SSRİ-nin süqutundan sonra dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illər sanki anarxiya, xaos, özbaşınalıq “burulğanına” düşmüşdü. Həmin vaxt ölkəyə rəhbərlik edənlərin hələ də sovet rejimindən ayrıla bilməməsi, müstəqil dövləti idarə etməkdə kifayət qədər təcrübəsi olmaması vəziyyəti getdikcə ağırlaşdırır, respublikanı parçalanmaq həddinə çatdırırdı. Bir-birini tez-tez əvəz edən hakimiyyət nümayəndələri xalqın milli maraqlarından daha çox, özlərini düşünürdülər. Bundan istifadə edən mənfur qonşumuz isə torpaqlarımızı hissə-hissə zəbt edirdi.
AXC – Müsavat cütlüyünün hakimiyyəti ələ almasından sonra vəziyyət daha da ağırlaşdı. Qonşu dövlətlərlə münasibətlərin korlanması, daxildə ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni silahlı birləşmələrin hegemonluğu, nəhayət, birincilik davası ölkədə vəziyyəti son dərəcə gərginləşdirmişdi. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü təhlükə ilə üzləşmişdi. Bu gərginlik, hərc-mərclik hələ ayrı-ayrı şəxslərin nəzarətində olan ordu hissələrinə də sirayət edirdi. Həmin silahlı qruplaşmaların əksəriyyəti şəxsi mənafelərə xidmət göstərir, düşmənlə vuruşmaqdansa, maddi maraqların əsirinə çevrilirdi.
AXC–Müsavat hakimiyyətinin məntiqsiz, bir-birini təkzib edən qərarları iqtidarın ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Problemlər getdikcə artır, siyasi gərginlik dərinləşir, vətəndaş müharibəsi yaxınlaşırdı. Artıq hakimiyyətin ən yüksək təbəqələrində qruplaşmaların yarandığı açıq-aydın görünürdü. Birincilik üstündə mübarizə silahlı qarşıdurma həddinə çatırdı. Dövlət idarəçiliyini itirən, silahlı birləşmələrə nəzarət edə bilməyən o zamankı Azərbaycan iqtidarı 1993-cü ilin iyununda ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq respublikanın bir sıra ərazilərində – Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda bəzi silahlı qruplaşmalar açıq şəkildə mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.
Həmin vaxt Gəncə şəhərində ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Hakimiyyət strukturları AXC-Müsavat iqtidarının hərbi təcrübəsi və bu sahədə təhsili, qabiliyyəti olmayan, lakin korpus komandiri vəzifəsinə qədər qaldırdığı Surət Hüseynovun əsirinə çevrilmişdi.
Belə bir məqamda o zamankı iqtidar vəziyyəti daha da gərginləşdirən məntiqsiz qərarlar verməkdə davam edir, silahlı birləşmələri, demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Bu qərarla razılaşmayan və əmrə tabe olmayan Surət Hüseynov tabeçiliyindəki qoşun hissəsini Bakıya doğru istiqamətləndirdi. Gəncədə, o cümlədən, Bakıya qədər bir sıra rayonlarda silahlı qarşıdurmalar yaşanırdı və Surət Hüseynov həmin rayonları öz nəzarətinə keçirirdi. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı hərbi hissə arasında döyüş oldu. Ölkə vətəndaş müharibəsinin astanasında dayanmışdı.
AXC-Müsavat iqtidarının səriştəsizliyi, qorxaqlığı və qətiyyətsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. İyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi bu hadisəni kəskin pislədi və bununla əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək, səbirli, təmkinli olmaları tövsiyə olunur, müstəqilliyimizin qorunub saxlanacağına böyük inam ifadə olunurdu. Yaranmış son dərəcə ağır vəziyyət, respublikanın parçalanması təhlükəsinin artması, xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyini sual altına qoymuşdu. Çıxılmaz vəziyyətə düşmüş xalqın və başını itirmiş o vaxtkı iqtidarın yeganə ümid yeri Heydər Əliyev idi.
Vətənin həmin ağır günündə xalq müdrik şəxsiyyət Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli lider vətənpərvər ziyalıların və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Vəziyyət son dərəcə ağır idi. AXC-Müsavat iqtidarı faktiki olaraq, ölkəni fəlakətin bir addımlığına çatdırmışdı. Onlar indi öz canlarını Surət Hüseynovdan qorumaq barədə düşünürdülər.
1993-cü il iyunun 13-də Milli Məclisdə Gəncə hadisələri ilə bağlı gərgin müzakirələr başlandı. Gəncədəki ağır vəziyyətə görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verdi. Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri vəzifəsini Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti yerində öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirdi. Heydər Əliyev həmin gün 30 nəfər jurnalistlə birlikdə Gəncəyə yola düşdü.
Ümummilli lider Heydər Əliyevin Gəncəyə səfəri tədricən ölkədə yaradılacaq daxili sabitliyin təməlinə çevrildi. Bu, çox qorxulu bir səfər idi. Gəncədə Surət Hüseynovun ətrafına toplaşmış silahlı dəstələr hər an ulu öndərə sui-qəsd edə bilərdilər. Lakin o, bundan qorxmadı, Vətəni, xalqı düçar olduğu bəladan, müstəqilliyimizi məhv olmaqdan xilas etmək, Azərbaycanı qorumaq üçün bu riskli səfərə getdi.
Gəncədə isə yerli sakinlər öz xilaskarını – ulu öndəri gül-çiçəklə, böyük hörmət və ehtiramla qarşıladılar. Yerli əhali küçələrə çıxır, ulu öndərə inamlarını nümayiş etdirir, onunla görüşür, belə ağır məqamda arxa-dayaq olduğuna görə sevinclərini nümayiş etdirirdilər. Gəncə hadisəsinin “təşkilatçıları”nın bütün planları alt-üst olmuşdu. Heydər Əliyevin Gəncəyə gəlməsi və xalqın onu bayram-əhval ruhiyyəsində qarşılaması hakimiyyəti ələ keçirmək istəyən Surət Hüseynov tərəfdarlarını təşvişə salmışdı.
Heydər Əliyev o ağır günlərdə Gəncəyə səfəri barədə ona verilən sualları cavablandırarkən demişdir: “Əvvəla, mən Surət Hüseynovu tanımırdım, heç vaxt onun, hətta üzünü də görməmişdim. Yeri gəlmişkən, baxmayaraq ki, mənə indi məlum olduğu kimi, Surət Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır, respublika baş nazirinin müavini, Azərbaycan Prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi idi. O, mən bilən, televiziya ilə, demək olar, heç vaxt çıxış etməmişdi. Mən Naxçıvanda yaşayırdım və həmin dövr ərzində onu hətta televiziya ekranında bir dəfə də olsun görməmişdim... Mən onu yenə də tanımırdım. Sonra iyunun 13-də Gəncəyə gəldim və onunla ilk dəfə olaraq görüşdüm. Deməli, aramızda hansısa bir sazişin və ya hansısa dostluq münasibətlərinin olmasından söhbət gedə bilməz. Bütün gecə mən onunla danışıqlar apardım və iyunun 14-də Bakıya qayıtdım. Bundan sonra isə o, ta Bakıya gələnə qədər onunla telefon əlaqəsi saxladım. Aramızda heç bir saziş, heç bir dostluq əlaqəsi olmamışdır”.
İyunun 13-ü Heydər Əliyevin xilaskarlıq missiyası qətiyyət və cəsarət nümunəsi kimi tarixə yazıldı. Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Həmin vaxtdan etibarən ulu öndər ölkədə daxili sabitliyin yaradılması istiqamətində kifayət qədər uğurlu addımlar atdı, cəbhədə düşmənə kəsərli cavablar verərək, onu atəşkəs haqqında sazişi imzalamağa məcbur etdi, ölkənin yeni neft strategiyasını hazırladı, neft diplomatiyasının bir sıra uğurlarına imza atdı. Azərbaycan tədricən beynəlxalq aləmə inteqrasiya olundu və müstəqilliyimiz qorunub saxlandı.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.