Azərbaycan tarixində dövlətçiliyimizin xilaskarı kimi əbədi qalan, bütün dünyada görkəmli siyasi və dövlət xadimi kimi tanınan Heydər Əliyev şəxsiyyəti barədə söz demək nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətlidir. Onun parlaq şəxsiyyəti, Vətənimiz və xalqımız qarşısında ölçüyəgəlməz xidmətləri barədə nə qədər kitablar, tədqiqat əsərləri yazılsa da, yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində parlaq siması əbədiləşdirilsə də, hələ də yetərincə deyil. Heydər Əliyevin mənalı həyatı və yorulmaz fəaliyyəti Azərbaycanın yarım əsrlik tarixini özündə əks etdirən böyük bir külliyyatdır, öyrənilməli və öyrədilməlidir.
Siyasətimizin patriarxı, müstəqil dövlətçiliyimizin qurucusu kimi tarixə düşmüş Heydər Əliyevi ümummilli lider səviyyəsinə qaldıran əsas cəhət və amil, düşünürəm ki, onun faktiki olaraq ölçüyəgəlməz xarizması idi! Sadə dildə desək, xarizma ilahi vergidir və yalnız seçilmişlərə verilir. Siyasi mənada isə bu, xalqı öz liderlik qabiliyyətinə və missiyasına inandırmaq, kütlələri öz arxasınca aparmaq bacarığına və qüdrətinə malik olmaq deməkdir!
1994-cü ilin oktyabr hadisələrini xatırlayaq: Heydər Əliyevin "Vətən təhlükədədir" – çağırışı ilə gecənin bir aləmində yüz minlərlə insan meydana axışdı. “Xalq – Heydər” birliyi reallaşdı, Azərbaycan faciələrdən, parçalanmaq təhlükəsindən qurtardı. Fəlsəfi cəhətdən bu, nəticə idi, səbəb Heydər Əliyev xarizması, şəxsiyyətinin dahiliyi idi. Xalq öz liderinə inanırdı, onun çağırışı ilə arxasınca ölümə getməyə hazır idi!
Heydər Əliyev dühası fitri istedadla, nəhəng intellektual potensialla, qeyri-adi xarizma ilə yanaşı, ölçüyəgəlməz iş qabiliyyətinin, sonsuz öyrənmək istəyinin və böyük Vətən sevgisinin nəticəsidir! Heydər Əliyev dühasının sirri bu şəxsiyyətdə cəm halında olması idi. Onda qeyri-adi bir uzaqgörənlik, dərin hissiyyat vardı, hadisələri hiss etdiyi kimi, insanları da hiss edirdi, insan psixologiyasını dərindən bilirdi, hər kəsi öz dilində dindirirdi. Heydər Əliyevdə böyük sərkərdəlik qabiliyyəti vardı, insanları özünə çəkirdi, insanlar ona inanır, etibar edirdilər, arxasınca gedirdilər.
Bir məqamı xüsusilə vurğulamaq istərdim ki, ulu öndər Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu məqsədlərə və hədəflərə nail olmaq üçün yalnız fenomenal şəxsi keyfiyyətlərinə, daxili inamına və iti fəhminə deyil, eyni zamanda, ictimai rəyə əsaslanır və ən böyük dəstəyi, enerjini öz xalqından alırdı: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun Prezidenti kimi mənim həyat amalım ancaq bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam".
Heydər Əliyevin ilahi istedadı, tükənməz enerjisi, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini hər zaman əsas prioritet hesab etməsi, sözü ilə əməlinin üst-üstə düşməsi Azərbaycan xalqının bu böyük insana hədsiz inamının əsas səbəbləridir. Onun analitik təfəkkürünə, həyati əhəmiyyətli məsələlərin mahiyyətinə dərindən nüfuz etmək və onların həlli yollarını göstərə bilmək qabiliyyətinə yalnız biz azərbaycanlılar yox, bütün dünya heyran olurdu! Odur ki, Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzinə çevrilmişdi, "Azərbaycanın Heydər Əliyevi" və "Heydər Əliyevin Azərbaycanı" aforizmləri bu vəhdətin göstəricisi idi.
Heydər Əliyevin dahi siyasi lider kimi fenomenal xüsusiyyətlərindən biri də orijinal fikirlərini, möhtəşəm ideyalarını sadə sözlə, dəmir məntiqlə xalqa çatdıra bilməsi idi. O, böyük təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olmaqla bərabər, həm də məharətli natiq idi. Gur səsi, parlaq nitqi və dəmir məntiqi ilə dərhal diqqəti cəlb edir, siyasət, iqtisadiyyat, mədəniyyət və s. mövzularda təkrara və fasiləyə yol vermədən saatlarla danışa bilirdi. Auditoriya yorulmadan onu dinləyirdi, onun kimi dərin düşünmək, onun kimi geniş görmək, hadisələrə onun kimi obyektiv qiymət vermək istəyirdi. Onun intellektual potensialı, faktiki olaraq, sonsuz idi, təfəkkürün bütün sahələrinə nüfuz edə bilirdi. Qeyri-adi, fenomenal yaddaşı vardı, intellekti kimi, yaddaşının da hüdudları bilinmirdi. Amma o, öyrəndiklərini, eşitdiklərini, gördüklərini yalnız yadında saxlamaqla, auditoriyaya çatdırmaqla kifayətlənmirdi, onun böyüklüyü onda idi ki, öyrəndiklərini tətbiq edə bilirdi, həyata keçirə bilirdi.
Heydər Əliyev ən çətin məqamlarda, böhranlı vəziyyətlərdə də geri çəkilmirdi, sarsılmaz iradə və qətiyyət nümayiş etdirməyi, çıxış yolları axtarmağı və tapmağı bacarırdı. "Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir Prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram", – deyən Heydər Əliyev məhz güclü iradəsi və əzmi ilə bütün çətinliklərə sinə gərərək, xalqımızı səfərbər etməyə, öz arxasınca aparmağa və müstəqil dövlətçiliyimizi ardıcıl inkişaf yoluna çıxarmağa qadir olduğunu sübut etmişdir.
Məsələyə şəxsiyyətin tarixdə rolu prizmasından yanaşsaq, deyə bilərik ki, müstəqillikdən məhrum olmuş bir xalqın müstəqillik amalı ilə yaşayan, bütün mənalı həyatını bu amala həsr edən, dünya səviyyəli nəhəng bir siyasətçini yetişdirməsi, şübhəsiz ki, bir qanunauyğunluq, zamanın tələbi idi. Tarixi şəxsiyyətlər, bir qayda olaraq, ağır, böhranlı zamanlarda, xalq “olum-ölüm” dilemması qarşısında qalanda onun yanında olurlar və onun taleyini müəyyən etmək məsuliyyətini öz üzərlərinə götürürlər. Heydər Əliyev Azərbaycanın 60-cı illərdə düşdüyü ağır vəziyyətdə xalqının və həmin zamanın yetişdirdiyi lider idi. Hələ Sovetlər dönəmində Azərbaycan Respublikasına rəhbərlik etdiyi ilk illərdə Heydər Əliyev SSRİ-də cərəyan edən ictimai-siyasi, sosial-iqtisadi və beynəlxalq hadisələrə ümumi qəbul edilmiş standart meyarlarla deyil, tarixi meyarlarla qiymət verirdi. Məhz Heydər Əliyevin titanik səylərinin, rasional təşəbbüslərinin nəticəsi idi ki, qısa zamanda Azərbaycan iqtisadiyyatına külli miqdarda investisiya cəlb edildi, respublikada güclü sənaye potensialının yaradılmasına başlandı.
Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması, dövlət orqanlarında milli kadrlara üstünlük verilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş çoxsaylı tədbirlər isə xalqımızın milli özünüdərkinin yüksəlişinə şərait yaratdı. Azərbaycanla bir yerdə Heydər Əliyev də ucaldı, bütün İttifaqda şöhrət qazandı, Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini vəzifələrinə irəli çəkildi. Moskvada yüksək dövlət və partiya vəzifələrində işlədiyi illərdə də o, xalqına sadiq qalaraq, bütün bacarığını və dövlətçilik təcrübəsini Azərbaycanın inkişafına və dünya miqyasında tanınmasına həsr etmişdir. Həmin dövrdə zamanın və xalqın onun üzərinə qoyduğu vəzifələri Heydər Əliyev uğurla yerinə yetirmiş, quruculuq missiyasını həyata keçirərək, tarixi şəxsiyyətə – xalqının liderinə çevrilmişdir.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründəki, 70-ci illərdəki missiyası 90-cı illərdəki missiyasından formaca fərqli olduğu kimi, mahiyyətcə də fərqli idi. Birinci halda o, qapalı sistemdə, ideoloji çərçivələr daxilində qurub-yaratmalı, neqativ hallara qarşı mübarizə aparmalı, gələcək müstəqilliyin iqtisadi-mənəvi bazasını yaratmalı və həddindən artıq ehtiyatlı olmalı idi. Həmin zamanda, həmin məkanda müstəqillikdən danışmaq partiya–dövlət ideologiyasına qarşı çıxmaq, deməli, özünə ölüm hökmü yazmaq demək idi. Heydər Əliyev də respublikanın iqtisadiyyatını qururdu, elmi, mədəniyyəti inkişaf etdirirdi, azərbaycançılığın milli-mənəvi əsaslarını hazırlayırdı. Heç də təsadüfi deyil ki, Vətənimizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası prosesinin hazırkı təməli Heydər Əliyev tərəfindən həmin illərdə, yəni 1969-1982-ci illərdə yaradılmış iqtisadi potensiala əsaslanır.
Heydər Əliyev respublikanın iqtisadiyyatını inkişaf etdirməklə bərabər, cəmiyyətdə də bir saflığın, düzgünlüyün mübarizəsinə qalxmışdı. Həmin dövrdə bütün İttifaqı cənginə almış bürokratiya və rüşvətxorluğa qarşı Azərbaycanda, sözün əsl mənasında, müharibə elan olunmuşdu. Heydər Əliyev problemlərdən qaçmırdı, onları qabartmağa və həllinə nail olmağa üstünlük verirdi. Bu, ümummilli liderin idarəçiliyinin əsas prinsiplərindən biri idi və onun Azərbaycana birinci rəhbərliyi dövründə qazanılan uğurların əsasını təşkil edirdi.
Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyi dövründə, 90-cı illərdə müstəqilliyin əldə edilməsi ilə ideoloji çərçivələr götürülsə də, respublikada vəziyyət həddindən artıq ağır idi – xarici qüvvələrin dəstəyi ilə qərbdən erməni təcavüzü başlamış, şimalda və cənubda isə separatçılıq meyilləri güclənmişdi. Ölkəni iqtisadi tənəzzül və siyasi xaos bürümüşdü, dövlətçilik böyük təhlükə altında idi. Ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər də bir daha təsdiqlədi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Belə ağır bir şəraitdə Heydər Əliyev yalnız öz siyasətinə və xalqın dəstəyinə arxalanaraq quruculuq missiyasını bacarıqla həyata keçirdiyi kimi, xilaskarlıq missiyasını da uğurla reallaşdırdı, dövlətçiliyi möhkəmləndirdi, müstəqilliyi əbədiləşdirdi.
Burada maraqlı bir məqamı qeyd etmək yerinə düşərdi. Bir qayda olaraq, böyük şəxsiyyətlərə konkret tarixi məqamda ehtiyac yaranır və onlara öz missiyasını yerinə yetirmək üçün bir dəfə şans verilir. Amma Azərbaycan hər dəfə sınağa çəkiləndə, böhrana düşəndə Heydər Əliyevə ehtiyac yaranmışdır. Heydər Əliyevin böyüklüyü ondadır ki, o, hər hansı konkret bir məqamda gərəkli olan və konkret missiyanı həyata keçirən rəhbər deyildi, zaman və məkan çərçivələrinə sığmayan, xalqının, Azərbaycanın hər problemini hər zaman həll etməyə qadir olan nəhəng şəxsiyyət idi. "Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Azərbaycana məhəbbət, xalqıma məhəbbət və bağlılıq mənim qanımdadır, beynimdədir, varlığımdadır" – deyən ulu öndər, bütün mənalı həyatını xalqına həsr etmiş, obrazlı desək, xalqının yolunda şam kimi yanmış, onun yolunu işıqlandırmışdır.
Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdığı ilk günlərdən görkəmli siyasətçi, mahir diplomat kimi ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətə başladı. O, təcrübəli dövlət xadimi kimi çox gözəl bilirdi ki, sabitlik olmayan yerdə nizami ordu qurmaq, demokratik islahatlar aparmaq, iqtisadi inkişafa nail olmaq mümkün deyil. Həmin dövrdə Azərbaycanın Silahlı Qüvvələrinin böyük bir hissəsi ayrı-ayrı cinayətkar əllərdə cəmləşmişdi, siyasi məqsədlərə, hakimiyyət uğrunda mübarizələrə cəlb edilmişdi, Vətən torpağı müdafiəsiz qalmışdı, ərazilərimiz işğal olunurdu. İlk növbədə bu qeyri-qanuni silahlı dəstələri ləğv etmək, siyasi təxribatların, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə almaq lazım idi. Uzun sürən daxili çəkişmələrdən sonra ölkədə ictimai-siyasi sabitlik yaratmaq çətin olsa da, siyasətimizin patriarxı bu çətin işlərin öhdəsindən xalqın dəstəyi ilə, məharətlə gəldi.
Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və arxasında duran qüvvələrin məkrli niyyəti ilə yaxından tanış idi (sovet dövründə bu məsələ dəfələrlə qaldırılmış və onun tərəfindən qarşısı qətiyyətlə alınmışdı) və müharibənin Azərbaycana qandan və ziyandan başqa heç nə gətirməyəcəyini hiss edirdi. Məlum xarici qüvvələr bu müharibədən torpaqlarımızı işğal etmək və neftimizin Avropaya çıxmasına imkan verməmək vasitəsi kimi istifadə edirdilər və geri çəkilmək niyyətində deyildilər. Odur ki, dahi siyasətçinin uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlanması oldu. Həmin dövrdə Azərbaycan Ordusunun əks-hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ ilə dünyanın aparıcı neft şirkətləri arasında respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş "Əsrin müqaviləsi" imzalandı. Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı.
Azərbaycan iqtisadiyyatının dirçəlməsi birbaşa Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi ilə bağlı olmuşdur. "Əsrin müqaviləsi"nin bağlanması ilə başlanmış və 20-dən çox sazişin imzalanması ilə müşayiət olunmuş, Bakı-Tbilisi-Ceyhan, Bakı -Tbilisi-Ərzurum kimi beynəlxalq layihələrin həyata keçirilməsi ilə zirvəyə ucalmış yeni neft strategiyası ilk dövrlərdən Azərbaycana böyük uğurlar gətirmişdir. Əldə olunan gəlirlərin Dövlət Neft Fonduna cəlb edilməsi və respublika iqtisadiyyatının şaxələndirilməsinə yönəldilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması, yeni iş yerlərinin açılması məhz bu strategiyanın həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Həmin dövrdə Heydər Əliyev mütəmadi olaraq, sahibkarlarla görüşlər keçirir, yeni formalaşmaqda olan bu təbəqənin problemləri ilə maraqlanır, bəzilərini yerindəcə həll edir, vaxt və maliyyə qoyuluşu tələb edənlərin həlli istiqamətində tapşırıq və tövsiyələrini verirdi. Artıq hamıya aydındır ki, o zaman müdrik dövlət başçısı tərəfindən bu taleyüklü addımlar atılmasaydı, dağılmış iqtisadiyyatı yenidən qurmaq, demokratik islahatlar aparmaq, müstəqil Azərbaycan Respublikasını yaratmaq və yaşatmaq da mümkün olmayacaqdı.
Bu gün birmənalı olaraq demək olar ki, Azərbaycan xalqının demokratik, hüquqi dövlətdə yaşamaq ideallarının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlandı və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul olundu.
Heydər Əliyevin müstəqilliyimizin əbədiləşdirilməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın xoşbəxt gələcəyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi titanik siyasəti barədə danışarkən, bu siyasi kursun alternativsizliyini qeyd etmək zərurəti yaranır.
Xüsusi olaraq, vurğulamaq lazımdır ki, Heydər Əliyev qeyri-adi uzaqgörənliyə malik böyük siyasətçi, zəmanəsinin və millətinin dahi lideri kimi xalqının gələcəyini və Vətəninin taleyini düşünərək, özündən sonra siyasi kursu davam etdirəcək monolit siyasi komandanın və müdrik siyasi liderin yetişdirilməsinin qayğısına qalmışdır. Yeri gəlmişkən, 1992-ci il noyabr ayının 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı kimi çıxış etmiş, milli maraqları uca tutmaqla xalqın dərin etimadını qazanmış və regionun ən böyük siyasi təşkilatına çevrilmişdir.
Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Dövlət başçısı əsası ulu öndər tərəfindən qoyulan vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində daha da təkmilləşdirmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanmışdır. Dünyanın qabaqcıl ölkələrinin maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatı yüksələn xətlə inkişaf edir, dünya iqtisadiyyatına inteqrasiya prosesi uğurla aparılır.
Biz bu gün qürurla deyə bilərik ki, Azərbaycan Respublikası özünün şərəfli dövrünü yaşayır. Ulu öndər Heydər Əliyev cismən aramızda olmasa da, təsəllimiz odur ki, onun ölməz ideyaları, xalqımıza ərməğan etdiyi müstəqil Azərbaycan Respublikası möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır.
Şaiq MİRZƏYEV,
“İnter Glass” ASC-nin icraçı direktoru,
hüquq elmləri üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.