Ermənistanın işğalçı siyasəti beynəlxalq münasibətlər sistemi üçün arzuolunmaz ənənələrin təməlini qoyur

Bu fikir “Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi” mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirilib
İyunun 8-də Bakıda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) tərəfindən “Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq konfransda dövlət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, QHT rəhbərləri iştirak ediblər. 
Konfransda çıxış edən Azərbaycan Respublikası yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması və bir milyondan çox məcburi köçkün həyatı yaşayan vətəndaşlarımızın hüquqlarının təmin edilməsi istiqamətində dünya birliyi ciddi qərarlar qəbul etməlidir. “Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasəti Cənubi Qafqaz regionuna ciddi təhdiddir. Ermənistanın Cənubi Qafqazda etnik separatizmi davam edir və bu da regionda təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Bütün səylərə baxmayaraq, Ermənistanın işğala son qoymaması regional və qlobal təhlükəsizlik sistemi üçün də ciddi təhdiddir. Ermənistanda baş verən son hakimiyyət dəyişikliyindən sonra prosesin normallaşmasına ümid var idi. Amma indiki rejimin də mahiyyəti özündən əvvəlkinə bənzəyir”, - deyə R.Qonaqov deyib.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Ermənistanın Cənubi Qafqazda xalqların təhlükəsizliyinə qarşı davam etməkdə olan təhdid siyasətinin aradan qaldırılması istiqamətində region dövlətlərinin bir araya gəlməsinin vacibliyini vurğulayıb, beynəlxalq ictimaiyyətin ədalətsiz qərarlarına etirazını bildirib. Komitə sədri deyib: “Nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyib, Cənubi Qafqazda xalqların dinc və birgə yaşaması məsələsi sual altında qalır. Həmçinin dünya birliyinin işğalçı tərəfin bu hərəkətlərinə etinasız münasibəti müasir beynəlxalq münasibətlər sistemi üçün arzuolunmaz ənənələrin təməlini qoyur”.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar prosesində vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib. H.Hacıyev bildirib ki, danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin ənənəvi separatizm siyasəti bu danışıqların effektivliyinə mane olur. “Ermənistanda hakimiyyət dəyişikliyi də bu prosesə hələ ki, öz töhfəsini verməyib. Azərbaycan sülh yolu ilə torpaqlarımızın azad olunmasının tərəfdarıdır və bunu dəfələrlə bildirmişik. Azərbaycan bütün səylərində Ermənistanı problemi danışıqlar yolu ilə həll etməyə çağırıb”, - deyə Hikmət Hacıyev qeyd edib.
Milli Məclisin deputatı Elman Nəsirov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yeni mərhələdə” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, bu proses illərdir davam edir. Ermənistandakı hakimiyyət dəyişikliyi prosesi müsbət istiqamətdə aparılmalıdır. Amma bunun nəticəsi görünmür. Deputat vurğulayıb ki, Ermənistan tərəfi bu münaqişə nəticəsində özünü pis duruma salıb və Ermənistanda faktiki olaraq, iqtisadi və siyasi böhran mövcuddur. Siyasi, iqtisadi, demoqrafiq böhran Ermənistanı süquta aparır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov “Ermənistanın Azərbaycana təcavüzü beynəlxalq hüquq kontekstində” mövzusunda çıxış edib. O bildirib ki, millətlərin öz müqəddəratını təyinetmə hüququ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində və bu cür münaqişələrdə siyasi müstəqillik anlamında nəzərdən keçirilə bilməz. Dağlıq Qarabağ bölgəsinin erməniləri isə digər ölkələrdə yaşayan ermənilər kimi Azərbaycanda yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüququn normalarına görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Eyni zamanda, millətlərin öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Ermənistan hər zaman Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının öz müqəddəratını təyin etmək və konkret olaraq orada yeni süni dövlət yaratmaq arzusunu səsləndirir. Lakin unutmaq lazım deyil ki, ermənilər Cənubi Qafqazda öz müqəddəratını artıq bir dəfə təyin edərək hazırkı Ermənistan Respublikasını yaradıblar. Əgər bu məntiqlə bütün xarici ölkələrdə yaşayan erməni icmaları yaşadıqları həmin ölkələrin ərazilərində “öz müqəddəratını təyin etmək” adı ilə yeni süni dövlətlər yaratsalar, bu halda dünyada, o cümlədən Fransada, ABŞ-da, Rusiyada, Gürcüstanda, Azərbaycanda, Livanda, Argentinada və erməni icmaları yaşayan digər ölkələrdə yüzlərlə yeni qondarma erməni “dövlətləri” yaradıla bilər. Azərbaycan Prezidentinin dediyi kimi,  ermənilər yaşadıqları bütün digər ölkələrdə öz müqəddəratını təyin etmək fikrinə düşsələr, dünyada hansı vəziyyətin yaranacağını və hadisələrin baş verəcəyini söyləmək çox çətindir.
Siyasi ekspert Rövşən Məmmədov isə “Cənubi Qafqaz regionu: erməni terrorunun doğurduğu real təhdidlər və tarixi həqiqətlər” mövzusunda məruzə edib. O bildirib ki, Ermənistanın işğalçılıq siyasəti keçmişdə də, indi də təkcə bizim üçün deyil, bütün region üçün təhdid olub və qalmaqda davam edir. 
İsrailli beynəlxalq ekspert Arye Qut isə “Erməni separatizmi və onun törətdiyi təhlükələr İsrail mətbuatında” mövzusunda konfrans iştirakçılarına məlumat verib. Siyasi ekspert bildirib ki, ermənilər hər zaman təxribatla məşğul olublar və öz siyasətlərini dünya tərəfindən qəbul etdirməyə də çalışıblar. İsrail mətbuatında ermənilərin məkrli niyyətlərini ifşa edən çoxsaylı yazılar və məqalələr dərc edilir. Qondarma erməni soyqırımı iddiası ilə bağlı da son zamanlar çoxlu yazılar dərc edilib və İsrail parlamenti bu soyqırımının tanınması ilə bağlı müraciəti öz gündəliyindən çıxarıb.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı Rasim Mirzəyev bu kimi beynəlxalq konfransların keçirilməsinin ölkəmizin və regionun təhlükəsizliyi baxımından əhəmiyyətindən danışıb. Rasim Mirzəyev Ermənistanın separatizm siyasətinin qarşısının alınması istiqamətində BMT qətnamələrinə diqqəti yönəldərək bildirib ki, Ermənistanın işğalçılıq siyasəti BMT-nin 4 qətnaməsində də öz əksini tapıb. Ermənistan beynəlxalq hüquqa əməl etməklə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, öz etnik separatizm əməllərindən imtina etməlidir. Ermənistanın faktiki işğal siyasəti region üçün böyük təhlükə, ciddi təhdid mənbəyidir.
Sonra məruzələr ətrafında çıxışlar davam etdirilib.
Tədbirin sonunda beynəlxalq konfransın iştirakçıları adından Ermənistanın Cənubi Qafqazda separatizm siyasəti və regionun təhlükəsizliyinə dair bəyanat qəbul edilib. 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında