Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Onların çox böyük funksiyaları, çox böyük zəhmətləri vardır. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
...O gün qardaşım qızını məktəbdən götürməyə getmişdim. Məktəbin yaxınlığındakı yerüstü piyada zolağını keçib həyətə girməli idim. Gecikdiyim üçün narahatlıq keçirirdim. Lakin gördüyüm mənzərə narahatlığıma son qoydu, yerüstü piyada zolağının o biri başında olan polis əməkdaşı 11-12 yaşlı məktəbli qızların yolu keçməsinə kömək edirdi. Diqqətlə baxanda Nurayın – qardaşım qızının da onların arasında olduğunu gördüm. Üzümdəki həyəcan dolu ifadəni görən uşaq: “Narahat olma, həmişə biz məktəbdən çıxanda burada polis əmilər bizə yolu keçməyə kömək edirlər.” – dedi və arxaya baxıb polis əməkdaşına əl edib təşəkkürünü bildirdi....
...Bəli, cəmiyyətdə əmin-amanlığın qorunması, xalqın və dövlətin təhlükəsizliyinin mühafizəsi kimi mühüm vəzifəni öz çiyinlərində daşıyan Azərbaycan polisi tarixin sınaqlarından, keşməkeşli yollarından şərəflə keçərək bu il yüz yaşını qeyd edir.
Yüz il Azərbaycan xalqı müsəlman Şərqində ilk demokratik respublikanın qurulmasının sevinc və fərəhini yaşadı. Məhz həmin dövrdə, 1918-ci il iyulun 2-də Azərbaycan Demokratik Respublikasının Nazirlər Şurasının Daxili İşlər Nazirliyinin tərkibində asayişi mühafizə dəstələrinin yaradılması ilə bağlı sərəncam verməsi mühüm bir addım oldu.
1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşması, ictimai və milli maraqların və istiqlalımızın qorunmasında son anadək mübarizə apardı. 1920-ci il aprel işğalı dövründə Milli Ordu və polis çiyin-çiyinə demokratik respublikamızın keşiyində dayandı, onun müdafiəsinə canlarını sipər etdilər.
Yetmiş illik sovet işğalına baxmayaraq, xalqın mübarizə əzmi sınmadı, yaddaşlarda yaşadı, üçrəngli bayrağın yenidən Azərbaycan səmasından boylanacağına inam özünü doğrultdu.
* * *
1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etməsi ilə, polisin də üzərinə mühüm vəzifələr qoyuldu. Artıq gənc müstəqil ölkəyə qarşı olan ərazi iddiaları, Qarabağda, eləcə də sərhəd rayonlarında alovlanan müharibə Azərbaycan polisini sınaq qarşısında qoyurdu. Tarix təkrar olunurdu. Gənc və müstəqil Azərbaycan dövlətinin var olması üçün 1918-ci ildəki kimi, Azərbaycan polisindən mətinlik, cəsurluq və fədakarlıq tələb olunurdu. Bu gün canlarını Vətənin bütövlüyü uğrunda fəda etmiş şəhidlər arasında yüzlərlə cəsur polis əməkdaşı, Milli qəhrəmanlar uyuyur. Hər birinin də həyatı ilə tanış olduqca, neçə-neçə qəhrəmanlıq hekayəsinin şahidi olursan... Təkcə 366-cı motoatıcı alayın Xocalıya hücumu zamanı bir çox günahsız insanın həyatını xilas etmiş və onları Ağdamın Şelli kəndinə çatdırmış Milli Qəhrəman, Xocalı hava limanı xətt daxili işlər bölməsinin rəisi, milis mayoru Əlif Hacıyevin qəhrəmanlığı bu gün də o soyqırımından xilas olmuş Xocalı sakinləri tərəfindən minnətdarlıqla xatırlanır. Milli Qəhrəman, Bryansk Xüsusi Orta Milis Məktəbinin məzunu, polis işçisi İlham Müzəffər oğlu Əliyevin öz döyüş yoldaşları ilə erməni silahlılarının tez-tez atəşə tutduğu Qazax rayonunun Aşağı Əskipara kəndində son anadək döyüşməsi, Milli Qəhrəman, Qarabağ müharibəsi dövründə DİN-in Xüsusi Təyinatlı Milis Dəstəsində (XTMD) xidmət etmiş “Mixaylo” ləqəbli Mehdi Abbasovun Məlikcan postu yaxınlığındakı döyüşlərdə şəhid olması...Canını ən təhlükəli məqamlarda Vətənin bütövlüyü üçün sipər etmiş və şəhid olmuş yüzlərlə qəhrəman polisimiz var. Onların uyuduqları məzarlar cavan nəslin, gənc müdavimlərin and yeridir...
Qarabağ müharibəsinin ilk illərində, hələ Milli Ordunun tam formalaşmadığı dövrdə polislərin rəşadəti və mübarizəsi onların həm də Vətənə və dövlətə, torpağa bağlılığını sübut etmiş oldu. Azərbaycan polisi Qarabağ müharibəsində vətənsevər könüllü gənclərlə, Milli Ordunun əsgərlərləri ilə çiyin-çiyinə döyüşdü. Ümumiyyətlə, Azərbaycan polisi Qarabağ müharibəsində Ermənistanın torpaqlarımıza hücumu zamanı böyük rəşadət göstərməklə yanaşı, həm də ən çətin sınaqlarda xalqın ona güvənə biləcəyini isbat etdi.
* * *
Onlar ciddi nizam-intizama tabedir, bu ciddiliyi və məsuliyyəti simalarından da görmək mümkündür. Əslində, mərhəmət və insanlıq onlar üçün də var. Bir Azərbaycan polisi cinayətkara qarşı nə qədər mübarizdirsə, sadə vətəndaşa münasibətdə o qədər mərhəmətlidir. 19 may. 2015-ci il. Yəqin, bu tarixi çoxları xatırlayar. Bakı şəhəri, Binəqədi rayonunda on altı mərtəbəli binada baş vermiş yanğın zamanı dünya Azərbaycan polisinin cəsurluq və qəhrəmanlığına, mərhəmətinə şahid oldu. Alovların içində 3 vətəndaşın həyatını xilas etmiş Çevik Polis Alayının əməkdaşı, polis serjantı Qocayev Şahin Alı oğlunun cəsarəti, yanan binadan alovlar içindən körpəni xilas etmiş polis serjantı Elvin Abışovun qəhrəmanlığı bu gün də qürurla xatırlanır. Üzündə heç bir qoruyucu maska olmadan körpəni xilas etmiş polis sonradan həmin anlar haqqında bunları demişdir: “O anda iki körpə uşağım gözümün önünə gəldi. Bir nəfər mənə yaxınlaşıb dedi ki, mənim körpəm 6-cı mərtəbədə qalıb, uşaqlarım yanır, mənə kömək et. Bunu eşidən kimi, sanki bir anlıq həyatım söndü. O an yaşayıb-yaşamayacağım mənim üçün önəm daşımadı.” Körpəni xilas edərkən polisin çəkilmiş fotosu həm də dünyanın aparıcı KİV-də yayımlandı və Azərbaycan polisinin cəsurluğu və mərhəmətini bir daha dünyaya göstərdi. “Mən polis kimi, vətəndaş kimi borcumu yerinə yetirdim.”–deyən polis serjantı Elvin Abışovun bu sözləri, əslində, Azərbaycan polisinin Vətənə və dövlətə, peşəsinə içdiyi sədaqət andının ən bariz nümunəsidir. Onun bu qəhrəmanlığı dövlət başçısı İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi və o, “İgidliyə görə” medalı ilə təltif edildi. Bu gün Azərbaycan Polis Akademiyasında hüquq-mühafizə orqanlarında xidmət etmək arzusunda olan yüzlərlə gənc peşəkar kadr hazırlanır. Kim bilir, onların arasında da dövlətinə, peşəsinə bağlı gələcəyin neçə-neçə qəhrəmanı var...
* * *
Azərbaycanın müstəqilliyi möhkəmləndikcə, iqtisadi və siyasi baxımdan daha güclü olduqca, cəmiyyətdə də sabitlik hökm sürür. Şübhəsiz, bu, həm də hüquq-mühafizə orqanlarının əməyinin nəticəsidir. Gecə-gündüz xidmət aparan polislər asayişi qorumaqla yanaşı, ölkədəki kriminogen duruma da nəzarət edir, əmin-amanlığın qorunması üçün təhlükəsizliyimizin keşiyində ayıq-sayıq dayanırlar.
Müstəqilliyin ilk illərini yəqin ki, çoxları xatırlayır, baş alıb gedən vətəndaş qarşıdurması, kriminogen durumun artması, daxili sabitliyin pozulması təkcə vətəndaşların deyil, dövlətin müstəqilliyini də təhlükə qarşısında qoyurdu.
Statistik göstəricilər keçən əsrin 90-cı illəri ilə müqayisədə ölkəmizdə cinayətlərin azalması, ölkədə sabitliyin hökm sürməsi kriminogen durumun nəzarətdə olmasını göstərir. Təkcə 1992-ci illə müqayisədə 2002-ci ildə ölkə üzrə qeydə alınmış cinayətlərin açılması 67 faizdən 94,8 faizə yüksəlib, ümumi cinayətlərin sayı 30,9 faiz, o cümlədən qəsdən adam öldürmələr 2,7 dəfə, quldurluq və soyğunçuluq 3,7 dəfə, oğurluq 5,2 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 7,2 dəfə azalıb.
DİN-in mühüm fəaliyyətinin nəticəsidir ki, 2017-ci ilin təhlilinə əsasən, ölkədə əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına (264) görə, Azərbaycan MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkə kimi tanınır.
Cəmiyyətimizdə hökm sürən sabitlik ölkəmizə həm də bütün sahələrdə tərəqqi və inkişaf gətirdi. Azərbaycan bir sıra beynəlxalq layihələrə və uğurlara imza atdı. Bu sabitliyin bərqərar olmasında Azərbaycan polisinin rolu danılmazdır. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında Azərbaycan dövlətçiliyini və müstəqilliyini hər şeydən uca tutan vətənsevər polislərin, hüquq-mühafizə orqanlarının fədakarlığı bu gün də minnətdarlıq duyğusu ilə xatırlanır.
Bu gün Azərbaycan regionda sabit və təhlükəsiz ölkə kimi tanınır, bu imicin qazanılması Azərbaycan polisinin ayıq-sayıqlığının sayəsində baş tutub. Lakin bu sabitliyi pozmağa, cəmiyyətdə qarşıdurma yaratmağa çalışan qüvvələr var ki, güc strukturlarında çalışan vətənpərvər zabitlər, Azərbaycan polisi onların qarşısını almağa qadirdir. Yeri gəldikdə, canlarını qurban verməkdən də çəkinmirlər. Təki Vətən, dövlət əbədi olsun, insanlar sabit və təhlükəsiz yaşasınlar.
* * *
2015-ci il noyabr ayı. Nardaranda bəzi ekstremist qüvvələr oradakı insanların dini inanclarından öz çirkin məqsədləri üçün istifadə edib qarşıdurma yaratmağa çalışanda, dövlətçiliyi təhdid edən qüvvələrin qarşısında yenə də Azərbaycan polisi dayanmışdı. Öz vəzifə borcunu şərəflə yerinə yetirən polislər başda olmaqla, əməliyyat iştirakçıları arasında Vüqar Əyyub oğlu Nəsibov da var idi. İndiyə kimi xidmət müddəti ərzində bir çox titullar qazanmış, ən çətin və məsuliyyətli tapşırıqları yerinə yetirmişdi. Azərbaycanın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı, polis serjantı olan Vüqar həm də idmançı idi. Kikboksinq ilə məşğul idi və dəfələrlə Azərbaycan çempionu olmuşdu.
Həmin gün də Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyi tərəfindən keçirilən xüsusi əməliyyata qatılmışdı. Məqsəd təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdırmış və din pərdəsinə bürünmüş silahlı cinayətkar dəstəni zərərsizləşdirmək idi. Bu əməliyyatda son anına qədər cəsarətlə mübarizə aparsa da, Vüqar Nəsibov ağır yaralandı və gözlərini əbədi yumdu. Şəhadətindən sonra xüsusi xidmətlərinə və göstərdiyi cəsarətə görə "İgidliyə görə" medalı ilə təltif edilməsi onun şücaətinə verilən yüksək qiymət oldu.
Həmin əməliyyatda digər şəhid polis qardaşımız İsmayıl Tağıyev də var idi. 1977-ci ilin baharında, martın 29-u dünyaya göz açmışdı. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (1993-1997) və 2012-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında (2012) təhsil almışdı. İctimai asayişin təmin olunmasında, hüquq qaydalarının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə dəfələrlə təltif edilmişdi. O, nümunəvi xidməti sayəsində Prezident İlham Əliyev tərəfindən 2006-ci il 30 iyun tarixli 1545 nömrəli sərəncam ilə "İgidliyə görə" medalı, 27 iyun 2014-cü il tarixində Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilmişdi. İsmayıl uşaq yaşlarından Vətəninə, dövlətinə və dininə bağlı idi. “Zirvə” idman klubunun ağır atleti kimi bir sıra nailiyyətlər qazanmışdı. Dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışların mükafatçısı olmuşdu.
İsmayıl idmanda, hüquq-mühafizə orqanlarında, eləcə də adi həyatda nümunəviliyinə görə seçilirdi. İştirak etdiyi sonuncu əməliyyat onun da həyatını yarı yolda qoydu, atılan namərd gülləsi Vüqar Nəsibovla yanaşı, İsmayıl Tağıyev kimi cəsur polisimizi də şəhid etdi. Bu şəhadət bir daha hamıya sübut etdi ki, ölkəmizdə sabitliyi pozmağa cəhd edən, iğtişaş və terror törətmək istəyən cinayətkarlar qarşısında ürəyi və canı ilə dövlətinə və millətinə bağlı Azərbaycan polisini görəcək. Namərd gülləsi neçə-neçə polisin həyatını söndürsə də, onların yerinə daha güclüləri, daha peşəkarları yetişir.
Şəhid polislər Vüqar Nəsibov iki, İsmayıl Tağıyev dörd övlad atası idi. İllər keçəcək, o uşaqlar da böyüyəcəklər, ataları haqqında danışılan qəhrəmanlıq və şücaət dolu söhbətlər, İkinci Fəxri xiyabanda şəhid polisləri ziyarətə gələn həmkarları və vətəndaşların münasibəti onlara təsəlli və qürur mənbəyi olacaqdır...
* * *
...Elə bu düşüncələrlə Bakı bulvarında gəzişirəm. Hər kəs o qədər xoşbəxt görünür ki... Ən çox da gəzintiyə çıxan uşaqlar sevinirlər. Yanımda anası ilə oturan 8-10 yaşında qızın “ Ana, ana ora bax!” deməsi mənim də diqqətimi çəkir. İstər-istəməz qızın göstərdiyi səmtə baxıram. Anası qızına deyir: “Hə, qızım, o xalalar polisdir. Onlar burada gəzirlər ki, sizin kimi uşaqlar rahat oynaya bilsinlər.” Balaca qızcığazın diqqətini çəkən Əlahiddə Çevik Polis Alayının iki qadın əməkdaşı idi. “Nə yaxşı, ana, mən də böyüyəndə o qızlar kimi polis olmaq istəyirəm. ”
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
Məqalə Daxili İşlər Nazirliyinin Azərbaycan polisinin 100 illik yubileyi münasibətilə elan etdiyi müsabiqəyə təqdim olunur
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.