Azərbaycan yeni əməkdaşlıq formatları ilə uğurlu diplomatik nümunələr yaradır

Biz son 15 il ərzində qonşu dövlətlərlə daha da sıx münasibətlər qura bildik. Deyə bilərəm ki, ikitərəfli münasibətlərimiz indi ən yüksək səviyyədədir, qonşu dövlətlərlə bizim heç bir problemimiz yoxdur, bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və ikitərəfli əməkdaşlıq çoxtərəfli əməkdaşlığa şərait yaradır. Çoxtərəfli əməkdaşlıq da Azərbaycanın təşəbbüsü ilə baş verir. Bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradılıbdır və bu, işlək formatlardır. Biz bu üçtərəfli və dördtərəfli görüşlərdə çox önəmli məsələləri müzakirə edirik, həll edirik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
 
 
Gənc müstəqil Azərbaycan dövlətinin son illərdəki xarici siyasəti, xüsusən, diplomatik uğurlarımız barədə qələmə aldığımız bu yazının əvvəlində cənab Prezidentin andiçmə mərasimindəki nitqindən iqtibas  gətirməyimiz təsadüfi deyil. Çünki dövlət başçımızın həmin nitqi bir növ son 15 ilin hesabatı şəklində olduğuna görə orada  kifayət qədər dəyərli fakt, rəqəm və arqument vardır. Bununla belə, bu il martın 16-da  VI Qlobal Bakı Forumunun , aprelin 5-də Qoşulmama Hərəkatının  Bakıda keçirilən nazirlər konfransının açılış mərasimlərində, mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş təntənəli mərasimdə və digər tədbirlərdə geniş nitqlərlə çıxış edən dövlət başçımız ulu öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasət kursumuzun uğurla icra edilməsindən əhatəli şəkildə söz açmışdır.
 
VI Qlobal Bakı Forumunun tribunasından çıxış edən dövlət başçımız xatırladıb ki,  bizim  bütün səylərimiz təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib.  Əfsuslar olsun ki, Azərbaycan, ərazimizin demək olar ki, 20 faizini işğal etmiş qonşu Ermənistanın təcavüzündən əziyyət çəkir. Ermənistan beynəlxalq hüququn normalarını kobud surətdə pozur, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 
Dövlət başçımız beynəlxalq ictimaiyyətə xitabən deyib ki, Ermənistan hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımını törədib. Həmin soyqırımı hazırda 10-dan artıq ölkə tərəfindən tanınıb. Bu soyqırımı nəticəsində 613 dinc, günahsız vətəndaş qətlə yetirilib. Onların arasında 106 qadın, 63 uşaq var idi. Mindən artıq şəxs itkin düşüb. Bu, insanlığa qarşı cinayətdir və Azərbaycana qarşı təcavüzün bir hissəsi olmuşdur. Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Əsrlər boyu azərbaycanlılar həmin ərazilərdə yaşayıb, yaratmışlar. Hazırda işğal olunmuş ərazilərimizdə hər şey dağıdılıb, tarixi binalarımız, abidələr, qəbiristanlıqlar, dini abidələr yerlə-yeksan edilib.
Həmin faktların dünya ictimaiyyətinə məlum olduğunu söyləyən Prezident deyib:  “Bunlar ATƏT-in iki faktaraşdırıcı missiyası tərəfindən işğal olunmuş ərazilərdə qeydə alınıb. Bu, eyni zamanda, mədəni irsimizə qarşı soyqırımıdır. Münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır. 1990-cı illərin əvvəlində Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilmişdir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilməyib. Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmayıb. Bu, o ölkədir ki, iyirmi ildən çoxdur BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda davam edir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı kimi digər beynəlxalq təşkilatlar oxşar qətnamələr qəbul ediblər. Beləliklə, tarixi həqiqət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Münaqişənin hələ də həll olunmamasının yeganə səbəbi ondan ibarətdir ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmaq istəmir. Nəinki Dağlıq Qarabağ, həmçinin onun ətrafındakı 7 rayon hazırda işğal altındadır. Orada bütün Azərbaycan əhalisi etnik təmizləməyə məruz qalmışdır”.
Yada saldığımız növbəti beynəlxalq tədbirdə – Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər konfransının açılış mərasimində də dövlət başçımız Azərbaycan həqiqətlərini böyük qətiyyət və ustalıqla dünya ictimaiyyətinin  diqqətinə çatdırmışdır. Prezident  həmin tədbirdə qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Biz bu ailəyə 2011-ci ildə qəbul olunduq, dərhal təşkilatın və onun üzvlərinin dəstəyini hiss etməyə başladıq. 
Bu dəstəyin  Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı daha qətiyyətli şəkildə özünü göstərdiyini yada salan dövlət başçımız həmin tarixi anı bu şəkildə xarakterizə edir: “ Bu, 2011-ci ildə, ölkəmizin təşkilata qəbul olunduğu eyni ildə baş verdi və biz tərəfdaşlarımızın güclü dəstəyini hiss etdik. Bu, o qədər də asan məsələ deyildi, çünki bizim güclü rəqiblərimiz var idi və həmin rəqiblər təşkilatımıza üzv olmayan ölkələr idi. Seçilməyimiz üçün 16 raund tələb olundu və biz 155 dövlətin dəstəyi ilə qeyri-daimi üzv seçildik. Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi bizim ən mötəbər beynəlxalq quruma üzv seçilməyimizdə həlledici rol oynadı”.
Əgər dövlət başçımızın bu il beynəlxalq aləmdə geniş əks-sədaya səbəb olmuş nitqlərini xronoloji ardıcıllıqla yada salmaq istəsək, onda  görərik ki,  cənab Prezident bu qəbildən olan başqa bir nitqini  aprelin 18-də keçirilən andiçmə mərasimində söyləyib. “Biz son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak etmişik, bundan sonra da fəal iştirak edəcəyik”--  deyən  dövlət başçımız əlavə edir ki, beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir. 
Həmin arqumenti Prezident bu şəkildə konkretləşdirir: “Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər. Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.
Dövlət başçımız ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində də xarici siyasətimiz barədə  daha geniş şəkildə söz açmışdır. “ Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bunu tarix deyir, mədəniyyət deyir, bunu beynəlxalq hüquq deyir. Dağlıq Qarabağda keçirilmiş son qondarma “referendum” heç bir ölkə, heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Bu, bir daha onu göstərir ki, beynəlxalq aləm, bütün ölkələr Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz öz prinsipial mövqeyimizi bundan sonra da gücləndirəcəyik. Azərbaycanın həm beynəlxalq müstəvidə, həm də regionda kifayət qədər imkanları var. Bizim iştirakımız olmadan bölgədə heç bir layihə icra edilə bilməz. Ermənistanda bu reallığı nə qədər tez başa düşsələr, münaqişə o qədər də tez həll edilər və bölgəmizdə sülh təmin olunar”.
Nəhayət, Prezident İlham Əliyev bu il  iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP -- Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə ulu öndər Heydər Əliyevin işləyib hazırladığı neft diplomatiyamızın uğurlarından söz açaraq demişdir: “Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılmış və bir çox tədbirlər keçirilmişdir. Ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmamışdır. Belə olan halda Türkiyə və Azərbaycan qərara gəldilər ki, biz özümüz yeni bir layihəni irəli sürək və bunun adını da biz birlikdə qoyduq – ­TANAP. TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Rəcəb Tayyib Ərdoğan və mən imzaladıq. O gün həmin imzalanma mərasimində biz bugünkü günü görmək arzumuzu ifadə etdik və Allah bizə bunu nəsib etdi. Biz bu illər ərzində böyük işlər gördük”.
Bəli, Azərbaycan dövləti istənilən məsələdə öz siyasi-diplomatik mövqeyini qətiyyətlə müdafiə edir və qarşıya qoyulan məqsədlərə uğurla nail olur. İnanırıq ki, işğalda olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi kimi müqəddəs amalımız da tezliklə günün reallığına çevriləcək. 
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında