İyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinə dair səsvermənin nəticələrinə görə, Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildi və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) seçicilərin etimadını qazandı. Türkiyə Ali Seçki Komissiyasının (ASK) sədri Sədi Güvənin sözlərinə görə, ölkə üzrə 59,3 milyon seçicinin 87 faizdən çoxu səsvermədə iştirak etdi və seçicilərin 52,6 faizi prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğana etimad göstərdi. Bundan başqa, parlament seçkilərinə keçirilən səsvermədə də AKP ilə Millətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi Cümhur İttifaqı birinci yeri qazandı və AKP 600 mandatlı Türkiyə Böyük Millət Məclisində 293 millət vəkili ilə təmsil olunacaq. Parlamentdəki yer bölgüsü deməyə əsas verir ki, Cümhur İttifaqında birləşən AKP və MHP yeni hökumətin qurulmasında vaxt itkisinə yol verməyəcəklər.
Beləliklə, Türkiyə xalqı müxtəlif siyasi dairələrin proqnoz və ehtimallarına rəğmən Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçdi. Xüsusilə də Qərbin siyasi dairələrinin Türkiyə seçkilərinin yekunlarına dair irəli sürdükləri proqnozların tam tərsinə olaraq, Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi qardaş xalqın milli mənafeləri düzgün qiymətləndirməsindən xəbər verdi. Türkiyə seçkilərini çox yaxından təqib edən Qərbin bir sıra Kütləvi İnformasiya Vasitələri Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsinin perspektivliyi şübhə altına alınır və uydurulmuş problemlər fonunda Türkiyə xalqının “doğru” addım atacağına ümidlər ikibaşlı işıqlandırılırdı. Amma Türkiyə seçiciləri kənardan sırıdılan dəyər və mülahizələrə fikir vermədən, real iqtisadi təməllər üzərində inkişaf edən, regionun güclü dövləti olan Türkiyənin güclü və xarizmatik liderinə yenidən ehtiram göstərməyi qərara aldılar. Ən əsası, Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, azad, ədalətli və şəffaf təşkil olunan seçkilərdə müşahidə edilən seçici fəallığı Türkiyə xalqının öz hüquqlarına və müstəqilliyinə verdiyi dəyərdir. Bəli, qardaş ölkə öz hüquqlarından istifadə edərək, regional müstəvidə sülhün və iqtisadi rifahın güclənməsi yolunu tutaraq Türkiyənin müstəqilliyinə kiçicik belə kölgə salınmasına izn verməyəcəyini bütün dünyaya nümayiş etdirdi.
Ümumiyyətlə, Prezident Rəcəb Tayyib Ərdoğan və onun partiyası 2002-ci ildən Türkiyədə hakimiyyətdədir və o, iqtidarda olduğu illərdə qardaş ölkənin iqtisadiyyatı sürətlə inkişaf etmişdir. Ötən müddət ərzində Türkiyə iqtisadiyyatının kifayət qədər gücləndiyi barədə məlumatlar da mövcuddur. AKP hakimiyyətə gələndən ümumidaxili məhsul istehsalı ciddi şəkildə artmışdır. Türkiyə hökuməti Türkiyə Cümhuriyyətinin 100 illiyinə, yəni 2023-cü ilə qədər ümumdaxili məhsulun 2 trilyon dollara çatdırılmasını hədəf götürmüşdür. Qardaş ölkədə məşğulluq səviyyəsində də yüksək artım var. Məsələn, 2005-ci ilin əvvəlində çalışan insan sayı 6 milyon idisə, bu gün 28 milyondur.
Türkiyə əleyhinə aparılan kampaniyalara baxmayaraq, turizm gəliri 2017-ci ildə 20 milyard dolları keçmişdir. Hazırda Türkiyənin milli gəliri 1 trilyon lirəni üstələyir ki, bu da ölkə iqtisadiyyatının gücünün göstəricisidir. AKP Türkiyəni 3,5 dəfə böyüdərək, inkişaf məsələsindəki qətiyyətini də göstərmişdir. Buna görə də, Türkiyənin “Böyük 20 – lər” arasında 17-ci ölkə olması təsadüfi sayılmamışdı və qardaş ölkənin indiki hədəfi ilk onluğa daxil olmaqdan ibarətdir. Bu gün Türkiyə iqtisadiyyatında müşahidə edilən dinamik artım Prezident Rəcəb Tayyib Ərdoğanın və komandasının qarşıya qoyulmuş hədəfə çatacaqlarına inamı daha da yüksəldir.
Türkiyə xalqı 24 iyun seçkiləri ilə bütün dünyaya vacib mesajlar da göndərdi. Müstəqillik və demokratitya yolundan heç zaman dönməyəcəyini nümayiş etdirən qardaş xalq ədalətsizliyə və sabitliyə qarşı çıxan qüvvələrlə mübarizədə olacağını təsdiqlədi. Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda "Cümhur İttifaqı" adlanan blokun tərəfdaşları qarşısındakı çıxışında Türkiyənin dünyaya demokratiya dərsi verdiyini açıqlamış və əlavə etmişdir ki, bütün siyası polemikaları kənarda qoymaq və Türkiyə xalqının rifahı naminə birgə fəaliyyət göstərmək vaxtı çatmışdır.
Seçkilərin nəticələrini tanıyan müxalifət partiyalarının da bu çağırışa müsbət münasibət göstərməsi vacibdir. Çünki eyni vaxtda dövlətin idarəçilik formasının dəyişməsinə, xalqın səlahiyyət verdiyi prezident institutunun yaradılmasına, yeni parlamentin formalaşdırılmasına gətirib çıxarmış siyasi prosesin başa çatmasından sonra milli mənafelər naminə taleyüklü məsələlərdə bir cəbhədən çıxış etmək vəzifəsi aktuallığını artırır. Bəli, indi bütün siyasi dairələr etiraf edirlər ki, mürəkkəb regional və qlobal şərtlər daxilində hakim partiyanın qalib gəlməsi tarixi nailiyyətdir. Ən əsası, politoloqların fikrincə, Prezident Rəcəb Tayyib Ərdoğanın müxtəlif siyasi qüvvələrin və Türkiyə cəmiyyətinin həlledici hissəsinin maraqlarını demokratik proses daxilində dövlətçilik mənafeləri naminə birləşdirməyi bacardı və bu, onun nə qədər güclü siyasi lider olduğunu bir daha təsdiqlədi.
Seçkilərdə ikinci yeri tutmuş Cümhiyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncənin də seçki nəticələrini tanıması belə deməyə əsas verir ki, seçki prosesi dövlətçilik maraqlarına və demokratik normalara uyğun keçmişdir. Siyasi müşahidəçilər qeyd edirlər ki, siyasi reallığı obyektiv qiymətləndirməyi bacaran Türkiyə xalqı "Cümhur İttifaqı"na qələbə qazandırdı və bu fakt Türkiyənin gələcək inkişafı və sabitliyi baxımından olduqca mühüm bir hadisədir.
Bütövlükdə, Türkiyənin beynəlxalq mövqeləri də möhkəmlənmiş və çox ciddi regional aktora çevrilmişdir. Bu gün hamı etiraf edir ki, bu inkişaf və sıçrayış məhz cənab Ərdoğanın hakimiyyətdə olduğu illərə təsadüf edir. Azərbaycanla da hərtərəfli münasibətlərin sürətli inkişafı məhz R.T. Ərdoğanın hakimiyyəti illərinə düşür. Azərbaycanın inkişafına hər zaman töhfə vermiş Türkiyənin güclənməsi ikitərəfli münasibətlərin xarakterinə müsbət təsir göstərir. Prezident İlham Əliyevin Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimdə dediyi kimi, Azərbaycan Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş uğurlarına çox sevinir: “Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya çapında böyük gücə çevrildi. Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir. Biz Azərbaycanda buna sevinirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir”. Dövlət başçısı çıxışında bildirmişdi ki, bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir: “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir".
24 iyun seçkilərində ilkin nəticələr elan edildikdən dərhal sonra Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən də məhz Azərbaycan Prezidenti İlham Əliyevin olması möhkəm qardaşlıq və iki lider arasında yaranmış dərin ehtiram və dostluq münasibətlərinin təsdiqidir. Şübhəsiz, Azərbaycan xalqı bundan sonra da siyasi tarixinin mühüm bir mərhələsinə qədəm qoymuş Türkiyə xalqının yanında yer alacaq.
Türkiyə bu seçkilərdən sonra yeni idarəetmə üsuluna keçəcək və prezident üsulu ilə idarə ediləcək. Bəs yeni idarə üsulu qardaş ölkəyə hansı müsbət cəhətlər vəd edir? Politoloqların fikrincə, tarixi reallıq və regional müstəvidə cərəyan edən bugünkü siyasi proseslər belə deməyə əsas verir ki, çətin və mürəkkəb mərhələdə yeni idarə üsulunun tətbiqi milli və siyasi məqsədlərə çatmaq baxımından əhəmiyyət daşıyır. Məlumdur ki, Türkiyə mürəkkəb coğrafiyada yerləşir və kifayət qədər mürəkkəb demoqrafik, eyni zamanda, çoxşaxəli daxili ideoloji struktura malikdir. Belə özəlliklərə malik bir ölkənin vahid bir mərkəzdən idarə olunması siyasi müzakirələrin əsas mövzusuna çevrilmişdi və 24 iyun tarixində Türkiyə xalqı demokratik və şəffaf şəkildə yeni siyasi sistemin yaradılmasına yaşıl işıq yandırdı. Dəyişikliklərə əsasən, məhkəmə sisteminin neytrallığı və tərəfsizliyi təmin olunacaq, parlamentdə deputatların sayı 550-dən 600 nəfərə çatdırılacaq, parlament seçkilərində iştirak etmək üçün yaş həddi 25-dən 18-ə endiriləcək. Parlamentin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırıldı. Bundan başqa, prezident dövlətin başçısı kimi nazirləri və vitse-prezidentləri təyin etmək, yaxud vəzifədən azad etmək səlahiyyətlərinə malik olacaq. Həmçinin, prezidentə referendum və fövqəladə vəziyyət elan etmək hüquqları da verilir. Hərbi məhkəmələr ləğv ediləcək, mülki məhkəmələrdə də islahatlar aparılacaq. Hakim və prokurorluq institutu Ədliyyə Nazirliyi ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.
Bir sözlə, ölkənin ictimai-siyasi həyatında baş verən gərginliklərə, narahatlıq və nigarançılıqlara da son qoymaqla Türkiyə demokratik, hüquqi islahatların davam etdirilməsi yolunda yeni mərhələyə keçid aldı. Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının tarixində yeni siyasi sistemin birinci dövlət başçısı oldu.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.