Ümummilli lider Heydər Əliyevin ermənilərin işğalçılıq siyasətinin və azərbaycanlılara qarşı törətdikləri soyqırımının ifşa olunmasında rolu

 (əvvəli qəzetin 13 dekabr 2013-cü il tarixli sayında)

Erməni mətbuatının Azərbaycan Prezidentinə aqressiv və ədalətsiz münasibətinin əsl səbəbləri həm də Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə ermənilərin azğın torpaq iddialarının qarşısını qətiyyətlə alması ilə əlaqədar idi. Fikrimizi izah etmək üçün konkret tarixi faktlara müraciət edək. Azərbaycan və Ermənistan arasında sərhəd xətti 1938-ci il mayın 5-də ermənilərin hazırladığı xəritə əsasında təsdiq olunmuşdu. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində sərhəd və torpaq məsələsi ilə məşğul olan şöbəyə həmin vaxtlarda Kalantarov soyadlı bir erməni rəhbərlik edirdi. Kalantarov 1959-cu ildə təqaüdə çıxdıqdan sonra respublika Ali Sovetində həmin vəzifəyə Melnikov soyadlı başqa bir erməni təyin olunmuşdu.

Azərbaycanın Gədəbəy rayonunun Tağılar kəndinin ərazisinin Ermənistanın Şəmşəddin rayonuna birləşdirilməsi haqqında ermənilər 1952-1953-cü illərdə məsələ qaldırmışdılar. O vaxtlar SSRİ Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri mübahisəli ərazi məsələsini müzakirə edərək həmin ərazinin Azərbaycana məxsus olması barədə qərar qəbul etmişdi.

Ermənilər 1967-ci ildə Tağılar kəndinə dair tələblərini yenidən irəli sürdülər. Moskvanın tapşırığı və təzyiqi altında mübahisəli ərazi məsələsini araşdırmaq və ermənilərin xeyrinə həll etmək məqsədilə Azərbaycan KP MK-nın bürosu 1968-ci il noyabrın 26-da, 86 saylı protokolda göstərildiyi kimi, xüsusi qərar qəbul etmişdi. Bu əsassız qərarın yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan SSR Ali Sovetinin sədri Məmməd İsgəndərovun rəhbərliyi ilə xüsusi komissiya yaradılmışdı. Lakin 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əlirza oğlu Əliyev bu bədnam qərarın və ermənilərin torpaq iddialarının qarşısını qətiyyətlə aldı. Uzun illər ərzində Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində və Nazirlər Sovetində məsul vəzifələrdə çalışmış Nadir Hüseynbəyov hadisələri belə xatırlayır:

“Heydər Əliyev heç bir ay yox idi ki, Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyirdi. Bildirdilər ki, Heydər Əliyev məni qəbula dəvət edib. Bu, mənim üçün gözlənilməz idi. Söhbətimizin əsasını Azərbaycanla Ermənistan arasında olan sərhəd, guya, mübahisəli torpaq məsələləri təşkil edirdi. Görüşümüz iki saata yaxın davam etdi. Mən özümlə 1903-cü ildə nəşr edilmiş xəritəni də gətirmişdim. Möhtərəm Heydər Əliyev həmin xəritəyə diqqətlə baxdı, onu 1969-cu ildəki mövcud xəritə ilə müqayisə etdi. Heyrət onu bürüdü: “Aman Allah, heç olmazsa, bu millətə sənin rəhmin gəlsin. Gör nə qədər torpağını əlindən alıblar”, -  dedi.  

Görüşümüzdən iki gün keçmişdi. Azərbaycan KP MK-dan mənə dedilər ki, Heydər Əliyev qatarla Ağstafaya gedir. Mənim də onunla birlikdə Ağstafaya getməyimi tapşırıb və bildirib ki, özüm ilə bir sıra sənədləri, o cümlədən 1903-cü ilin torpaq xəritəsini də götürüm...

Qazax Rayon Partiya Komitəsinin birinci katibi Barat Qaravəliyev bizi qarşıladı. Qazaxa, oradan da Azərbaycanla Ermənistanın sərhədinə getdik. Sərhəddə Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyanın rəhbərlik etdiyi nümayəndə heyəti bizi gözləyirdi. Heydər Əliyev məndə olan bütün sənədləri və 1903-cü il xəritəsini aldı, mənə dedi ki, Qazax Rayon Partiya Komitəsində məni gözləyin. Möhtərəm Heydər Əliyev onu qarşılayanlarla Dilicana yola düşdü. Təxminən üç saatdan sonra Heydər Əliyev Qazax RPK-ya gəldi. Hamımızla görüşdü. Məndən aldığı sənədləri qaytardı və dedi ki, 1903-cü ilin xəritəsini Ermənistan KP MK-nın birinci katibi Koçinyana bağışladım və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 may 1969-cu il tarixli qeyri-qanuni qərarını müzakirə etdik. Koçinyanla ümumi razılığa gəldik ki, heç bir sərhəd və mübahisəli məsələyə bundan sonra baxılmayacaq.

Bəs 1969-cu ilin avqustunda keçirilmiş bu görüş, onun nəticələri Ermənistanda necə qarşılanmışdı? Həmin dövrdə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədr müavini vəzifəsində çalışan Həbib Həsənov məsələyə belə aydınlıq gətirir:

“Ermənistanda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev cənabları ilə görüşə müstəsna əhəmiyyət verilirdi. Əslində, bu görüş ermənilər tərəfindən bir növ kəşfiyyat xarakteri daşıyırdı. Heydər Əliyev Ermənistan rəsmiləri üçün sirli şəxsiyyət idi. Koçinyan görüşdən İrəvana qayıdan kimi, Ermənistan KP MK-nın bürosu toplandı. Koçinyan qayğılı və dalğın görünürdü. Mən həmin büroda iştirak edən yeganə azərbaycanlı idim. O, Heydər Əliyevlə görüşü barədə çox qısa məlumat verdi. Yerdən bir neçə nəfər Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 may 1969-cu il tarixli qərarının icrasına nə vaxt başlanacağı barədə suallar verərkən Koçinyan bildirdi ki, Ermənistanı və erməniləri sevən hər birinizdən xahiş edirəm ki, nə qədər Heydər Əliyev adlı adam var, heç bir sərhəd məsələsi və mübahisəli torpaq, ərazi iddiası qaldırmayın. Bunu birdəfəlik yaddan çıxarın. Elə bil ermənilərin üstünə qaynar su töküldü. Hamı sual dolu baxışla bir-birinə baxdı. Koçinyan dilxor, bir qədər də əsəbi halda iclası yekunlaşdırdı”.

Beləliklə, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 may 1969-cu il tarixli qərarı kağız üzərində qaldı və 1984-cü ilə qədər Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiası qaldırılmadı. Heç şübhəsiz ki, Heydər Əliyevlə ilk görüşün Anton Koçinyanda yaratdığı təəssürat erməniləri ərazi iddialarını ertələməyə məcbur etmişdi. Koçinyanın Ermənistan KP MK-nın büro iclasında Heydər Əliyev haqqında dediyi sözlər də məhz belə düşünməyə əsas verir: “Heydər Əliyev mənə dərin zəkası, ağlı, biliyi olan, kəskin məntiqli, fikrinə müsahibini inandırmağı bacaran şəxs, rəhbər təsiri bağışladı”.

1969-1982-ci illər Azərbaycanın tarixinə iqtisadi, sosial və mədəni sahələrdə böyük nailiyyətlər, diqqətəlayiq qələbələr illəri kimi daxil oldu. Heydər Əliyevin özünün təbirincə desək, “...bu illər quruculuq işlərinin vüsətinə görə respublikanın salnaməsində görkəmli yer tutur”.

Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev 1982-1987-ci illərdə təkcə azərbaycanlıların deyil, Orta Asiya türkdilli respublikalarının, tarixi köklərini, milli varlığını itirmək təhlükəsi qarşısında qalan tatarların, başqırdların, qaraçaylıların, qaqauzların və digər azsaylı xalqların da taleyüklü maraqlarının müdafiəçisi idi. O, türk xalqlarına, qeyri-rus millətlərinə Mixail Qorbaçovun şovinist, millətçi, qərəzli münasibətinə sərt reaksiya göstərir, özünəməxsus cəsarət və yenilməzlik nümayiş etdirirdi. Lakin Heydər Əliyev təklənmişdi. Ətrafdakı hiyləgər, namərd düşmənlərin məkrli planları bitmək-tükənmək bilmirdi. Ermənilər öz işlərini görür, Heydər Əliyevin əleyhinə təbliğatı gücləndirirdilər. 1986-1987-ci illərdə onlar Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün imza toplamağa başladılar.

Mixail Qorbaçovun və dünya ermənilərinin Heydər Əliyevə hücumlarında əsasən iki məqsəd güdülürdü: Heydər Əliyevin istefasından sonra Ermənistandan azərbaycanlıları deportasiya etmək və Dağlıq Qarabağı Ermənistana birləşdirmək. Daşıdığı vəzifə nə qədər yüksək olsa da, malik olduğu səlahiyyət nə qədər ali səciyyə daşısa da, hakimiyyət Heydər Əliyev üçün məqsəd deyildi, dövlətinə, xalqına, ona etimad bəsləyənlərə xidmət vasitəsi idi. 1987-ci ilin oktyabrında böyük dövlət xadimi Heydər Əliyev tutduğu yüksək vəzifədən istefa verməyə məcbur oldu.

Az sonra erməni akademik Abel Aqanbekyan Parisdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsinin Mixail Qorbaçovla razılaşdırıldığını bəyan etdi. 1988-1989-cu illərdə Ermənistanda azərbaycanlıların kompakt yaşadığı 22 rayonun 185 yaşayış məntəqəsinə quldurcasına basqınlar nəticəsində soydaşlarımız bütünlüklə deportasiya olundular.

Erməni yazıçısı Karen Simonyan 1990-cı il iyunun 8-də “Azadlıq” radiostansiyasının erməni redaksiyasına verdiyi müsahibəsində bildirirdi ki, akademik Abel Aqanbekyanın ideyaları erməni xalqının milli mənafelərinə ziddir və ermənilərin qonşu xalqlarla münasibətinin pisləşməsinə xidmət edir. Beləliklə, bir vaxtlar sığınacaq verdiyimiz, duz-çörəyimizi bölüşdüyümüz namərd ermənilərin əsassız iddiaları üzündən Azərbaycan torpaqlarında müharibə ocaqları alovlandı.

Hər bir dövlətin sabit, davamlı daxili inkişafı təmin edilmədən ölkənin xarici təhlükəsizliyini təmin etmək mümkün deyil. Bu gün Azərbaycanın milli təhlükəsizliyinin həm daxili, həm də xarici aspektini təşkil edən, onların qarşılıqlı əlaqə və təsiri ilə şərtlənən mühüm faktorlardan biri Dağlıq Qarabağ problemidir. Qeyd edək ki, ümummilli liderimiz 1994-cü ildə atəşkəsə nail olmaqla müharibənin dinc yolla həllinə üstünlük verdi. Ulu öndər ölkədə sabit sosial-iqtisadi inkişafı, Milli Ordunun təşkilini və gücləndirilməsini, siyasi, hüquqi, iqtisadi, sosial islahatların həyata keçirilməsini təmin etdi.

Atəşkəs sazişi imzalansa da, Ermənistan öz havadarlarına arxalanaraq silahlı qüvvələrini 19 ildir ki, işğal edilmiş Azərbaycan torpaqlarından çıxarmır, hərbi təcavüzün nəticələrinin aradan qaldırılmasına, qaçqınların və məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmasına imkan vermir, sülh sazişinin imzalanmasına hər vasitə ilə əngəl törədir.

Ermənistan rəhbərliyinin təcavüzkar millətçilik, militarizm, separatizm siyasətini davam etdirməsi, terroru dövlət siyasəti səviyyəsinə qaldırması, lakin işğalçı dövlətin cəzalandırılmaması beynəlxalq təhlükəsizlik sisteminin fəaliyyətini, beynəlxalq hüququn norma və prinsiplərini ciddi surətdə təhdid edir, şübhə altında qoyur.

ABŞ-da yaşayan professor Devid Nisman “Amerikanın səsi” radiostansiyasına verdiyi müsahibədə deyir: “Ermənilərin ərazi iddialarının heç bir əsası yoxdur, çünki ermənilər Qarabağa XIX əsrin əvvəllərində, Rusiya ilə İran arasında Türkmənçay müqaviləsi bağlandıqdan sonra köçmüşlər. Ermənilərin bu regionda yığcam halda yaşamaları isə onlara həmin torpağın iddiasında olmaq hüququ vermir”.

Devid Nismanın qətiyyətli mövqeyi onun 1989-cu ildə “Azadlıq” radiosuna verdiyi müsahibədə də özünü göstərirdi: “Mənim fikrimcə, Dağlıq Qarabağda gərginliyin qalmasının səbəblərini Bakıda deyil, İrəvanda axtarmaq lazımdır. Artıq neçə ildir ki, ermənilər “Böyük Ermənistan” konsepsiyasını Ermənistan SSR-in rəsmi təbliğat ideologiyasına çevirmişlər. Əgər ermənilər bu ideologiyadan imtina etsələr, Dağlıq Qarabağda sabitliyin bərpa olunmasına kömək etmiş olarlar”.

Tarixin atası sayılan Herodotun “Tarix” kitabından iqtibas etdiyimiz aşağıdakı sətirlər də ermənilərin Azərbaycan torpaqlarına iddialarının heç bir əsası olmadığını sübut edir: “Ermənilər “Erməni yaylası” adlanan sahənin qərbində yaşayırlar... Fərat çayının yuxarı axarındakı ölkəyə Ermənistan deyirmişlər”.

Dünya birliyinin ikili standartlardan çıxış etməsi üzündən diplomatik səylərin lazımi nəticə vermədiyini görən Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı törətdikləri işğalçılıq, deportasiya və soyqırımı faktlarını qətiyyətlə dünyaya bir daha bəyan etdi. 1997-ci il dekabrın 18-də Prezident Heydər Əliyev “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzaladı. Fərmanda deyilir: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma, tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir”.

Fərmanda SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarları Azərbaycan xalqına qarşı tarixi cinayət aktı kimi dəyərləndirilir. Bu qərarlar əsasında 1948-1953-cü illər ərzində 150 mindən çox azərbaycanlının Ermənistan SSR ərazisindəki doğma yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün edilməsi, genosidə məruz qalması qətiyyətlə pislənilir, deportasiya prosesinin hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə Dövlət Komissiyasının yaradılması nəzərdə tutulurdu.

Ümummilli lider elmi ictimaiyyətin, ilk növbədə, tarixçilərin diqqətini bu məsələyə cəlb edərək, onların nəzərlərini xalqımıza qarşı törədilmiş belə ədalətsizliklərə yönəldirdi. Ulu öndər belə hallara dözməməyə, təkrar-təkrar bu məsələnin üzərinə qayıtmağa, düşmənin məkirli planlarını ifşa etməyə, soyqırımı, deportasiya və işğalçılıq faktlarını dünya xalqlarına çatdırmağa çağırırdı: “Təəssüflər olsun ki, biz tarixin müxtəlif mərhələlərində belə hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bunların nəticəsində də 1988-ci ildə Ermənistan Azərbaycana təcavüz edibdir”.

Tarixə, tarixi tədqiqatlara münasibətdə ümummilli liderin tövsiyələri obyektiv gerçəkliyin məntiqindən qaynaqlanır: “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz!”

Ötən dövr ərzində ermənilərin xalqımıza qarşı ərazi iddialarının strateji xətti həmişə dəyişməz qalmışdır: nə yolla olursa-olsun, türk-müsəlman xalqlarını yaşadıqları ərazidən sıxışdırıb çıxarmaq, “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək. Lakin müxtəlif vaxtlarda tarixi şəraitdən asılı olaraq ermənilər hərəkət taktikasını dəyişmişlər.

Lissabon sammitində Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün tarixi boyu problemin həllinə nail olmaq üçün ehtiyac duyduğu böyük beynəlxalq himayə qazansa da, Minsk qrupu çərçivəsində aparılan danışıqlar ciddi çətinliklərlə, Ermənistanın beynəlxalq hüquq normalarına zidd iddiaları, dirənişləri ilə qarşılaşırdı. Minsk qrupu həmsədrlərinin hazırladıqları təkliflər barədə açıqlama verən Prezident Heydər Əliyev deyirdi:

“Birinci təklif - “paket həll” təklifi 1997-ci ilin iyun ayında verildi. Biz onu qəbul etdik ki, görək irəliyə doğru gedə bilərik, yoxsa yox. Hətta xatirimdədir, mən avqustun 1-də Vaşinqtonda Ağ evdə Klintonla görüşərkən o, bunu çox yüksək qiymətləndirdi. Hətta məndən xahiş etdi, siz öz çıxışınızda deyin ki, - çünki o da çıxış etdi, nitq söylədi, mən də, - bunu qəbul edirsiniz. Dedim, Ermənistan bunu qəbul etmədi.

Ondan sonra ikinci təklif, “mərhələli həll” təklifi verildi. Biz onu yenə qəbul etdik. Ona görə yox ki, o, bizim üçün əlverişli idi. Düzdür, əvvəlkindən bir az əlverişli idi. Amma biz istəyirdik ki, bir balaca hərəkət olsun. Ermənistan bunu da qəbul etmədi.

Nəhayət, Ermənistanda Ter-Petrosyan ikinci təklifi qəbul etdi. Biz Strasburqda bəyanat verdik ki, bunun əsasında işləyək”.

Lakin Levon Ter-Petrosyan ölkədəki hərbi-siyasi müxalifətin təzyiqləri qarşısında duruş gətirə bilmirdi. O, “Nezavisimaya qazeta”nın 15 noyabr 1997-ci il tarixli sayında dərc olunmuş “Müharibə, yoxsa sülh. Ayılma anı” məqaləsində yazırdı: “...Realist olmaq və başa düşmək lazımdır ki, beynəlxalq birlik uzun müddət Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətlə barışmayacaq, çünki bu vəziyyət Cənubi Qafqazda regional əməkdaşlığa və təhlükəsizliyə mane olur... Əslində, Qarabağın və Ermənistanın rəqibi beynəlxalq birlikdir. Bu, o beynəlxalq birlikdir ki, biz ona meydan oxuyuruq”.

1998-ci il fevralın 3-də Levon Ter-Petrosyan istefa verməyə məcbur oldu. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ probleminin nizamlanması prosesində qətiyyət, diplomatik məharət, Vətən və xalq sevgisi ilə böyük fədakarlıq nümayiş etdirən Heydər Əliyev dünya ictimaiyyətinin diqqətini bir daha ermənilərin təcavüzkar siyasətinə və qanlı cinayətlərinə cəlb edərək 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzaladı. Fərmanda deyilirdi: “1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi”.

Ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri qanlı qırğınların, deportasiyaların, torpaqlarımızın mərhələ-mərhələ işğalının, Xocalı qətliamının fərmanda öz əksini tapması ulu öndərin soyqırımı hadisəsinə və tarixi faktlara nə qədər dərindən bələd olmasına dəlalət edir. Bu fərman erməni avantürasını amansızlıqla, obyektivliklə ifşa edir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

Fərmana uyğun olaraq, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinin ifadəsi kimi, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan olundu.

1998-ci ilin noyabrında Minsk qrupunun həmsədrləri yeni, üçüncü təklifi – “ümumi dövlət” təklifini irəli sürdülər. Azərbaycan bu təklifin qeyri-məqbul olduğunu bildirərək onu qəbul etmədi. Hazırda danışıqlar Madrid prinsipləri əsasında davam etdirilir.

Heydər Əliyev 1993-2003-cü illərdə 80 ölkənin prezidenti, dövlət və hökumət rəhbərləri, xarici işlər nazirləri ilə 500-dən çox görüş keçirmiş, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə etmişdir. Ulu öndər bu görüşlərdə müasir dünyanın siyasi sistemdə deklarativ deyil, real suverenlik məsələsini ön plana çıxarmalı olduğunu diqqətə çatdırır, erməni işğalçılarının qanlı əməllərini təkzibolunmaz faktlar əsasında ifşa edərək deyirdi: “Bizim xalqımızın böyük itkiləri olubdur. Biz bunları bilməliyik, gələcək nəsillər də bilməlidirlər ki, Azərbaycana qarşı bir daha belə xəyanətlərin, təcavüzlərin qarşısı alına bilsin”.

Heydər Əliyev siyasətinin son on ili Azərbaycan tarixinə sülh yolu ilə əldə oluna biləcək maksimal mümkün nailiyyətlər dövrü kimi daxil oldu. Heydər Əliyevi böyük siyasi və dövlət xadimi səviyyəsinə yüksəldən amil onun nadir istedada, ensiklopedik biliyə malik strateq olması idi. Onun müəyyənləşdirdiyi strateji istiqamətlər, mükəmməl proqramlar bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla həyata keçirilir.     

Ölkənin mövcud hərbi-strateji potensialını, milli resurslarını səfərbər edərək Avroatlantik təhlükəsizlik strukturlarına inteqrasiya siyasəti yeridən Azərbaycan artıq Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Milli ordumuzun hərbi-texniki hazırlığı, silah arsenalı kəmiyyət və keyfiyyət etibarilə Ermənistandan çox-çox yüksəkdir. Azərbaycanın özünün regional və milli təhlükəsizlik maraqlarını, ərazi bütövlüyünü təmin edəcəyi zaman məsələsidir. Prezident İlham Əliyev böyük inam və əminliklə deyir: “Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır...

Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

 

Həsən HƏSƏNOV,

“Xalq qəzeti”nin baş redaktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında