28 may 1918-ci ildə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixinə çox əlamətdar bir hadisə kimi daxil olmuşdur. AXC Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi tarixinin əsas mərhələlərindən biridir. Onun yaradılması uzun illər xalqımızın azadlıq uğrunda apardığı mübarizəsinin məntiqi və qanunauyğun nəticəsi olmuşdur.
Azərbaycançılıq vətəndaş millətçiliyinin konkret tarixi forması olaraq xalqımızın siyasi, iqtisadi, sosial və mədəni yüksəlişinə yönələn bir ideyadır. Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi tarixi azərbaycançılıq ideyasının formalaşması və sonrakı inkişafı ilə bağlıdır. Azərbaycançılıq XIX əsrin ikinci yarısında yeni bir şəraitdə xalqımızın siyasi, iqtisadi, sosial və mədəni yüksəlişi ideyası kimi formalaşmağa başlayır.
Məlum olduğu kimi, o vaxt Azərbaycan çar Rusiyasının bir əyaləti idi. Çar Rusiyasının milli siyasəti isə milli azlıqların ruslaşdırılması, hüquqlarının pozulması və istimarına əsaslanırdı. Qeyd olunan vaxt xalqımızın milli azadlıq uğrunda mübarizəsi Azərbaycanda milli ideyanın formalaşmasının əsas hərəkətverici qüvvəsi idi.
XX əsrin əvvəllərində yaşamış tanınmış türk sosioloqu Ziya Göyalpa görə, Şərq xalqlarının milli hərəkatı ardıcıl olaraq üç mərhələdən keçir: mədəni, siyasi və iqtisadi mərhələdən Şərq xalqlarının milli hərəkatı onların mədəni oyanışından başlayaraq siyasi hərəkat formasını qəbul edir və daha sonra iqtisadi proqramların tərtib edilməsi mərhələsinə daxil olur.
Ziya Göyalpın qeyd etdiyi kimi, azərbaycançılıq da özünü ilkin olaraq XIX əsrin ikinci yarısında meydana gəlmiş mədəni hərəkat kimi göstərdi. Həmin vaxtdan başlayaraq milli ədəbiyyatın, incəsənətin və maarifçilik hərəkatının başında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri dururdular. Onlar Mirzə Fətəli Axundzadənin başladığı ənənəni davam etdirərək dini fanatizmi, xalqın inkişafına mane olan köhnəlmiş adət-ənənələri tənqid edir, xalqı elmə və təhsilə yiyələnməyə çağırırdılar. Onlardan bəziləri hətta çar Rusiyasının milli siyasətini tənqid edərək onu mahiyyətinə görə şovinist adlandırırdı.
Azərbaycan maarifçilərinin fəaliyyəti aşağıdakı istiqamətlər üzrə aparılırdı:
1.”Üsul-u Cədid” (yeni metod) yeni təlim metodunun tətbiqinə əsaslanan milli məktəblərin açılması
“Üsul-u Cədid” təlim metodunu ilk dəfə olaraq tanınmış krımlı türk maarifçisi İsmayıl bəy Qaspralı (1841- 1914) tətbiq etmişdi. Məlum olduğu kimi, İsmayıl bəy Qaspralı 1883- 1914-cü illərdə Krımda “Tərcümən” adlı qəzet nəşr edirdi. “Dildə, məsləkdə, işdə birlik” epiqrafı ilə çıxan bu qəzet türk xalqlarının birliyi ideyasını təbliğ edirdi. İsmayıl bəy Qaspralı “Üsul-u Cədid” təlim metodunu türk xalqlarının savadsızlıqlarının qarşısını alınmasının bir səmərəli metodu hesab edirdi. O, XIX əsrin 70-ci illərində Baxçasarayda “Üsul-u Cədid” təlim metodunu tətbiqinə əsaslanan ibtidai məktəb açdı. Yeni metodun əsas üstünlüyü ondan ibarət idi ki, bu metod vasitəsilə şagirdlər oxuyub yazmağı qısa müddət ərzində öyrənirdilər. İsmayıl bəy Qaspralı açdığı məktəbdə təlimin forması ilə yanaşı məzmununa da ciddi dəyişikliklər etmişdi. O, tədris proqramına türk dili və qrammatikası, riyaziyyat, İslamın tarixi, coğrafiya, dünya tarixi, tibbi biliklərin əsasları kimi fənləri də daxil etmişdi. İsmayıl bəyin yeni təlim metodu haqqında məlumat çar Rusiyasının türk xalqları yaşayan əyalətlərinə surətlə yayıldı. Nəticədə bu metodu tətbiq edən məktəblər Rusiyanın müxtəlif şəhərlərdə açılırdı. 1914-cü ildə Rusiyada 5000-ə yaxın “Üsul-u Cədid” təlim metodunu tətbiq edən məktəb vardır. Belə məktəblər Bakıda, Şuşada, Salyanda, Şamaxıda, Qubada da açılırdı. “Üsul-u Cədid” məktəbləri Azərbaycanda milli-dünyəvi təhsilin inkişafına səbəb olurdu;
2. Əlifba və dil islahatı uğrunda mübarizə
Azərbaycanda əlifba islahatı uğrunda mübarizənin əsasında mövcud ərəb əlifbasının latın əlifbası ilə dəyişdirilməsi ideyası dururdu. Azərbaycan maarifçiləri bu ideyanı ərəb əlifbasının latın əlifbası ilə müqayisədə türk dilinə uyğun gəlməməsi ilə əsaslandırırdılar. Bu ideyanı ilk dəfə olaraq Mirzə Fətəli Axundzadə irəli sürmüşdür. XIX əsrin sonu XX əsrin əvvəllərində isə bu ideyanı olduqca fəal şəkildə görkəmli Azərbaycan maarifçıləri Məhəmməd Tağı Sidqi və Firudin bəy Köçərli müdafiə edirdilər. Azərbaycan dilinin islahatı məsələsinə gəldikdə, maarifçılər Azərbaycan ədəbi dilinə canlı xalq dilinin daxil edilməsi ideyasını irəli sürürdülər. Bununla bağlı qeyd etmək lazımdır ki, bu ideyanı müdafiə edən Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Sultan Məcid Qənizadə, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov əsərlərini xalqa aydın olan dildə yazırdılar. Azərbaycan maarifçilərinin və yazıçılarının səyləri nəticəsində xalqımızın mədəni dirçəlişinin mühüm və zəruri şərtlərindən biri olan Azərbaycan ədəbi dilinin formalaşma prosesi başlamışdır;
3. Milli kitabxana və oxu zallarının açılması
Azərbaycanda ilk oxu zalı Bakıda tanınmış maarifçilər Həbib bəy Mahmudbəyli və Sultan Məcid Qənizadə tərəfindən açılmışdır. Oxu zallarının açılmasında Nəriman Nərimanov da böyük rol oynamışdır. Nəriman Nərimanov ictimai-siyasi fəaliyyətinin ilk mərhələsində daha çox maarifçiliyə sövq edirdi. Xalqın ümumi dünyagörüşünü artırmaq məqsədilə o, Həbib bəy Mahmudbəyli və Sultan Məcid Qənizadə ilə birgə kitabxanalar açmaq istəyirdi. 1894-cü ildə Nəriman Nərimanov Azərbaycanda ilk kitabxananın açılmasına müvəffəq oldu. O, oxu zallarının açılması üçün Bakı şəhərinin qubernatorundan icazə ala bildi. Milli kitabxanalarda dünya ədəbiyyatı ilə bərabər Azərbaycan dilində də çoxlu sayda ədəbiyyat vardır. Bundan başqa oxu zallarında olan ədəbiyyat arasında müxtəlif ölkələrdən çar hökumətindən gizli olaraq Bakıya gətirilən kitablar da var idi. Bu kitablara oxucular böyük maraq göstərirdilər. XIX əsrin sonunda milli kitabxana və oxu zalları Şamaxı, Lənkəran, Naxçıvan, Gəncədə də fəaliyyət göstərirdi. Elə həmin vaxt Azərbaycanda ilk kitab mağazaları da açılır;
4.Xeyriyyə, mədəni-maarif təşkilatlarının Azərbaycanın ictimai- siyasi və mədəni həyatında iştirakı
“Nicat”, “Səfa”, “Nəşri-maarif”, “Cəmiyyəti xeyriyyə”... kimi təşkilatlarda Azərbaycan xalqının qarşısında duran aktual məsələlər müzakirə olunurdu. Aparılan müzakirələrdə xüsusi diqqət xalqın elmə, təhsilə yiyələnməsinə, milli məktəblərin açılmasına, istedadlı Azərbaycan tələbələrinin xarici ölkələrə göndərilməsinə verilirdi. Bu qurumlar milli qəzet və jurnalların dərc olunmasına maddi yardım göstərirdilər. Onların fəaliyyəti zəngin şəxslərin ianələri hesabına həyata keçirilirdi;
5. Milli qəzet və jurnalların təsis olunması
Azərbaycan maarifçiləri dərc olunan milli qəzet və jurnallara onların kütləviliyinə görə milli- mədəni intibah ideyasının yayılmasının səmərəli vasitəsi kimi yanaşırdılar. XX əsrin əvvəllərində Azərbaycanda dərc olunan mütərəqqi qəzet və jurnallardan “Həyat”, “Yeni Həyat”, “Füyuzat”, “Yeni Füyuzat”, “İrşad”, “Tərəqqi”ni göstərmək olar. Onlar Azərbaycan xalqının milli şüurunun formalaşmasında mühüm rol oynamış, xalqımızın arasında müstəqillik, azadlıq ideyalarını yaymışdır.
Beləliklə, Azərbaycan ədəbiyyatının, incəsənətinin və maarifçılik hərəkatının görkəmli xadimlərinin fəaliyyəti nəticəsində azərbaycançılıq ideyasının ilk mərhələsi olan mədəni azərbaycançılıq ümumilikdə öz tarixi missiyasını yerinə yetirdi. Bu, özünü Azərbaycan xalqının milli şüurunun formalaşması prosesinin başlanmasında büruzə verirdi. Azərbaycan xalqı öz etnik-mədəni birliyi, milli maraqları uğrunda mübarizəyə qoşulmasının zərurətini yavaş-yavaş dərk edirdi. Mədəni azərbaycançılıq hərəkatının bütün bu nailyyətləri Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında olduqca mühüm rol oynamışdır.
Azərbaycançılıq ideyasının mədəni sahədən siyasi sahəyə keçməsi, başqa sözlə desək, siyasi azərbaycançılığın formalaşması Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Məmmədəmin Rəsulzadə kimi görkəmli şəxsiyyətlərin nəzəri və siyasi fəaliyyətləri ilə bağlıdır. Siyasi azərbaycançılığın nümayəndələri ilk dəfə olaraq Azərbaycan xalqının siyasi hüquqlarını müdafiə etməyə başladılar. Bu məqsəd üçün onlar bütün leqal vasitələrdən istifadə edirdilər. Məsələn, onlar çara petisiya yazıb hazırlayır, yüksək rütbəli hökumət nümayəndələri ilə görüşlər təşkil edir, Rusiya müsəlmanlarının qurultaylarını keçirir, Dövlət Dumasının işində fəallıq göstərirdilər.
Siyasi azərbaycançılığın nümayəndələrinin bu fəaliyyətlərinin sırasında onların Dövlət Dumasında iştirakını xüsusi qeyd etmək lazımdır. 1905-ci ilin aprel ayında Dumanın Azərbaycan deputatları Əlimərdan bəy Topçubaşovun tərtib etdiyi “Rusiyanın müsəlman əhalisinin nümayəndələrindən” adlı petisiyanı Dumaya təqdim etdilər. Professor Dilarə Seyidzadənin qeyd etdiyi kimi, bu petisiyada Rusiya müsəlmanlarının siyasi, iqtisadi və mədəni hüquqlarının qorunması, ölkədə feodal qalıqlarının aradan qaldırılması tələb olunurdu. Düzdür, petisiya çar hökuməti tərəfindən qəbul olunmadı, lakin onun tərtib və təqdim olunması siyasi azərbaycançılığın yüksək inkişaf səviyyəsindən xəbər verirdi.
Siyasi azərbaycançılığın nümayəndələrindən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Məmmədəmin Rəsulzadə mühüm rol oynamışdır. O, Azərbaycan milli istiqlal hərəkatının, bütün müsəlman aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyanlardan biridir. Azərbaycançılıq ideyası bir görkəmli siyasi və dövlət xadimi və bir publisist, mütəfəkkir olaraq M.Ə.Rəsulzadənin fəaliyyətinin nəticəsi kimi yeni mərhələyə qədəm qoydu. M.Ə.Rəsulzadə bu ideyaya tədricən gəlib çıxmışdı. O, yaradıcılığının ilkin mərhələsində ümmətçilik, islamçılıq mövqeyində dururdu. Sonra isə ümmətçilikdən millətçiliyə keçdi.
M.Ə.Rəsulzadə 1905-ci ildə “Həyat” qəzetində yazırdı ki, biz İslamsız məhv olarıq, İslam bizim üçün yeganə xilas yoludur. O, 1907-ci ildə “Təkamül” qəzetində “Tərcüman” qəzetini və onun redaktoru İsmayıl Qaspralını millətçiliyi təbliğ etdiyi üçün tənqid edirdi.
1911-ci ilin oktyabr ayında Bakıda yaradılan “Müsavat” partiyasının ilk proqram xarakterli sənədi onun islamçılıq ideyalarını daha bariz şəkildə nümayiş etdirirdi. Bu sənəddə müsəlmanların etnik kimlik əsasında deyil, məhz dini mənsubiyyətinə görə birləşməsi ideyası təbliğ edilirdi. Həmçinin, bu sənəd müsəlmanların elmə, təhsilə qovuşmalarının zəruriliyini vurğulayır, onları azadlıq uğrunda mübarizəyə çağırırdı.
M.Ə.Rəsulzadə ictimai-siyasi fəaliyyətinin başlanğıcında islamçılıq tərəfdarı olmaqla bərabər, sosial-demokratiyaya da meyil göstərmişdir. Sosial-demokratik ideyalar onun ictimai-siyasi görüşlərində də öz əksini tapmışdır. Məsələn, fəaliyyətinin başlanğıcında o, cəmiyyətin siniflərə bölünməsini və bu siniflər arasında barışmaz ziddiyyət olduğunu göstərərək qeyd edirdi: “Milliyyəti təbliğ edənlər həmişə sinfiyyətə göz örtüb onu görmək istəməyənlərdir. Bir millətpərəst, millət dedikdə dövlətli– kasıb, mülkədar-rəncbər, işverən –işçiliyi nəzərə almayıb, fəqət bir dildə danışan, bir adətdə olanları nəzərə alır”; “millətin içində siniflərin arasında birləşən təbayün və təbii ziddiliyi görmür və daha doğrusu, görmək istəmir”.
Sinfi mübarizənin zəruriliyini göstərən M. Ə. Rəsulzadə yazırdı: “Camaat özü öz azadlığına görə gərək çalışsın. Rəislərə yalvarmaq, onlardan mərhəmət istəməklə onun halına heç bir fayda olmaz”. O, çıxış yolunu da göstərirdi: “Camaatı ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? Maarif, maarif, maarif. Ancaq elm və bilik ilə camaat özünün nə olduğunu və nə edə biləcəyini qana bilər”.
M.Ə.Rəsulzadə 1904-cü ilin axırlarında “Müsəlman demokratik “Müsavat” cəmiyyətinin” əsasında Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) Bakı komitəsinin nəzdində müsəlman sosial-demokrat “Hümmət” təşkilatının yaradıcılarından biri olaraq rus və Azərbaycan bolşevikləri ilə birgə inqilabi fəaliyyətlə məşğul olmuşdur. Lakin o, tədricən bolşeviklərin Rusiya imperiyasının sərhədlərini saxlamaqla yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə apardıqlarını hiss edərək, RSDFP sıralarından uzaqlaşdı. O, rus müstəmləkə üsul-idarəsinə qarşı Azərbaycan milli istiqlal hərəkatının təməl daşını qurmağa başladı. 1908-ci il dekabrın 5-də Məmməd Əminin “Qaranlıqda işıqlar” pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, bu əsəri ilə “Azərbaycana muxtariyyət” fikrini yaymağa çalışır və rus çarizm üsul-idarəsi istibdadını yıxmağa çağırırdı. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa, onun həmin ildə yazdığı “Nagəhan bəla” adlı pyesi də vardır.
Bütün bunlar M.Ə.Rəsulzadənin ümmətçilik dövründən millətçilik dövrünə keçidinin başlanğıcı idi. Millətçilik ideyasının formalaşmasına onun 1911-ci ildə Türkiyəyə mühacirət etməsinin böyük təsiri olmuşdur. Türkiyədə o, türkçülük ideyaları ilə yaxından tanış olur. Türkiyənin paytaxtında məşhur türkçülər Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Yusif bəy Ağçura oğlu, Ziya Göyalp və başqa görkəmli alimlərlə yaxınlıq edir. O, “Gənc türklər” təşkilatına rəğbət bəsləyir, “Türk ocağı” cəmiyyətində çalışır və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan “Türk yurdu” jurnalının fəal yazarlarından biri olur. Bu jurnalın səhifələrində onun bir neçə məqaləsi çap olunur. Həmin məqalələrdən 1911-ci ildə jurnalın 4-cü sayında dərc olunmuş “İran türkləri” adlı məqaləsi xüsusilə maraq doğurur. Sözügedən məqalədə müəllif türk oxucularına Cənubi Azərbaycanın ümumi coğrafiyası və əhalisi haqqında ətraflı məlumat verir və yazır: “Azərbaycanın Qafqaziyada vaqe Rusiya tabeliyində olan bir qismi də İrəvan, Gəncə və Bakı vilayətləri təşkil ediyor”.
Məlum olduğu kimi, XX əsrin əvvəllərində istər Türkiyədə, istərsə də digər ölkələrdə Azərbaycan adı altında ancaq İran Azərbaycanı başa düşülürdü. M.Ə.Rəsulzadə bu fikri yanlış hesab edirdi. O, hələ 1911-ci ildə İstambulda “Türk yurdu” jurnalında çap etdirdiyi “İran türkləri” məqaləsində Azərbaycanın Qafqazın tərkibində olmasını qeyd etmişdir. Bunu da göstərmək lazımdır ki, hələ M.Ə.Rəsulzadədən qabaq maarifçi ziyalılarımızda azərbaycançılıq məfkurəsi rişə halında olsa da, var idi. Ancaq bunu tam şəkildə siyasət meydanına M.Ə.Rəsulzadə gətirdi. O, 1915-ci ilin avqustundan “Açıq söz” qəzetini nəşr etməyə başlayır ki, bu da, əslində, gizlin fəaliyyət göstərən “Müsavat” partiyasının orqanı idi.
Məmməd Əminin millətçilik fikirlərinin formalaşmasında Şeyx Cəmaləddin Əfqaninin türkçü-millətçi nöqteyi-nəzərdən yazılmış əsərlərinin çox böyük rolu olmuşdur. Din birliyinə əsaslanan “İttihadi-islamdan” daha çox dil birliyi üzərində qurulan cəmiyyətə böyük əhəmiyyət verən Əfqaninin əsərlərinin təsiri altında bir millətçi kimi formalaşan M.Ə.Rəsulzadə “Dirilik” məcmuəsində “Milli dirilik” başlıqlı silsilə məqalələrində “ümmət” və “millət” arasında kəskin fərq olduğunu göstərmişdir. O, ümmətin din birliyinə, millətin isə dil və mədəniyyət birliyinə söykəndiyini əsaslandırmış dilin milləti təşkil edən ünsürlərdən biri olduğunu əsaslı faktlarla sübut etmişdir.
Bu zamana qədər həm liberal, həm də inqilabçı milliyyətçilər məxsus olduqları milləti müsəlman milləti adlandırırdılar. Çar hökuməti tərəfindən isə bu millət həqarətlə “tatar” adlandırılırdı. Belə bir şəraitdə M.Ə.Rəsulzadənin 1915-ci ildən çap etdirməyə başladığı “Açıq söz” qəzeti ilk dəfə olaraq o vaxta qədər Qafqaz müsəlmanı və yaxud tatarı deyilən xalqı türk adlandırmağa başladı. Bununla da M.Ə.Rəsulzadə “ümmət” və “ümmətçilik” dövrünü rəsmən qapamış, milliyyət, türk millətçiliyi dövrünün başlandığını bəyan etmişdir.
“Açıq söz” qəzetində “Dəhşətlərinə şahid olduğumuz müharibə böyük bir həqiqəti–əsrimizin milliyyət əsri olduğunu sübut etdi”– yazan M.Ə.Rəsulzadə belə şəraitdə milləti öz milli varlığını qoruyub saxlamaq haqqını, hürriyyətlərini qazana bilmək üçün milliyyət məfkurəsi ətrafında birləşməyə və mütəşəkkil bir hala gəlməyə çağırırdı. Onun Azərbaycan milli azadlıq hərəkatına gətirdiyi yeni ideyaların təsiri altında Müsavatın da siyasi xəttində millətçilik-türkçülük ideyaları öz əksini tapırdı.
Qeyd etmək lazımdır ki, siyasi azərbaycançılıq ideyasının nümayəndələri fəaliyyətlərinin ilkin mərhələsində öz ideyalarını açıq şəkildə təbliğ edə bilmirdilər, çünki o vaxt Azərbaycan xalqı öz kimliyini dini əsasda müəyyən edirdi. Onlar öz etnik türk kimliklərini qəbul etmirdilər. Siyasi azərbaycançılıq ideyasının nümayəndələri panislamizmi Azərbaycan xalqının milli azadlıq mübarizəsinin qarşısında duran böyük bir maneə hesab edirdilər. Bununla əlaqədar M. Ə. Rəsulzadə yazırdı: “Tarixi təcrübə göstərir ki, panislamizm bir tərəfdən teokratik və klerikalmürtəce hərəkatın formalaşmasına səbəb olmaqla, digər tərəfdən isə müsəlman dünyasında milli ideologiyanın formalaşmasına mane olmaqla, müsəlman xalqlarının müstəqilliyinə əngəl yaradır. Biz bütün müsəlman dünyasında milli şüurun inkişafı prosesini möhkəmlətməliyik, çünki milli kimliyin formalaşması sosial tərəqqinin real səbəbidir, milli müstəqilliyin isə əsasıdır”.
Siyasi azərbaycançılıq ideyasının nümayəndələrinin millətçilik ideyasına gəldikdə, qeyd etmək lazımdır ki, onlar əvvəlcə millətçiliyi pantürkizm kimi qəbul edirdilər. Pantürkizm bütün türk xalqlarının birləşməsi və “Turan” adlı türk dövlətinin yaradılması ideyasına əsaslanırdı. Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində Azərbaycan xalqının əksəriyyəti Azərbaycanın Türkiyəyə ilhaq olmasını istəyirdi. Onların fıkrincə, Rusiyanın işğalından bu yolla qurtarmaq olardı. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi liderlərindən biri olmuş, hökumətin Milli Təhlükəsizlik Xidmətinin başçısı vəzifəsində işləmiş Nağı bəy Şeyxzamanlı 1964-cü ildə İstanbulda nəşr olunmuş “Azərbaycan istiqlal mücadiləsi xatirələri” adlı kitabında bununla əlaqədar qeyd edir ki, 1918-ci ilin əvvəllərində Azərbaycan xalqının öz siyasi müstəqilliyini əldə etməsi üçün əlverişli imkanları var idi. Belə ki, Rusiya xaos içərisində idi, bolşeviklər isə ölkədə gedən vətəndaş müharibəsinə başları qarışmışdı. Osmanlı imperiyası müəyyən siyasi səbəblərə görə Azərbaycanı öz tərkibinə qata bilməzdi. Bundan başqa osmanlı dövləti Azərbaycan xalqının xahişini nəzərə alaraq Nuru paşanın rəhbərliyi altında Osmanlı ordusunu erməni və rus hərbi birləşmələrinə qarşı vuruşmaq üçün Azərbaycana göndərmişdi.
O vaxt Azərbaycan xalqının milli azadlıq hərəkatına görkəmli siyasi xadimlər rəhbərlik edirdilər. Lakin bu əlverişli şəraitin olmasına baxmayaraq, Nağı bəy Şeyxzamanlının sözlərinə görə, xalqın xeyli hissəsi müstəqil Azərbaycan ideyasını qəbul etməyə hazır deyildi. Azərbaycan xalqının milli azadlıq hərəkatının liderlərinin əksəriyyəti panturançılıq ideyasına qarşı idilər. Bununla əlaqədar M.Ə. Rəsulzadə yazırdı ki, Azərbaycan siyasi xadimləri, xüsusilə Müsavat partiyasının nümayəndələri, romantik panturançılığı xülya hesab edərək ona qarşı çıxırdılar. Onun fikrincə, romantik, siyasi panturançılıq artıq yoxdur. Onun yerində real və konkret milli məqsədlərə yönəlmiş türkçülük vardır. Romantik panturançılığın ideyalarına gəldikdə, onlar öz əhəmiyyətini yalnız yalnız mədəniyyətlə bağlı olan məsələlərdə, türk xalqlarının mədəni irsinin qorunması uğrunda mübarizədə qoruyub saxlayır.
Beləliklə, siyasi azərbaycançılıq ideyasının nümayəndələri panislamizm və pantürkizm ideyalarından imtina edərək yeni bir ideyanı –azərbaycançılıq ideyasını irəli sürdülər. Azərbaycançılıq ideyası türkçülük ideyasının konkret tarixi forması idi. Bu ideya Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və milli- mədəni xüsusiyyətlərini ifadə edərək onun yüksəlməsinə yönəlmişdi. O zamankı azərbaycançılıq məfkurəsinin nəzəri əsasını üç inkişaf istiqamətinin birliyi haqqında ideya– Türkləşmək, İslamlaşmaq və Müasirləşmək ideyaları təşkil edirdi. İlk dəfə olaraq bu ideyanı Əli bəy Hüseynzadə “Həyat” jurnalında 1905-ci ildə irəli sürmüşdü. Sonradan bu ideya Azərbaycan Demokratik Respublikasının rəsmi doktrinasina çevrildi və öz əksini onun üçrəngli bayrağında tapdı.
Azərbaycançılıq ideyası da mühüm transformasiyaya uğradı. Belə ki, 1918-ci ilədək bu ideyanın tərəfdarları federativizm mövqeyində idilər və Azərbaycan ilə Rusiya arasında siyasi münasibətlərin federativizm prinsiplərinə əsaslanmasını istəyirdilər. Lakin 1918-ci il mart hadisələri zamanı bolşeviklər əsl sifətlərini göstərdilər. On minlərlə günahsız azərbaycanlı bolşeviklər tərəfindən qırğına məruz qaldı. Məlum olduğu kimi, bolşeviklər bu qırğını erməni hərbi birləşmələri ilə bir yerdə həyata keçirdilər. Bu qanlı hadisələrdən sonra azərbaycançılıq ideyasının qarşısında Azərbaycanın siyasi müstəqilliyinə nail olmaq məqsədi durdu.
28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması siyasi azərbaycançılıq ideyasının inkişafında keyfıyyətcə yeni bir mərhələ idi. Bu mərhələ azərbaycançılıq ideyasının iqtisadi mərhələyə keçməsi üçün lazımi şərait yaratdı. Lakin 28 aprel 1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunması səbəbindən bu keçid baş tutmadı. Azərbaycançılıq ideyasının inkişafının qarşısı müvəqqəti olaraq alındı. Azərbaycan xalqının tarixinin yeni mərhələsi – sovet dövrü başlandı.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, o, xalqımızın tarixinin ən parlaq və ən şanlı səhifələrindən biridir. Bütün müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində siyasi, hərbi, iqtisadi, sosial və mədəni sahələrdə böyük işlər həyata keçirdi. Dövlət və hərbi quruculuq sahələrində, milli ideologiya sahələrində faydalı təcrübə əldə etdi. Əldə olunan təcrübə yeni dövrdə – Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra öz əhəmiyyətini göstərdi. Bununla əlaqədar ümummilli lider Heydər Əliyev deyirdi: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini yüksək qiymətləndirərək qeyd edir:
“...Müsəlman aləmində ilk demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır”.
Etibar NƏCƏFOV,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.