Aleksandr Dugin: Bakı bütün hallarda Moskva-Ankara-Tehran üçbucağının strateji qapısıdır

Rusiyalı politoloq region həqiqətlərini dilə gətirərkən belə deyib

Artıq 10 ilə yaxındır ki, postsovet məkanının kütləvi informasiya vasitələri, politoloq və konfliktoloq mütəxəssisləri bir sıra məsələlər barədə söz açmaq istəyərkən, “Aleksandr Duginin dediyi kimi… ” , “Kreml ideoloqunun fikrincə…”, “Rusiya Prezidentinin müşaviri Dugin bəyan etdi ki…”, “Duginin nəzəriyyəsinə görə…”  və sair bu kimi ifadələrə tez-tez müraciət edirlər. Bəs Aleksandr Dugin kimdir?

Aleksandr Geleviç Dugin 1962-ci il yanvarın 7-də Moskva şəhərində doğulub. İctimai-siyasi xadim, filosof, politoloq, tərcüməçi, sosioloqdur. Siyasi elmlər doktoru, sosiologiya elmləri doktoru və fəlsəfə elmləri namizədidir. Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin professorudur. 2009-2014-cü illərdə universitetin sosiologiya fakültəsinin beynəlxalq münasibətlərin sosiologiyası kafedrasına rəhbərlik edib.   Əvvəllər mövcud olmuş liberalizm, sosializm və faşızm siyasi nəzəriyyələrindən sonra gündəliyə gəlmiş, siyasi düşüncə tərzinin inkişafında yeni mərhələ olacaq “Dördüncü siyasi nəzəriyyə” adlı politoloji nəzəriyyənin müəllifidir. Onun siyasi fəaliyyətinin böyük bir hissəsi postsovet məkanı ölkələrinin iqtisadiyyatını inkişaf etdirmək üçün imkanların əlaqələndirilməsinə həsr edilib. Beynəlxalq Avrasiya Hərəkatının sədridir.

Beş istiqamətdə elmi fəaliyyətini davam etdirən, 10-dan çox xarici dili elmi nəzəriyyələrin tədqiqi və təbliği üçün lazım olan səviyyədə bilən Aleksandr Dugin Lev Qumilyov adına Avrasiya Millətlər Universitetinin və Tehran Universitetinin fəxri professoru, Rusiyanın Cənub Federal Universitetinin isə  professorudur. Yəni sonuncu universitetdə ancaq rəhbərliyin xahişi ilə, müxtəlif məsələlər üzrə mühazirələr oxuyur.  Əvvəllər Moskva Aviasiya İnstitutunda, Çarqrad televiziyasında və Novoçerkassk  Mühəndis-Meliorasiya İnstitutunda da çalışıb.

Aleksandr  Duginin ötən ilin son günlərində  "Report"un Rusiya bürosuna verdiyi müsahibə postsovet məkanında gedən ictimai-siyasi proseslər, münaqişələr və diplomatik gedişlər barədə həqiqətləri eşitmək istəyənlər üçün kifayət qədər dəyərli mənbəyə çevrilmişdi.  Moskva-Bakı münasibətləri haqqında danışan politoloq deyib ki, artıq beynəlxalq aləmdə  yeni oyunçular, yeni fiqurlar yaranır və çoxqütblü dünyanın konturları açıq-aydın görünür. Rusiya tarixən həmişə müstəqil güc mərkəzi, təsir mərkəzi olmağa iddia edib. Yaxın Şərqdəki hadisələr, Trampın siyasəti, Avropa və postsovet məkanında baş verən çoxsaylı proseslər ilə əlaqədar Rusiya dünyanın qütblərindən biri olduğunu sübut etdi. Bakı ilə əlaqələrin yeni formatı da bununla müəyyən olunur.

Aparılan hərtərəfli islahatlar, dünya təcrübəsinin öyrənilməsi  və beynəlxalq aləmə inteqrasiyanın genişləndirilməsi nəticəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycan haqqında danışan politoloq çox maraqlı mülahizələrlə çıxış edib: "Azərbaycan Prezidenti İlham Əliyev özünü dünyada baş verən bütün dəyişikliklər üzrə fəal mövqe tutmağa çalışan diqqətli siyasi lider kimi göstərir. O, 2017-ci ildə siyasətin obyekti yox, subyekti olduğunu sübut etdi. Həmçinin Prezident İlham Əliyev  Rusiya ilə İran və Türkiyə arasında yaxınlaşmada böyük rol oynayıb. Yeni bir strateji oxun yaradılmasında da o, əhəmiyyətli rol oynamağa başlayıb. Azərbaycan Moskva-Ankara-Tehran konfiqurasiyasında geosiyasi nəzarəti birləşdirir və onun regional siyasətdə rolu artır. Bakı bir növ ümumi səhmləri saxlayan subyektə çevrilir, Ermənistan isə kənarda qalır. Yerevan təcili surətdə  getməkdə olan bu qatara əyləşməlidir və o zaman onlar regionun geosiyasətində layiqli yerini tutacaq. Hamı bu işdən qazanmalıdır".

Fəaliyyət istiqamətlərindən biri məhz ictimai-siyasi proseslər olan Dugin regionda gedən həmin proseslərdə liderlərin artan rolunu daha çox qabartmağa çalışır. Onun fikrincə,  ötən illərdə Azərbaycan və Rusiya liderlərinin tez-tez görüşməsi təkcə bu iki ölkənin deyil, ümumiyyətlə, regionun və postsovet məkanının inkişafına xidmət etmişdir. Qarşıdakı illərin proqnozuna gəlincə isə, region ölkələri Azərbaycanın statusunun artacağının şahidinə çevriləcəklər:                                                                                                                         

"Məncə, Azərbaycan buna -- regionda statusunun artmasına hazırdır. Burada, ilk növbədə, müəyyən mənada Azərbaycanın potensialını tam açmasına mane olan Qarabağ məsələsini həll etmək lazımdır. Bu, Rusiya-Azərbaycan münasibətlərində yeni yüksəliş olacaq".

Əməli fəaliyyətdən öncə həmin əməlin nəzəri  cəhətlərini öyrənməyin vacib olduğunu bildirən Aleksandr Duginin fikrincə,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəzəri cəhətdən həlli yolları məlumdur: "Əslində, nəzəriyyə baxımından irəliləyiş bir ildən çoxdur hazırdır -- Dağlıq Qarabağ ətrafındakı beş rayonun Azərbaycana verilməsi barədə qərar 2016-cı ildə razılaşdırılıb. Bu həllin nəzəri paradiqması onun münaqişə tərəflərinin hamısını və digər regional gücləri, hətta Qərbi belə razı salmasıdır. Serj Sarksyan isə hər dəfə bu sazişlərin həyata keçirilməsi prosesinə mane olur".

Təbii ki, Aleksandr Dugin ilk növbədə öz ölkəsinin – Rusiya Federasiyasının maraqlarını üstün tutmalıdır və tutur.  Azərbaycanla Ermənistanın çəkisini müqayisə edəndə isə başqa mənzərələr ortaya çıxır. Ona görə də rus politoloq bildirir ki, Rusiya Ermənistanı tərk edə bilməz: “Onlar bizim müttəfiqimizdir, bu məsələdə heç bir şübhə yoxdur...  Lakin digər tərəfdən, Ermənistan Türkiyə və Azərbaycan ilə münasibətlərimizdə maneə ola bilməz. Hamı anlamalıdır ki, geosiyasətdə ərazi mübahisələrindən  daha böyük dəyərə malik məsələlər var".

Rus siyasi nəzəriyyəsinin nümayəndəsi xəbərdarlıq edir ki, münaqişənin həllinin gecikdiriləcəyi təqdirdə, vəziyyət geri qaytarılması mümkün olmayacaq dərəcədə pozula və kəskinləşə bilər: "Ona görə də 2018-ci ildə bu beş rayonun Azərbaycana qaytarılmasının zəruri olduğunu hesab edirəm. Əks halda, göstərilən səylər və danışıqlar prosesində əldə olunan bütün nailiyyətlər əhəmiyyətini itirər. Bu, Rusiya üçün də üzücü və məyusedici olacaq. Çünki bütün bunlar Azərbaycanla davam edən yaxınlaşmaya, Qafqazda, Xəzər dənizi regionunda və Yaxın Şərqdə birgə siyasət yürüdülməsinə təsir edə bilər. O zaman münaqişənin sülh yolu ilə nizamlanması prosesindəki səylərimiz kənardan gülünc görünəcək və buna görə də bu razılaşmaların həyata keçirilməsi üçün maksimum səy göstərməliyik".

“ Azərbaycanın güclənməsi Türkiyə və İran ilə əlaqələrimizi gücləndirmək üçün fürsətdir”-- deyən politoloq xatırladır: “ Bakı bütün hallarda Moskva-Ankara-Tehran üçbucağının strateji qapısıdır. Bakı bu ittifaqda əsas konstruksiya olur. Geosiyasi stavkalar çox yüksəkdir, buna görə də ardıcıl hərəkət etməliyik".

Hazırladı:
İ. MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında