Azərbaycan milli maraqlarımıza uyğun müstəqil xarici siyasət kursu həyata keçirir

2017-cı il yekunlaşdı. Yola saldığımız ildə də Azərbaycan dövləti milli maraqlarımızın qorunmasına yönəlmiş fəal xarici siyasət yürütmüşdür. Regional və qlobal əhəmiyyətli sosial-siyasi və humanitar-mədəniyyət layihələrin həyata keçirilməsində səmərəli addımlar atılmış, beynəlxalq münasibətlər sisteminin müstəqil və suveren aktoru kimi, Avrasiyada cərəyan edən proseslərdə xüsusi çəkiyə və mühüm rola malik olduğu bir daha təsdiqlənmişdir. 2018-ci ildə də xarici siyasətin beynəlxalq hüquq normaları əsasında xalqımızın milli maraqlarına uyğun həyata keçiriləcəyi şübhə doğurmur.

Ümumiyyətlə, Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən xarici siyasət prioritetləri, ölkə başçısının tapşırıq və təlimatları, eləcə də, ölkəmizin müvafiq qanunları əsasında beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, 2017-ci il ərzində Azərbaycanın müstəqil, çoxistiqamətli, tarazlaşdırılmış və fəal xarici siyasəti davam etdirilmişdir. Azərbaycanın xarici siyasəti milli maraqların beynəlxalq səviyyədə həyata keçirilməsi və qorunması, ölkəmizə xaricdən olan hədə və təhdidlərin qarşısının alınması, Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması, dövlətimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, ölkəmizin beynəlxalq nüfuzunun və mövqeyinin daha da gücləndirilməsi, respublikamızın ətrafında xoşməramlı regional əməkdaşlıq mühitinin yaradılması, regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın təşviq edilməsi, dünya dövlətləri ilə qarşılıqlı faydalı ikitərəfli dostluq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsini təmin edir. Buraya  enerji, nəqliyyat və iqtisadi diplomatiya siyasətimizin həyata keçirilməsi, Xəzər dənizi hövzəsində dostluq və əməkdaşlığın təşviqi, beynəlxalq təşkilatlar və çoxtərəfli əsasda fəal diplomatik işin aparılması, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn aliliyinin təmin edilməsi, terrorizmə qarşı mübarizəyə töhfə verilməsi, multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi, humanitar və mədəni diplomatiya kursumuzun davam etdirilməsi, dövlət qurumlarının beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, vətəndaşlarımızın xarici ölkələrdə hüquqlarının müdafiə edilməsi və konsulluq dəstəyinin göstərilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin və diaspor fəaliyyətinin inkişaf etdirilməsi kimi məsələləri də əlavə etmək olar.

2017-ci ildə xarici siyasət sahəsində Azərbaycanın milli maraqlarının qorunması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılıması istiqamətində müvəffəqiyyətlər əldə olunmuşdur.  Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində bildirmişdir ki, 2017-ci ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuş və Azərbaycanda sabitlik təmin edilmişdir. Sabitliyin mənbəyinin xalq-iqtidar birliyi olduğunu vurğulayan ölkə başçısı əlavə etmişdir: Dünyada gedən xoşagəlməz proseslər, qanlı toqquşmalar, müharibələr, münaqişələr göstərir ki, sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Azərbaycan xalqı 2017-ci ildə sabitlik şəraitində yaşamışdır. Beynəlxalq əlaqələrimizin 2017-ci ildə daha da genişləndiyini diqqətə çatdıran ölkə başçısı bildirmişdir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı gündən-günə artır. “Azərbaycan dünyada özünü ləyaqətli və etibarlı tərəfdaş kimi göstərir. Qonşu ölkələrlə əlaqələrimiz daha yüksək pilləyə qalxmışdır. Bu əlaqələr hər bir ölkə üçün çox önəmlidir, bizim üçün də”, – deyən ölkə başçısı əlavə etmişdir ki, bütün qonşularımızla qarşılıqlı hörmət əsasında qurulan dostluq əlaqələrimiz regional sabitliyə müsbət təsir göstərir.

Bu gün heç kimə sirr deyil ki, tarazlaşdırılmış xarici siyasət strategiyası sayəsində rəsmi Bakı ikitərəfli və çoxşaxəli münasibətlər müstəvisində bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq əlaqələri formalaşdırmağı bacarmışdır. 2017-ci il də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxsaylı xarici səfərləri, bir çox dövlət və hökumət başçılarının ölkəmizə səfərləri və aparılan ikitərəfli danışıqlar tərəflər arasında strateji əməkdaşlığa dair sənədlərin imzalanması ilə nəticələnmişdir. Bununla bərabər, Prezident İlham Əliyev bir çox beynəlxalq tədbirlərdə iştirak edərək, Azərbaycanın qazandığı uğurları və Dağlıq Qarabağ problemini dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Etibarlı tərəfdaş olan və beynəlxalq münasibətlərə beynəlxalq hüququn prinsipləri çərçivəsində yanaşan Azərbaycan  2017-ci ildə də hər bir dövlətlə münasibətlərində əlaqələrini üçüncü tərəfə qarşı istifadə etmədən, xoşməramlı, tarazlı siyasətini davam etdirmiş və bu siyasətinə görə də dünya ictimaiyyətinin etimad və rəğbətini qazanmışdır.

Çoxaspektli xarici siyasət yürüdən Azərbaycanın əsas hədəflərini suverenliyimizin, ərazi bütövlüyümüzün və beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpa edilməsi və qorunması, ölkənin davamlı inkişafı üçün əlverişli xarici mühitin yaradılması, dünya birliyi ilə qarşılıqlı faydalı əməkdaşlığın və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat strategiyamızın inkişafının dəstəklənməsi, ölkəmiz haqqında həqiqətlərin dünya birliyinə çatdırılması və beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan xalqının zəngin maddi-mədəni irsinin dünya miqyasında tanıdılması, xaricdə yaşayan həmvətənlərlə əlaqələr, beynəlxalq səviyyədə vətəndaşlarımızın hüquqlarının təmin edilməsi, beynəlxalq sülh və təhlükəsizliyə, regional inkişafa və tərəqqiyə, mədəniyyətlər və sivilizasiyalararası dialoq prosesinə töhfə verilməsi və beynəlxalq humanitar layihələrin dəstəklənməsi təşkil edir. Qarşılıqlı səfərlərin intensivliyi 2017-ci ildə də davam etmiş və Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafı baxımından məhsuldar və faydalı olmuşdur. Beynəlxalq münasibətlər sistemində tanınmış və hesablaşılan güclü ölkə kimi Azərbaycan Cənubi Qafqaz regionunda baş verən istənilən məsələ ilə əlaqədar lider mövqeyini nümayiş etdirmiş və nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi kimi fəaliyyətini  davam etdirmişdir.

Prezident İlham Əliyevin və hökumət nümayəndələrinin xarici ölkələrə çoxsaylı səfərləri, o cümlədən, dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin və digər səviyyədə olan nümayəndə heyətlərinin Azərbaycana səfərləri ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirmişdir və keçirilən tədbir və səfərlər əlaqələrimizin ikitərəfli və çoxtərəfli əsasda inkişaf etdirilməsi, ölkəmizin qlobal siyasi, iqtisadi, təhlükəsizlik və humanitar məsələlərə dair mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşımışdır. Azərbaycan Prezidenti İlham Əliyev ötən il ərzində yaxın və uzaq ölkələrdə təşkil olunan beynəlxalq tədbirlərə qatılaraq, müxtəlif məsələlər üzrə ölkəmizin mövqeyini səsləndirmiş və beynəlxalq tədbirlər zamanı mövcud olan imkanlardan yararlanmış və digər ölkələrdən olan həmkarları ilə çoxsaylı görüşlər keçirmişdir.

İkitərəfli səviyyədə olan əlaqələrimizin üçtərəfli formatda regional əməkdaşlıq mexanizmləri vasitəsilə daha da inkişaf etdirildiyi 2017-ci ildə də Azərbaycan-Rusiya-İran prezidentlərinin, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri keçirilmişdir və bu görüşlərin keçirilməsi regionda təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bakıda keçirilmiş Azərbaycan, Rusiya və İran dövlət başçılarının üçtərəfli görüşü və yekunda qəbul edilmiş Birgə Bəyannamə siyasi, iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratmışdır. Politoloqların fikrincə, bu formatda əməkdaşlıq, eləcə də Cənub və Cənub-Şərqi Asiyadan Şimali Avropaya qədər uzanan xətt üzrə transregional əməkdaşlığı təşviq edən strateji əhəmiyyətə malikdir.

Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması 2017-ci ildə də xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur. Bu sahədə diplomatik səylər davam etdirilmiş, səfirliklərin bu istiqamətdə fəaliyyəti məqsədyönlü olmuş, Qarabağ məsələsinə dair ədalətli, milli maraqlarımızı təmin edən mövqe ilboyu sərgilənmişdir. Ermənistanın xoşniyyətli danışıqlar aparmaq əvəzinə, münaqişənin sülh yolu ilə həllinə yönəlmiş bütün cəhdləri açıq şəkildə pozması hamıya məlumdur.  BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayan və beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir, qanlı etnik təmizləmə nəticəsində məcburi köçkünə çevrilmiş yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvasına geri qayıtmasının qarşısını alır və işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır. Azərbaycan hazırkı status-kvonun dəyişməsində ən maraqlı tərəfdir və bu istiqamətdə güclü fəaliyyət göstərir. 

Prezident İlham Əliyev Azərbaycan xalqına təbrikində xarici siyasətimizin əsas məsələsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilməsindən ibarət olduğunu açıqlamışdır: “Bu istiqamətdə nəticələr olmasa da, hesab edirəm ki, 2017-ci ildə bizim mövqelərimiz daha da möhkəmləndi. Birinci onu qeyd etməliyəm ki, separatist rejim tərəfindən keçirilmiş qondarma “referendum” dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Nə qonşu ölkələr, nə Avropa İttifaqı, nə də ki, bütün başqa ölkələr bu qondarma “referendum”u tanımadılar və beləliklə, bir daha göstərdilər ki, bütün dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu da təbiidir. Çünki Dağlıq Qarabağ bizim əzəli tarixi torpaqlarımızdır. Prezidentin sözlərinə görə, mənfur qonşular tərəfindən Azərbaycanın tarixi, dini abidələri məhv edilmişdir və uzun illərdir ki, bu torpaqlar işğal altındadır.

Prezident İlham Əliyev xarici siyasətdə ikinci önəmli məsələnin Ermənistanın qeyd-şərtsiz danışıqlara qoşulmasından ibarət olduğunu açıqlamışdır. Aprel məğlubiyyətindən sonra Ermənistan tərəfindən irəli sürülmüş heç bir şərtin Azərbaycan tərəfindən qəbul edilmədiyini diqqətə çatdıran ölkə başçısı bildirmişdir ki, danışıqlar qeyd-şərtsiz bərpa edildi. Prezident İlham Əliyev ümid etdiyini də açıqlamışdır ki, danışıqlar nəticəsində məsələnin həllinə nail ola bilərik. “Əlbəttə ki, danışıqlarda bizim mövqeyimizi güclü iqtisadi və hərbi potensial daha da gücləndirir. Aprel məğlubiyyətindən sonra Ermənistan hələ də özünə gələ bilməyib, – deyən ölkə başçısı açıqlamışdır ki, bu məğlubiyyət ermənilər üçün yaxşı dərs olmalıdır, bir daha bütün dünyaya göstərməlidir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.

Rəsmi Bakı ötən il də Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri çərçivəsində müzakirəsini davam etdirmişdir. Ermənistanın işğalçı siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində həyata keçirilən düşünülmüş strategiya artıq öz təsirini göstərməkdədir. Prezident İlham Əliyevin il boyu gerçəkləşdirdiyi səfərlər zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün münaqişənin həlli üzrə aparılan danışıqların predmeti olmadığı birmənalı olaraq, bütün görüşlərdə tərəf-müqabillərimizin diqqətinə çatdırılmışdır.

Əlbəttə, xarici siyasətlə daxili siyasətin bir-birini uğurla tamamlaması Azərbaycanın əldə etdiyi nailiyyətləri şərtləndirən mühüm amillərdən biridir. Həyata keçirilən sosial-iqtisadi humanitar və digər sahələrdə əldə olunan uğurların xarici siyasətdə də davam etdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasi kursun praqmatik xarakterini bir daha təsdiqləyir. Bu gün davamlı inkişaf edən, dünyada sülh və təhlükəsizliyə, mədəniyyətlər və sivilizasiyalararası dialoqa mühüm töfhələr verən, ən əsası, müstəqil xarici siyasət yürüdən Azərbaycan 2017-ci ildə də bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Belə ki, cari ildə ölkəmizdə beynəlxalq humanitar forumlar, iqtisadi, siyasi mövzuda konfranslar, idman sahəsində mühüm yarışlar, İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə təşkil olunmuş və bütün bu proseslər Azərbaycanın müasir və dinamik inkişaf edən güclü ölkə olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirmişdir. Prezident İlham Əliyev təbrikində bu məqama toxunaraq demişdir ki, Bakıda ən yüksək səviyyədə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları birinci yerə layiq görüldülər.

“Bütün müsəlman aləmində birinci yeri qazanmaq çox böyük tarixi nailiyyətdir. Əgər biz 2015-ci il Avropa Oyunlarını yada salsaq, orada da Azərbaycan komandası ikinci yerdə idi. Yəni, bu, bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir”, – deyən ölkə başçısı əlavə etmişdir ki, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olunmuşdu və hər zaman olduğu kimi, Azərbaycan bütün məsələlərdə İslam həmrəyliyinin güclənməsinə öz töhfəsini verir. Ötən il də istisna olmamışdır.

2017-ci ildə Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığını davam etdirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin fevral ayında Brüsselə çox uğurlu səfər həyata keçirməklə bu marağı bir daha təsdiqləmişdi. Həmin səfərdən bir gün sonra Azərbaycan Avropa İttifaqı ilə danışıqlara başlamış və tərəflər arasında yeni saziş üzərində rəsmi danışıqlara start verilmişdi. Prezident İlham Əliyev ötən il oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə keçirdiyi görüşdə aparılan danışıqların daha tez yekunlaşdırmaq istədiyimizi açıqlamış və Avropa İttifaqı ilə münasibətlərdə yeni bir səhifənin açılışını etmək istədiyimizi vurğulamışdır. Avropa Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və ölkəmizin Avropa ilə ənənəvi əlaqələri mövcuddur. Ötən müddət ərzində Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda fəal çalışmış rəsmi Bakı hazırda Azərbaycanın Avropa İttifaqına üzv olan ölkələrin üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq formatı var. Belə bir əməkdaşlıq formatı Avropa İttifaqı və Azərbaycan arasında gələcək saziş üçün yaxşı zəmin yaratmışdır və 2018-ci ildə tərəflərin münasibətlərində yeni imkanlar açılacağına inam böyükdür.

Beləliklə, 2017-ci il Azərbaycan Respublikasının həyatında, xüsusən də ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi baxımından əlamətdar il oldu. Diaspor fəaliyyətinin gücləndirilməsi, diplomatik nümayəndəliklərlə diaspor təşkilatları arasında əlaqələndirmənin artırılması ilə əlaqədar ardıcıl fəaliyyətlər həyata keçirilmişdir. İl ərzində Azərbaycanda Peru və Kosta-Rikanın səfirlikləri açılmışdır. Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 Baş Konsulluq fəaliyyət göstərir. Azərbaycanın Avstriya, Sudan və Cibutiyə fəxri konsulları, Efiopiyanın isə Azərbaycana fəxri konsulu təyin olunmuşdur. Bir sözlə, uğurlu siyasi strategiyanın həyata keçirilməsi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması məqsədi daşıyan xarici siyasət kursunun müvəffəqiyyətlə davam etdirilməsinə şərait yaratmışdır. Şübhə yoxdur ki, dövlətimizin milli maraqları əsasında müstəqil və çoxistiqamətli xarici siyasət kursu 2018-ci ildə də davam etdiriləcək və Prezident İlham Əliyevin dediyi kimi, cari il də ölkəmiz üçün uğurlu olacaqdır.

Səbuhi MƏMMƏDOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında