Ermənistanın yeni hakimiyyətinin perspektivsiz xarici siyasət kursu seçdiyinə dair ekspert fikri mövcuddur. Nikol Paşinyan baş nazir postuna gələndən ortada yeni heç bir şey yoxdur. Ermənistanın daxili həyatı sanki sönüb, iqtisadiyyatda durğunluq davam edir. İllərdir Serj Sarkisyanın “uğurlu” daxili siyasət apardığını yazan kütləvi informasiya vasitələri indi də N.Paşinyandan eyni həvəslə yazır. Lakin S.Sarkisyanın sonu məlumdur. N.Paşinyanı da eyni aqibət gözləyir. Bu, onun Brüssel səfərindən sonra daha aydın görünür. Ermənistanın baş nazirinin özü Brüssel hava limanında jurnalistlərə bildirib ki, Avropa İttifaqı Ermənistana münasibətini dəyişsə, yaxşıdır. Brüssel erməni inqilabından ağızdolusu danışır, lakin heç bir konkret addım atmır. Ona görə də ya pafoslu danışıqlara son versinlər, ya da siyasətlərini dəyişsinlər. Deməli, faktiki olaraq N.Paşinyan Brüsseldən məyus qayıdıb. Əliboş dönüb. Bu məqam əslində İrəvanın apardığı siyasətin çürüklüyünü bir daha təsdiq edir. Bütövlükdə götürdükdə, N.Paşinyanın Brüssel səfərinin iflasının təhlili üzərində dayanmağa ehtiyac duyulur. Həm də bu, Azərbaycan rəhbərinin çox uğurlu Brüssel səfəri fonunda xeyli maraqlı görünür.
Siyasi köləlik: Brüssel səhnəsində
Nikol Paşinyanın Brüsseldə çəkdirdiyi fotolarda beli və boynu bükük görünməsi şəkil çəkənin ustalığının nəticəsi deyil. Ermənistanın yeni baş naziri təbiətən boynu bükük və başqalarının əmrini yerinə yetirən birisidir. Sözdə reallaşdırdığı siyasətin ruhu da köləlikdən yoğurulub. Ekspertlər Brüsseldə bir daha bunun əyani şahidi oldular.
Öncədən ermənilər yeni baş nazirin Brüsselə səfərindən bir təbliğat kampaniyası düzəltməyə çalışdılar. Bəyan etdilər ki, əgər NATO-nun sənədlərində Ermənistanı qane etməyən məqamlar olsa, səfər baş tutmayacaq. Nələrdən ibarət imiş bu "erməniləri qane etməyən məqamlar"? Əlbəttə, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsini nəzərdə tuturdular. Bununla yanaşı, Azərbaycanın öz işğal edilmiş ərazilərini azad etmək haqqının tanınması da prinsipial əhəmiyyət daşıyır.
NATO və Avropa İttifaqının sənədlərində Azərbaycanın ərazi bütövlüyü tam dəstəkləndi, ancaq N.Paşinyan Brüsselə getdi. O, öz sözünü yedi. Həm də hər hansı iradını bildirmək üçün deyil, pul dilənmək, yardım istəmək və Azərbaycan Ordusunun qarşısının alınması üçün NATO-nun tədbir görməsini xahiş etmək üçün getdi. Bu barədə Rusiya KİV-lərində maraqlı yazılar dərc edilməkdədir.
Andrey İvanov vurğulayır: "Bununla Paşinyan diplomatiyası bitdi, çünki dostluq haqqında vədlərdən sonra dərhal pul xahiş etməyə başladı. "Ermənistanın demokratikləşmə cəhdlərini" Brüsseldə ildə 10 milyon avro əlavə yardım etməkdə qiymətləndirdilər. Bu miqdarla nəhəng layihələr reallaşdırmaq mümkün deyil və erməni baş nazir Aİ-nin nümayəndələrindən biri ilə görüşdə deyib ki, "demokratik Ermənistan özünə qarşı daha ciddi münasibət gözləyir"". Bu fikirlər üzərində bir qədər geniş dayanaq.
N.Paşinyan diplomatiyası harada bitib? Birincisi, Brüssel səfəri N.Paşinyanın Moskvanı şantaj etmək işində son fraqmentdir. Çünki bu vaxta qədər erməni baş nazir Rusiyaya sadiq və yaxın müttəfiq olmaqla yanaşı, Aİ, ABŞ və NATO ilə də əməkdaşlıq etməyə üstünlük verdiklərindən danışırdı. Bu zaman Brüsselə NATO-nun tədbirinə səfəri Rusiya vətəndaşlarına tanışlıq məqsədi ilə edilən səfər kimi təqdim edirdi. "Yeni baş nazir Nikol Paşinyan sadəcə Qərbin dostu olmaq istəmir, həm də Rusiyaya düşmən əhval-ruhiyyəsində olan NATO-nun tərəfdaşı olmağa çalışır. Paşinyan KTMT-yə üzv ölkələrdən birinin yeganə lideridir ki, alyansın 11-13 iyul Brüssel sammitində iştirak etdi".
Moskvanın qəzəbi: satqınlığın sərhədi
Bunlar Nikol Paşinyanın kadr siyasəti kontekstində təsadüfi görünmür. News.ru portalının yazdığına görə, antirusiya mövqeli adamları Nazirlər Kabinetində yüksək vəzifələrə təyin edib. Məsələn, diaspor üzrə nazirin müavini Babken Ter-Qriqoryan Soros Fondunun koordinatoru olub. O, hətta N.Paşinyan inqilabı zamanı meydanda Vladimir Putin əleyhinə sərt ifadələr olan plakatı əlində tutub.
Yeni mədəniyyət naziri Lilit Makunts 2016-cı ildə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəsi olan Sülh Korpusunda çalışıb. Əmək naziri Mane Tandilyan Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasını açıqca təbliğ edir. Ekspertlərin təxmininə görə, bütün bunları N.Paşinyan Moskvanı şantaj etmək üçün edir. O, mesaj verir ki, "mənə dəstək verməsəniz, Ermənistan Qərb tərəfə keçəcək".
Lakin Brüsseldə N.Paşinyanın ifadə etdiyi fikirlər və görüşməyə can atdığı adamların siyasi kimliyi göstərir ki, erməni liderin Kremlə qarşı aparmaq istədiyi şantaj siyasəti öz potensialını tükədib. Çünki N.Paşinyanın özünün siyasi kimliyi atdığı addımlardan aydın görünür. Moskva belə şeylərə inanmır və N.Paşinyanın səviyyəsiz bir siyasətçi olduğunu, öz yaxın tərəfdaşından imtina etməyi düşündüyünü və bunun üçün özünü Qərbə satmağa hazır olduğunu gördü. Məlum oldu ki, N.Paşinyanın Rusiya ilə bağlı dedikləri də yalan imiş və Ermənistanın xarici siyasət kursunu dəyişmək planı vardır. Bu mənada N.Paşinyanın primitiv manevrlərlə dolu siyasəti və diplomatik "hiyləgərliyi" bitib!
Ermənistanın yeni baş naziri daxili siyasətdə də bitmiş kimi görünür. Ekspertlərin fikrincə, onun Brüssel səfərini böyük diplomatik uğur adlandırmasına baxmayaraq, bu fikrin arxasında reallıq dayanmır.
N.Paşinyan avropalı liderləri küncdə-bucaqda gözləyərək qarşılarına çıxıb, özünü təqdim edib və onlar da nəzakət xatirinə ayaqüstü söhbət ediblər.
Bütün bunları müşahidə edən jurnalistlər N.Paşinyanın ləqəbini "liderlərin qarovulçusu" qoyublar. Rusiyalı jurnalistin ümumiləşdirməsi isə doğrudan da maraqlıdır. A.İvanov yazır: "Ümumiyyətlə, Ukrayna Prezidenti Petro Poroşenkonun dəfələrlə oynadığı ssenari təkrarlanır. O, sammitdə Qərb liderlərinin arxasınca qaçır və fotokameraya düşməyə çalışırdı. Ancaq Ukrayna Prezidenti Ermənistanın baş nazirindən fərqli olaraq bu zaman "çoxvektorlu siyasət"dən danışmır və bir neçə stulda oturmağa cəhd göstərmir".
Bu fikirlərdə də N.Paşinyanın bir siyasətçi kimi simasızlığı aydın təsvir edilir. P.Poroşenko birmənalı olaraq mövqeyini dəqiq ifadə edir. N.Paşinyan isə primitivcəsinə hamıya yalan satır – Moskvada Rusiya ilə, Brüsseldə isə Aİ ilə birlikdədir! Hərbi sahədə həm KTMT-dədir, həm də NATO ilə əməkdaşlıqda! Özü də bu zaman Ermənistanı Azərbaycanla müqayisə etməyə cəhd göstərir. Reallıqda isə bu ölkələrin hərbi-müdafiə siyasəti və təhlükəsizlik konsepsiyaları müqayisə oluna bilməz. Çünki Azərbaycan birmənalı olaraq müstəqil və balanslaşmış siyasət yeridir. Azərbaycan heç bir hərbi alyansın üzvü deyil. Onun Avropa ölkələri ilə də, Avrasiya İttifaqı ölkələri ilə də əməkdaşlığı uzun illərdir ki, bir-birindən asılı olmadan davam edir. Azərbaycan nə KTMT-yə can atır, nə də NATO-ya. Bakı öz milli maraqlarına uyğun olan məsələlərdə bərabərhüquqlu əməkdaşlıq qurur. Bu səbəbdən də nə Vaşinqton, nə Moskva, nə də Brüssel Azərbaycanın siyasətini tənqid etmir. Çünki buna əsasları yoxdur.
Ermənistan isə KTMT-yə, daha dəqiqi, Rusiyanın hərbi imkanlarına sığınıb, NATO ilə hərbi əməkdaşlıqdan dəm vurur. Hətta həyasızcasına NATO-ya irad bildirir ki, niyə Azərbaycana mesaj vermirsiniz ki, hərbi əməliyyatlara başlasa, ona sarsıdıcı zərbə vurulacaq. "Euronews"a verdiyi müsahibədə N.Paşinyan bəyan edib ki, Şimali Atlantika Alyansı Azərbaycana "güclü mesaj" verməlidir. Və əgər Dağlıq Qarabağı azad etmək istəsə, "Qərb bunu yalnız və yalnız bütün dünyada demokratiyaya olan təhlükə kimi qəbul etməlidir" (bax: əvvəlki mənbəyə). Ancaq NATO-da bu fikir təəccüb doğurub, çünki Qərb ölkələrinin liderləri dəfələrlə deyiblər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. NATO da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib və müvafiq sənədlərdə həmin məqam əks olunub. NATO həm də bu kimi təxribatlara onu qarışdırmağın perspektivsiz olduğunu vurğulayıb.
Növbəti yalan: "erməni demokratiyası" nağılları
Nikol Paşinyanın bu addımı nəyi ifadə edir? Hər şeydən əvvəl, bu adamın həqiqətən də siyasətdən xəbəri yoxdur. Məhdud erməni düşüncəsi ilə dünyanı öz məhəlləsi sayır və "qabadayılıq" etməyə cəhd göstərir. Sonra aydın olur ki, onun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslərdən düz-əməlli xəbəri yoxdur. Belə ki, əgər N.Paşinyanın NATO-nun, Aİ-nin, AŞPA-nın, BMT-nin qəbul etdiyi sənədlərdən xəbəri olsaydı, gülünc fikir ortaya atmazdı. Təsəvvür edin ki, BMT-nin dörd qətnaməsində Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxması tələb olunur, N.Paşinyan isə Ermənistanı regionun "demokratiya beşiyi" kimi təqdim etməyə çalışır. Guya bütün dünya bu "demokratiya beşiyi"ni qorumalıdır.
Bu zaman erməni diplomatiyasına xas olan adi bir səhv nəzərə alınmır: Dağlıq Qarabağda erməni əsgəri işğalçı kimi mövcuddur! Bu torpaqları ermənilər xarici yardım hesabına 1988-ci ildən başlayaraq zəbt ediblər. Günahsız insanları qətlə yetiriblər. Uşaqları, qadınları, qocaları amansızcasına öldürüblər, onları diri-diri yandırıblar, quyulara atıblar. Dünya dövlətləri Xocalı hadisələrini soyqırımı kimi tanımağa başlayıb. İndi bir küçə adamı düşüb ortalığa ki, Ermənistan Cənubi Qafqazda "demokratiya beşiyi"dir.
Əslində, rəsmi İrəvanın yeni bir təbliğat oyununa başlamaq istədiyi açıq görünür. Lakin bəri başdan deyək ki, bu, süni, əsassız və kimsəni maraqlandırmayan hoqqadan başqa bir şey deyildir. Belə ki, N.Paşinyan hakimiyyəti və onun KİV-dəki qulbeçələri yeni hökumətin demokratik obrazını formalaşdırmağa çalışırlar. Onlar atdıqları bir-iki addımla Qərbə göstərmək istəyirlər ki, İrəvan artıq demokratik və müstəqil olmağa qərar verib. Korrupsiya ilə mübarizə aparır, yeni gənc kadrlar təyin edir. Eyni zamanda, Rusiyanın hərbi-sənaye kompleksi və "Qazprom"un təsirindən qurtulmaq yolunu tutub. Lakin təkbaşına buna gücü çatmaz, ona görə də Qərb dəstək verməlidir.
Ermənilərdə belə sadəlövh təsəvvür var ki, dünyanın harasında olursa-olsun, demokratiyaya can atanlar varsa, Qərb onların şəksiz xilaskarı olur. İndi N.Paşinyan da Brüsselin dəhlizlərində onun-bunun ardınca sülənərək "Ermənistanda demokratiya var" təbliğatını aparmağa çalışır. Hesab edir ki, Qərb siyasətçiləri Ermənistanı hər bir məsələdə, hətta Azərbaycanın torpaqlarını işğalda saxlamaqda dəstəkləyəcəklər. Deməli, faktiki olaraq N.Paşinyan Qərbi də şantaj edir, ona təcavüzkarın yanında durmağı təklif edir.
N.Paşinyan bunu həm də çox qorxduğundan edir. Erməni siyasətçiləri daim hay-haray salırlar ki, Azərbaycanı hərbi əməliyyatlar keçirməyə qoymasınlar. Bilirlər ki, Azərbaycan Ordusu erməni silahlı qüvvələrini darmadağın edəcək. Özünü çox güclü hesab edən erməni ordusu indi Avropaya yalvarır ki, müharibəyə imkan verməsin. Bu qorxu Brüsseldə açıq-aşkar hiss olundu. Bəlkə də elə həmin duyğular N.Paşinyanı onun-bunun arxasınca qaçmağa məcbur edib. Əgər o, Ermənistan ordusunu güclü hesab etsəydi və savaşdan qalib çıxacağına inansaydı, şübhəsiz, indi özünü göylərdə aparardı. Brüsselə də getməzdi, Moskvadan da küsməzdi. Bu o deməkdir ki, N.Paşinyanın addımlarında Azərbaycan qorxusu açıq mövcuddur və o, psixoloji olaraq artıq məğlub durumdadır. Azərbaycan rəhbərliyinin apardığı uğurlu və davamlı siyasət Ermənistan rəhbərliyini yerində oturdub. N.Paşinyan Brüsseldə də Azərbaycanın siyasəti qarşısında diz çökdü!
Əlbəttə, Avropada çox yaxşı görürlər ki, Ermənistan Azərbaycanın torpaqlarını xarici yardım hesabına işğal edib və nə zamansa oranı mütləq tərk etməlidir. Bunun başqa variantı yoxdur. Həmin səbəbdən də, kimsə ciddi səviyyədə rəsmi İrəvanın yanında dura bilməz. Fraqmentar olaraq onu hansısa məsələlərdə konkret məqsədlərə görə dəstəkləyə bilərlər. Ancaq davamlı dəstək və yardım mümkün deyildir.
Deməli, Ermənistan diplomatiyası çox primitiv üsulla Azərbaycanın təhlükəsizlik siyasətini və ordu quruculuğu kursunu təhrif etməyə çalışır, lakin hər dəfə biabır olur. Əvəzində, N.Paşinyana xəbərdarlıq edilir ki, eyni zamanda bir neçə stulda oturmasın, yoxsa ciddi xəsarət ala bilər!
Əslində, avropalıların özləri də N.Paşinyanın peşəkar siyasət yeridə biləcəyinə inanmırlar. Bu barədə hətta açıq fikir bildirirlər. Məsələn, Aİ-nin Ermənistandakı səfiri Pyotr Svitalski erməni baş nazirin açıq dilənçiliyinə reaksiya verərək deyib ki, Avropa İttifaqı elə bu gün də Ermənistanın əsas sponsorudur. Yardım proqramı isə apreldə Ermənistanda hakimiyyət dəyişikliyindən əvvəl qəbul edilib. Bundan başqa, rəsmi İrəvanın Brüssel siyasətində əhəmiyyətli dəyişiklik müşahidə edilmir. Buna görə də, P.Svitalski istehza ilə sual edir: "Ermənistanın Aİ-yə qarşı dəyişməz siyasəti Avropa İttifaqının Ermənistan siyasətində dəyişikliyə gətirib çıxarmalıdır?".
Çıxış yolu: yenə də vassallıq
Bəli, rəsmi İrəvanın gülünc və əsassız siyasi iddiaları Avropa siyasətçilərində gülüş doğurur. Onlar Ermənistanın doğru yolda olmadığını açıq deyirlər. Ondan ciddi siyasi kurs tələb edirlər. Bununla Ermənistanın geosiyasi kursunun daha bir qüsuru ortaya çıxmış olur. İndi Avropa da Ermənistanı səbatsız mövqe tutmaqda ittiham edir. Brüssel göstərir ki, hər şey yardımlara bağlı deyil, real əməkdaşlıq üçün səmərəli və ölçülü-biçili siyasət xətti seçmək gərəkdir. Bu imkandan isə İrəvan tamamilə məhrumdur. Çünki Ermənistanı ermənilər deyil, Rusiya yaradıb! Ermənistan siyasi, iqtisadi və geosiyasi olaraq Kremlin iradəsindən tam asılıdır. Moskva isə xəyanəti bağışlamır!
Bunların fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfəri çox uğurlu təsir bağışlayır. İyulun 10-12-də baş tutan həmin səfər zamanı iki mühüm sənəd imzalanıb. Onlardan biri Aİ ilə əməkdaşlığın prioritetləri ilə bağlı olub. Sənəddə Aİ tarixində ilk dəfə olaraq sərhədlərin toxunulmazlığı öz əksini tapıb. NATO-nun qəbul etdiyi sənəddə də Azərbaycanın ərazi bütövlüyünün təmini məsələsi ayrıca vurğulanıb. Bütün bunlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin ifadə etdiyi fikirlər çox maraqlıdır. Dövlət başçısı deyib: "Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirir".
Nikol Paşinyan heç bir sənəd imzalaya bilməyib. Onun NATO-nun yekun bəyannaməsinə xalqların öz müqəddəratını təyinetmə prinsipini daxil etmək cəhdi də iflasa uğrayıb. N.Paşinyana F.Moqerininin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dedikləri tərs sillə kimi dəyib. Aİ rəsmisi açıq bildirib ki, heç bir ön şərt qoymadan danışıqları ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirmək gərəkdir. Bu o deməkdir ki, Aİ danışıqlara Dağlıq Qarabağ separatçılarının qatılmasını qəbul etmir. Deməli, N.Paşinyanın küçədə verdiyi əsas vəd də boşa çıxıb. Bu mənada da onun siyasəti bitib!
İndi N.Paşinyan üçün hansı çıxış yolu qalıb? Ekspertlər deyirlər ki, o, seçim qarşısındadır: Ermənistanı NATO-nun Cənubi Qafqazdakı hərbi bazasına çevirmək və əlavə maliyyə yardımı verilməsini xahiş etmək və ya özünü Qərbə yaxınlaşan kimi göstərməklə Moskvadan pul xahiş etmək. Üçüncü variant da vardır – müstəqil güclü iqtisadiyyat yaradıb, inkişaf etdirmək. Ancaq, görünür, bu ssenariyə N.Paşinyan ciddi baxmır.
Göründüyü kimi, bu, Nikol Paşinyanın faktiki olaraq siyasi iflası deməkdir. Onun başqa çıxış yolu qalmayıb. Ya Qərbə satılmalı, ya da illərdir satıldığı Moskvanın çətiri altında daha dərinliklərə getməlidir. Ekspertlər də hesab edirlər ki, müstəqil inkişaf kursu rəsmi İrəvan üçün əlçatmazdır. Əslində, bu barədə Azərbaycan çoxdandır fikir bildirir. Hətta təklif edir ki, işğaldan əl çəksin. Bu halda onunla əməkdaşlıq məsələsinə yenidən baxılacaq. Hər dəfə olduğu kimi, bu dəfə də Ermənistan rəhbərliyi düşmənçilik və təcavüz yolunu seçir. Bunun da bədəlini çox ağır şəkildə ödəyəcəklər.
Eyni zamanda, görünür ki, dünyanın heç bir geosiyasi güc mərkəzi təcavüzkarın yanında durmaq arzusunda deyil. Artıq haqq-ədaləti bərpa etməyin zamanıdır. Əks halda, dünya xaoslardan, risklərdən, terrordan və böhranlardan qurtula bilməyəcək. Bu mənada bəşəriyyət də seçim qarşısındadır!
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.