Tarixin müxtəlif dövrlərində ayrı-ayrı millətlər və dövlətlər sahib olduqları fövqəl güc sayəsində dünyaya hakim olmuşlar. Bir vaxtlar bu gücün bayrağını romalılar, sasanilər, müsəlman ərəblər və türklər öz çiyinlərində daşımışlar. XIX-XX əsrlərdən etibarən dünyaya hökm edən güc Qərbin əlinə keçmişdir.
Siyasi lüğətdə güc hər hansı bir məqsədin reallaşması üçün başqalarının hərəkətlərinə təsiretmə bacarığı mənasını daşıyır. Bir dövlətin başqa bir dövlətə hərbi və iqtisadi yollarla təsir edə bilməsi isə ənənəvi güc, yəni “sərt güc” adlanır. Lakin başqalarının hərəkətlərinə zor tətbiqi olmadan da təsiretmə üsulları mövcuddur. İstədiyini əldə etməyin belə yoluna “gücün ikinci üzü” deyilir. Beləliklə, hərbi güc, yaxud da iqtisadi embarqolar tətbiq etməklə başqalarını mövqelərini dəyişdirməyə məcbur etmək əvəzinə, dünya siyasətində rəğbət yaratmaq və istər sadə vətəndaşları, istərsə də siyasətçiləri özünə tərəf çəkmək daha əlverişli və uzunmüddətli bir siyasi yanaşmadır.
Bu mənada zəmanəmizdə “yumşaq güc” anlayışı da siyasət meydanında öz sözünü deməyə başlamışdır. Əslində, “yumşaq güc” anlayışı dünya siyasətində bir termin olaraq özünə yer tapmazdan əvvəl də mövcud olmuş, dövlətlərarası münasibətlərdə bir vasitə kimi istifadə olunmuşdur. Evlilik, təhsil, mədəni əlaqələr vasitəsilə bu güc strukturundan hər zaman istifadə edilmişdir.
Orta əsrlərdə “yumşaq güc” anlayışı bir termin kimi işlənməsə də, o dövrün dövlətləri bu diplomatik üsuldan məharətlə istifadə etmişlər. Məsələn, İslami fəthlərin əsasını ordudan əvvəl, sıravi vətəndaşlar, tacirlər, elm adamları, dərvişlər qoymuşlar. Uzaq Şərqə müsəlman əsgərləri getməzdən daha əvvəl, yuxarıda qeyd etdiyimiz vasitələrlə İslam əxlaqı və düşüncə forması regiondakı bəzi xalqlar arasında bərqərar olmuşdur. Müsəlman ordusu bu regiona gəldiyi zaman artıq, region xalqları yeni siyasi təfəkkürü, idarəetmə sistemini qəbul etməkdə o qədər də çətinlik çəkməmişdirlər.
Əgər deyilənləri uzaq keçmişdən müasir dövrə, Azərbaycan reallıqlarına keçirsək, inamla deyə bilərik ki, Azərbaycan Respublikası 1991-ci ildə suverenliyini bərpa etdikdən sonra müstəqil dövlət siyasətində “yumşaq güc” amilindən geniş istifadə etməyə başlamışdır. Ölkənin iqtisadi potensialını modernləşdirən və durmadan artıran dövlətimiz işğalçı Ermənistanla müharibə vəziyyətində olduğu üçün düşmənə layiqli cavab vermək məqsədilə ölkənin hərbi qüdrətini durmadan möhkəmləndirir. Dünyanın yeni siyasi, iqtisadi və mədəni xəritəsində özünə layiqli yer tutan və onu daha da möhkəmləndirən müstəqil Azərbaycan dövlət siyasətində “yumşaq güc” siyasətinin bütün imkanlarından geniş istifadə edir.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra onun gərgin səyi nəticəsində ölkənin əsas strukturları yenidən qurulmuş, ölkənin strateji maraqlarını əks etdirən yetkin xarici siyasət kursu formalaşdırılaraq yenicə qurulan dövlətin dünyada tanıdılması yönündə ciddi fəaliyyətə başlanmışdı.
Ulu öndər ilk öncə yeni qurulan ölkəni dünyaya tanıtdırmaq istiqamətində genişmiqyaslı siyasi görüşlər keçirmişdir. Ölkəmizin sahib olduğu zəngin enerji qaynaqlarından səmərəli istifadə edərək, milli iqtisadiyyatın qısa zaman içində bərpasına nail olunmuşdur. Azərbaycan bu zəmin əsasında həm də dünya arenasında yeni dövlət kimi tanınması istiqamətində məharətli addımlar atmışdır. “Yumşaq güc” nümunələrindən bacarıqla istifadə edən dünya miqyaslı siyasətçi Heydər Əliyev mahir dövlət başçısı olaraq öz ölkəsini dünya miqyasında tanıtmış, Azərbaycanı dünyanın öndə gələn ölkələri ilə tərəf müqabilə çevirmişdir.
Klassik siyasi təfəkkürün sərhədlərini aşan Heydər Əliyev “yumşaq güc”ün bütün diplomatik üsullarından məharətlə istifadə etmiş, özündən sonra bu istiqamətdə böyük bir siyasi cığır açmışdır. Ümummilli liderin bu kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyini yeni yüksək mərhələyə yüksəltmişdir. O inamla vurğulayır ki, “Biz bölgədə aparıcı dövlətə çevrilmişik. Bu, artıq reallıqdır. Reallıq hamı tərəfindən qəbul olunub. Bizim qərarlarımız, bizim işlərimiz bütün bölgəyə öz təsirini göstərir. Biz də istəyirik ki, Azərbaycan daha da qüdrətli dövlətə çevrilsin. Bizim imkanlarımız daha da artsın, siyasi çəkimiz artsın, beynəlxalq müstəvidə istədiyimizə nail ola bilək, öz doğma torpaqlarımızı işğalçılardan azad edə bilək və Azərbaycan xalqının normal, yaxşı yaşamasını təmin edə bilək. Bunu etmək üçün Azərbaycan güclənməlidir. Bu proses artıq baş verir”.
Dövlətimizin başçısının önə çəkdiyi “İndi bizim məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir” ideyası, əslində, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır və bütün təşkilatçılıq tədbirləri həmin strategiyanın həyata keçirilməsinə yönəldilmişdir. Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən tarazlaşdırıcı siyasət nəticəsində daim artan iqtisadi potensial Azərbaycana həm regional, həm də beynəlxalq aləmdə özünün milli maraqlarını, köklü mənafeyini qorumağa imkan verir. Strateji kursa uyğun olaraq, yeni təcrübələrin, demokratik, texnoloji, elmi dəyərlərin Azərbaycana transformasiyası üçün görülən tədbirlər novatorluğa, modernləşməyə geniş meydan açır.
“Yumşaq güc” siyasətindən məharətlə istifadə edən İlham Əliyev xalqımızın sahib olduğu tarixi, milli, mədəni xəzinəni bu istiqamətdə daha da zənginləşdirmişdir.Azərbaycanda davamlı olaraq keçirilən ümumdünya, Avropa, İslam dünyası miqyaslı və digər yüksək səviyyəli siyasi, iqtisdi, mədəni tədbirlər ölkəmizin beynəlxalq aləmdə tanıdılmasında, imicinin yüksəldilməsində təsirli rol oynayır. Azərbaycan mədəniyyəti, idmanı xarici arenalarda təmsil olunmaqla yanaşı, ölkəmiz artıq bu qəbildən beynəlxalq tədbirlərə də ev sahibliyi etməyə başlamışıdır.
“Yumşaq güc” amillərindən olan Azərbaycanın zəngin mədəniyyətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində böyük işlər görülür. Milli-mədəni irsimizin tanıdılması istiqamətində Heydər Əliyev Fondunun, xüsusən də bu qurumun rəhbəri, Azərbaycanının birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Dəfələrlə beynəlxalq muğam festivallarının təşkilatçısı olan Azərbaycan bu yolla mənəvi sərvətimiz olan muğam sənətini dünyaya bir daha tanıtmışdır.
Mədəniyyətimizin tanıdılması istiqamətində atılan daha bir önəmli addım isə, şübhəsiz ki, 2012-ci ildə “Avroviziya” musiqi yarışmasına ölkəmizin ev sahibliyi etməsidir. “Avroviziya”, sadəcə, musiqi yarışması deyildi. Bu vasitə ilə milli-mənəvi dəyərlərimizin birbaşa dünya xalqlarının diqqətinə çatdırılması ilə bağlı, bəlkə də, heç bir siyasi fəaliyyətlə reallaşması mümkün olmayan yüksək nəticə əldə edilmişdir.
Son onillərdə dünya miqyaslı mədəniyyətlərarası və dinlərarası dialoq məsələsində də ölkəmiz yaxından iştirak etmiş, hətta dünya ictimaiyyətinə bu istiqamətdə model təşkil edə biləcək nümunə təqdim etmişdir. Dünyanın böyük din xadimləri də artıq tolerantlığın ideoloji mərkəzi kimi tanınan Azərbaycanda tez-tez toplaşır, dinlərin dialoqu çərçivəsində səmərəli iş aparmaq imkanından yararlanırlar. Onlar hər dəfə Azərbaycanın digər dünya ölkələrinə nümunə təşkil etdiyinin əyani şahidi olurlar.
Multikultural mədəniyyətə sahib olan ölkəmiz son illərdə uğurlu dövlət siyasəti səviyyəsində fərqli etnik və dinə mənsub insanların sülh şəraitində, bir-birinin inanc və dəyərlərinə hörmət göstərməklə bir arada yaşaya biləcəklərinin ən gözəl nümunəsini sərgiləmişdir. Bu etnik- mədəni ənənə və onun seçilən nümunələri Azərbaycanın tarixi keçmişindən qaynaqlanır.
Böyük mütəfəkkir, sufi Seyid Yəhya Şirvaninin insana ən kamil məxluq olduğu üçün dəyər verən, dinindən, inancından asılı olmayaraq, hər kəsə Allahın bəndəsi olaraq yanaşan, orta əsrlərdə dünyanın dörd bir tərəfinə yayılan bəşəri irsi ölkəmizdə bu dəyərlərin köklü və davamlı olmasının bariz nümunəsidir. Bəşəri dəyərlərin keşiyində dayanan UNESCO 2013-ci ili məhz Azərbaycanın bu böyük mütəfəkkirinin vəfatının 550 illiyi münasibətilə “Seyid Yəhya Şirvani ili” elan etmişdi. Dünyanın dörd bir tərəfindən gələn bu irsin tədqiqatçıları da ölkəmizin dünya miqyasında tolerantlığın beşiyi olduğunu yəqin etdilər və bu həqiqətin xoşməramlı carçısı oldular.
“Bakı-2015” Avropa Oyunlarının ilkin olaraq Azərbaycanda keçirilməsi də dövlətimizin “yumşaq güc” amillərinə nə qədər əhəmiyyət verdiyinin göstəricisidir. İyunun 12-dən 28-dək birinci Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan bu tədbirə yüksək səviyyədə hazırlaşmış, 6 mindən artıq idmançıya və on mindən artıq əcnəbi qonağa qucaq açmışdır. Özü də qısa bir müddət ərzində ümumavropa yarışmasına hazırlıqlarını tamamlayan ölkəmiz, bu vasitə ilə dünya miqyasında tanınmaq istiqamətində genişmiqyaslı, uzunmüddətli, bir çox nəticələr doğuracaq fəaliyyətə start vermişdir. İşğalçı Ermənistanın idmançılarının da yarışlara dəvət olunması və onlara normal münasibət göstərilməsi dövlətimizin “yumşaq güc”siyasətinin uğurlu tərkib hissələrindəndir.
Yarışlarda xariqələr göstərən idmançılarımızın nailiyyətlərini isə qədim Roma qladiatorları və Osmanlı İmperiyasının yanıçarlarının şücaəti ilə müqayisə etmək olar.
Bütün qeyd etdiklərimiz dövlətimizin dünya siyasi sisteminə yüksək səviyyədə inteqrasiya olunduğunu bir daha təsdiqləyir, siyasətin bir qolu olan “yumşaq güc” amilindən Azərbaycanın məharətlə istifadə etdiyini sərgiləyir. Xalqımızın sahib olduğu mədəni zənginlik “yumşaq güc”ə çevrilərək milli dövlətimizin dünyada nüfuzunu və çəkisini yüksəltməyə xidmət edir.
Dünyamalı VƏLİYEV,
iqtisad üzrə elmlər doktoru,
AMEA-nın Şərqşünaslıq İnstitutu
Şərq-Qərb şöbəsinin müdiri ,
Mahir HƏMİDOV,
filologiya üzrə fəlsəfə doktoru,
şöbənin elmi işçisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.