Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir!
Heydər Əliyev
Ümummilli lider
Azərbaycan xalqı müsəlman Şərqində yaradılmış ilk demokratik dövlətin–Azərbaycan Xalq Cümhiyyətinin (AXC) 100 yaşını böyük sevgi və coşqu ilə qeyd etdi. Xalqımızın milli mənlik şüurunun formalaşmasında böyük izlər qoymuş bu tarixi nailiyyət digər ölkələrdə də yüksək səviyyədə qeyd olundu və Cümhuriyyətimizin yaradılmasında müstəsna rol oynamış tarixi simaların xatirəsi ehtiramla anıldı. Artıq respublikamız yaşının ikinci yüzilliyinə qədəm qoydu və ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycanın hərtərəfli inkişafı və respublikamızın beynəlxalq ictimaiyyət arasında yüksək nüfuzunun daha da artması dönməz xarakter almışdır və sarsılmaz xalq-iqtidar birliyi dövlət müstəqilliyimizin daha da güclənməsinə zəmin yaradır.
Şərqin ilk demokratik respublikası
Birinci dünya müharibəsindən sonra baş vermiş ağır siyasi-iqtisadi böhran Çar Rusiyasının dağılmasına gətirib çıxarmış və bu proses böyük imperiyanın ərazisində həbsə məhkum olunmuş bir çox xalqların, o cümlədən Azərbaycan xalqının da azadlıq mübarizəsini gücləndirmişdi. Proseslərin sürətlənməsi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə yekunlaşmışdı. Müstəqilliyi Tiflis şəhərində elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın ötən əsrin əvvəlində əldə etdiyi ən böyük tarixi nailiyyəti olmuşdu. Ümummilli lideri Heydər Əliyev xalqımızın XX əsrdə əldə etdiyi ən böyük nailiyyətlər sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xüsusi vurğulamışdı. Bu demokratik dövlətin yaranması yalnız Azərbaycana yox, eyni zamanda, bütün Şərqə böyük təsir göstərmişdi. AXC 23 ay yaşasa da, onun qısa fəaliyyəti tarixi əhəmiyyətini itirmədi. Şərqdə ilk dəfə Azərbaycan qadınları səs vermək hüququ əldə etmişlər. Halbuki bu gün bir çox sahələrdə etalon kimi götürülən Qərbdə bu hüquqa “yaşıl işıq” bizdən gec yandırılmışdı.
Bundan başqa, istər geosiyasi, istərsə də iqtisadi baxımdan olduqca mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, AXC demokratik inkişaf yolu ilə irəliləmişdi. Azərbaycan ərazisində yaşayan bütün millətlərin parlamentdə təmsil olunması buna sübutdur. Azərbaycan Milli Şurası ölkə əhalisinin (2 milyon 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, gürcülər və polyaklar da hər etnosa bir deputatla parlamentdə təmsil olunmalı idilər. Bir sıra beynəlxalq təzyiqlərə, daxili satqınların təxribatlarına baxmayaraq, nəhayət, 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin təntənəli iclası keçirilmişdi. Bu mərhələdən sonra parlamentin qəbul etdiyi qərarlar milli dövlətçiliyin əsaslarının gücləndirilməsinə böyük töhfə olmuşdu.
Cümhuriyyət tərəfindən həyata keçirilən çox ciddi tədbirlər nəticəsində bütün dövlətçilik atributları olan müstəqil bir respublikanın yaradılması, həqiqətən, tarixi hadisə idi. Ən əsası odur ki, AXC xalqımızda azadlıq və müstəqillik fikirlərini daha da gücləndirdi. AXC tərəfindən əsası qoyulmuş ideyalar XX əsrin 90-cı illərində bərpa olunmuş müstəqillik dövründə ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində reallığa çevrilməyə başlamışdı. Xüsusilə qeyd etmək lazımdır ki, Cümhuriyyətə ən yüksək qiymət ötən əsrin 70-ci illərində bu dövlətin tarixini dərindən öyrənmiş ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Xatırladaq ki, 1998-ci ildə AXC-nin 80 illiyinin təntənəli şəkildə qeyd edilməsi barədə sərəncam imzalamış ulu öndər, bununla cümhuriyyət məfkurəsinin və tarixinin araşdırılması üçün ciddi hüquqi baza yaratmışdı. Həmin sərəncamdan irəli gələn vəzifələri icra edən Azərbaycan tarixçiləri qısa müddətdə AXC-nin zəngin irsinin öyrənilməsi istiqamətində böyük işlər gördülər. İlk dəfə AXC-nin daxili və xarici siyasəti ilə bağlı sanballı monoqrafiyalar və sənəd topluları hazırlandı. Müxtəlif ölkələrin arxivlərində saxlanılan və bilavasitə Cümhuriyyət tarixinin müxtəlif məsələlərinə həsr olunmuş sənədlər də Azərbaycana gətirilərək, elmi dövriyyəyə cəlb edildi. Xüsusilə qeyd etmək lazımdır ki, bu sənədlər təkcə AXC-nin fəaliyyət dövrünü deyil, müstəqilliyə gedən yolda Azərbaycan milli hərəkatının keçdiyi çətin, lakin şərəfli yolu özündə ehtiva edirdi.
Keçmişə ehtiram, gələcəyə inam
Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin xalqımız və dövlətimiz üçün böyük əhəmiyyət daşıdığını hər zaman vurğulamış və müsəlman Şərqində ilk parlamentli respublikanın yaradılmasını böyük tarixi nailiyyət adlandırmışdır. 16 may 2017-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalamaqla ölkə başçısı tarixi uğurlarımıza olan yüksək mövqeyini bir daha təsdiqləmişdi. Ümumiyyətlə, ölkə başçısının AXC-nin 100 illik yubileyi haqqında verdiyi müvafiq sərəncam Cümhuriyyətin tariximizdə tutduğu şərəfli yerin müasir Azərbaycan dövləti tərəfindən bir daha təsdiq edilməsi kimi dəyərləndirilir. Həmin sərəncamda milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi vurğulanmışdı. Qeyd etmək yerinə düşər ki, elan olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti ili” həm ölkəmizdə, həm də bir çox xarici ölkələrdə yüksək səviyyədə qeyd edilmiş, bir sıra böyük tədbirlər keçirilmiş və belə tədbirlər cari ilin sonuna qədər davam etdiriləcəkdir.
Hər il mayın 28-də Respublika Gününə həsr olunmuş qəbullar keçirən Azərbaycan Prezidenti bütün çıxışlarında Cümhuriyyət tarixinə olduqca yüksək qiymət verir. Prezident İlham Əliyev bu il mayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda da iştirak etdi. Dövlət başçısı nitqində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə adlandırmış və ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmasının Azərbaycan xalqının böyüklüyünü, azadlıqsevərliyini və mütərəqqiliyini diqqətə çatdırmışdır. Ölkə başçısı Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman kəsiyində böyük işlər gördüyünü açıqlamış və bu işlərin sırasında Azərbaycanın dövlət bayrağının və vətəndaşlığının təsis edildiyini vurğulamış, Milli Ordumuzun yaradıldığını xatırlatmışdır.
Dünyaya mühüm mesajlar
Prezident İlham Əliyev nitqində AXC-nin fəaliyyətindən danışarkən bir sıra mühüm məqamlara toxunmuşdur. Azərbaycanın Milli Ordusunun 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etdiyini və qədim tarixi şəhərimiz olan Bakının Azərbaycan xalqına qaytardığını xüsusi vurğulamışdır. “Qısa müddət ərzində 200-dən çox qanun qəbul edilmişdir. Əlbəttə ki, onların arasında qadınlara səsvermə hüququnun verilməsi qanunu xüsusi yer tutur”,– deyən ölkə başçısı əlavə etmişdir ki, Bakı Dövlət Universitetinin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin kadrların yetişdirilməsi işində, təhsilin inkişafında böyük işlər görmək əzmində olduğunu göstərirdi. Prezident İlham Əliyev Azərbaycan dilinin bütün təhsil müəssisələrində qəbul edildiyini AXC-nin çoxsaylı uğurlarından biri olduğunu diqqətə çatdırmışdır.
Ölkə başçısı nitqində AXC-nin süqut etməsini milli faciə kimi qiymətləndirmişdir. “Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 23 aydan sonra respublika süqut etdi. Bu, bizim böyük faciəmizdir. Mən tam əminəm ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və ən inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki bizim təbii ehtiyatlarımız, coğrafi yerləşməyimiz imkan verirdi ki, bu təbii resurslardan biz səmərəli şəkildə istifadə edək”. Xatırladaq ki, 1920-ci il aprelin 25-dən 26-na keçən gecə bolşevik qoşunları Azərbaycana şimaldan hücum etmişdilər. Onlar Xaçmazı, Yalamanı işğal etdikdən və Bakının girəcəyində dayandıqdan sonra Azərbaycan hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum göndərmişdilər. Ultimatumu müzakirə etmək üçün aprelin 27-də parlamentin iclası keçirilmiş və uzun müzakirələrdən sonra qan tökülməməsi üçün müəyyən şərtlər daxilində təslim olmağa qərar verilmişdi. Bununla da, Azərbaycanın 23 aylıq istiqlalına son qoyulmuşdu.
Ölkə başçısı bildirmişdir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir və AXC-nin süqutu bir daha bunu təsdiqləyir. Dövlət başçısının sözlərinə görə, 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi və onu bir də o tarixdən 70 il sonra Naxçıvanda, Naxçıvanın Ali Məclisinin sessiyasında ulu öndər Heydər Əliyev qaldırdı. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi Naxçıvan Ali Məclisinin sessiyasında qəbul edilmişdir. Xatırladaq ki, 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanı müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olmuşdu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etmişdi.
Dövlətçilik etibarlı əllərdədir
Dövlət başçısı nitqində XX əsrdə Azərbaycanın iki dəfə müstəqilliyə qovuşduğunu və ikinci dəfə bunun 1991-ci ildə baş verdiyini xatırlatmışdır. “Bu da tarixi şans idi və Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan ikinci dəfə müstəqil ölkə kimi yaşamağa başlamışdır. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün faciəli, çox ağır illər kimi tarixdə qaldı. Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımi səviyyədə idarə edə bilməmişlər”, –deyən Prezident İlham Əliyev əlavə etmişdir ki, onlar üzərlərinə düşən yüksək məsuliyyəti dərk etməmiş və gənc müstəqil dövləti, demək olar ki, idarəolunmaz vəziyyətə salmışdılar. 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələrin ölkəmizin müstəqilliyinin taleyini sual altına qoyduğunu vurğulayan ölkə başçısı bildirmişdir ki, xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşmışdı. “Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşmüşdür və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yaranmışdır”,–deyən Prezident İlham Əliyev bir daha diqqətə çatdırmışdır ki, AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə start verdi və bu, xalqımızın böyük faciəsi idi.
Azərbaycan xalqının cəmi bir il o antimilli hakimiyyətə dözə bildiyini və bir ildən sonra o hakimiyyəti tarixin arxivinə göndərdiyini deyən ölkə başçısı bildirmişdir ki, xalq öz liderinə – Heydər Əliyevə müraciət etmişdir. Onu hakimiyyətə dəvət etmişdir və nə qədər müdrik xalq olduğunu bir daha sübut etmişdir. Bu çətin şəraitdə Heydər Əliyevin Azərbaycanı ağır vəziyyətdən və inkişaf yoluna çıxara bildiyini xatırladan Prezident İlham Əliyev bir daha qeyd etmişdir ki, 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. “Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir”. Siyasi islahatların aparıldığını, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildiyini deyən ölkə başçısı əlavə etmişdir ki, iqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir. Bir sözlə, 1993-cü ildən başlayaraq Azərbaycan inkişaf yolu ilə inamla gedir və bu gün bu inkişaf davam edir.
Prezident İlham Əliyev nitqində güclü, qüdrətli dövlət olan Azərbaycanın, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkə olduğunu bildirmişdir. Siyasətimizin milli maraqlar üzərində qurulduğunu deyən ölkə başşısı Azərbaycanın prinsipial siyasət apardığını da bir da bəyan etmişdir: “Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir və müdafiə olunur. Xalq-iqtidar vəhdəti bizim uğurlarımızın əsas səbəbidir”.
Cənab İlham Əliyev güclü iqtisadiyyatın Azərbaycanda istənilən sosial layihəni, infrastruktur layihələrini həyata keçirilməsinə imkan verdiyini də nəzərə çatdırmışdır. Son 15 il ərzində 3 mindən çox məktəbin, 600-dən çox tibb ocağının, 40-dan çox Olimpiya Mərkəzinin tikildiyini bildirən dövlət başçısı bildirmişdir ki, bütün bunların təməlində həm bizim siyasətimiz, həm də iqtisadi gücümüz dayanır: “Biz təbii resurslarımızı - nefti insan kapitalına çevirmişik. Bu istiqamətdə işlər davam edir və davam edəcəkdir”. Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini gücləndirən infrastruktur yaradıldığını və onun bundan sonra onilliklər ərzində Azərbaycan xalqına xidmət edəcəyini vurğulamışdır.
Azərbaycanın müstəqilliyi əbədidir
Prezident İlham Əliyev öz nitqində müstəqil Azərbaycanın 1918-ci ildə yaranmış AXC-nin varisi olduğunu da xatırlatmışdır. Mütəxəssislərin fikrincə, ölkə başçısı bu sözləri ilə bir daha təsdiqləmişdir ki, Azərbaycan bir ölkə kimi demokratik dəyərlərə hələ 100 il əvvəl bağlı olmuşdur. Azərbaycan öz xələfi olan AXC-nin dəyərlərini qoruyur və inkişaf etdirməyə çalışır.
Ölkə başçısı müstəqil Azərbaycanın hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyi olduğunu da açıqlamışdır: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”.
Ölkə başçısı müasir Azərbaycanın çiçəklənməsində ulu öndər Heydər Əliyevin misilsiz rol oynadığını xatırlatmışdır. Prezident İlham Əliyev demişdir ki, 1970-ci illərdə Heydər Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan çox böyük dərəcədə inkişaf etmişdir. Ancaq Azərbaycan yenə də müstəqil deyildi. “Müstəqilliyin ilk illərində xalqımızın başına gələn bəlalar, işğal, vətəndaş müharibəsi, AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti, demək olar ki, ölkəmizi məhv etmişdi”,–deyən ölkə başçısı xüsusilə vurğulamışdır ki, müstəqil olduğumuza görə Azərbaycanı dirçəltmək mümkün oldu. Taleyimizin indi öz əlimizdə olduğunu deyən Prezident İlham Əliyev dünyaya bir daha mesaj göndərdi ki, müstəqillik Azərbaycanın ən böyük sərvəti, ən böyük neməti və ən böyük xoşbəxtliyidir. Ən əsası, Azərbaycanın müstəqilliyi əbədidir və sarsılmaz xalq-iqtidar birliyi dövlət müstəqiliyimizin daha da güclənməsinə zəmin yaradır.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.