“Məlumdur ki, ölkəmizin xarici siyasət kursunda başlıca strateji prioritet Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsindən ibarətdir”. Bu fikri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, YAP beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva dedi.
S.Fətəliyeva bildirdi ki, Azərbaycan üçün başlıca prinsipial məsələ məhz beynəlxalq hüquqa və ədalətə söykənərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaqdır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət və hücum diplomatiyası sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar atılıb, eyni zamanda, diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib.
Azərbaycanın bu istiqamətdə prinsipial mövqeyi ayrı-ayrı milli dövlətlər və beynəlxalq ictimaiyyət tərəfindən problemə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirib. Münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında verdiyi iftar mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır. Cənab Prezident Ermənistanın yeni hakimiyyətinə də mesaj verdi. Yeni hakimiyyət reallıqları dərk etməli və işğalçılıq siyasətinə son qoymalıdır. Əks halda, Ermənistanın heç bir perspektivi olmayacaq” – deyə, S.Fətəliyeva vurğuladı.
Komitə sədrinin müavini Ermənistanın baş naziiri Nikol Paşinyanın Sergey Lavrovla görüşdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqil olması və danışıqlarda tərəf kimi iştirakının vacibliyi barədə səsləndirdiyi sərsəm fikirlərə də münasibət bildirdi. Dedi ki, bu adam hakimiyyətə inqilab dalğası ilə, qeyri-konstitusion yolla gəlib. Dövlət idarəçiliyində naşı olan Paşinyanın iddiaları və çıxışları onun sülh tərəfdarı olmamasından xəbər verir: “Paşinyan iddia edir ki, guya, “DQR” müstəqildir. Əgər müstəqildirsə, bəs o zaman Ermənistan ordusunun Dağlıq Qarabağda nə işi var? Nə üçün Ermənistan vətəndaşları qondarma “DQR”də hərbi xidmət keçirlər? Beynəlxalq ictimiayyətə də məlumdur ki, Paşinyanın müstəqil hesab etdiyi qondarma “DQR” hazırda Ermənistan büdcəsindən maliyyələşir. Görünür, Paşinyan hələ də dərk etmir ki, Dağlıq Qarabağ dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisidir və milliyətindən, dinindən asılı olmayaraq, orada yaşayan insanlar da Azərbaycan vətəndaşlarıdır”.
S.Fətəliyeva N.Paşinyanın “Ermənistan Azərbaycana ölümcül zərbə ilə cavab verəcək” fikrinə də münasibət bildirdi: “Nikol Paşinyan bu fikri ilə özünü gülünc vəziyyətə saldı. Çünki bu gün həm Ermənistana, həm də dünya ictimaiyyətinə bəllidir ki, işğalçı ölkənin ordusu Azərbaycan Ordusu qarşısında çox acizdir. Bunu iki il bundan əvvəlki Aprel döyüşləri də təsdiqlədi. Cəmi dörd gün davam edən döyüşdə Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında davam gətirə bilmədi və silah-surastlarını ataraq qaçdı. Həm də böyük itki verdilər. İşğalçı ölkə bu məğlubiyyətin şokundan hələ də ayıla bilməyib. Paşinyan bu sərsəm fikirləri ilə dövlətə rəhbərlik etmək qabiliyyətində olmadığını bir daha təsdiqlədi. Həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində formalaşmış formata, ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyinə hörmətsizliyini açıq şəkildə nümayiş etdirdi”.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.