi malların həcmi əhəmiyyətli dərəcədə azalıb. Hər 10 nəfərdən 9-u pis yaşamağa məhkumdu. Məlumatda bildirilir ki, Ermənistanı 2018-ci ildə olduqca ağır dövr gözləyir.

“İrs” Partiyasının fəal Armen Martirosyan müsahibəsində deyib ki,  2018-ci ildə Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi qaçılmazdır. Bunun qarşısını almaq üçün hökumətin strateji planı yoxdur. Onun fikrincə, bu il də  Ermənistanda inkişaf müşahidə olunmayacaq: “Hazırkı rejimin hakimyyətdə olduğu dövr ölkəni ancaq məhvə aparır. Yoxsulluq həddində yaşayan vətəndaşların xüsusi çəkisi isə 30 faizə yüksəlib. Xarici borc  isə dörd dəfə artıb. Hökumət ona qarşı çıxanları dərhal həbs etdirir. Buna baxmayaraq, mitinqləri bərpa edəcəyik. Bütün  təzyiqlərə baxmayaraq, mart-aprel aylarından etibarən yenidən ümumxalq itaətsizliyi aksiyalarına start veriləcək”. 

Ermənistanda yoxsulluq səviyyəsinin yüksək həddə çatdığı artıq dövlət rəsmiləri tərəfindən də  etiraf olunur. Parlamentin vitse-spikeri Mikael Melkumyan, deputat Naira Zoqrabyan və digərləri işsizlik səviyyəsinin getdikcə yüksəlməsinin, iqtisadi tənəzzülun dərinləşməsinin, miqrasiyanın artmasının və əhalinin səfalət içərisində yaşamasının əsas səbəbi hökumət siyasətinin tamamilə səmərəsiz olması ilə əlaqələndiriblər. 2018-ci ildən benzin, dizel yanacağı və sıxılmış qazın qiymətinin 15 faiz artırılması vəziyyəti daha da ağırlaşdırıb. İqtisadçı Mesrop Arakelyanın sözlərinə görə, yanacağın qiymətinin artması sosial cəhətdən problemləri olan əhaliyə daha pis təsir göstərəcək. Ona görə də artıq Ermənistanda baş qaldıran etiraz aksiyaları geniş vüsət alır. Qarşıda Ermənistanı daha ağır günlər gözləyir.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında