Respublikamızın ictimai-siyasi və mədəni həyatında böyük rolu olan Heydər Əliyev Sarayı yüksək səviyyəli rəsmi dövlət və hökumət tədbirlərinin, konsert və tamaşaların, yubileylərin keçirildiyi möhtəşəm məkandır. Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə tikilib 1972-ci ildə istifadəyə verilmiş bu saray indiyədək xalqımıza və ölkəmizə gələn xarici qonaqlara yüksək səviyyədə xidmət göstərir.
2008-ci ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələri ilə sarayda əsaslı yenidənqurma, təmir-bərpa işləri yüksək səviyyədə və keyfiyyətlə başa çatdı. Bununla da saray özünün ikinci həyatına qədəm qoydu, dövlətimizin mədəniyyətin inkişafına göstərdiyi qayğının bariz nümunəsinə çevrildi. Bu gün paytaxtımıza xüsusi yaraşıq verən bu konsert müəssisəsi gözəlliyi və möhtəşəmliyi ilə dünyanın seçilən mədəniyyət məkanlarından biri kimi, milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynayır. Mədəniyyət ocağında vaxtaşırı müxtəlif dövlət əhəmiyyətli tədbirlər, beynəlxalq miqyaslı mərasimlər keçirilir. Mədəniyyət məbədinin tarixi yaddaşında yaşayan mühüm mərasimlər – ulu öndərimiz Heydər Əliyev bu sarayda xalq qarşısında and içərək Prezident kimi ilk nitqini söyləyib. Ümummilli liderimizin layiqli davamçısı, cənab İlham Əliyev də ölkə başçısı seçilərkən xalqa məhz bu məkandan səslənib.
Ötən illər ərzində memarlıq üslubu, möhtəşəm görkəmi ilə tamaşaçıları heyran edən saray ulu öndərimiz Heydər Əliyevin adını şərəflə daşıyır.
– Bütün bunlar – ötən dövrdə saray binasının kompleks surətdə yenidən qurulması, inşaat, modern avadanlıq-quraşdırma işləri, beynəlxalq əhəmiyyətli ictimai-siyasi, mədəni-kütləvi tədbirlər həyatımı bağladığım və rəhbərlik etdiyim illər ərzində baş verib, – deyə sarayın direktoru Fərhad Babayev söhbətə başladı: – Saray istifadəyə veriləndən sonra orada ilk fəaliyyət göstərən işçilərdən biriyəm. Burada bədii quruluş hissəsində böyük səhnə maşinisti olaraq əmək fəaliyyətinə başlamışam. Sonra bədii quruluş hissə müdiri, direktor müavini və 1989-cu ildən indiyədək sarayın direktoru vəzifəsində çalışıram.
Mədəniyyət sahəsinə marağım uşaqlıq illərindən başlayıb. O dövrdə doğulub boya-başa çatdığım İçərişəhərdə tez-tez filmlər çəkilirdi. Şirvanşahlar sarayının yanında yerləşən evimizin eyvanından film çəkilişlərini heyranlıqla izləyir, rejissorların, aktyorların, operatorların işinə böyük maraqla tamaşa edirdim. Ailədə 8 uşaq idik. Atam və anam müəllim idi.Ailəni çətinliklə saxlayırdılar. Orta məktəbin yeddinci sinfini bitirib Bakı Neft Texnikumunun nəzarət-ölçü üzrə texnik elektromexanik fakültəsinə qəbul oldum. Yeni Bakı Neft Emalı zavodunda cihaz nəzarətçisi, sonra da mühəndis vəzifəsində çalışdım. Zavodda çalışdığım illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində ali təhsil aldım.
Saraya işə gələndən sonra təhsil sahəsində yiyələndiyim mükəmməl mühəndis və mədəni-maarif bilikləri köməyimə çatdı. İş təcrübəmə əsasən səhnənin texnika ilə idarə olunması, bədii quruluşun verilməsi, mədəniyyətin texnika ilə vəhdəti tədbirlərin, mədəni proqramların yüksək səviyyədə həllinə gətirib çıxardı.
Fərhad Babayev mədəniyyət sahəsində yaradıcı, bacarıqlı, işgüzar işçi, yüksək intellektə malik insan kimi tanınıb. Rəhbərlik etdiyi kollektivdə tədbirlərin, konsertlərin hazırlanıb keçirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti, iş proseslərinin təşkilində yenilikçi ideyaların tətbiqi ilə seçilib. Uzun illər mədəniyyət ocağının qorunub saxlanması, milli-mədəni dəyərlərimizin təbliği və inkişafı, müxtəlif dövlət əhəmiyyətli, beynəlxalq miqyaslı tədbir və mərasimlərin təşkilində Fərhad Babayevin əməyi və xidmətləri çoxdur. 1991-1995-ci illərdə Bakı Şəhər Sovetinin deputatı olub. 2006-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Hazırda Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Heydər Əliyev Sarayı üzrə ilk partiya təşkilatının idarə heyətinin üzvüdür.
2002-ci ildən tam təsərrüfat üsuluna keçən sarayın kollektivinin əmək haqlarının müntəzəm olaraq artırılması yönündə tədbirlər davam etdirilir.
Fərhad Babayev saraya rəhbərlik etdiyi illər ərzində respublika miqyaslı, dövlət səviyyəli, beynəlxalq əhəmiyyətli ictimai-siyasi, mədəni-kütləvi və digər yubiley tədbirlərinin, konsert proqramlarının hazırlanıb keçirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyətinə malik olması, kollektiv arasında sıx birlik yaratma bacarığı, hər bir işçinin rəhbər kimi qeydinə qalması ona hörmət qazandırmışdır. Bir çox sənətkarların böyük səhnəyə ayaq açmasında, məşhurlaşmasında məhz Fərhad müəllimin danılmaz xidmətləri olub. O, respublikamızda mədəniyyətin, xalq sənətinin təbliği, incəsənətin müxtəlif növlərinin inkişafı və yayılması üçün bütün bilik və bacarığını sərf edir.
Ölkəmizin mədəniyyət xadimlərinin, dünyada tanınmış yazıçı, bəstəkar, müğənni, musiqiçilərin solo konsertləri, milli musiqimizin təbliği, aşıq sənəti, gənc istedadların təqdimatı və digər layihələr saray rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır.
Yeni – 2018-ci ilin ilk günlərindən mədəniyyət məbədi uşaqların Yeni il şənlikləri ilə əlaqədar tədbirlərə başlamışdır.Fərhad Babayevin rəhbərlik etdiyi kollektiv tamaşaçıların artan tələbinə və zövqünə tam uyğun olaraq müasir bədii proqramların yüksək səviyyədə keçirilməsi üçün dünya standartlarına uyğun texniki, işıq və səs texnikası avadanlıqlarından səmərəli istifadə edir.
Yetmiş illik ömrünün 45 ilini milli mədəniyyətimizin təbliğinə həsr edən Fərhad müəllim bu gün də həvəslə çalışır. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 9 yanvar 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə Fərhad Babayev “Şöhrət” ordeni ilə təltif edilmişdir. Biz də bu münasibətlə Fərhad müəllimi təbrik edir və çoxşaxəli fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Afət Sadıqoğlu,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.