Azərbaycan – İtaliya əlaqələrinin inkişafında yeni mərhələ başlayır

Prezident Sercio Mattarellanın ölkəmizə tarixi səfəri ikitərəfli münasibətlərə təkan verəcək
“Böyük yeddilər”in daimi iştirakçısı, Avropa İttifaqının güclü üzvü olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri və onun nəticələri ölkəmizlə “Köhnə dünya” arasında siyasi-iqtisadi bağların getdikcə möhkəmləndiyinin bariz nümunəsi olmaqla yanaşı, İtaliyanın Azərbaycana çox yaxın dost və tərəfdaş olduğunu da nümayiş etdirdi.
 
İtaliya Respublikası iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin siyahısında yer alır. Avropada iqtisadi cəhətdən 3-сü, dünyada isə 7-ci ən böyük ölkə olan İtaliya həm də dünyada ilk 10 ən böyük məhsul ixracatçısından biri kimi də tanınır. Ən böyük turizm regionlarından olan İtaliya Avropada həm də 5-ci ən böyük avtomobil istehsalçısıdır. Bundan başqa, İtaliyanın “Köhnə dünya”da sanballı siyasi çəkisi də var. Hazırda rəsmi Roma Avropada cərəyan edən geosiyasi və geoiqtisadi proseslərin fəal iştirakçısıdır. Avropa İttifaqının yaradıcı ölkələrindən biri olan İtaliya müasir dövrdə Avropanın aparıcı dövlətləri ilə yanaşı, dünyanın güclü siyasi-iqtisadi mərkəzlərindən biri kimi mövqeyinin möhkənləndirilməsində də mühüm rol oynayır. Rəsmi Roma Birləşmiş Millətlər Təşkilatını və təşkilatın beynəlxalq təhlükəsizliyin təmin edilməsinə yönəlmiş siyasətini fəal dəstəkləyir. 
Bundan əlavə, hazırda dünyanın ən güclü hərbi blokunun – NATO-nun güclü üzvlərindən biri olan İtaliya dünyanın bir sıra münaqişələrinin dinc və beynəlxalq hüquq normalarına uyğun həll olunmasının tərəfdarıdır. Sülhməramlı əməliyyatlarda iştirakına görə İtaliya ABŞ və Böyük Britaniyadan sonra üçüncü yeri tutur. Rəsmi Roma postsovet məkanında mövcud münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ probleminin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsini dəfələrlə bəyan etmişdir. Bugünlərdə Azərbaycana rəsmi səfərə gəlmiş İtaliya Prezidenti Sercio Mattarella ADA Universitetində çıxışında bildirmişdir ki, İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropanın müxtəlif nüfuzlu qurumlarının qəbul etdiyi sənədlər əsasında, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmaqla, sülh yolu ilə həllinə tərəfdardır. 
Azərbaycan ilə İtaliya arasında münasibətlərin tarixi çox qədimdir. İtaliya Azərbaycanın Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr saxladığı ölkələrdən biridir. Hələ orta əsrlərdə Səfəvilər sarayında Venesiya və Genuya respublikalarının daimi elçiləri fəaliyyət göstərmişlər. İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ötən dövrdə ölkələrimiz arasında bütün sahələrdə inkişaf nəzərə çarpır. İki ölkə arasında rəsmi münasibətlərin 1992-ci ilin yanvar ayından başlanması və uzun müddət ərzində uğurla inkişaf etməsi tərəflərin bir-birinə verdiyi böyük dəyər və hörmətin nəticəsidir. Ölkələr arasında həm iqtisadi, həm də siyasi baxımdan çox yaxşı münasibətlər var. İki ölkənin parlamentlərarası əlaqələri də yüksək səviyyədədir. Ölkələr arasında neft və qeyri-neft sektorunda çox yaxşı münasibətlər qurulmuşdur. Bu münasibətlər gündən-günə inkişaf edir. 
Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-İtaliya biznes forumunda çıxışında İtaliyanı çox yaxın dost və tərəfdaş ölkə adlandıraraq, əlavə etmişdir ki, tərəfdaşlığımızın təməlində birgə maraqlar, beynəlxalq məsələlərə ortaq münasibət dayanır: “Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl İtaliya və Azərbaycan öz strateji tərəfdaşlığını rəsmən təsdiq etdilər, müvafiq bəyannamə qəbul olunmuşdur”.  İtaliya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq enerji resursları ilə məhdudlaşmır. Belə ki, indiyədək keçirilən Azərbaycan-İtaliya biznes forumlarında müzakirə olunan əsas məsələlər neft-qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunda əməkdaşlığı da nəzərdə tutur. Tərəflər iqtisadiyyatın bir çox sahələri üzrə geniş əməkdaşlıq əlaqələrini gücləndirmək niyyətindədir. Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda İtaliya öncül sıralarda yer almışdır.
İkitərəfli münasibətlərin geniş hüquqi bazaya malik olması əlaqələrin sürətlə inkişaf etməsinə münbit şərait yaradır. Qeyd etdiyimiz kimi, İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məsələdə dövlət səviyyəsində xüsusi olaraq, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Hətta İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul etmişdir və həmin qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olmasında, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapmışdır. 
Məlumdur ki, Azərbaycan Aİ-nin üzvü olan ölkələrlə, o cümlədən, İtaliya ilə daha sıx əməkdaşlıq etməyə və onun Avropa İttifaqına inteqrasiya təcrübəsindən faydalanmağa maraqlıdır. Xatırladaq ki, ölkələr arasında münasibətlərin davamlı templə inkişafında ümummilli lider Heydər Əliyevin 1997-ci il 24-27 sentyabr tarixlərində İtaliyaya səfəri mühüm rol oynamışdı. Səfər zamanı ulu öndər Heydər Əliyev İtaliya rəsmiləri ilə görüşündə ölkəmizin İtaliya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verməsi, habelə, Azərbaycanın İtaliyaya Avropanın böyük demokratik ənənələrə, inkişaf etmiş iqtisadiyyata malik dövlət, əməkdaşlıq üçün çox yaxşı tərəfdaş kimi baxması haqqında söhbət açmışdı.  Böyük siyasi xadim Heydər Əliyevin İtaliyaya səfəri nəticəsində ölkələr arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanmışdı. Ulu öndərin İtaliya Respublikasına rəsmi səfəri bu ölkə ilə bütün sahələrdə əlaqələrin daha da gücləndirilməsi üçün böyük perspektivlər açmışdı.
Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il iyulun 13-də İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı əlaqələrin inkişafına növbəti təkan olmuşdu. Səfər çərçivəsində dövlət başçımız Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə etmiş, ölkələrimiz arasında əlaqələrin Avropa İttifaqı – Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulanmışdı. Səfər zamanı energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı qeyd olunmuş, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verdiyi bildirilmişdi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan – İtaliya ikitərəfli münasibətlərinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılmışdı. Ən əsası, həmin səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və İtaliyanın Baş naziri Matteo Renzi tərəfindən “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” qəbul olunmuş, həmçinin iki ölkənin bir sıra qurumları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdı. 
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın bugünlərdə Azərbaycana səfəri tarixi olmaqla yanaşı, iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılmasına da şərait yaratdı. Azərbaycan və İtaliya prezidentlərinin birgə mətbuat konfransında cənab İlham Əliyev İtaliya Prezidentinin Azərbaycana ilk dəfə səfər etdiyini bildirmiş və əminliklə vurğulamışdır ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək. Əlaqələrimizin çoxşaxəli və bir çox sahələri əhatə etdiyini vurğulayan dövlət başçımız diqqətə çatdırmışdır ki, aparılan danışıqlarda və keçirilən görüşlərdə regional inkişaf və regional təhlükəsizlik məsələləri, Avropa İttifaqı – Azərbaycan əlaqələri, siyasi, iqtisadi ikitərəfli əlaqələrimiz – digər məsələlər müzakirə olunmuşdur. ­Prezident İlham Əliyev bütün məsələlərlə bağlı tərəflərin fikirlərinin üst-üstə düşdüyünü də açıqlamışdır. İtaliyanın hazırda ATƏT-in sədri olduğunu deyən dövlət başçımız ümid etdiyini də bildirmişdir ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaqdır. Ermənistanın uzun illərdir Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul olunmuş qətnamələrə məhəl qoymadığını, öz işğalçı siyasətini davam etdirdiyini və status-kvonu saxlamaq istədiyini diqqətə çatdıran Prezident İlham Əliyev bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədr ölkələrinin prezidentlər səviyyəsində status-kvonun qəbuledilməz olduğu barədə dəfələrlə bəyan etdiklərini xatırlatmışdır. “Biz bu mövqeyi dəstəkləyirik və hesab edirik ki, tezliklə münaqişənin həlli üçün addımlar atılmalıdır, Ermənistanın işğalçı qüvvələri bizim tarixi torpaqlarımızdan çıxarılmalıdır”, – deyən dövlət başçımız bu yaxınlarda Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlığın prioritetləri” sənədində də Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına bir daha Avropa İttifaqı tərəfindən dəstək göstərildiyini nümunə gətirmişdir.
Beləliklə, İtaliya Prezidenti Sercio Mattarellanın səfəri iqtisadi, siyasi, mədəni əlaqələrimizin daha da genişləndirilməsi, ikitərəfli münasibətlərimizin Azərbaycan – Avropa İttifaqı əməkdaşlığı çərçivəsində möhkəmləndirilməsi baxımından önəm daşıyır. Bu tarixi səfər həm də iqtisadi əlaqələrə müsbət təsir göstərəcək. Məlum olduğu kimi, İtaliya neftlə bərabər, qaz resurslarının da əsas alıcısıdır. Xatırladaq ki, hələ 2007-ci ilin dekabrında Azərbaycanla İtaliya arasında qaz sektorunda əməkdaşlığa dair protokol imzalanmışdı. 28 iyun 2013-cü ildə “Şahdəniz” konsorsiumu elan etmişdi ki, “Şahdəniz-2” layihəsindən hasil ediləcək qaz həcmlərini Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı müştərilərə çatdırmaq üçün Trans-Adriatik boru kəmərini (TAP) seçmişdir. 13 fevral 2013-cü ildə Yunanıstan, İtaliya və Albaniya hökumətləri Trans-Adriatik boru kəməri üzrə hökumətlərarası saziş imzalamışdı. 
Bir sözlə, İtaliya da digər Avropa ölkələri kimi, Azərbaycanın şaxələndirmə siyasətini dəstəkləyərək, regionda iri yanacaq-kommunikasiya dəhlizlərinin yaradılmasına təşəbbüs göstərən əsas dövlətlərdən biridir. Bütün bunlar belə deməyə əsas verir ki, iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasından ötən müddət ərzində münasibətlərin güclənməsinə istiqamətlənmiş strateji tərəfdaşlıq siyasəti Azərbaycan və İtaliya xalqlarının dostluq əlaqələrini möhkəmləndirməyə imkan verir. Tərəflər arasında qarşılıqlı-faydalı əməkdaşlığın mövcudluğu, eyni zamanda, bir çox sahələrdə intensiv əlaqələrin inkişafı Azərbaycan – İtaliya münasibətlərinin xarakterinə müsbət təsir göstərir.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında