Azərbaycan Xalq Cümhuriyyəti hökumətində 9 nazirlikdən biri də Daxili İşlər Nazirliyi (DİN) idi. İlk daxili işlər naziri, eyni zamanda, Baş nazir olan F.X.Xoyskinin bu iki vəzifəni öz üzərinə götürməsi isə o vaxtkı ağır, mürəkkəb şəraitdə həmin nazirliyin olduqca məsuliyyətli qurum olması ilə bağlı idi.
Daxili İşlər Nazirliyi ilk gündən ölkədə daxili sabitliyi və hüquq normalarına riayət etmək, milliyyətindən və dinindən asılı olmayaraq, bütün vətəndaşların həyatını, əmlakını və hüquqlarını qorumaq, cinayətkarlıqla mübarizə aparmaq, Milli Ordu, təhlükəsizlik qüvvələri ilə bərabər ərazi bütövlüyümüzin və suverenliyimizin qorunmasında təcavüzkar qüvvələrə qarşı mübarizə aparmaq kimi məsələləri qarşıya mühüm vəzifə kimi qoymuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti ölkədə anarxiyanın və xaosun hökm sürdüyü bir şəraitdə məhz DİN vasitəsilə cinayətkar ünsürləri təcrid etməklə qısa bir zamanda dövlət icra aparatının fəaliyyətinin bütün gücü ilə bərpasına nail oldu. Bu dövrdə DİN qarşısında duran başlıca vəzifələrdən birini – idarə orqanlarını milliləşdirmək, hərbi təlim görmüş adamlardan ibarət kadr ehtiyatı hazırlamaq vəzifəsini uğurla reallaşdırdı.
Burada bir tarixi faktı da xatırlatmaq istərdim. 1918-ci il iyunun 23-də AXC hökuməti Nazirlər Şurasının sədri F.X.Xoyskinin məruzəsi üzrə “Mövcud Rusiya və Zaqafqaziya qanunlarının müvəqqəti saxlanması və hökumət tərəfindən bunun müvafiq nəşri haqqında” qərar qəbul edilib. Elə həmin gün “Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyinin hazırlığı haqqında” hökumət tərəfindən icbari qərar qəbul olunub. 1918-ci il iyunun 23-də daxili işlər naziri B.Cavanşirin əmri ilə peşəkar hərbçi kadrlardan biri, polkovnik İbrahim ağa Vəkilov Gəncənin birinci qubernatoru təyin edilib.
Xatırladaq ki, o dövrdə çar üsul-idarəsindən qalma quberniya idarəçiliyinə qubernator, onun müavini, qəza müfəttişləri, tərcüməçilər, xüsusi işlər üzrə məmurlar və s. vəzifələr daxil idi. Quberniyanın inzibati, o cümlədən polis aparatı və bütün hökumət idarələri, həmçinin mülki hakimiyyət qubernatorun səlahiyyətində və şəxsi nəzarətində idi. Gəncə qubernatoru kimi görülən işlər barədə daxili işlər naziri B.Cavanşirə vaxtaşırı raport göndərən İ.Vəkilov bu vəzifəyə təyin edildikdən sonra gənc müstəqil hökumətin əleyhinə olan qüvvələrə qarşı qətiyyəti və təsirli tədbirlər həyata keçirirdi. İ.Vəkilov Goranboyda, onun ayrı-ayrı kəndlərində sığınacaq tapan daşnak tör-töküntülərinə divan tutub, onları tərksilah edirdi.
1918-ci il iyunun 24-də AXC hökuməti “Hökumət müəssisələrinin öz vəzifələrini tərk etmiş qulluqçuları haqqında” müvafiq qərar qəbul etdi. Qərarda Daxili İşlər Nazirliyinə çarizmin devrilməsindən (fevral, 1917) sonrakı dövrdə Azərbaycanın hökumət idarələrində xidmət edən, lakin üzürsüz işə çıxmayan qulluqçulara, o cümlədən DİN orqanlarındakı əməkdaşlara iyulun 1-dən işə çıxmaq təklif olundu, eyni zamanda, bu qərarla yeni yaradılacaq müstəqil polisin tərkibinə daha çox azərbaycanlı kadrların yerləşdiriləcəyi haqqında xəbərdarlıq edildi. Qərarda, həmçinin əhalisi 1 milyon 64 min 647 nəfər olan Yelizavetpol quberniyasının Gəncə, Zəngəzur, Cəbrayıl, Cavanşir, Qazax, Şuşa, Cavad, Nuxa və Ərəş qəzalarında yeni əsaslarla dövlət hakimiyyəti orqanlarının (o cümlədən, polisin) yaradılacağı bildirildi.
Azərbaycan hökumətinin 24 iyun 1918-ci il tarixli qərarına uyğun olaraq, Gəncə şəhər milisi şəhər özünüidarəsinin tabeçiliyindən çıxarılaraq, yerli ümumi inzibati hakimiyyətin sərəncamına keçirildi. Hökumətin 1918-ci il 25 iyun tarixli qərarı ilə Azərbaycan ərazisindəki bütün dəmir yollarının mühafizəsi də Daxili İşlər Nazirliyinə tabe edildi. Azərbaycan hökuməti 1918-ci il 27 iyun tarixli başqa bir yeni qərarı ilə Göyçay qəza milisinə 35 min rubl kredit ayırdı.
Xatırladaq ki, 2 iyul 1918-ci il tarixdə isə müstəqil Azərbaycan polisinin yaranmasını hüquqi cəhətdən özündə təsbit edən dövlət qanunvericilik aktı imzalandı. Bununla da Gəncə quberniyasında müstəqil polisin yaradılması reallaşdırıldı, eyni zamanda, sənəddə yeni ştatlar və əmək haqqının artırılması öz ifadəsini tapdı. Həmin vaxt polisin yaradılması üçün sosial baza da var idi. Belə ki, vaxtı ilə Bakıda və Azərbaycanın digər yerlərində xidmət edən sabiq polis və burjua milisi əməkdaşları ölkənin paytaxtı sayılan Gəncəyə toplaşmışdılar. F.Xoyski və B.Cavanşir ilk müstəqil polis orqanlarını yaradarkən, həm də digər millətlərdən olan sədaqətli və peşəkar kadrlardan da istifadə etməyi düşünmüşdülər.
Qərara görə, quberniyanın şəhər və qəzalarında polis rəisləri, onların böyük və kiçik köməkçiləri, sahə və şəhər polis pristavları və milis nəfərləri vəzifələri təsis olundu. Beləliklə, 2 iyul 1918-ci ildə yeni ştat tarifi üzrə Gəncə şəhər polisi polismeyster, böyük və kiçik köməkçidən, 7 pristavdan, onların 7 köməkçisindən, 36 nəfər polis, 80 nəfər piyada milis və 20 atlı milis nəfərindən ibarət yaradıldı.
AXC Daxili İşlər Nazirliyi ilk dövrlərdə hələlik həm polis, həm də milis təşkilati formalarından istifadə edirdi ki, bu da o dövrün saxlanmaqda davam edən inzibati orqanlarının təşkili və təcrübəsinin labüd zəruruliyi ilə əlaqədar idi. F.X.Xoyski Azərbaycan polisinin ilkin yaranması və təşəkkülü prosesini xarakterizə edərək, 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin açılışında hökumətin hesabat məruzəsində deyib: “Fəaliyyətimizin ötən ilk 6 ayı ərzində mümkün olan hər şeyi etdik ki, ölkəni anarxiya və xaos vəziyyətindən çıxaraq, biz qayda-qanunu bərpa etdik, polisi təsis etdik”.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərar və sərəncamları üzrə Daxili İşlər Nazirliyi, onun mərkəzi aparatları və yerli polis orqanları təşəkkül taparaq, ölkədə bir inzibati hakimiyyət vahidi kimi rolunu getdikcə artırırdı. 1918-ci il iyunun 30-da Azərbaycan hökumətinin “Şəhər özünüidarəçiliyində Daxili İşlər Nazirliyinin və polisin səlahiyyətlərinin artırılması haqqında” qərarı bu məsələdə mühüm rol oynadı. Belə ki, həmin qərarla DİN-ə şəhərlərdə mövcud özünüidarə sisteminin bərpası üçün tədbirlər görmək tapşırılmışdı, Ağdaş, Salyan, Bərdə, Qazax qəzalarında və digər bölgələrdə özünüidarə sistemi olmayan yerlərdə isə ayda 300 manat məvaciblə rəis, xidmət müdiri və mühafizəçi ştatları yaradılmışdı.
Daxili işlər naziri B.Cavanşirin başçılıq etdiyi mərkəzi icraedici-inzibati təşkilat – DİN, onun yuxarı və aşağı vəsilələri, orqanları tədrici inkişaf yolu keçməklə, yeni struktur dəyişikliklərinə məruz qalır, təkmilləşirdi. Məsələn,1918-ci il iyulun 15-də Azərbaycan Nazirlər Şurasının qərarı və daxili işlər naziri B.Cavanşirin müvafiq əmri ilə DİN-in yanında birbaşa hökumətə tabe olmaqla Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaradıldı və ona əslən Gəncədən olan nüfuzlu bir şəxs –Moskva Universitetinin məzunu, hüquqşünas Ələkbər bəy Xasməmmədov (1893-1925) sədr təyin edildi. Yaxud, hökumətin 1918-ci il 31 avqust tarixli başqa bir qərarı ilə DİN-in Xüsusi İstintaq Komissiyası fəaliyyətə başladı, bu quruma 1918-ci ilin mart soyqırımı, Zəngəzurda və Qarabağda azərbaycanlılara və ümumən müsəlmanlara qarşı erməni quldur dəstələri tərəfindən törədilən cinayətləri təhqiq etmək tapşırıldı.
O dövrdə Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyinin səlahiyyətlərini genişləndirməyi, təsir dairəsini gücləndirməyi də diqqət mərkəzində saxlayırdı. 1918-ci il avqustun 11-də Azərbaycan hökuməti və Daxili İşlər Nazirliyinin vətəndaşların Milli Orduya çağırışı ilə əlaqədar birgə yeni bir sərəncam imzalaması da bunun nəticəsi idi. Beləliklə, həmin sərəncamın müvafiq bəndinə əsasən, hərbi xidmətə çağırış prosesinin icrası daxili işlər nazirinə tabe edildi.
Bu gün Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik respublikamızın müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Təbii ki, sabitliyin əldə olunması o qədər də asan başa gəlməmişdir. Ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Həmin dövrün çətinliklərinin əsas hissəsi məhz Azərbaycan polisinin üzərinə düşürdü. Qarabağ müharibəsinin ilk illərində Azərbaycanın nizami ordusu yox idi, ona görə də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər verirdi. Qanunsuz silahlı dəstələrlə polis mübarizə aparırdı.
Ulu öndər Azərbaycan polisinin bu dövrdəki xidmətlərini çox yüksək qiymətləndirmişdir: “Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir.”
Ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizənin yaratdığı vətəndaş qarşıdurması, xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü yeni yaranmış respublikanı uçuruma doğru sürükləyirdi. Belə bir zamanda, dövlətçilik, müstəqillik təhlükə altında qalanda xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından, yəni 1993-cü ilin iyun ayının 15-dən sonra xaosdan qurtuluşa keçidin əsası qoyuldu, ölkənin ictimai-siyasi həyatında və kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi. İntensiv surətdə həyata keçirilən tədbirlərdən biri də hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının sıralarının saflaşdırılması, dövlətə, xalqa sədaqətli şəxsi heyətin formalaşdırılması, peşə borcunu, qanunun aliliyini hər şeydən üstün tutan əməkdaşların xidmətə cəlb edilməsi idi.
Ulu öndər 1994-cü il aprelin 29-da nazirliyin rəhbər heyətinin iştirakı ilə keçirilən müşavirədə xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqları açıq şəkildə qeyd edərək, onların tez bir zamanda aradan qaldırılması üçün dəyərli tapşırıq və tövsiyələrini verdi. Onun şəxsi nəzarəti ilə qısa müddətdə bu vəzifələr reallığa çevrildi. Ümummilli liderin 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərman isə bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu. Eyni zamanda, mötəbər beynəlxalq təşkilatların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” və “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” əsasnamələr qəbul edildi.
Ümummilli lider Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalandı. Nazirlik sistemində islahatlar aparılaraq yeni qurumlar yaradıldı.
Məhz Heydər Əliyevin rəhbərliyi altında hüquq-mühafizə orqanları respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başladılar. Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı, ictimai-siyasi, həmçinin kriminogen durum nəzarətə götürüldü.
Sabitliyin bərqərar edilməsi isə, öz növbəsində, islahatların aparılmasına, iqtisadiyyatın bərpasına və inkişaf etdirilməsinə əlverişli zəmin yaratdı. Xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında respublikamızda iqtisadi tərəqqiyə yol açan “Əsrin müqaviləsi” imzalandı.
Lakin həyat göstərdi ki, Heydər Əliyevin milli maraqlarımızın təmin edilməsindəki qətiyyətli mövqeyi və yorulmaz fəaliyyəti ölkənin xaricində və daxildə olan düşmənlərimizi olduqca narahat edir. Onlar necə olursa-olsun Azərbaycanı bu yoldan döndərmək üçün müxtəlif vasitələrə əl atmağa başladılar.
Məqsəd respublikadakı mövcud ictimai-siyasi sabitliyi pozmaq, süni qarşıdurmalar yaratmaq və son nəticədə ölkəni müstəqil inkişaf yolundan döndərmək idi. Ancaq ümummilli liderimiz 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında baş verən dövlət çevrilişinə cəhdlərin qarşısını öz zəkasının, müdrikliyinin gücü, onu dəstəkləyən xalqının əzmi və iradəsi ilə aldı. Müstəqilliyimiz qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə birdəfəlik son qoyuldu.
1992-ci illə müqayisədə 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 67 faizdən 94,8 faizə yüksəlmiş, ümumi cinayətlərin sayı 30,9 faiz, o cümlədən qəsdən adam öldürmələr 2,7 dəfə, quldurluq və soyğunçuluqlar 3,7 dəfə, oğurluqlar 5,2 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 7,2 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 25 dəfə, habelə bağlı qalmış cinayətlər 13 dəfə azalmışdı. 10 il ərzində daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan 30 mindən artıq silah yığılmışdı.
Hələ hadisələrin ən qaynar dövründə –1994-cü il aprelin 29-da DİN-in rəhbər işçilərinin iştirakı ilə keçirilən müşavirədə ulu öndər Heydər Əliyev vurğulamışdı ki, “Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının sosial müdafiəsini təmin etməliyik. Bu əməkdaşlar ilk növbədə öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, ikinci növbədə isə onların mənafeyi müdafiə olunmalıdır”.
Göründüyü kimi, ölkənin müqəddəratının həll olunduğu bir vaxtda belə Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının qayğısına qalır və onların himayədarı olduğunu konkret qərarları ilə sübut edirdi. Onun xüsusi qayğısı sayəsində, 1993-cü illə müqayisədə 2003-cü ildə nazirliyin büdcəsi 6 dəfə artmış, bu dəyişikliyin əsas qayəsini əməkdaşların sosial sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması, yeni informasiya texnologiyalarının tətbiqi və sair təşkil edirdi. Bundan başqa, Daxili İşlər Nazirliyinin 300-dən çox əməkdaşı və hərbi qulluqçusu ölkənin yüksək dövlət mükafatları ilə təltif edilmiş, o cümlədən “Milli Qəhrəman” adına, orden və medallara layiq görülmüşdü.
Bütün bunlar yalnız Heydər Əliyevin polad iradəsi, fenomenal peşəkarlığı, qətiyyəti və yüksək idarəçilik bacarığı sayəsində mümkün olmuşdur. Daxili işlər orqanlarının fəaliyyətini düzgün istiqamətə yönəldən, onu xalqa və dövlətə xidmət üçün səfərbər edən ulu öndərimiz nəticədə istəyinə çatdı: daxildən saflaşan, təmizlənən daxili işlər orqanları və Daxili Qoşunlar Prezidentin inamını doğrultdu və ölkədə həyata keçirilən uğurlu islahatların təhlükəsizliyinin təminatçılarından biri oldu.
Respublika daxili işlər orqanlarının əməyini daim yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev 2002-ci ildə polisin peşə bayramında şəxsən iştirak edərək xidməti fəaliyyətlə bağlı dəyərli fikirlər söylədi. Eyni zamanda, nöqsanları göstərib tövsiyələrini verdi, vəzifələri müəyyənləşdirdi və nitqini bu sözlərlə bitirdi: “Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram”.
Heydər Əliyev ideyalarına ən çətin məqamlarda sadiq olan Azərbaycan polisi bu gün möhtərəm Prezidentimiz, Silahl Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli və həm də şərəfli vəzifələrinin öhdəsindən bacarıqla gəlir, dövlət başçısının onlara göstərdiyi qayğı və etimadı vicdanlı və layiqli xidmətləri ilə doğruldurlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev polis orqanlarının fəaliyyətinə yüksək qiymət verərək qeyd etmişdir ki, “Azərbaycan polisi çox mühüm funksiyanı icra edir. Hər bir müstəqil dövlət üçün onun daxili işlər orqanları xüsusi əhəmiyyətə malikdir. Azərbaycanda ictimai-siyasi sabitliyin, asayişin qorunmasında polisin rolu çox yüksəkdir”.
Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”
Yazı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Azərbaycan polisinin 100 illik yubileyinə həsr olunmuş müsabiqəyə təqdim edilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.