Azərbaycan Prezidenti İlham Əliyevin Ramazan ayı münasibətilə iftar süfrəsindəki nitqi ictimaiyyətin böyük marağına səbəb olub. Ölkə başçısının, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağla bağlı fikirləri hər bir vətəndaşda torpaqlarımızın işğaldan azad ediləcəyinə böyük inam və əminlik yaradıb. Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova bu barədə dedi:
--İftar süfrəsindəki dərin məzmunlu nitqində Prezident İlham Əliyev Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən geniş bəhs edərək həmişəki kimi bidirdi ki, bu problem yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır: “Biz tarixi həqiqətləri çatdırmalıyıq və çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq”. Cənab Prezident əlavə etdi ki, Azərbaycan ardıcıl siyasət aparmaqla istədiyinə nail olacaq və ölkənin ərazi bütövlüyünü bərpa edəcək. Həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, həm də bizim iqtisadi, hərbi gücümüz və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir.
Dövlət başçımız dünyanın ən ali kürsüsündən -- BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etdiyini, onları həmişə öz adları ilə çağırdığını bildirdi: “Mən onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir. Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb”.
Ermənistanın baş nazirı Nikol Paşinyan isə Rusiya xarici işlər naziri S. Lavrovla görüşündə bildirib ki, onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıq aparmağa haqqı yoxdur. Yəni, “DQR-in parlamenti, prezidenti və hökuməti olan müstəqil ölkə”dir. Üstəlik də deyir ki, Dağlıq Qarabağdan çıxan azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul ediblər. Azərbaycan Prezidentinin seçkilərində iştirak edirlər və buna görə də Azərbaycanın dövlət başçısı onların adından danışa bilər.
Bu qədər bəsit düşüncə olarmı? Əgər “DQR müstəqil subyektdirsə”, onda Ermənistanın qoşunları orada niyə lövbər salıb? Niyə Azərbaycanın Dağlıq Qarabağla təmasına mane olur? Məhz Ermənistan qoşunları oradan çıxandan sonra Azərbaycan Dağlıq Qarabağla danışıqlar apara bilər və problem həll olunar. İkincisi, bütün dünya birliyi bilir, amma Paşinyan anlamırmı ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və millətindən, dinindən asılı olmayaraq orada yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Paşinyan dünən hakimiyyətə gəlib, amma özünü elə göstərir ki, bu hadisələrin kökündə nəyin dayandığını bilmir. O, bu insanların hansı prosesin qurbanı olduğunu əla bilir. Onda belə çıxır ki, Nikolun münasibətləri yoluna qoymaq haqqında verdiyi vədlər də boşboğazlıqdan başqa bir şey deyil. Onun dövlət idarəçiliyindən anladığı isə sıfırdır. Bu gün bir, sabah başqa bəyanatla xalqı çaşbaş salıb, simasını gizləmək istəyir.
Azərbaycan Prezidenti isə öz çıxışlarında dəfələrlə deyib ki, Ermənistanda iqtisadi tənəazzül, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Azərbaycan Ermənistanı iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edib. İndi bütün bunları erməni xalqı deyir. Ölkə başçısı, həmçinin, Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacağına və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcəyinə və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcəyinə ümid etdiyini bildirdi. Öz dərin məzmunlu nitqi ilə Azərbaycan Prezidenti Ermənistanın yeni rəhbərliyinin diqqətinə çatdırdı ki, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.