Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq
olmuşdur.
Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin
95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqindən
Bakı, 10 may 2018-ci il
Milli tariximizə Qurtuluş Günü kimi düşən 1993-cü ilin 15 İyunu haqqında hamı yazır, danışır və öz mülahizələrini söyləyir. Qətiyyətlə deyə bilərik ki, bu məsələ ətrafında səsləndirilən fikir və arqumentlərin hamısında həqiqət var. Çünki həmin mülahizələrin hamısı tarixi faktlara istinadən yazılır və ya söylənilir. Ancaq fikrimizcə, ulu öndərin siyasi hakimiyyətə qayıdışı, xalqımızın və milli dövlətçiliyimizin bəlalardan, məhrumiyyətlərdən xilas olması barədə ən dəyərli fikirləri və tutarlı arqumentləri məhz Prezident İlham Əliyevin çıxış və nitqlərində eşidir, oxuyuruq.
Dövlət başçımızın ümummilli liderin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqi də bu baxımdan zəngin idi. Prezident həmin nitqində 1993-cü il Azərbaycanını xarakterizə edərkən demişdir ki, o günlər ölkəmizdə vəziyyət getdikcə gərginləşirdi, torpaqlarımız erməni işğalı altına düşürdü. AXC-Müsavat hakimiyyəti xalqın ümidlərini doğrulda bilmirdi, öz yarıtmaz, xəyanətkar siyasəti ilə Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə böyük zərbələr vururdu və demək olar ki, ölkə idarəolunmaz vəziyyətə gətirilmişdi. Xaos, anarxiya, talançılıq, özbaşınalıq, siyasi, iqtisadi, hərbi böhran hökm sürürdü, torpaqlarımız işğal altına düşürdü. Azərbaycanın ovaxtkı iqtidarı isə öz laxlayan hakimiyyətini qorumaq üçün cinayətlərə, vətəndaş müharibəsinə əl atmışdı.
Dövlət başçımız xatırladır ki, o günlər iqtidar öz hakimiyyətini saxlamaq üçün Gəncəni bombalamağa qərar vermişdi və Gəncənin dağılmış binalarının o mənzərəsi bu gün bizim gözümüzün qabağındadır: “Azərbaycan xalqı o antimilli hakimiyyətə yox demişdir, cəmi bir il ona dözə bilmişdir və öz lideri ətrafında birləşmişdir. Hələ 1992-ci ildə Azərbaycanın qabaqcıl ziyalıları, tanınmış insanlar, ictimai xadimlər Heydər Əliyevə müraciət edərək partiyanın yaradılması ilə bağlı təkliflər irəli sürmüşlər və 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu da gənc dövlətin siyasi sisteminin yaradılması demək idi. Çünki o günə qədər Azərbaycanda siyasi sistem yox idi, siyasi münasibətlər, ümumiyyətlə, mövcud deyildi. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev Bakıya gəlmişdir. Ovaxtkı AXC-Müsavat hakimiyyəti yenə də qorxaqlıq göstərərək kənara çəkilmiş, ölkə, demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. O ağır, çətin vəziyyətdə xalq bu tarixi missiyanı Heydər Əliyevə həvalə etmişdir”.
Bəli, bu gün hərtərəfli və sürətli inkişaf edən dövlətimizin beynəlxalq aləmin ən fəal və hamı tərəfindən qəbul edilən subyektlərindən birinə çevrilməsi, rəsmi Bakının regionda aparıcı söz sahibi olması və bu kimi onlarca fakt bir daha sübut edir ki, müstəqilliyimizin əsas təməllərini yaratmış ulu öndər Heydər Əliyev dahi dövlət xadimi olmaqla yanaşı, həm də mükəmməl strateji təhlillərə söykənən uzaqgörənliyə malik siyasətçi idi. O da sübut edilmişdir ki, Azərbaycan xalqı ölkənin və dövlətin gələcəyini öz böyük oğluna etibar edəndə tamamilə haqlı idi.
Bu, bir faktdır ki, xalqımız həmin həqiqətləri hər gün, hər an, istənilən uğura imza atdığımız zaman böyük qədirbilənliklə yada salır, xatırlayır. Biz Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə qalib gəlməsi zamanı da, həmin şuraya və Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə də, kosmosa ilk rabitə peykimizi çıxaranda da, dünyanın bütün aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə bərabərhüquqlu əməkdaşlığımız prosesində də öncə həmin amili yada salmış, ulu öndərin ruhuna dualar oxumuşuq. Bakıda və ölkənin bütün şəhər və kəndlərində keçirilən tədbirlərin hamısında dönə-dönə eşidirik ki, xalqımız bugünkü uğurlara görə ümummilli liderimizin siyasi kursuna minnətdardır.
Milli Məclisin iyunun 15-nin Qurtuluş Günü kimi qeyd edilməsi barədə qəbul etdiyi 27 iyun 1997-ci il tarixli qərarında deyilir ki, özünü demokrat adlandıran və xalq adından danışmaq səlahiyyətinin yalnız onlara məxsus olduğunu iddia edən bir qrup siyasətbazın hakimiyyəti dövründə ölkədə iqtisadi böhran dərinləşmiş, xalqın həyat səviyyəsi xeyli pisləşmişdi. Hakimiyyətin bütün pillələrindəki fərsizlik, təcrübəsizlik və naşılıq, kadr siyasətində neobolşevizm meyilləri və kobud səhvlər yalançı “demokratik” iqtidarın bütün mahiyyətini, onun xalqdan uzaqlığını, sosial dayaqlardan məhrum olduğunu aşkara çıxarırdı. Beş ildən artıq davam edən böhran 1993-cü ilin əvvəllərindən başlayaraq daha kəskin xarakter almışdı. Daxildəki pozucu qüvvələrin və xaricdəki təhrikçilərin fəal əməkdaşlığı sayəsində Azərbaycanın parçalanmasının əsası qoyulur, etnik qarşıdurmalar və vətəndaş müharibəsi üçün zəmin hazırlanırdı. Artıq Azərbaycanda dövlət böhranı yaranmışdı. AXC -- Müsavat rejimi bu qorxulu prosesin qarşısını almaqda aciz idi.
Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan bir dövlət kimi dağılmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında qalmışdı. Ölkə ərazisi etnik parçalanma, xalqımız vətəndaş müharibəsi kimi reallıqla üz-üzə idi. Belə bir vəziyyətdə səbri tükənmiş Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürdü. Hər gün Azərbaycanın müxtəlif yerlərindən Naxçıvana nümayəndələr yollanır, teleqramlar göndərilir, Heydər Əliyev hakimiyyətə, çətin vaxtda xalqın hayına çatmağa dəvət edilirdi. Xalq yeganə çıxış yolunu öz böyük oğlunun şəxsiyyətində, qətiyyət və zəkasında görürdü. Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, o biri tərəfdən özünün yaratdığı problemlər məngənəsindən çıxış yolu tapa bilməyən AXC -- Müsavat rejimi xalqın bu haqlı tələbinin qarşısında davam gətirə bilmədi. Məhz bu səbəblər üzündən də 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin ən məsul və şanlı günlərindən biri yaşandı. Azərbaycan Respublikası Milli Məclisinin iclasında Heydər Əlirza oğlu Əliyev Ali Sovetin sədri seçildi. Bu, sözün əsil mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” -- deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.
Heç kəsin yadından çıxmayıb. AXC -- Müsavat rejimindən Heydər Əliyevə son dərəcə ağır miras qalmışdı. Siyasi oyunlara və hakimiyyət çəkişmələrinə cəlb edilmiş ordu çaş-baş düşüb öz döyüş qabiliyyətini itirmişdi. Naşılıq və səriştəsizlik nəticəsində dövlət aparatı, demək olar ki, dağılmış, idarəetmə və nəzarət funksiyasından məhrum olmuşdu. 1993-cü ilin iyun günlərində Azərbaycan təkcə siyasi, hərbi, iqtisadi deyil, həm də mənəvi böhran içərisində idi. Cəmiyyətdə ümidsizlik və inamsızlıq əhval-ruhiyyəsi kök atmağa başlamışdı. Heydər Əliyevin qarşısında yalnız ölkəni böhran vəziyyətindən çıxarmaq deyil, həm də xalqın geniş təbəqələrini Azərbaycan dövlətçiliyi ideyası ətrafında birləşdirmək, ona ümid və inam aşılamaq, qətiyyət və mübarizlik təlqin etmək vəzifəsi dayanırdı.
Xalqın yüz illər boyu həsrətində olduğu milli dövlətçiliyinin xilaskarı kimi siyasi hakimiyyətə qayıdan Heydər Əliyev öz sarsılmaz iradəsi, əzmi, zəngin dövlətçilik təcrübəsi və siyasi fəhmi ilə tezliklə bu mühüm vəzifələrin öhdəsindən gəlməyə tam qadir olduğunu göstərdi.
1993-cü ilin sonu -- 1994-cü ilin əvvəllərində Azərbaycan Ordusunun cəbhədəki uğurları, 1994-cü ilin mayında atəşkəs haqqında razılığın əldə edilməsi, həmin ilin sentyabrında Bakıda dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin bağlanması, dövlət aparatının təkmilləşdirilməsi və Milli Orduda aparılan əsaslı islahatlar, ölkədaxili vəziyyətin sabitləşməsi, dünya miqyasında Azərbaycana marağın artması və iri dövlətlərin Azərbaycanın haqq işini dəstəkləməyə başlaması, mahir siyasətçinin Lissabon sammitində siyası qələbəsi, onun uğurlu xarici səfərləri bu inamı daha da qüvvətləndirir.
Tarixçilər yazırlar ki, son dərəcə mürəkkəb və qarışıq bir şəraitdə siyasi hakimiyyət sükanı arxasına keçən Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı öz vətəndaşları üçün sakitliyin, vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, xarici sərmayəçilər üçün isə əlverişli imkanlar açan, hərtərəfli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirdi. Fəlakət qarşısında qalan Azərbaycan düşdüyü ağır vəziyyətdən güclü ümummilli liderin əzmi və iradəsi ilə qurtardı, qısa müddət ərzində beynəlxalq birliyin tamhüquqlu üzvlərindən birinə çevrildi.
Təbii ki, bütün bunlar XX əsrin son onilliyinin həqiqətləri idi. Yeni əsrin ilk onilliklərinin həqiqəti isə ondan ibarət oldu ki, ulu öndərimizin siyasi varisi – Prezident İlham Əliyev Heydər Əliyev dühasının nəticəsi olan müstəqil Azərbaycan dövlətini regionun lider ölkəsinə, dünyanın isə sayılıb-seçilən dövlətlərindən birinə çevrilməsini təmin etdi.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.