“Maskaları çıxarın, sonra danışaq!”

Xaricdən idarə olunanlar demokratik mübarizə pərdəsi arxasında gizlənməyə çalışırlar

Hollivudun tarixi mövzulu filmlərindən birinin qəhrəmanı qarşısındakılara xitabən, amiranə şəkildə bu tələbi edəndə ətrafdakıların heç birinin üzündə maska yox idi. Amma qara xislətini gizlətmək istəyənlərin üzündəki təbəssüm istənilən maskadan qorxulu idi. Çünki maskanı götürən kimi kimin kim olduğu bəlli olur. Təbəssümlü adamın kim olduğunu öyrənmək üçünsə kifayət qədər vaxt lazımdır.

Həyatda da eynilə filmlərdəki kimidir. Təbəssümlü insanlar daha qorxunc olurlar. Kiminsə qaynatdığı qazana düşmüş “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev (onun müsahibə verdiyi verilişin adı “Qaynar qazan”dır) “Mətbuat Şurası jurnalistləri tutduran və saytları bağladan “işverən qurum” a çevrilib”, “Külli Azərbaycan bilmirmi ki, Əflatun Amaşov Əli Həsənovun icazəsi olmadan heç “qlazok” (qayğanaq-red.) da yeyə bilməz” kimi ifadələrlə kimlərinsə diqqətini cəlb etmək istəyir. Bu təbəssüm çox ciddi məqamlardan xəbər verir. Yəni onu xaricdən danışdırırlar. Yoxsa daxildə Mehman Əliyevə inanan kimdir?

Agentliyin direktoru “Qaynar qazan”da nə hala düşübsə, Baron Münhauzensayağı top gülləsinin üstündə uçmağından-zaddan danışıb. Guya, onu tamamilə əsassız yerə tutdurublar və bu hadisəni yüksək vəzifəli adamlar törədiblər. Ona görə də o, indi kimlərdənsə yüksək səslə izahat istəyir: “Ya açıqlama verin, ya da təkzib edin.”

Həmin müsahibədən bir məqama diqqət yönəldək. Mehman Əliyev deyir:

“Mətbuat Şurası seçilən orqandır. Söhbət Mətbuat Şurasının İdarə Heyətindən gedir. Çünki qərarları İdarə Heyəti verir. Mətbuat Şurası qurultay zamanı yığışır, sədr seçir, üzvləri seçir, başqa qərarlar verir və s. Axı bu adamları, bu insanları idarə heyətinə seçənlər kim olub?

– Jurnalistlər…

– Mən seçməmişəm. Mən bu prosesdə iştirak eləməmişəm. Həmən ( ?) bu gün üzdə olan media təbəqəsi bunları seçib. Mətbuat Şurası həmin o media təbəqəsinin güzgüsüdür. Həmin o medialardır ki, növbəyə düzülüb hökumətdən mənzil almaq, pul almaq və s. üçün dilənirlər. Neçə illərdir mən onları tanıyıram, elə dilənirlər. Yəni Mətbuat Şurası, sadəcə olaraq bunları təmsil eləyir. Və burada bütövlükdə mediada problemlər yaranıb. Mən indi özümü müəyyən dərəcədə günahkar saya bilərəm ki, mediada bu cür acınacaqlı durum yaranıb. Amma bunun obyektiv və subyektiv səbəbləri var. Vaxtilə biz bu məsələləri qaldırmışıq. Qısa deyim. İndiki hakimiyyətin uzun illər apardığı siyasətin nəticəsidir ki, mətbuat bu gün o günə düşüb, Mətbuat Şurası da bu günə düşüb”.

Əvvəla, mətbuat təmsilçilərini dilənçi adlandırmaq normal təfəkkürə sığacaq bir addım deyil. Dövlətdən mənzil, fəxri ad, orden, medal alan hər kəsin ailəsi, qohum-əqrəbası var və bütün ictimaiyyət qarşısında onların dilənçi adlandırılmağına görə kimsə bu zatın yaxasından yapışar və deyər ki, ya sübut et, ya da təkzib elə. İkinci, dövlətdən fəxri ad və mənzil alanlardan biri kimi mən soruşuram: Qanı qanımdan, dini dinimdən olan dövlət rəsmilərindən, bayrağının uca tutulması üçün canımı qurban verməyə hazır olduğum, 90-cı illərdə müstəqilliyini qorumağa çalışdığıma görə min bir alçağın təhqir və həqarətinə məruz qaldığım Azərbaycan dövlətindən, Azərbaycan iqtidarından mənzil, fəxri ad almaq şərəflidir, yoxsa bu ölkəni parçalamaq istəyən əcnəbilərin qabağında əyilmək, qul olmaq, əl açıb dilənmək? (Bu barədə faktı sonda yada salacağıq).

Sən Azərbaycan dövlətinin və hökumətinin hansısa nöqsanını görürsənsə, onu bir müxalifətçi kimi deyə bilirsən, ictimailəşdirirsən. Qoy olsun. Vətəndaş kimi buna haqqın çatır. Bəs minlərlə mətbuat təmsilçisini bir göz qırpımındaca, “uf” demədən “dilənçi” adlandırırsansa, deməli, sən o yolun yolçusundan başqa bir şey deyilsən.

Mehman Əliyev müsahibəsində deyir: “Mətbuat Şurası və KİVDF-nin nüfuzu cəmiyyətdə xeyli düşüb. Bu orqanlar və onların rəhbərləri bugünkü gündə Azərbaycanda hansısa media islahatlarını aparmağa qadir deyillər. Bu, mümkün deyil. Ona görə də ayrıca bir institutun yaradılması vacibdir”.

Doğrudan da, filmlərdəki kimidir. Mehman Əliyev Əflatun Amaşovun cəmiyyətdəki nüfuzunun xeyli aşağı düşdüyünü də ayın 25-də deyib, Əflatun Amaşovun onu müdafiə etmək üçün Azərbaycan Prezidentinə müraciəti də ayın 25-də yazılmışdı. Amma ötən ilin avqust ayının 25-də. Müraciətdə deyilirdi: “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Hazırda o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırmalar gedir. Sizə müraciət ünvanlamaqla hər zamankı humanizminizə, insanpərvər mövqeyinizə güvənirik. İnanırıq ki, bu mövqeyinizi “Turan” İnformasiya Agentliyinin rəhbərinə münasibətdə də görəcəyik.

Möhtərəm Prezident, xahiş edirik ki, M.Əliyevlə bağlı insidentin Azərbaycan qanunları çərçivəsində ədalətli həllini tapmasına köməyinizi əsirgəməyəsiniz. Həssas yanaşmanızın yaranmış problemin aradan qaldırılmasında həlledici rol oynayacağına əminik”.

Fikrimcə, Əflatun Amaşovun bu müraciəti imzalamasının ilk səbəbi onun tutduğu vəzifənin məsuliyyəti idisə, ikinci səbəbi də onun tamamilə maskasız olması idi. Doğrudur, burada Mehman Əliyevin mətbuat tariximizdə oynadığı az-çox rolu da nəzərə alınmışdı. Ancaq dünənki xidmətləri heç kəsə bu gün qanunları pozmaq hüququ vermir. Yeri gəlmişkən, Mehman Əliyevin qanunları pozması o qədər də sadə məsələ deyildi. Bu barədə olan rəsmi məlumatda deyilirdi ki, “Turan” İnformasiya Agentliyi MMC-də Vergilər Nazirliyi tərəfindən vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Əlavə edək ki, istintaq zamanı “Turan” İnformasiya Agentliyi MMC-nin direktoru Mehman Əliyevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməsi və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozub, 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilmişdi.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə humanistlik edərək bu boyda qanunazidd hərəkətlərə yol vermiş bir adamın həbsdən buraxılması üçün dövlət başçısına müraciət etmişdi. Onu bağışladılar və indi deyir ki, məni kiminsə sifarişi ilə həbs etmişdilər. Bu məqamda başqa bir faktı da yada salaq. O, həbsdən azad edildikdən sonra Əflatun Amaşov jurnalistlərə müsahibəsində demişdi: “Mehman Əliyevin həbsdən azad edilməsi ölkə başçısı cənab İlham Əliyevin media ilə bağlı məsələlərə həssas yanaşmasının növbəti bariz nümunəsidir. Biz Mətbuat Şurası olaraq həmişə buna inanmışıq və əmin idik ki, yaranmış insident dövlət başçısının şəxsi diqqəti sayəsində ədalətli şəkildə araşdırılaraq, Mehman Əliyevə münasibətdə qanunvericilikdə nəzərdə tutulan humanist addım atılacaq… Əlbəttə, Mehman Əliyevlə bağlı məsələ araşdırılacaq. Ancaq hesab edirik ki, onun azadlıqda olması mühüm şərtdir. Dövlət başçısının mediaya yanaşması da bundan ibarətdir. Buna görə, ayrıca Mətbuat Şurasının Mehman Əliyevlə bağlı müraciətinə həssas yanaşdığı üçün cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk”.

Yuxarıda bu ilin yanvarının və ötən ilin avqustunun 25-i tarixlərini qeyd etmişdik. İndi daha bir 25 yanvar tarixli fakta baxaq. 2014-cü il yanvarın 25-də ölkənin kütləvi informasiya vasitələri xəbər verdilər ki, müxalifət Mehman Əliyevin timsalında bir daha ifşa olundu: “Dünən bütün ölkəni şoka salan daha bir olay yaşandı. “Turan” İnformasiya Agentliyinin rəhbəri, Milli Şura üzvü Mehman Əliyevin ermənilər tərəfindən maliyyələşdirildiyi bildirilən fond təmsilçisi ilə telefon danışığının audioyazının yayılması bir çox həqiqətləri yenidən təsdiqlədi. Bir daha sübut olundu ki, adına müxalifət deyən bəlli qüvvələr hakimiyyətə gəlmək üçün hətta ermənilərlə belə əməkdaşlığa getməyə hazırdır”.

Qeyd edək ki, yayılmış audioyazıda özünü Yevgeni kimi təqdim edən ABŞ fondunun təmsilçisinin ermənilərlə sıx əlaqəsi və erməni diasporunun təsiri altında olduğu bildirilir. Audioyazıda söhbət özünü ABŞ fondlarından birinin əməkdaşı kimi təqdim edən Yevgeni adlı şəxslə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Xəqani Hüseynov arasında gedir. Həm Mehman Əliyev, həm də Xəqani Hüseynov faktı təsdiq edərək, audioyazıdakı səslərin onlara məxsusluğunu etiraf ediblər.

Yevgeni danışığı boyunca Azərbaycanda inqilab və hakimiyyət dəyişikliyi üçün maliyyənin ayrılmasından, bunun qrant layihəsi adı altında həyata keçirilməsinin vacibliyindən bəhs edir. Mehman Əliyev isə acizanə şəkildə ondan soruşur ki, “bütün bunları etmək üçün bizdən nə tələb olunur?

Mətnin bir parçasına diqqət yönəldək:

“Yevgeni: Mən indicə Vilnüsdən qayıtmışam. Orada “Freedom House” təşkilatının Mərkəzi və Şərqi Avropa üzrə direktoru ilə görüşmüşəm. Maraq çox ciddidir, belə deyək, Azərbaycan Respublikası üzrə yardım olacağına dair təminat var. Cənubi Azərbaycan üzrə isə hələ düşünürlər, güman ki, müsbət cavab olacaq. Azərbaycan Respublikası ilə bağlı yardım uzunmüddətli olacaq. Onlar növbəti prezident seçkilərinədək işləmək niyyətindədirlər, yəni proqram 5 il üçün nəzərdə tutulur. Yanvarın 6-da Vilnüsdə “Freedom House” rəhbərliyinin iclası keçiriləcək. Orada yaxın bir il üçün proqram müzakirə olunacaq...

Azərbaycan üzrə proqram 90 faiz təsdiq olunacaq. Əgər belədirsə, onda yanvarın sonunadək layihələri və konkret təklifləri hazırlamaq lazım olacaq. Yəni onlar tez işləyir. Əgər ayın 6-da onlar qərar qəbul edirsə, ayın 30-da artıq proqramın büdcəsini təsdiq etmək istəyirlər. Onlar insanların zərbə altına qoyulmaması, həbs edilməməsi üçün layihələrin bir hissəsini təhsil proqramı adı altında həyata keçirmək istəyirlər. Bizdə – Ukrayna ərazisində müxtəlif təlim seminarları, treninqlər, məktəblər təşkil etmək nəzərdə tutulur. Çünki bura giriş vizasızdır, dəhliz, logistikanı təşkil etmək asandır. Bu səfərlər elə təşkil olunacaq ki, guya, insanlar işlərinin dalınca, dincəlməyə və digər məqsədlərlə gəlirlər. Burada isə artıq məktəbə toplaşacağıq, seminarlar təşkil edəcəyik.

Mehman Əliyev: Başa düşdüm, ancaq yenə söhbət etmək lazımdır”.

Elə biz də başa düşdük, Mehman Əliyev. İndi de görüm, mənim dilənçiliyim məqbuldur, yoxsa sənin?

Hörmətlə, dövlətdən mənzil və fəxri ad almış

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında