Prezident İlham ƏLİYEV: Mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir

Azərbaycan  dövlətinin son illərdə həyata keçirdiyi daxili və xarici siyasət, xüsusilə, ötən iki il müddətində Avropa İttifaqı ilə münasibətlərin daha da dərinləşməsi istiqamətindəki  diplomatik fəaliyyət artıq beynəlxalq aləmdə öz bəhrəsini verir. Bu gün artıq Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. 
 
Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, xüsusilə Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirməsi ölkəmizin həm iqtisadi, həm də siyasi cəhətdən mövqeyinin möhkəmləndirilməsində böyük əhəmiyyət kəsb edir.  Respublikamızın  ərazi bütövlüyünün rəsmən tanınması barədə qəbul edilən qətnamələr, bəyannamələr Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da öz təsirini göstərir. Bununla yanaşı, Ermənistanın işğalçı kimi tanınması da bu sənədlərin obyektivliyini təşkil edir. Axı, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissədir. Üstəlik, Dağlıq Qarabağa bitişik 7 rayon da  Ermənistan silahlı qüvvələri tərəfindən 25 ildir ki, işğal altındadır.
 
Ərazi bütövlüyümüzü dəstəkləyən  bəyannamələr 
 
Son illər Azərbaycan dövlətinin diplomatik fəaliyyətinin daha da gücləndirilməsi bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi bəyannamələrdə ölkəmizin ərazi bütövlüyünün təsdiqini tapmasında özünü büruzə verir.   Ötən il noyabrın sonunda  dövlətimizin başçısının da iştirakı ilə Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində belə bir qətnamənin qəbul edilməsi, yəqin ki, hər birimizin xatirindədir.
Qeyd edək ki, Şərq Tərəfdaşlığı Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsdür. Şərq Tərəfdaşlığı Azərbaycan da daxil olmaqla Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir.  Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamənin imzalanmasına  Ermənistanda və Azərbaycanda çox böyük diqqət var idi. Çünki 2015-ci ildə Riqada keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı Sammitinin yekun sənədində Ukraynanın, Moldovanın və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı məsələlər birmənalı şəkildə öz təsdiqini tapsa da, Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə belə bir yanaşma  diqqətdən kənarda qalmışdı. Təbii ki, Azərbaycan tərəfi  də həmin vaxt bu məsələyə kəskin etirazını bildirmişdi. Görünür, bu etiraz diqqətdən kənarda qalmamış və iki il sonra təşkilatın növbəti sammitində həqiqət yerini tapdı. Digər tərəfdən  Prezident İlham Əliyevin bu müddət ərzində Avropa İttifaqı ilə münasibətlərin daha da dərinləşməsi istiqamətində mütəmadi olaraq apardığı  siyasət, xüsusilə  enerji və nəqliyyat təhlükəsizliyi sahələrində aparılan müştərək işlər nəticəsiz qalmadı. Bu dəfə Brüsseldə imzalanan sənəddə  beynəlxalq ictimaiyyət də əsl reallığın şahidi oldu. Çünki  bəyannamədə Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə bağlı bənd öz əksini tapdı. Bununla yanaşı, Şərq Tərəfdaşlığı dövlətlərində münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli məsələsi fərqli bənddə ifadə edildi. Yəni, bu, münaqişələrin, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində tənzimlənməsi demək idi. Ümumiyyətlə, bu vaxta qədər qəbul olunan qətnamələrdə  erməni silahlı qüvvələrinin  işğal  etdikləri əraziləri qeyd-şərtsiz tərk etmələri  məsələsi öz əksini tapıb. Eyni zamanda, ATƏT-in, AŞPA-nın, Avropa İttifaqının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkətının, NATO-nun da bu məsələ ilə bağlı müvafiq sənədləri var. 
Yeri gəlmişkən,  Azərbaycan Prezidenti İlham Əliyev bu il iyulun 10-12-də Brüsselə işğüzar səfəri zamanı NATO-nun Zirvə toplantısı çərçivəsində Şimali Atlantika Şurasının “Qətiyyətli Dəstək” üzrə Əməliyyat Tərəfdaş Dövlətləri və potensial Əməliyyat Tərəfdaş Dövlətləri ilə birlikdə dövlət və hökumət başçıları səviyyəsində  keçirilən iclasına da dəvət almışdı. Xəbər verildiyi kimi, NATO üzv dövlətləri Zirvə toplantısının yekununda kommünike qəbul olunmuş və  bu sənəddə də növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək  öz əksini tapmışdır. Qeyd edilir ki, beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığına hörmət edilməsi beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amildir.
Ümumiyyətlə, 2006-cı ildən başlayaraq, NATO üzv dövlətləri Zirvə toplantılarının yekununda qəbul olunan bəyanatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə davamlı olaraq  öz dəstəklərini ifadə edirlər.
 
ATƏT-in Minsk qrupu reallığa doğru
 
Son illər dünyada baş verən hadisələr, münaqişələrin daha da alovlanması,  miqrant axınının Avropanı öz ağuşuna alması, qarşıdurmaların daha da çoxalması bir sıra beynəlxalq təşkilatları öz fəaliyyətlərinə yenidən nəzər yetirməyə məcbur edib. 25 ildən çox davam edən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  hələ də ədalətli həllini tapmaması, bu işdə vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu həmsədr dövlətlərini də, deyəsən, hərəkətə gətirib. Son hadisələr təsdiqləyir ki, bu qrup münaqişənin ədalətli həllində reallığa qoğru istiqamətlənib. 
ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri başçılarının Azərbaycan Prezidentinə ünvanladığı məktublar, keçirdikləri görüşlər, həmçinin 24 ildən sonra öz sakinlərini qəbul edən, yenidən həyat qaynayan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etmələri,  həmin kənddə beynəlxalq tədbir keçirmələri, Ermənistanı işğalçı dövlət adlandırmaları ATƏT-in Minsk qrupu həmsədrlərinin gec də olsa, reallığı qəbul etmələrindən xəbər verir. 
ABŞ Prezidenti Donald Tramp müxtəlif vaxtlarda dövlətimizin başçısına ünvanladığı təbrik məktublarında  ölkəsinin Azərbaycanla birlikdə terrorçuluğa qarşı mübarizədə və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə biləcəyinə əminlik ifadə edir. Həmçinin,  qeyd edir ki, mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm. ABŞ Prezidenti daha sonra yazır: “Biz Sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik. Korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə verəcəkdir”.  
ABŞ  Prezidentinin  Respublika Günü və Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunu bir daha xatırlatmağı zəruri hesab edirik: “Amerika xalqı adından Sizi və Azərbaycan xalqını Respublika Günü və Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təbrik edirəm. Azərbaycan və Birləşmiş Ştatlar mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək, sıx tərəfdaşlıq edirlər. Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığınızı, habelə uzunmüddətli ticarət əlaqələrimizi dəyərləndirirəm. Enerji sahəsində illərlə davam edən əməkdaşlığımız bu il, inanılmaz bir nailiyyət kimi, Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlmişdir. Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ–Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır”.
Göründüyü kimi,  ərazi bütövlüyümüzün təmin olunmasında, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında artıq zaman bizim xeyrimizə işləyir. ATƏT-in digər həmsədr dövlətinin rəhbəri – Fransa Prezidenti Emmanuel Makronun bu il iyulun 20-də Azərbaycan Prezidenti ilə görüşü, aparılan danışıqlar, habelə imzalanan sənədlər də artıq ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinin  reallığa doğru irəlilədiyindən xəbər verir.
 
Ermənilər qorxu içərisində
 
Fransa Prezidenti Emmanuel Makronun dövlətimizin başçısı ilə Parisdə, Yelisey Sarayında görüşündə  Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olacağı barədə bəyanatı təkcə bu ölkədəki ermənilərdə yox, hətta Ermənistanda da təşviş yaradıb. ATƏT-in Minsk qrupunun həmsədri və Avropa Birliyinin əsas ölkələrindən biri kimi Fransanın Azərbaycana belə yüksək rəğbət bəsləməsi Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri  çərçivəsində  həllində önəmli faktordur.  Görünür, buna görə də  Prezident İlham Əliyevin Fransaya səfəri və yüksək səviyyədə  qarşılanması erməni lobbisində və Ermənistanda narahatlığa səbəb olub. 
Artıq Ermənistan kütləvi informasiya vasitələrində Fransanın Ermənistana “xəyanət etməsi”  barədə məqalələr dərc olunur. Bir müddət əvvəl Rusiya Federasiyasının diplomatları Cocuq Mərcanlıda keçirilən beynəlxalq tədbirə qatılanda da “Rusiyanın xəyanəti”  barədə məqalələr dərc olunurdu. Yəqin, ABŞ Prezidentinin Azərbaycanın dövlət başçısına ünvanladığı səmimi məktublardan sonra da “Amerikanın Ermənistana xəyanəti” üzə çıxacaq. Ancaq əsl həqiqət ATƏT-in Minsk qrupu həmsədrlərinin problemin həllində günahkarın  hansı ölkə olduğunu, nəhayət, qəbul etmələridir.
Nəhayət Fransa  ictimaiyyətində  Azərbaycanla  münasibətlərin yeni və səmərəli mərhələyə qədəm qoyması haqqında fikir formalaşıb. Bu isə həmin ölkədəki erməni lobbisini daha da qıcıqlandırıb. Bu narahatlıq Azərbaycan Prezidentinin Fransaya səfəri, yüksək səviyyədə qarşılanması, əhəmiyyətli görüşlər keçirməsi bəzi yerli kütləvi informasiya vasitələrində də özünü göstərdi. Erməni mənşəli fransız jurnalistlər, həmçinin erməni lobbisinin təşkilatçılığı ilə dərc olunan böhtan xarakterli məqalələr  təsirsiz qaldı. Çünki Fransa səfəri çox yüksək səviyyədə baş tutdu. Keçirilən görüşlər və imzalanan sənədlər də təsdiqlədi ki, iki ölkə arasındakı münasibətlər getdikcə yaxşılaşır, əməkdaşlıq genişlənir. Bu da Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün yeni mərhələ yaradır. 
Məlum olduğu kimi, siyasi məsələlərin həlli iqtisadiyyatdan keçir. İqtisadi sahədə yüksək səviyyəli əməkdaşlığın siyasi aspektə çevrilməsi artıq bir  reallıqdır. Bu, özünü Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində də  büruzə verə bilər. Dövlətimizin başçısının Fransaya son səfəri bir daha təsdiqlədi ki, Azərbaycan Fransa üçün maraqlı ola biləcək bütün resurslara malikdir. Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin güclü potensialı var. Təbii ki, bütün bunların fonunda Ermənistan öz  ağır iqtisadi vəziyyəti ilə kölgədə qalır. 
Ümumiyyətlə, Avropa İttifaqı ilə əməkdaşlığa gəlincə, Azərbaycanın bu sahədə də göstəriciləri Ermənistanla müqayisədə qat-qat yüksəkdir.  Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdənbiri Azərbaycanı özünə  strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacib və əhəmiyyətlidir.
Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasi strategiya ərazi bütövlüyümüzün təmin olunmasına tam əminlik yaradır.  Bunu deməyəciddi əsaslar var – iqtisadi imkanlar, getdikcə möhkəmlənən beynəlxalq mövqeyimiz, dövlətimizin başçısının siyasi iradəsi, beynəlxalq hüquq normaları və Azərbaycan Ordusunun qüdrəti.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında