Şərur-Sədərək istiqamətində yola çıxanlar magistral kənarında yeni vurulmuş istiqamət bildirən bir lövhəni görəcəklər. Bu, işğaldan yenicə azad olunmuş Günnüt kəndinə gedən yolu göstərən lövhədir. Düz 26 il bu yol qəlbimizdən keçib. Bugünsə qəlbimiz qürur hissi ilə dolub. Bu ilin may ayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı 11 min hektar ərazi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər ələ keçirilib.
Rayon mərkəzindən 22 kilometr məsafədə yerləşən kənd 1992-ci ildə erməni işğalçıları tərəfindən tamamilə dağıdılıb və əhalisi Mahmudkəndə köçüb. Magistraldan ayrılıb maşınlarla yeni salınmış yolla Günnütə doğru hərəkət edirik. Yolun hər iki tərəfində çobanlar öz sürülərini arxayınlıqla düzənliklərə və dağların yamaclarına yayıblar. Ərazilərə yeni gətirilmiş arı yeşikləri də diqqətimizi çəkir. Artıq 26 ildən sonra burada başlanan həyatın nəfəsi duyulur, yaz fəslində çiçəklərin ətri duyulan kimi. Təxminən iki ay əvvəl əsgərlərimizin xidmət etdiyi yüksəkliklərdə qurduğu postları geridə qoyaraq irəliləyirik. Düşmən tapdağından təmizlənmiş Günnütə və əsgərlərimizin mövqe qurduğu yeni postlara çatmağa tələsirik.
Yolboyu texnikalar işləyir, işğaldan azad edilən yüksəkliklərə yollar çəkilir. Düşmənin bir neçə addımlığında həyata keçirilən bu işlər, necə deyərlər, elə düşmən bağrı çatladandır. Bunu həzm edə bilməyən düşmən texnikaya atəş açmaqla, susdurmağa, dayandırmağa, işə mane olmağa çalışır. Lakin nə faydası?! Traktor açılan atəşlərdən zədələnsə də, “döyüş tapşırığını” yerinə yetirir və məqsədinə çatmaq üçün irəliyə doğru hərəkət edir, geniş yol açır. Gecə-gündüz aparılan işin nəticəsi olaraq qısa zamanda ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədi ilə 50 kilometrdən artıq yol çəkilib, 60 kilometrdən artıq yararsız yollar bərpa edilib.
Yeni qurulan postlardan birinə çatırıq. Qısa vaxtda əsgərlərin yaşayışı və xidməti üçün burada lazımi şərait yaradılıb. Ərzaq təminatları da yüksək səviyyədədir. Əsgərlərlə görüşürük. Hərəsi bir qəhrəmandır, 26 ildən sonra düşmənin ayağını bu torpaqlardan kəsmək şərəfi onlara nəsib olub.
Ərazidəki postlardan birinə “Qurtuluş” adı verilib. Nə gözəl! Qalib əsgərlərlə birgə Günnütdə bayrağımızı dalğalandırır, qələbə sevincimizi bölüşür və bu anı fotoda əbədiləşdiririk.
Kənddəki məzarlığa baş çəkirik. Daşı daş üstdə qoymayan ermənilər qəbirlərin bir çoxunu dağıtsa da, tamamilə məhv edə bilməyiblər. Axı düşmən cəhd göstərsə belə gerçək tarixi gizlədə bilməz. Torpağın ən dərin qatlarından gec-tez o tarix baş qaldırar və həqiqəti söylər: Bu ərazilər azərbaycanlılara məxsusdur və onların əzəli ata-baba ocağıdır. Biz öz torpaqlarımızdayıq. Niyə təlaş edirsiniz? Nədir bu narahatlıq? Bizi kəndin ərazisində görüb bir neçə dəfə atəş açırlar. Sizcə, bu atəş səsləri bizim qəlbimizdəki torpaq həsrətini, yurd sevgisini susdura bilərmi? Nədən qorxmalı, nədən geri çəkilməliyik? Açın, tarixi bir vərəqləyin. Kimsiniz siz? Haradan gəlib, harada məskunlaşmısınız? Bizə atəş açdığınız və mövqe qurduğunuz ərazilər məgər sizin torpaqlarmı? Mənfur niyyətinizdən əl çəkib, vaxt tapanda xəritələrə baxın. Bilin ki, dayandığınız mövqelər, məskunlaşdığınız hazırkı ərazilər belə azərbaycanlıların əzəli ata-baba torpaqlarıdır. Bizim işimiz haqq işidir və bu yolda geri çəkilmək yox, yalnız irəli!
Düşmənlə üz-üzə postlardan biri əsgər Adil Tatarovun şəhid olduğu postdur. Bu gün o posta “Tatar postu”adı verilib. Qabaq postlarda, Ermənistanın dövlət sərhədində arada qorxa-qorxa başını qaldıran düşmən əvvəlki mövqelərimizə geri çəkilməyimizi gözləyir. Nahaq. Dağlarda öz sinəsini sipər edən dağ kimi oğullar təzədən geri çəkilərmi?
İrəli, oğullar, Vətən naminə!
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” hərbi hissəsində yaradılan şəraitlə, silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış oldu və Naxçıvanda ordu quruculuğu istiqamətində görülən işləri yüksək qiymətləndirdi: “Biz son illər ərzində Azərbaycan Ordusunu yüksək dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın, demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın coğrafi yerləşməsinə, relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər”.
Ali Baş Komandanın bu açıqlamasından sonra işğalçı Ermənistan çox çəkmədi ki, Əlahiddə Ümumqoşun Ordusunun Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə döyüş atışlı taktiki təlimlərini izləməli oldu. Düşmən Şərur-Sədərək istiqamətində növbəti təxribata əl atdı. Görünür, bununla deyilənləri təkzib etmək və öz gücünü göstərmək istəyirdi. Lakin aldığı cavab gözlənilməz oldu. Bir səhər gözünü açdı ki, ən mühüm strateji yüksəkliklərdə Azərbaycan əsgəri mövqelənib. Hərtərəfli düşünülmüş və dəqiqliklə planlaşdırılmış tədbirlərin həyata keçirilməsi ilə bölmələrimiz ilkin mövqelərdən 3-6 kilometr dərinliyə irəliləyərək daha əlverişli yüksəkliklərdə möhkəmləndi. Günnüt kəndi ətrafındakı yüksəklikləri Qızılqaya dağı və Qaraqaya dağlarında yeni mövqeləri ələ keçirdi. Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarətə götürüldü. Həm də itkisiz. Şübhəsiz, Günnüt əməliyyatı son illərdə həyata keçirilən ən uğurlu hərbi əməliyyat kimi tarixdə öz yerini alacaqdır.
Əsgərlərimizin nəzarətinə keçən ərazi o qədər genişdir ki, onu bir günə gəzib qurtara bilmirik. Növbəti gün yolumuzu düşməndən azad edilən digər ərazilərdən salırıq. Ümumilikdə, 11 min hektar ərazi olmaqla sağ cinahda Ağsal dağı-Qaraqaya dağı istiqamətində 459, mərkəzdə Danzik-Qızılqaya dağı istiqamətində 1089, sol cinahda Ardıc dağı-Kömürlü dağı istiqamətində 1184 hektar ərazi bölmələrimizin nəzarətinə keçib. Sağ cinahda 1242, mərkəzdə 2291, sol cinahda 3107 və Qarağac-Həsənqulubağ dağı istiqamətində 1200 hektar ərazinin təhlükəsiz istifadəsi təmin edilib. Ələ keçirilən ərazilərin 8 min hektardan artığı kənd təsərrüfatı, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı sahələrdir.
Sədərəyə məxsus şərab zavodu illərdir ki, düşmənin nəzarəti altında idi. Bu gün o zavodun qapıları sökülən girişindən içəri keçib erməni vəhşiliyinin izlərinə şahidlik edirik. Artıq ərazi əsgərlərimizin nəzarətindədir. Şərab zavodu və onun ətrafına ermənilər yüzlərlə mina basdırıblar. Hazırda ərazidə minatəmizləmə işləri həyata keçirilir və tam yararsız vəziyyətə salınan şərab zavodu tullantılardan təmizlənir.
Qeyd edək ki, bu zavod ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib və Şərur-Sədərək bölgəsinin iqtisadi həyatında mühüm yer tutub.
Zavodun yerləşdiyi geniş sahə, bir neçə addımlıqda yerləşən ermənilərin məskunlaşdıqları Arazdəyən və Armaş kəndləri, eləcə də Qarabağa gedən yol ordumuzun tam nəzarətinə keçib.
Bölmələrimizin təhlükəsiz hərəkətini və fəaliyyətini təmin etmək məqsədilə qeyd olunan ərazilərdə mina-axtarış işləri aparılıb, 1600-dən çox müxtəlif növ minalar aşkar edilərək zərərsizləşdirilib, ələ keçirilən yeni mövqeləri möhkəmlətmək məqsədilə mühəndis-istehkam işləri görülüb.
Sədərək istiqamətində yerləşən belə mövqelərdən birindəyik. Bir neçə addımlıqda ermənilərin şərti olaraq “Qırmızıdam” adlandırılan postu aydın görünür. Bizim çəkiliş heyətini görüncə narahatlıqlarını ifadə edən səsləri ucalır.
Qısa zamanda dayaq məntəqələrinin bir neçə kilometrlərlə önə çəkilməsi, düşmənin illərdir möhkəmlənmiş əraziləri tərk etmək məcburiyyətində buraxılması, təbii ki qarşı tərəfdə ciddi mənada təşviş yaradıb.
Növbəti gün yolumuz dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqayayadır. O Qızılqaya ki, yalnız sıldırımlı yollarla ora yetişmək olar. O Qızılqaya ki, zirvəsinə qalxmaq üçün quşqonmaz yollardan keçməlisən. Enişli-yoxuşlu dağ yollarını qızmar Günəşin altında qət etmək üçün gücü ana torpaqdan alacaqsan. Dizlərinə təpər, qollarına qüvvət gələcək 9 kilometr yolu gedib qayıtmaq üçün. Qızılqayanın strateji əhəmiyyəti İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində paytaxt İrəvanı Ermənistanın cənubu ilə və eləcə də işğal altındakı Qarabağ ərazisi ilə birləşdirən əsas magistral yolun bir hissəsinin Əlahiddə Ümumqoşun Ordusu bölmələrinin bir neçə istiqamətdə tam vizual nəzarəti altına keçməsi mühüm hərbi üstünlük deməkdir. İrəvandan ermənilər üçün ən həyati vacib istiqamətlərə aparan bu yolun mühüm bir hissəsi bu gün Azərbaycan əsgəri tərəfindən daim vizual müşahidə edilir və atəş vasitələrinin birbaşa zərbəsi altına düşüb.
Qızılqayadan Qərbi Azərbaycan torpaqları, o cümlədən ermənilərin adını dəyişərək Areni qoyduqları Arpa kəndi görünür. Eləcə də ermənilərin bu istiqamətdə yerləşən postları ordumuzun nəzarətindədir. Uzun illərdir burada mövqe quran və əl içi kimi görünən erməni postlarının şəraitsizliyindən isə bəhs etməyə dəyməz.
Qızılqayaya bayrağımızı sancan Azərbaycan əsgəri Vətən torpaqlarının keşiyində sədaqətlə dayanıb. Bir də bu torpaqlara düşmən ayağı dəyməsin deyə. Biz gecə-gündüz rahat uyuyaq, çalışaq deyə qızmar Günəşin altında sayıqlığını itirməyərək düşmənlə üzbəüz mövqedə məğrurcasına dayanıb. Onların hərəsi bir qəhrəmandır. Ən yüksək məqamda qərar tutan Azərbaycan əsgərinin hər biri bir zirvədir. Bu zirvədən düşmənin taxıl sahələri və üzüm bağları görünür. Areni kənd əhalisinin bir narahatlığı da ordumuz zirvədə qərar tutandan sonra artıq bu əkin sahələrindən istifadə edə bilməyəcəyini düşünməsi idi. Lakin Azərbaycan ordusunun gücü Tanrının verdiyi nə bu nemətlərə qarşı yönəlib, nə də mülki əhaliyə.
Bir qədər aşağıda ağır texnikalar dağların bağrını yararaq, parçalayaraq Qızılqayaya yol açır. Texnikanın səsi uzun illərin sükutunu pozub. Hər kəs yorulmadan, inamla çalışır. Hər daşı, hər qayası qızıldan da qiymətli olan Qızılqaya fatehlərinə uğurlar arzulayıb axşamüstü geri qayıdırıq. Gördüklərimizi, müşahidə etdiklərimizi, əziz oxucu, səninlə paylaşmaq üçün.
İctimaiyyəti çaşdırmağa, növbəti yalanları ilə sakitləşdirməyə çalışan Ermənistan rəhbərliyi heç bir şəkildə Günnüt zəfərini həzm edə bilmir. Təbiidir. Bu gün Günnütü itirən, Qızılqayanı əldən verən düşmən sabah bu məğlubiyyətlə Kərkidə də qarşılaşacağını bilir. Günnütün və 11 min hektar ərazinin işğaldan azad olunması xəbəri ilk dəfə veriləndə işğalçı dövlət Naxçıvan mətbuatının dezinformasiya yaydığını deyərək, çaşqınlıq yaratmağa cəhd göstərdi. Bu düşmən tərəfindən gözlənilən addım idi. Bu gün Günnütdə oturan Azərbaycan əsgəri istisna deyil ki, sabah Kərkidə oturacaq, eləcə də digər işğal olunmuş ərazilərdə. Bu reallığı və ordumuzun gücünü yaxşı bilən işğalçı ölkənin Müdafiə Nazirliyi bununla əlaqədar olaraq məlumat yayıb ki, Azərbaycan tərəfinin bütün hərəkətləri Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. Vəziyyətlə yerində tanış olmaq üçün Müdafiə Nazirliyinin təşəbbüsü ilə həftə içində bir sıra erməni siyasi və ictimai xadimləri həmin bölgəyə gediblər. Orada onlar Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının döyüş növbətçiliyinin aparılmasını və qarşı tərəfin mövqelərini müşahidə ediblər. Amma iyunun 8-də Naxçıvan televiziyasının və Azərbaycanın digər informasiya vasitələrinin yaydığı dezinformasiyaya görə Ermənistan-Naxçıvan təmas xəttində olan bölgədə Azərbaycan Silahlı Qüvvələri 11 min hektar ərazi azad edib. Ermənistan Silahlı Qüvvələri geri çəkilib və Günnüt yaşayış məntəqəsi Azərbaycanın nəzarəti altına keçib.
Ovannisyana xatırlatma
Reallığı ört-basdır eləməyə çalışan Ermənistan Respublikası Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyanın müşayiəti ilə iyunun 10-da bir neçə jurnalist, ekspert və blogger həmin istiqamətdə ön xətdə olub. Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannesyan iddia edir ki, guya ermənilər “humanistlik” göstərərək, Azərbaycan tərəfinin müraciətinə əsasən insanların doğmalarının qəbirlərini ziyarət etmək üçün Günnütə girməyə imkan yaradıblar. Əvvəla, “humanizm” və “erməni” sözləri bir-birinə tamamilə ziddir. İkinci tərəfdən, əgər günnütlülər məzarları ziyarət üçün gəlmişdilərsə, onda erməni jurnalistlərin yazdığı kimi prosesi niyə yalnız Naxçıvan televiziyasının əməkdaşları çəkdilər? Ermənilərin bu imkanı olsaydı, çoxdan özlərini “humanist” kimi göstərmək üçün bu kadrları çəkib dünyaya yaymışdılar. Necə oldu ki Qızılqayanın zirvəsində jurnalistlər tam sərbəst şəkildə Azərbaycan bayrağını dalğalandırdılar? Harada idi sənin əsgərin? Mən deyim: Aşağıda, Qızılqayanın ətəyində, Azərbaycan əsgərinin tam nəzarətində idi erməni hərbiçiləri.
Bu günlərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Günnnüt kəndinin işğaldan azad edilməsinə dair hazırlanan videomaterialı öz səhifəsində yerləşdirdi və geniş izləyici auditoriyasına təqdim etdi.
Erməni mediası tərəfindən yayılan dezinformasiyalara cavab olaraq təqdim edilən videoda Azərbaycan Ordusunun erməni işğalçılarından kəndi azad etməsi, Sədərək istiqamətində irəliləyişlər, şərab zavodu və ona yaxın ərazilərin nəzarət altına alınması faktlarla izah olunur.
Buna qədər, Ermənistan tərəfi istər müdafiə naziri, istərsə də digər səlahiyyətli şəxslər səviyyəsində Azərbaycan Ordusunun öz ərazilərində irəliləməsini və mühəndis işləri aparmasını qeyd edirdi.
Müdafiə naziri Zakir Həsənovun Günnüt zəfəri barədə açıqlaması, strateji olaraq azad edilən bölgələrdən Laçın dəhliziunə nəzarət edilməsini vurğulaması yuxuya verilmiş Ermənistan cəmiyyətini silkələdi. Nəticədə Ermənistan Müdafiə Nazirliyi, mətbuat katibi Arsrun Ovannisyanın dili ilə mülki sakinləri təhdid edən ifadələr səsləndirdi: “Yeganə reallıq ondan ibarətdir ki, 25 ildir təhlükəsiz şəraitdə olan Azərbaycan tərəfinin təsərrüfat işçiləri və çobanları bundan sonra təhlükə qarşısındadırlar”.
Arsrun Ovannisyan, sən hansı təhlükədən danışırsan? Kimin torpağında kimi təhdid edirsən? Qızılqayadan baxdıqda uzanan dağ silsiləsi boyunca geniş ərazilər Azərbaycana məxsus qədim Dərələyəz mahalıdır. Bunu təsdiqləyən tarix var, xəritələr var. Dərələyəz Naxçıvan xanlığının ən qədim və zəngin mahallarından biri olub. Arpa, Ortakənd, Başkənd, Gülüdüzü, Canı, Əmoğlu, Ələyəz və digər kəndlər – ümumilikdə, 78 kənd Azərbaycan türklərinin məskunlaşdıqları ərazilər olub. Hansı ki, sənin babaların 1918-ci ildə Şərurun Yaycı kəndindəki məğlubiyyətinin acısını Dərələyəz mahalının Əmoğlu kəndindən alıb, soyqırımı törədib. Sonradan gəlib məskunlaşaraq Arpanı-Areni, Göytürkü-Getap, Həsənkəndi-Satin, Əyarı-Aqarakadzor, Başkəndi-Varnaşen, Yengicəni-Qandzak, Ortakəndi-Qladzor, Gülüdüzünü-Vardohovit, Qızılgülü-Arates kimi dəyişdirməklə deyilki! O torpaqların hansı dərinliyinə getsən, ordan Azərbaycan tarixi baş qaldıracaqdır. Ovannisyan və digər “yan”lar isə başlarını qaldırmasalar yaxşıdı. Bir dəfə başınızı qaldırdınız, Lələtəpəni itirdiniz, ikincidə Qızılqayanı uduzdunuz, üçüncü sizin üçün daha ağır olacaq. Gerçəklərlə barışın. Azərbaycan 1990-cı illərin böhranını çoxdan adlayıb. Qarşınızdakı isə 90-cı illərin pərakəndə deyil, tam silahlanmış qüdrətli Azərbaycan Ordusudur.
P.S. Yazını çapa hazırlayarkən ordu.az saytının erməni KİV-inə istinadən verdiyi xəbər diqqətimi cəlb etdi. Ovannisyan etiraf etdi: “Azərbaycan Ordusunun Naxçıvandakı irəliləyişləri doğrudur”.
“Azərbaycan Müdafiə Nazirliyinin yaydığı 30 dəqiqəlik videogörüntüdə iddia edilir ki, Azərbaycan Ordusu hücuma keçərək Günnüt kəndini, çılpaq gözlə Arpa (Areni) kəndi və kəndin infrastruktur tikililərini müşahidə altında saxlamağa imkan verən bir sıra əhəmiyyətli yüksəklikləri və mövqeləri azad edib.
Videogörüntüyə əsasən, Azərbaycan Ordusu yeni azad edilmiş mövqelərə doğru aparan ümumi hesabla 50 kilometr uzunluğunda yeni yollar inşa edib”, – deyə Ovannisyan qeyd edib.
Nəhayət, düşmən də anladı ki, yalan ayaq tutar, yeriməz.
Qaldı ki Günnüt zəfərini qəbul edə bilməyən, düşmən dəyirmanına su tökənlərə. Sosial şəbəkələrdə bu məsələ xeyli müzakirə obyektinə çevrildi. O qayaları, o səngərləri özünə məskən seçən əsgərlər-igidlər səni, məni, bizi – bu Vətəni şərəflə qoruyur. Əsgərin alın təri, ürəyinin hərarəti, qolunun gücü, əzmi ilə alınıb o torpaqlar! O əzmin, o iradənin, o Vətən sevgisinin qarşısında baş əyirəm! Azərbaycanlı adını daşıyan hər kəs qürur duysun və bilsin ki, biz artıq qələbəyə gedən yoldayıq. Bu yolda addımlamağa bizə cığır açan, meydan verən Azərbaycan Ordusuna eşq olsun!
Ruhiyyə Rəsulova,
Naxçıvan televiziyasının
baş redaktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.