Azərbaycan Xalq Cümhuriyyəti dünya respublikaçılıq irsində

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


Dünyanın bütün xalqları kimi, Azərbaycan xalqının da dövlətçilik anlayışı, dövlətçilik təcrübəsi və ənənələri 100 illərlə təşəkkül və təkmilləşmə dövrünü yaşamışdır. Uzun bir tarixi dövr ərzində xalqımız xarici təhlükələrə qarşı  öz mövcudluğunu və identikliyini qoruyub saxlamaq, özünəməxsus  mədəni keyfiyyətlərini hifz etməklə yanaşı, dünyanın fikir-ideya tarixinə və bəşəri dəyərlərin formalaşmasına da öz töhfələrini vermişdir. Əsrlər boyu xalqımız yaratdığı zəngin mədəniyyəti daim cilalamış və onu ictimai həyata məharətlə tətbiq etməyi bacarmış və tarixin yeni dövründə mütərəqqi cəmiyyətlər sırasında öz layiqli yerini tutmuşdur. 

Azərbaycan xalqını səciyyələndirən başlıca tarixi xüsusiyyətlərdən biri də məhz onun dəyəryaratma kimi tarixi rolunu  aramsız olaraq və getdikcə artan vüsətlə yerinə yetirməsi olmuşdur. Xalqımız həmişə zamanın çağırışlarını düzgün dəyərləndirmək iqtidarında olmuş və ictimai, siyasi, mədəni, eyni zamanda, geosiyasi proseslərin iştirakçısı kimi özünü ifadə etmək bacarığını tarixin bütün mərhələlərində ortaya qoymuşdur. Bu baxımdan Azərbaycan insanının tarixdə oynadığı rol bütün nümunələrdə mütərəqqi və örnək yaradan keyfiyyətdə meydana çıxmışdır.

XX əsrin əvvəllərində dünyanın qabaqcıl dövlətlərinin və xalqlarının universal hüquq və azadlıqlar ideyasını hələ yenicə mənimsəməyə başladığı bir vaxtda Azərbaycan xalqının öz istiqlaliyyəti, hüquq və azadlıqları uğrunda şərəfli mübarizəyə başlaması da bu qəbildən olan müstəsna örnəklərdən biridir. Bu mübarizənin başlıca hədəfi Rusiya imperiyasından qopmaq, Azərbaycan xalqının itirilmiş dövlətçilik ənənələrini bərpa etmək və yeni formalaşdırılacaq dövlət modelində irqindən, dinindən, milliyyətindən asılı olmayaraq bütün insanların azad və xoşbəxt  yaşaması üçün  demokratik, hüquqi prinsiplərin hökm sürdüyü bir cəmiyyət yaratmaq idi.

Xalqın öz milli dövlətini qurmaq uğrunda bu şərəfli mübarizəyə qalxdığı dövr I Dünya müharibəsinin yenicə başa çatdığı, beynəlxalq hüquq normalarının hələ oturuşmadığı, mürəkkəb geosiyasi proseslərin baş verdiyi ağır bir dövr idi. Bütün bunlara baxmayaraq Azərbaycan ziyalılarının apardığı ardıcıl siyasi mübarizənin uğurla nəticələnməsini şərtləndirən bir sıra ciddi amillər də  mövcud idi. Bu böyük mücadilənin milli tariximizin köklərindən qaynaqlanan və özünə yaxın dövrün axtarışlarından qidalanan, hətta müəyyən intellektual-ideoloji bazaya malik olan ənənələri vardı. Hələ XIX əsrin ortalarından başlayan maarifçilik hərəkatı, daha sonra milli mətbuatın təməlinin qoyulması, tənqidi ruhlu realistik-demokratik ictimai-ədəbi mühitin meydana gəlməsi Azərbaycanda siyasi elitanın formalaşmasında, xalqımızın milli özünüdərk ideyalarının güclənməsində, çar mütləqiyyəti və müstəmləkəçilik rejiminə qarşı ardıcıl mübarizənin təşkilində önəmli rol oynamışdır.

Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli və digər görkəmli şəxsiyyətlərin davamlı səyləri nəticəsində Azərbaycanda milli teatrın, məktəbin və mətbuatın yaranması cəmiyyəti bu proseslərə hazırlayan vacib hadisələr idi. Mirzə Fətəli Axundzadə ilə başlayan yaradıcı ziyalıların intellektual hərəkatı cəmiyyətin həyatında və şüurunda köklü dəyişikliklər yaratmışdı. Getdikcə dərinləşən mədəni maariflənmə isə öz növbəsində siyasi təşkilatlanmaya, xalqımızın hüquq və azadlıqları uğrunda mübarizəyə qoşulmasına təkan vermişdi. Milli azadlıq hərəkatının ilk aparıcı siyasi təşkilatları olan “Müsavat”, “Difai” kimi qurumların yaranması da müstəqilliyə gedən yolda mühüm tarixi hadisələr idi.

Bütövlükdə, İslam dünyasında siyasi-mədəni dekadansın yaşandığı bir dövrdə Azərbaycan xalqının demokratik-hüquqi dövlət quruculuğu uğrunda mübarizəyə qoşulması həmin dövr üçün unikal siyasi hadisə idi. Zamanın çağırışlarına adekvat münasibət ortaya qoyan Azərbaycan aydınları hələ Çar Rusiyasının müvafiq tribunalarından gələcək müstəqilliyə yol açan qəti mövqelərini  ifadə edirdilər. Rusiyanın Dövlət Dumalarına seçilmiş Ə.Topçubaşov,  F.Xoyski, A.Muradxanov, İ.Ziyadxanov kimi görkəmli nümayəndələrimiz xalqımızın haqq və tələblərini açıq şəkildə bildirirdilər. Çar Rusiyasının zəifləməyə başladığı,  “xalqlar həbsxanası”nda milli-ideoloji cərəyanların gücləndiyi XX əsrin əvvəllərində isə həmin tələblər daha qətiyyətli şəkildə səslənməyə başlamışdı.

Beləliklə, Cümhuriyyətin yaranmasına aparan yolda şərəfli mübarizə təcrübəsi keçmiş Azərbaycan xalqının əsas hədəfi çağdaş milli ideologiyanı milli ideyalar təməlində möhkəmləndirməkdən və itirilmiş dövlətçilik ənənələrini bərpa etməkdən ibarət idi. Bu məqsədlə, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlərin öncüllüyündə Cümhuriyyət ideyalarının insanlar arasında  kütləviləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilirdi. Əli bəy Hüseynzadənin bütünlüklə türk dünyasına tətbiq aktuallığı ilə irəli sürdüyü “türkləşmək, islamlaşmaq və avropalaşmaq” fikri Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına aparan yolda xalqımızın milli, dini köklərə, mütərəqqi və bəşəri ideyalara sadiqliyinin əyani təzahürü idi.

Bu sırada ən vacib amillərdən biri də  istiqlaliyyət uğrunda apardığı mübarizədə öz xalqını azadlığa və səadətə qovuşdurmaq üçün həmin görkəmli şəxsiyyətlərin nümayiş etdirdiyi qətiyyət və sarsılmaz iradə idi. İstiqlaliyyət yolunda, dövrün siyasi, intellektual təbəqəsinin əzmkar fəaliyyəti və on minlərlə soydaşımızın həyatını itirdiyi amansız mücadilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə tariximizin ən parlaq səhifəsini yazdı.

1918-ci ilin 28 mayında müsəlman Şərqində ilk demokratik, dünyəvi respublikanın yaradılması nə qədər əlamətdar hadisə idisə, Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülündən sonra baş verən hadisələr zənciri də öz əhatəliliyinə, təsir dairəsinə, siyasi-mənəvi yükünə görə bir o qədər vacib əhəmiyyət daşıyırdı. Olduqca mürəkkəb siyasi-hərbi şəraitdə istiqlaliyyəti elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk gündən demokratik, hüquqi dövlət quruculuğu, universal insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sistemli tədbirlər həyata keçirməsi çar mütləqiyyətindən qurtulmuş digər xalqların da yeni dövlətçilik təcrübəsinin formalaşmasına, modernləşən dünya praktikasına uyğunlaşmasına ciddi təsir göstərdi.

Bəlkə də, həmin dövrdə yenicə müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökuməti ərazi bütövlüyünə təhdidləri, gərgin siyasi vəziyyəti əsas gətirərək, insan hüquq və azadlıqlarının təmin edilməsi məsələsini ikinci plana da keçirə bilərdi. Lakin Azərbaycanın siyasi fikir xadimləri, milli hökumətdə təmsil olunan görkəmli şəxsiyyətləri üçün hüquq və azadlıqlar heç bir halda prioritetliyini azaltmadı. Təsadüfi deyildir ki, vətəndaşların mülki və siyasi hüquqlarının qorunması, bütün xalqların və hər kəsin milli, dini, irqi və cinsi mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqlu inkişafı üçün münbit şəraitin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində birbaşa əksini tapmışdı.

18 yaşına çatmış bütün vətəndaşlara, o cümlədən qadınlara səsvermə hüququnun verilməsi isə həmin dövr üçün bir çox Avropa dövlətlərində belə gündəmə gətirilməsi mümkün olmayan elə bir  demokratik dəyər idi ki, bu fakt azadlıq və demokratiya beşiyi sayılan Avropa ölkələrində bu gün də heyranlıq və qibtə doğurmaqdadır. Məhz universal dəyərlərə, insan hüquq və azadlıqlarına təminat yaradan prinsipləri dövlət idarəetməsinin əsas prinsipləri kimi qəbul etməklə Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğunun ilk günlərindən etibarən Şərqin, İslam və türk dünyasının mütərəqqi dövlət modeli kimi qəbul edilməyə və fəaliyyət göstərməyə başladı.

Beləliklə, bütün regionun siyasi mənzərəsini dəyişən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra həm ölkədaxili, həm də regional və beynəlxalq miqyasda dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, beynəlxalq hüququn müstəqil subyekti statusunun əldə edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilməyə başlandı. Ölkənin dövlət rəmzlərinin təsis edilməsi barədə qərarın qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi əsasında ahəngdar dövlət idarəetməsinin əsasının qoyulması, milli valyutanın tədavülə buraxılması, kifayət qədər peşəkar kadrlardan ibarət olan 40 min nəfərlik milli ordunun yaradılması qısa müddət ərzində həyata keçirilmiş mühüm tədbirlər idi.

Bu çərçivədə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti yenicə müstəqilliyinə qovuşmuş dövlətin qanunvericilik əsaslarını yaratmaq istiqamətində mühüm addımlar ataraq milli parlamentarizmin təşəkkülünə yol açdı. İlyarımlıq fəaliyyəti dövründə parlamentin qəbul etdiyi qanunlar Xalq Cümhuriyyətinin müstəqilliyinin möhkəmləndirilməsinə, ölkədə siyasi və iqtisadi tərəqqiyə, mədəniyyət, maarif və təhsil sahələrində ciddi irəliləyişə səbəb oldu. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti qarşısında əsas hədəf kimi dayanan siyasi, iqtisadi, mədəni, təhsil, ordu quruculuğu istiqamətində ən qabaqcıl qayda və standartların ölkədə tətbiqini həyata keçirməklə, həm parlament, həm də milli hökumət bütün qüvvələrini səfərbər etmişdi.

Tarix boyu Qafqaz birliyi ideyasına, regionda konstruktiv əməkdaşlıq mühitinin formalaşmasına böyük zərbə vuran ermənilər XX əsrin belə həssas dönəmində də öz məkrli planlarını həyata keçirmək üçün bütün vasitələrdən istifadə edirdilər. 114 min kvadrat kilometrlik əraziyə sahib olan Azərbaycan Xalq Cümhuriyyətinin bütün bölgələrdə öz suverenliyini təmin etməsinə başlıca maneə törədən erməni-daşnak birliklərinin dağıdıcı fəaliyyəti ölkədə islahatlar prosesini, quruculuq tempini ləngidirdi. Yenicə yaranmış dövlət bütün siyasi səylərini, maliyyə və hərbi resurslarını daşnak-bolşevik birləşmələrinin təcavüzünün qarşısının alınmasına yönəltməyə məcbur edilirdi. 

Yalnız 3 aydan sonra– 1918-ci ilin sentyabrında Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını erməni-daşnak birliklərindən tam təmizləməsindən sonra Xalq Cümhuriyyəti hökuməti ölkə ərazisində əhəmiyyətli dərəcədə sabitliyin bərqərar edilməsinə nail oldu və siyasi-diplomatik fəaliyyətdə, iqtisadi-sosial sahələrdə ciddi uğurlar əldə edilməyə başlandı.

Artıq 1918-ci il dekabrında Bakıda yeni hökumətin formalaşdırılmasından dərhal sonra müttəfiq dövlətlərin Bakıdakı nümayəndəsi general Tomson Azərbaycan hökumətini tanıması barədə xüsusi bəyanat verdi. Həmin bəyanatda bütün Azərbaycan ərazisində milli hökumətin qanuniliyi təsdiqlənir və müttəfiq hərbi qüvvələr komandanlığının bu hökumətə dəstək göstərəcəyi bildirilirdi. Həmçinin, milli hökumətin nümayəndələri ilə mütəmadi görüşlərdən sonra general Tomson Paris Sülh Konfransında AzərbaycanXalq Cümhuriyyəti nümayəndələrinin iştirakına dəstəyini də ifadə etdi. Eyni zamanda, Balkan yarımadasında və Qafqazdakı Böyük Britaniya qoşunlarının baş komandanı, general Corc Miln də İngiltərənin Azərbaycan hökumətini ölkə ərazisində yeganə qanuni hakimiyyət kimi tanıdığını bəyan etdi.

Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Həmin dövrdə I Dünya müharibəsindən  qalib çıxmış Antanta ittifaqına daxil olan dövlətlərin birlikdə və hər birinin ayrıca olaraq Qafqazda və xüsusilə Azərbaycanda mühüm siyasi-iqtisadi, hərbi məqsəd və maraqları var idi. Xalq Cümhuriyyəti hökumətinin qarşısında isə gərgin siyasi-hərbi şəraitdə, məhdud resurslarla dövləti və milli maraqların müdafiə olunması kimi olduqca çətin vəzifə dayanırdı.

Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin Azərbaycan Xalq Cümhuriyyətinin dünya birliyi tərəfindən tanınması üçün ardıcıl səyləri qısa müddət ərzində öz bəhrəsini verdi. 1919-cu ilin mayında Azərbaycanın istiqlaliyyəti məsələsi ABŞ Prezidenti Vudro Vilsonun təşəbbüsü ilə ABŞ, Böyük Britaniya, Fransa və İtaliya hökuməti rəhbərlərinin təmsil olunduğu Dördlər Şurasının iclasında geniş müzakirə edildi. 1920-ci ilin yanvarında isə Böyük Britaniyanın təşəbbüsü ilə çağırılmış Paris Sülh Konfransı Ali Şurasının sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti də daxil olmaqla, Cənubi Qafqaz respublikalarının müstəqilliyinin tanınması məsələsi qaldırıldı. Həmin ilin 11 yanvar tarixində Paris Sülh Konfransının Ali Şurası tərəfindən qəbul edilmiş qərarda müttəfiq dövlətlər tərəfindən Azərbaycanın de-fakto tanınması bəyan edildi.

Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması ölkədə ictimai-siyasi həyatda olduğu kimi, mədəni, ədəbi, təhsil sahəsində də ciddi canlanmaya səbəb oldu. 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında AXC Parlamenti Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul etdi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi.

Milli hökumət dönəmində Məhəmməd Hadi, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Almaz İldırım, Əzim Əzimzadə kimi görkəmli yaradıcı şəxsiyyətlərin nümunəsində müstəqil Azərbaycanda mədəniyyət, ədəbiyyat və incəsənət öz intibah dövrünü yaşadı. Eyni zamanda, ana dilində qəzet və jurnalların nəşri xalqımızın mədəni inkişafında və maariflənməsində mühüm rol oynadı. Bu dövrdə nəşr edilən “Azərbaycan”, “İstiqlal”, “Açıq söz” kimi qəzet və dərgilər ölkə əhalisinə mühüm informasiyaların çatdırılmasında əsas vasitələr kimi çıxış edirdi.

Azərbaycanda milli iqtisadiyyatın, milli sahibkarlığın, milli burjuaziyanın dayaqları yaradılırdı. I Dünya müharibəsindən sonra dövlətlərarası münasibətlərdə gərginlikliklərin yaşandığı bir zamanda Azərbaycan ən müxtəlif vasitələrlə dünya miqyasında əməkdaşlığa çıxmağa can atırdı. Siyasət, diplomatiya, hərb, iqtisadiyyat, təsərrüfat, elm, təhsil və mədəniyyət sahələrinin hər biri ölkənin daxili həyatında və digər dövlətlərlə təmasında yeni fəaliyyət mexanizmlərini hərəkətə gətirirdi.   

Belə bir ağır siyasi durumda erməni birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar  və ölkədə sabitliyin pozulmasına yönələn cəhdlər Xalq Cümhuriyyətini bolşevik təcavüzünə qarşı daha da kövrək edirdi. 1920-ci ilin əvvəllərində erməni nümayəndələrinin Moskvaya ərazi güzəştləri müqabilində Azərbaycan Xalq Cümhuriyyəti hökumətini devirməyi təklif etməsi əsl erməni xislətini, xəyanətkarlığını göstərən tarixi faktlardan biridir.

Cümhuriyyət qurucularının əksəriyyəti– Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov,  Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Xosrov bəy Sultanov, Məmmədhəsən Hacınski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Xudadat bəy Məlik-Aslanov, Camo bəy Hacınski, Xudadat bəy Rəfibəyli, Behbud xan Cavanşir, İsmayıl xan Ziyadxanov, Aslan bəy Səfikürdski, Səməd bəy Mehmandarov, Rüstəm xan Xoyski və başqaları yüksək təhsil almış ziyalılar, siyasətçilər idilər. Onlar yaxşı başa düşürdülər ki, yaranmış yeni tarixi-siyasi şəraitdə Azərbaycan öz böyük dövlətçilik ənənələri üzərində müstəqil demokratik  respublikanı ərsəyə gətirməsə, bu imkan birdəfəlik əldən çıxacaq.

Cümhuriyyətin süqutundan sonra həyatını itirmiş, əksəriyyəti isə 1920-ci ildə bolşeviklər tərəfindən öldürülmüş bu insanlar, əslində, böyük millət qəhrəmanlarıdır. Onlar həm də milli dövlətçilik ənənələrini dünyanın yalnız bir neçə mütərəqqi Avropa dövlətlərində və  Amerika Birləşmiş Ştatlarında yenicə təşəkkül tapmağa başlayan demokratizm və respublikaçılıq təcrübəsi ilə birləşdirərək, çoxmillətli və çoxpartiyalı parlament quruculuğunda, ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququnun qanunla təsbit ediliməsi məsələsində daha irəli gedərək, xalqımızın tarixi-mədəni və ictimai-siyasi dünyagörüşünün seçkin dəyərləri üzərində Qafqazın ən böyük dövlətini yaratmışlar!

Məhz cümhuriyyətçilərin fədakarlığı sayəsində Azərbaycan bu gün də Qafqazın ən böyük dövləti olaraq yaşamaqdadır. Əgər cümhuriyyətçilər 1918--1920-ci illərdə müstəqilliyin təməlini qoymasaydılar, Azərbaycan və digər Qafqaz ölkələri XX əsrin sonlarında Sovet İttifaqından suveren respublika kimi ayrıla bilməyəcəkdilər. Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir Azərbaycan Respublikasını cəmi 70 il ayırır. Lakin bu 70 ildə də bizi ayıran yox, birləşdirən dəyərlər xalqımızın ruhunda varislik xətti ilə yaşayıb!

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın dünyəvi-universal dəyərlərə bağlılığını, istiqlal əzmini sarsıtmadı, əksinə, öz mübarizəsini yeni siyasi şəraitdə daha uyğun platformalarda aparmağa ruhlandırdı. Xüsusilə Azərbaycanının siyasi mühacirətinin nümayəndələri Cümhuriyyət ideyalarının yaşadılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində yorulmaz səylərini davam etdirdilər.

1991-ci ildə milli müstəqilliyimizin bərpa edilməsindən sonra milli dövlətçilik tariximizin qürur mənbəyi olan Azərbaycan Xalq Cümhuriyyəti irsinin dərindən araşdırılması istiqamətində mühüm addımlar atılmış, Cümhuriyyət dövründə hökumətdə təmsil olunmuş nümayəndələrin və digər milli aydınların həyat və fəaliyyətinə dair yüzlərlə araşdırma işıq üzü görmüşdür.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqımızın istiqlaliyyət arzusu ilə əlaqələndirən Heydər Əliyev söyləyirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”

Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi Azərbaycan Respublikasında cümhuriyyətçilik dəyərlərinin və ideyalarının yaşadılması istiqamətində dövlət səviyyəsində tədbirlər müntəzəm şəkildə həyata keçirilməkdədir. Hələ 1998-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncama uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi bütün respublika ərazisində silsilə tədbirlərlə qeyd edilmiş, Cümhuriyyət irsinin təbliğatı istiqamətində maarifləndirici tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2003-cü il tarixli sərəncamı ilə Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinə abidənin ucaldılması Cümhuriyyət dəyərlərinin əbədiləşdirilməsi istiqamətində atılmış vacib addım olmuşdur.

2008-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik  yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncam imzalaması milli dövlətçilik tariximizin parlaq nümunəsi olan Xalq Cümhuriyyətinin irsinə və dəyərlərinə yüksək ehtiramın daha bir bariz göstəricisi idi. Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi tariximizin qürurverici səhifəsini, həmin dövrün istiqlal və azadlıq mücahidlərinin həyat və fəaliyyətini bir daha xatırlamaq, öyrənmək və təbliğ etmək üçün gözəl imkandır.

Azərbaycan Xalq Cümhuriyyəti zaman baxımından az müddətdə mövcud olsa da, mahiyyət etibarilə Azərbaycan xalqının dövlətçilik təfəkküründə dərin izlər buraxdı. Xalqımız Cümhuriyyət dönəmində daha da zənginləşmiş mili-mənəvi dəyərləri qoruyub saxladı, hətta sovet hakimiyyəti illərində də özünün dövlətçilik atributlarına dərin ehtiramını ürəyində yaşatdı. Heç şübhəsiz ki, Sovet İttifaqının süqutundan sonra Azərbaycanın müstəqilliyinə yenidən qovuşmasında Cümhuriyyət dönəmində möhkəmlənib inkişaf etdirilmiş dövlətçilik şüuru, milli-mənəvi dəyərlər, milli özünüdərkin yetişməsi həlledici amil olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti qarşısına qoyduğu məqsədlərə tam nail olmadan süquta uğrasa da, onun xalqımızın şüurunda bərqərar etdiyi istiqlaliyyət məfkurəsi demokratik, hüquqi dövlət prinsiplərinə əsaslanan müstəqil Azərbaycanın yenidən qurulmasında əvəzsiz rol oynadı.

Bu gün siyasi sabitliyin, dayanıqlı inkişafın mərkəzi olan Azərbaycan Respublikası varisliyinin şərəfini bayrağından ideallarınadək qürurla daşıdığı Azərbaycan Xalq Cümhuriyyəti dövründə gerçəkləşdirilməsi mümkün olmayan ideya və məqsədləri əzmkarlıqla həyata keçirməkdədir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və mövcudluğu uğrunda mübarizə aparmış şəxsiyyətlərin ruhuna ən böyük ehtiram da məhz demokratik, hüquqi dövlət quruluşunun əsaslarını möhkəmləndirməkdən, insan inkişafına əsaslanan rifah dövləti yaratmaq uğrunda ardıcıl fəaliyyəti davam etdirməkdən ibarətdir.

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında