Azərbaycan Xalq Cümhuriyyəti dövründəki dövlətçilik ənənələri müasir müstəvidə

 

 

 

 

 

 

 

 

 

 

 


Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə – XIX əsrin sonu, XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.

 Heydər Əliyev
Ümummilli lider


 


Bizim əsas dəyərimiz, ən böyük nemətimiz banisi ulu öndər Heydər Əliyev olan müstəqilliyimizdir. 1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, dəmir iradəsi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı müstəqillik yoluna çıxardı. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


 

Azərbaycan xalqının dövlətçilik təcrübəsi

 

Hər bir millətin və xalqın siyasi varlığında dövlətçilik mühüm əhəmiyyət kəsb edir. Azərbaycan, qədim və zəngin dövlətçilik ənənələrinə malik olmaqla, mürəkkəb və şərəfli tarixi baxımdan Cənubi Qafqazın ən unikal dövlətidir. Azərbaycanda dövlətçilik ənənələrinin tarixi 5 min il əvvəllə gedib çıxır. Azərbaycan ərazisində ilk dövlət qurumları hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsinin ətrafında yaranmış, onların hər biri yarandıqları vaxtdan bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynamışdır. Uğurlu xarici siyasət aparan qədim Azərbaycan dövlətləri regionda öz qüdrətilə fərqlənir, Azərbaycanın tarixi torpaqlarında yaranan dövlətçilik ənənələrini inkişaf etdirməklə, yeni-yeni dövlətlərin yaranmasına səbəb olurdular. Bu dövlətlər həmin dövrdə Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Aşşur (Assuriya) dövlətləri, habelə, Kiçik Asiyadakı Het dövləti ilə qarşılıqlı sıx əlaqələr qururdular. Eramızdan əvvəl I minillikdə-bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Midiya, Skif padşahlığı, Atropatena və Albaniya kimi qüdrətli dövlətlər mövcud olsa da, Azərbaycan III əsrdə Sasanilər imperiyası, VII əsrdə isə Ərəb xilafəti tərəfindən işğal edildi. Beləliklə, VII əsrdə İslam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı və IX əsrin ortalarından başlayaraq Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəliş dövrünü yaşamağa başladı.

Yeni siyasi dirçəliş Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər və Şəddadilər kimi dövlətlərin yaranmasına səbəb oldu. Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verdi. Təbii ki, 600 ilə qədər davam edən Sasani və Ərəb əsarətindən sonra yerli dövlətlərin yaranması, İslam dininin bütün ölkə ərazisində əsas tək Allahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı. Azərbaycanı idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə İslam dininin mövcud olması bütün Azərbaycan əhalisinin–həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif türk tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsi də mütərəqqi rol oynayırdı.             

Ərəb xilafətinin tənəzzülündən sonra – IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə, bütün Yaxın və Orta Şərqdə türk-İslam imperiyalarının rolu artdı və yuxarıda sadalanan sülalələrlə bərabər, Səlcuqlar, Eldənizlər, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar sülalələrinin idarə etdikləri dövlətlər təkcə Cənubi Qafqazın, o cümlədən Azərbaycanın deyil, həmçinin bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular. XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşir və qeyd olunan dövrdə şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları, bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli mühit yaradırdı. Azərbaycan Səfəvilər dövlətinin, sonra isə Azərbaycan Əfşarlar imperiyasının süqutu, Azərbaycan ərazilərində bir çox xanlıqların, o cümlədən Dərbənd xanlığının yaranmasına səbəb olur. 1735-ci ildə “Gəncə müqaviləsi”nin imzalanmasından sonra Rusiya qoşunları Azərbaycanı tamamilə tərk edir və Dərbənd şəhəri də Nadir şah Əfşarın imperiyasının tərkibinə qaytarılır. Nadir şahın ölümündən sonra Dərbənd şəhəri Quba xanlığının tabeliyinə keçir, nəhayət 21 iyun 1806-cı ildə rus qoşunları tərəfindən işğal edilmiş Dərbənd Rusiya imperiyasının tərkibinə daxil edilir. XIX əsrdə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən, Azərbaycan iki imperiya arasında bölüşdürüldü və Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı. Sözsüz ki, bütün baş verən hadisələr vahid xalqın – Azərbaycan xalqının təşəkkülü prosesində mühüm əhəmiyyət kəsb etdi.

 

Cümhuriyyətin yaranmasında siyasi zərurət və dövrün ictimai-siyasi vəziyyəti

 

Məlum olduğu kimi, Rusiyada baş vermiş 1917-ci il oktyabr çevrilişindən bir müddət sonra noyabrın 11-də Tiflisdə Zaqafqaziya (Cənubi Qafqaz) Komissarlığı yaradıldı. Cənubi Qafqazın hər üç xalqı burada təmsil olunmasına baxmayaraq, xarici gərginlik, daxildə olan ciddi fikir ayrılıqları komissarlığın fəaliyyətini çətinləşdirirdi. Buna görə də, 1918-ci ilin fevralında komissarlıq fəaliyyətini dayandırdı. Ardınca, 14 fevral 1918-ci ildə Zaqafqaziya Seymi yaradıldı. Menşevik, müsavat və daşnak fraksiyalarının təmsil olunduğu seymdə, çoxluq müsəlman partiyaları blokuna məxsus olsa da, istər komissarlıqda, istərsə də seymdə xüsusən erməni fraksiyası azərbaycanlılara qarşı təxribat xarakterli iddialarla çıxış edirdilər.

Zaqafqaziya Seymi öz fəaliyyətinə Osmanlı dövləti ilə sülh danışıqlarının müzakirəsi ilə başladı. Martın 3-də Sovet Rusiyasının Almaniya ilə Brest-Litovsk sülh müqaviləsi imzalanması ermənilərin “Türkiyə Ermənistanı” planlarını puça çıxardı. Bu müqavilə ilə Qars, Ərdəhan və Batum Osmanlı imperiyasına verilməli, rus qoşunları isə Osmanlı və sərhəd ərazilərində yerləşən erməni silahlı birləşmələrini tərksilah etməli idi. Məhz bu səbəbdən martın 14-də keçirilən Trabzon konfransında Cənubi Qafqaz nümayəndə heyəti müqavilənin Cənubi Qafqaza aid olan hissəsinə etiraz etdi. Seymin 23 mart tarixli iclasında Azərbaycan fraksiyasının bütün cəhdlərinə baxmayaraq, erməni və gürcü nümayəndələri Osmanlı dövlətinə qarşı müharibə etmək barədə qərarın qəbul edilməsinə nail olsalar da, Azərbaycan tərəfi bu müharibədə iştirak etməyəcəyini bildirdi.

Həmin vaxt Bakıda, böyük əksəriyyətini ermənilərin təşkil etdiyi 20 minlik qoşuna rəhbərlik edən S.Şaumyan müxtəlif bəhanələrlə qırğın törətmək, azərbaycanlıları məhv etmək üçün işlər görsə də, Azərbaycanın siyasi xadimləri və ziyalıları bunun qarşısını bir müddət almağı bacardılar. Bununla belə, Bakıda müsəlmanları müdafiə edəcək qüvvənin olmadığı bir şəraitdə, Şaumyan “Qızıl ordu əsgəri” adı altında qatı daşnaklardan ibarət ordunun gücünü artırırdı. Nəhayət, martın 15-də Bakı Sovetinin iclasında “Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir” –deyən Şaumyan bununla da, müsəlman əhalinin qırğınına start vermiş oldu. Martın 30-da isə qırğına rəhbərlik etmək, onu mütəşəkkil və qısa müddətdə həyata keçirmək üçün Bakı Soveti yanında İnqilabi Müdafiə Komitəsi yaradıldı. Qırğın ərəfəsində yalandan öz bitərəfliyini elan etmiş “Daşnaksütyun” və Erməni Milli Şurası da Bakı Sovetinin qərarını müdafiə etdi.

Martın 31-də başlanan qırğın aprelin 2-si gecədən xeyli keçənədək davam etdi. Daşnak- bolşevik ordusu uşağa, qadına, qocaya fərq qoymadan ağlagəlməz vəhşiliklər törətdilər. Mart soyqırımından sonra bolşevik və erməni siyasi partiyalarının mətbuat orqanlarından başqa bütün qəzet və jurnallar bağlandı. Erməni Milli Şurası istisna olmaqla, bütün milli şuraların fəaliyyəti qadağan edildi. F.X.Xoyskinin rəhbərlik etdiyi Bakı Şəhər Duması buraxıldı. 1918-ci il aprelin 25-də S.Şaumyanın sədrliyi ilə Bakı Xalq Komissarları Soveti (BXKS) yaradıldı. Həmin vaxt ermənilər böyük iddia ilə yaşamaqla, Azərbaycanda dövlət qurmaq istəyir, hətta Azərbaycana muxtariyyət vermək məsələsini belə yaxın qoymaq istəmirdilər...

Belə ağır tarixi şəraitdə, Bakıdan uzaqlarda, respublika sərhədlərindən kənarda Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi. Zaqafqaziya Seyminin sonuncu iclası keçirildikdən, yəni Zaqafqaziya Seymi buraxıldıqdan sonra, 26 may 1918-ci il tarixdə gürcü nümayəndələri seymdən çıxaraq, Gürcüstanın müstəqilliyini elan etdilər. Gürcü fraksiyası Zaqafqaziya Seyminin dağılmasının bütün günahını müsəlman fraksiyasının üzərinə yıxaraq, onları türkpərəst mövqe tutmaqda ittiham etdiyi üçün Zaqafqaziya Seyminin üzvü Şəfi bəy Rüstəmbəyov gürcü fraksiyasının gətirdiyi bu arqumentləri qətiyyətlə rədd edərək bildirdi: “Hesab edirik ki, Zaqafqaziyanın birgə siyasi mövcudluğunun indiki mürəkkəb və məsuliyyətli anında ayrılmaq üçün tutarlı və obyektiv əsaslar yoxdur, burada gürcü nümayəndələri tərəfindən irəli sürülən amillər az inandırıcıdır...”.

Seymin müsəlman fraksiyası yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq, mayın 27-də fövqəladə iclas çağırdı və uzun müzakirələrdən sonra müvəqqəti Milli Şuranın yaradılması qərara alındı. Bunun ardınca mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi elan edilməklə, mühüm tarixi hüquqi sənəd olan “İstiqlal Bəyannaməsi” qəbul edildi.

Azərbaycanın ilk parlamenti kimi fəaliyyətə başlayan, 44 nəfər üzvdən ibarət olan Milli Şuraya “Müsavat” Partiyasının təklifi ilə, həmin vaxt Batum konfransında iştirak etdiyindən Gürcüstanda olan M.Ə.Rəsulzadə qiyabi olaraq sədr, H.Ağayev və M.Seyidov isə sədrin müavinləri seçildilər. Bundan sonra, müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün Milli Şuranın 9 nəfərdən ibarət icra orqanı yaradılmaqla, F.X.Xoyski İcraiyyə Komitəsinin sədri seçildi. Azərbaycan Milli Şurasının Tiflisdə 24 səslə qəbul etdiyi Azərbaycanın dövlət müstəqilliyi haqqında “İstiqlal Bəyannaməsi” yaxud “Misaği-milli” (əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya rəsmən bəyan etdi. Bununla da, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı – “İstiqlal bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu.

Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edilərək, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirildi, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapdı. “İstiqlal Bəyannaməsi”ndə demokratik dövlətə məxsus əlamətlərin – hakimiyyətin xalqa mənsub olmasının, vətəndaşların mülki və siyasi hüquqlarının təsbit olunması, bütün xalqların hər bir nümayəndəsinin milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. “İstiqlal bəyannaməsi” Azərbaycan xalqının millət-mədəniyyət statusundan tamamilə başqa bir siyasi-hüquqi və mənəvi-psixoloji statusa millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi.

Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi. “İstiqlal bəyannaməsi”ni qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf olan Fətəli xan Xoyskiyə tapşırdı və o, başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk müvəqqəti hökuməti təşkil edildi. İlk hökuməti “Müsavat”, Müsəlman sosialist bloku, “Hümmət”, “İttihad” və bitərəflərdən ibarət 9 nazir təmsil edirdi. AXC Azərbaycan hökuməti üçün çox mürəkkəb bir tarixi şəraitdə – Bakıda Stepan Şaumyan başda olmaqla, Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan Bakı Xalq Komissarları Sovetinin fəaliyyət göstərdiyi, Şaumyanın rəhbərliyi ilə 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı törədilən qırğınlardan sonra Bakı Kommunasının “iç üzü” açıldı və bununla da, azərbaycanlı əhali arasında öz nüfuzunu tamamilə itirdi. Buna görə də, öz təsir dairəsini qısa zamanda bütün Azərbaycan ərazisində genişləndirmək məqsədilə 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurasının üzvləri və AXC hökuməti Tiflisdən Gəncəyə köçdü. O zaman Gəncədə real hakimiyyət Türkiyənin Qafqaz ordusu baş komandanı Nuru paşanın əlində idi. Azərbaycan Milli Şurası və hökumətinin həyata keçirməyə çalışdıqları tədbirlərin həddindən artıq demokratik olmasından narazı qalan bəzi qüvvələrin təsiri ilə Nuru paşa Azərbaycan Milli Şurası və hökumətini əvvəlcə şübhə ilə qarşılasa da, uzun danışıqlardan sonra, qarşılıqlı güzəştlər əsasında razılıq əldə edildi və Milli Şuranın buraxılması ilə bütün hakimiyyətin yeni yaradılacaq hökumətə həvalə edilməsi təklif olundu. Bununla əlaqədar, 17 iyun 1918-ci il tarixdə M.Ə.Rəsulzadənin sədrliyi ilə Milli Şuranın növbəti iclası keçirildi və Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icra­edici hakimiyyətin F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul edildi. Yeni yaranan hökumətin başlıca vəzifəsinin Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə olacağını bəyan edən F.X.Xoyski, Gəncədə dövlət aparatının təşkili işini də davam etdirdi, Azərbaycan dili rəsmi dövlət dili elan olundu və ölkənin ayrı-ayrı sahələrində bir sıra mühüm tədbirlər həyata keçirildi. Azərbaycan hökumətinin ən böyük vəzifələrindən biri Bakı şəhərini ələ keçirmiş eser-menşevik və daşnak nümayəndələrindən ibarət “Sentrokaspi diktaturası”ndan təmizləmək olduğundan, bu istiqamətdə də mühüm işlər görüldü. Qızğın döyüşlər nəticəsində 15 sentyabr 1918-ci il tarixdə Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən Bakı azad olundu və elə həmin ayın 17-də F.X.Xoyski hökuməti Gəncədən Bakıya köçdü, bununla da Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olundu.

 

AXC-nin daxili və xarici siyasəti

 

Bundan bir müddət sonra, 17 iyun 1918-ci il tarixdə Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir, bununla əlaqədar keçirilmiş iclasda F.X.Xoyskinin müraciəti ilə Milli Şura Müəssislər Məclisini çağırmaq üçün görülməli olan işləri öz öhdəsinə götürür. Ardınca noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən iclasında Azərbaycan Milli Şurasının Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etdiyi bəyan olunur. Beləliklə də hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan Parlamentinin formalaşdırılması qərara alınır və bu məsələ ilə bağlı Milli Şuranın qəbul etdiyi qanunda azlıqda qalan millətlərin bütün nümayəndələrinin də təmsil olunacağı öz əksini tapır.

Azərbaycan Cümhuriyyəti parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından, onun sədri, M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!”adlı müraciətnamə dərc edilir. Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə təyin olunsa da, Bakıda fəaliyyət göstərən rus və erməni milli şuraları əleyhinə olmuşlar. Onlar həmin ərəfədə Bakıya gəlmiş müttəfiq qoşunlarının baş komandanı, general Tomsondan istifadə etməyə çalışırlar. Tomsonla aparılan danışıqların nəticəsi olaraq və guya, qəzalardan bütün deputatların Bakıya gələ bilmək imkanları nəzərə alınaraq parlamentin ilk iclasının açılışı dekabrın 7-nə keçirilir. Beləliklə 1918-ci il dekabrın 7-də H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman Şərqində ilk parlamentin birinci iclasının açılışı baş tutur. Parlamenti açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləyir. Ardınca Ə.Topçubaşov Parlamentin sədri, Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilirlər. Bundan sonra, Mehdi bəy Hacınski baş katib olmaqla, Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir. Sonra Azərbaycan Cümhuriyyəti müvəqqəti hökumətin sədri F.X.Xoyski hökumətin fəaliyyəti haqqında hesabat verərək hökumətin istefasını qəbul etməyi Parlamentdən xahiş edir. Parlament F.X.Xoyski hökumətinin istefasını qəbul edir və yeni hökumətin tərkibini formalaşdırmağı yenə də ona tapşırır. Dekabrın 26-da F.X.Xoyski hökumət proqramı və hökumətin tərkibi barədə Parlamentdə məruzə edir, bundan sonra proqram bəyənilir və hökumətin yeni tərkibinə etimad göstərilir.

Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edir. Bütün partiya fraksiya və qrupları öz fəaliyyət proqramları haqqında bəyanat verirlər. Bu bəyanatlarda ümumi vahid məqsəd - gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq idi. Həmin vaxt müsəlman Şərqində yeganə parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ümumilikdə 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, özünün vacibliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut edərək, Azərbaycan dövlətinin parlament idarəçiliyi səviyyəsinə yüksəlməsini göstərdi. Qeyd olunmalıdır ki, ilk iclası 7 dekabr 1918-ci il tarixdə, son iclası isə 27 aprel 1920-ci il tarixdə keçirilmiş Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası baş tutmuşdur ki, həmin iclaslarda parlamentin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmış və onlardan da 230-a yaxını qəbul olunmuşdur.

Beynəlxalq əlaqələrə də mühüm önəm verən Azərbaycan Xalq Cümhuriyyəti Osmanlı Türkiyəsi, İran və Rusiya ilə mehriban qonşuluq siyasəti həyata keçirirdi. Osmanlı Türkiyəsi gənc respublikaya qardaşlıq münasibəti bəsləməklə yardım etdiyi halda, digər qonşular AXC-nin yaranmasından qısqanclıqlarını gizlədə bilmirdilər. AXC Zaqafqaziya respublikaları Gürcüstan və Ermənistanla da münasibətlərini tənzimləməyə, bu respublikalarla ərazi mübahisələrini həll etməyə çalışırdı. Zaqafqaziya Federasiyasının varisi olan hər üç dövlət iyunun 4-də Batumda Osmanlı dövləti ilə sülh və dostluq haqqında ayrı-ayrılıqda müqavilələr imzaladı. Ərazisi az qala, 4 min kvadratmilə endirilmiş Ermənistandan və iki rayonunu tərk etməyə məcbur edilmiş Gürcüstandan fərqli olaraq, Azərbaycan nəinki bütün ərazisini özündə saxladı, hətta təhlükəsizliyin və ictimai asayişin bərpa edilməsi, Bakının azad olunması və Dağlıq Qarabağda fəallıq göstərən erməni quldur dəstələrini cilovlamaq üçün osmanlılardan hərbi kömək və təminat aldı.

Yeni yaranmış digər dövlətlər kimi, Azərbaycanın da taleyində məhz Paris Sülh Konfransının həlledici rola malik olacağını nəzərə alan Parlament, həmin konfransda Azərbaycanın mənafeyini müdafiə etmək məqsədi ilə Ə.M.Topçubaşov başda olmaqla Parisə xüsusi nümayəndə heyəti göndərdi. ABŞ Prezidenti V.Vilson 1919-cu il mayın 28-də Azərbaycanın Paris Sülh Konfransındakı nümayəndə heyətini qəbul etdi. Vilsona təqdim olunmuş memorandumda Azərbaycan Respublikasının yaranma tarixi və bir ildə keçdiyi inkişaf yolundan bəhs olunmaqla, Azərbaycan nümayəndə heyətinin qarşısında duran vəzifələr – Azərbaycan istiqlaliyyətinin tanınması, Azərbaycanın Millətlər Cəmiyyətinə daxil olması, ABŞ ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılması və Azərbaycana hərbi kömək göstərilməsi şərh edilirdi. Vilsona məlumat verildi ki, göstərilən şərtlərin yerinə yetiriləcəyi təqdirdə Azərbaycan Respublikası keçmiş çar Rusiyasının öz payına düşən borclarını ödəməyə hazırdır. Azərbaycan Respublikasının bütün ərazisinə qarşı iddia irəli sürmüş İranın Paris konfransındakı mövqeyi Azərbaycan nümayəndəliyi üçün gözlənilməz olsa da, xoşbəxtlikdən qonşu dövlətin bu gülünc tələbləri konfrans iştirakçıları tərəfindən ciddi qarşılanmadı. 9 avqust 1919-cu il tarixli İngilis-İran sazişinin imzalanmasından sonra iranlılar, ümumiyyətlə konfransın işindən uzaqlaşdırıldılar.

1919-cu il avqustun ikinci yarısında ingilis qoşunları Azərbaycan ərazisini tamamilə tərk etdi. Həmin andan etibarən Azərbaycan tam müstəqil dövlət kimi yaşamağa başladı. Dövlət strukturlarının normal fəaliyyətinin təmin olunması ilə Azərbaycan xalqı müstəqil yaşamağa qadir olduğunu bütün dünyaya bir daha nümayiş etdirmiş oldu. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında müttəfiq dövlətlər birliyi tərəfindən Azərbaycanın müstəqilliyi tanınır və artıq Fransada, İranda, Dağıstanda, Gürcüstanda və başqa ölkələrdə respublikanın siyasi nümayəndəliyi fəaliyyət göstərir, Azərbaycan həqiqətləri ingilis, fransız, rus, alman və sair dillərdə çap etdirilməklə, bütün dünyaya çatdırılırdı.

Azərbaycan Xalq Cümhu­riyyətinin sülhsevər xarici siyasətinə baxmayaraq, onu münaqişələrə çəkmək istəyənlər də az deyildi. Rusiya 1920-ci il aprelin 28-də XI ordusunu göndərərək Azərbaycanı işğal etdi və bununla da, milli dövlətin yaradıcıları ölkəni tərk etmək məcburiyyətində qaldılar.

Acınacaqlı hal ondan ibarət idi ki, Vətən fədailəri Fətəli xan Xoyski, yaxın dostları və silahdaşları ilə birlikdə qonşu Gürcüstana - Tiflis şəhərinə mühacirət etsələr də, orada da onları rahat buraxmadılar. Belə ki, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov və Nəsib bəy Yusifbəyli Tiflisin İrəvan meydanından keçərkən erməni terrorçuları Aram Erkayan və Misaq Qriqoryan tərəfindən 19 iyun 1920-ci il saat 9-da atəşə tutuldular. Fətəli xan və Nəsib bəy hadisə yerində öldülər, Xəlil bəy isə ağır yaralandı. Qeyd etmək lazımdır ki, Gürcüstan hökuməti baş vermiş hadisəni nəzarətə götürərək istintaq apardı və 8 nəfər terrorçu cinayət məsuliyyətinə cəlb olundu. Azərbaycan Xalq Cümhuriyyətinin digər rəhbərlərindən Həsən bəy Ağayev Bakı şəhərində quldurlar tərəfindən qətlə yetirildi, Məmmədəmin Rəsulzadə isə Stalinin köməyi ilə əvvəl Rusiyaya aparıldı, sonra Finlandiyaya, oradan isə Türkiyəyə köçdü və ömrünün sonuna qədər orada yaşadı.

Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında ən parlaq səhifələrdən biri kimi qalacaqdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxdı və milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadı.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, əslində, 1828-ci ildə başa çatmış çar Rusiyasının işğalından sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi. Bu faktın özü AXC-nin yaradılmasının nə qədər önəmli hadisə olduğunu bir daha təsdiqləyir. Siyasi şərhçilərin də vurğuladıqları kimi, əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan bəlkə də, bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi onun tərkibində qalardı.

 

Təhsil islahatları

 

Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb və ziddiyyətli bir tarixi şəraitdə fəaliyyət göstərsə də, bütün istiqamətlər üzrə, o cümlədən təhsil sahəsində çoxşaxəli quruculuq işləri görməyə müvəffəq oldu. Xalqımızın rifahına çalışan AXC ilk növbədə milli təhsilin formalaşdırılması üçün zəruri tədbirlər gördü, ölkənin hər yerində, eləcə də kəndlərdə məktəblər, gimnaziyalar, qısamüddətli müəllim kursları və kitabxanalar açılmasını təmin etdi.

Təhsilin tamamilə yenidən qurulmasına, milli kadrların yetişdirilməsinə xüsusi əhəmiyyət verən hökumət təhsil sahəsində həyata keçirdiyi ilk mühüm tədbirlər məktəblərin milliləşdirilməsi oldu. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, “...bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan ana dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir...”. Bu sahədə həyata keçirilməli olan mühüm tədbirlərdən biri də tədris müəssisələrinin zəruri milli ədəbiyyatla təchiz edilməsi olduğundan bu məqsədlə, yəni Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün Xalq Maarif Nazirliyində müvafiq komissiya təşkil edildi, Türkiyədən dərs vəsaitləri alındı.

Azərbaycan Xalq Cümhuriyyəti qarşısında duran ən ümdə vəzifələrdən biri də Azərbaycanda ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması idi. Hökumət bu məsələni, bir tərəfdən, ölkədə ali təhsil müəssisələri yaratmaq, digər tərəfdən, azərbaycanlı gəncləri təhsil almaq məqsədilə xarici ölkələrin müxtəlif ali təhsil müəssisələrinə göndərməklə həll edirdi.

Azərbaycan hökuməti Xalq Maarifi Nazirliyi qarşısında, ilk növbədə, üç ali məktəbin – Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması məsələsini qoysa da, о dövrdəki tarixi şərait yalnız bir ali məktəbin– Bakı Dövlət Universitetinin açılmasına imkan verdi.

Təhsilin inkişafına diqqət baxımından AXC Parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunun əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması cümhuriyyətin xalq qarşısında çox mühüm tarixi xidməti idi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, cümhuriyyət ideyalarının yaşamasında, xalqımızın yenidən müstəqilliyə qovuşmasında, eləcə də respublikada təhsilin inkişafında, Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Xüsusi vurğulanmalıdır ki, Xalq Cümhuriyyətinin millətin gələcəyinə hesablanan zəngin fəaliyyətində gənclərin xaricdə təhsil almalarının da diqqət mərkəzində saxlanması mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, qısa fəaliyyəti dövründə Parlament hökumətin təklifinə əsasən, 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil alması üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etdi. Xüsusi komissiyanın qərarına əsasən ali təhsil almaq üçün 45 nəfərin Fransaya, 23 nəfərin İtaliyaya, 10 nəfərin İngiltərəyə, 9 nəfərin isə Türkiyəyə göndərilməsi təmin olundu, Rusiyada təhsil almaq üçün seçilmiş 13 nəfər gənc isə, orada başlanan vətəndaş müharibəsi ilə əlaqədar olaraq, həmin yerə gedə bilmədi.

Azərbaycan Xalq Cümhu­riyyətinin mədəni-maarif sahəsindəki siyasətində milli mənafelərə hörmət prinsipi çox yüksək tutulsa da, demokratik xarakter daşımaqla, ölkədə yaşayan bütün millətlərin mənafeyinə uyğun olduğundan, onların da təhsilinin inkişafı üçün geniş və real imkanlar açırdı.

 

Ordu quruculuğu

 

Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrin təşkilinə ilk günlərdən başladı. Yeni yaranan ordunun əsasını Müsəlman korpusunun hissələri təşkil edirdi. Ordu quruculuğu məqsədilə ilk hökumətin tərkibində Hərbi Nazirlik də nəzərdə tutuldu və Xosrov bəy Sultanov hərbi nazir təsdiq edildi. Bununla belə, sonradan hökumətin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv olundu və Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya həvalə edildi. Bununla bərabər, Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olundu və İsmayıl xan Ziyadxanov bu vəzifəyə təsdiq edildi. Ordu quruculuğunun əhəmiyyətini nəzərə almaqla bu sahədə bir sıra tədbirlər həyata keçirən hökumət, iyun ayının əvvəllərində Gəncə Hərbi Məktəbinin fəaliyyətə başlamasına və çağırışçılar üçün yaş senzinin 19 yaşa endirilməsinə nail oldu. Bundan sonra, ordu quruculuğunu gücləndirmək məqsədilə 1918-ci il noyabrın 1-də Hərbi Nazirliyin yenidən bərpa edilməsi qərara alındı. Hökumətin qarşısında duran tarixi vəzifələrin həllində bu struktura çox böyük əhəmiyyət verildiyindən ilk vaxtlar Silahlı Qüvvələrə rəhbərliyi Nazirlər Şurasının sədri F.X.Xoyski öz üzərinə götürdü. Lakin nazirliyin formalaşdırılması nazir müavini təyin edilmiş tam artilleriya generalı Səməd bəy Mehmandarova tapşırıldı. Ardınca ordu quruculuğu prosesinə rəhbərlik edəcək mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə başlanılmaqla, qısa müddət ərzində Hərbi Nazirliyin aparatı, noyabrın 15-də isə ordunun ümumi qərargahı təsis edildi.

1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçürüldü. 1918-ci ilin sonu, 1919-cu ilin əvvəllərində Hərbi Nazirliyin rəhbərliyində və strukturunda qismən dəyişiklik edilərək, tam artilleriya generalı Səməd bəy Mehmandarov nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini, general-leytenant Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin edildilər. Türk ordusu Azərbaycanı tərk etdikdən sonra ölkədə çox ağır vəziyyət yarandı, xarici təzyiqlər çoxaldı, hərbi müdaxilə təhlükəsi artmağa başladı. Buna görə də, ordu quruculuğu və müdafiə tədbirləri daha böyük vüsət aldı, yeni hazırlıq işləri görüldü, planlar hazırlandı, o cümlədən hərbi xidmətin təşkilinin hüquqi əsaslarının yaranmasına xüsusi diqqət yetirildi. Azərbaycan Ordusunun qanunvericilik bazasını qısa müddətdə yaratmaq mümkün olmadığından, hərbi nazirin 1919-cu ilin əvvəlində imzaladığı əmrlə keçmiş Rusiya imperiyasında 1917-ci il yanvar ayının 1-dək qəbul edilmiş hərbi qanunvericilik aktları, müvəqqəti olaraq, qüvvədə saxlanılsa da, həmin aktların Azərbaycanın müstəqilliyi, Milli Orduda xidmətin bu və ya digər tələbləri ilə uyğun gəlməyən müddəaları ləğv edilir və ya təkmilləşdirilərək yenisi ilə əvəz olunurdu.

Azərbaycan Demokratik Respublikasının hərbi quruculuq siyasətində, milliliyə, ana dilinə xüsusi əhəmiyyət verildiyi üçün, orduda danışığın və yazının Azərbaycan dilində aparılması üçün zəruri tədbirlər görüldü. O cümlədən, qeyri-azərbaycanlı zabitlərdən bir ay müddətində, ən azı, komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənmək və əsgərlərə Azərbaycan dilində komanda vermək tələb olundu.

Ordu quruculuğu proqramını həyata keçirmək və güclü ordu yaratmaq məqsədilə ordunu milli zabit kadrları ilə təmin etmək üçün hərbi təhsil müəssisələrinin yaradılması zəruri olduğundan, 1918-ci ilin iyun ayında Gəncədə yaradılmış hərbi məktəb, 1919-cu ilin noyabr ayında hərbi uçilişə çevrilərək, əvvəlcə ümumi, topçuluq, mühəndislik şöbələri, ardınca isə snayper və digər şöbələr yaradıldı. Bundan başqa, 1918-1920-ci illərdə türk və rus zabitlərinin köməyi ilə piyada və atlı polklar, artilleriya briqadası, diviziyası yaradıldı və sair nəhəng işlər görüldü.

 

Prokurorluq

 

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsi və onun tabeliyində prokurorluğun fəaliyyəti bərpa edildi. Bundan sonra, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 14 noyabr 1918-ci il tarixli qərarı ilə “Azərbaycan Məhkəmə Palatası Haqqında Əsasnamə” təsdiq olunmaqla qəbul edildi. Əsasnamənin 5-ci bəndinə müvafiq olaraq Azərbaycan Məhkəmə Palatası yanında prokuror və onun müəyyən sayda müavinləri təsis olundu. Azərbaycan Məhkəmə Palatasının və onun yanındakı prokurorun nəzarət dairəsi Əsasnamənin 6-cı bəndinə müvafiq olaraq, 1864-cü il nizamnamələri və Müvvəqqəti hökumətin 1917-ci ildə qəbul etdiyi aidiyyatı qanunlar ilə müəyyən edilirdi. Qeyd olunmalıdır ki, Azərbaycan Məhkəmə Palatasının və onun yanındakı prokurorun səlahiyyətləri Azərbaycan Respublikasının bütün ərazisinə şamil olunurdu.

Azərbaycan Xalq Cümhuriyyəti Prokurorluğunun fəaliyyəti əsasən məhkəmədə dövlət ittihamını müdafiə etməkdən və qanunların düzgün tətbiqinə nəzarət funksiyalarını həyata keçirməkdən ibarət idi. Xüsusi vurğulanmalıdır ki, ədliyyə nazirinin Bakı və Gəncə dairə məhkəmələrinin prokurorlarına ünvanladığı 8 dekabr 1918-ci il tarixli təlimnaməsində prokuror müavinlərinə, habelə “ibtidai istintaqın aparılmasına faktiki göz qoyulması” vəzifəsi də həvalə olunurdu. AXC-də prokuror nəzarətinə, eyni zamanda, ədliyyə naziri kimi Ali Məhkəmə idarəçiliyi orqanlarının rəhbəri hesab olunan Baş prokuror rəhbərlik edirdi. Başqa cür desək, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədliyyə naziri, eyni zamanda, baş prokuror vəzifəsini yerinə yetirirdi. Yeri gəlmişkən qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirləri olmuş F.X.Xoyski, X.Xasməmmədov, A.Səfikürdiski və T.Makinski, eyni zamanda, AXC-nin baş prokurorları olmuşlar. AXC bu sahədə bir sıra işlər görsə də, prokurorluğun fəaliyyətini tənzimləyən hərtərəfli və əhatəli normativ hüquqi aktların qəbul edilməsinə nail ola bilməmişdir. Sözsüz ki, bunun da müxtəlif səbəbləri var idi. Bu səbəblərdən aşkar görünənləri Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman kəsiyində fəaliyyət göstərməsi və həmin vəzifələri icra edən rəhbərlərin kifayət qədər təcrübələrinin olmaması idi.

Göründüyü kimi Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, respublikanın ədliyyə, məhkəmə və prokurorluq orqanlarının yaradılmasına xüsusi əhəmiyyət vermişdir.

Böyük fəxarət hissi ilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinin kökü də Azərbaycan Xalq Cümhuriyyətinə bağlıdır. Heç kəsə sirr deyil ki, ulu öndərin sözügedən sərəncamında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlaması rəhbər tutulmuşdur.

 

Xalqımızın milli şüurunda azərbaycançılıq məfkurəsinin formalaşması

 

SSRİ-nin süqutu ilə əlaqədar yaranmış tarixi şəraiti düzgün qiymətləndirməklə, vəziyyətdən bəhrələnən xalqımız ötən əsrin 90-cı illərinin əvvəllərində XX əsrdə ikinci dəfə öz müstəqil dövlətini qursa da, AXCP-Müsavat iqtidarı təmsilçilərinin ambisiyaları və səriştəsizlikləri çox qısa müddətdə müstəqilliyimizi uçurumun kənarına gətirib çıxartdı. Belə ki, müstəqilliyimizin ilk illərində siyasi çəkişmələr ölkə həyatını iflic edir, müharibə aparan, işğala məruz qalan ölkədə vahid komandanlığa tabe olan ordu olmadığından silahlı qüvvələr ayrı-ayrı şəxslərin əlində alətə çevrilir, iqtisadiyyat dağılır, respublikada vətəndaş həmrəyliyi pozulur, hətta ölkədə “qardaş qanı” axıdılır və vəziyyət AXC-nin acı taleyinin təkrarlanması, ikinci dəfə qazanılan müstəqilliyin yenidən tarixin arxivinə qovuşması təhlükəsi həddinə çatırdı.

Məhz belə bir ağır şəraitdə dövlətçilik ənənələrinə böyük önəm verən xalq doğru seçim edərək özünün sınanmış lideri Heydər Əliyevi təkidlə müstəqil Azərbaycanın rəhbərliyinə dəvət etdi. Ulu öndər bütün təhlükələri görə-görə heç birinə məhəl qoymadan xalqın çağırışına müsbət cavab verərək, 9 iyun 1993-cü il tarixdə Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bir qədər sonra Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan ümummilli lider Heydər Əliyev, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Müstəqil respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirməklə, cümhuriyyətin demokratik prinsiplərinin ölkədə daha geniş şəkildə yayılmasına xüsusi önəm verən ulu öndər Heydər Əliyev hələ SSRİ-nin mövcud olduğu bir vaxtda Naxçıvan Muxtar Respublikası Ali Sovetinin onun sədrliyi ilə keçən 1990-cı il 17 noyabr tarixli sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağını Naxçıvan Ali Məclisində dövlət rəmzi kimi qəbul edilməsinə nail oldu. 1991-ci il fevralın 5-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul etdi.

Xüsusi vurğulanmalıdır ki, ümummilli lider Heydər Əliyev cümhuriyyət ideyalarına hər zaman yüksək ehtiram nümayiş etdirmişdir. Ulu öndərin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında imzaladığı sərəncamlar bunun bariz nümunələridir.

Bu gün müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük qürur hissi və hörmətlə yanaşır. Ulu öndərin AXC ilə bağlı siyasətini davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik və 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalaması, 2018-ci ili respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi də 1918-ci ildə qurulan respublikanın Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verdiyi böyük önəmin ifadəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından qürur duyduğunu bildirən Prezident İlham Əliyev demişdir: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır.

Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü müstəqil Azərbaycan, Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.

Təbii ki, bütün bunlar, müvafiq sərəncamlara əsasən keçirilən tədbirlər cəmiyyətdə milli şüuru, azərbaycançılıq məfkurəsini daha da möhkəmləndirir, dövlətçilik ənənələrinin təbliğinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərir.

Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycan atdığı hər addımında bu prinsiplərə sadiqliyini təsdiqləyir. Dövlətimizin başçısı daim bildirir ki, atılan addımlar hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Məlum olduğu kimi, qarşıdakı illər üçün əsas hədəf Azərbaycanı ən inkişaf etmiş ölkələr sırasında görməkdir. Baş verənlər bir daha təsdiqləyir ki, möhkəm təməl üzərində qurulan Azərbaycan hərtərəfli inkişaf yolunda inamla irəliləyir və qarşıdakı illərdə ölkəmizi daha böyük uğurlar gözləyir. Buna əsas verən mühüm amil isə Heydər Əliyev siyasəti və bu siyasəti müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevdir.

Ölkə başçısı İlham Əliyev dövlət idarəçiliyinin möhkəm təməl prinsipləri əsasında Azərbaycanın sürətlə qüdrətlənməsini özünəməxsus peşəkarlıqla təmin etməklə yanaşı, onun davamlılığının yüksək templə inkişafını bu gün də uğurla həyata keçirir. Belə ki, inkişafın başlıca strateji əsaslarından olan ictimai-siyasi sabitlik və təhlükəsizlik mühiti yüksək səviyyədə təmin edilir, ölkə iqtisadiyyatı durmadan güclənir, ordumuz müasir tələblərə uyğun daha mükəmməl qurulur, iqtisadi mənfəətin insan kapitalına çevrilməsi üçün məqsədyönlü addımlar atılır, informasiya texnologiyalarının son nailiyyətləri daha böyük sürətlə həyatımızın ayrılmaz hissəsinə çevrilir. Təsadüfi deyil ki, son 15 il ərzində iqtisadiyyat 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, qeyri-neft ixracı dörd dəfədən çox artmışdır. Ölkəmizin əldə etdiyi uğurlar beynəlxalq təşkilatların da diqqətindən kənarda qalmayaraq, onlar tərəfindən də yüksək qiymətləndirilir. Qazandığımız nailiyyətlərin əsasında Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görmüş, inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə üçüncü yerdə olmağımız xüsusi vurğulanmışdır. MDB ölkələri sırasında son illərdə Azərbaycanın liderliyini ardıcıl olaraq qoruyub saxlaması da ölkəmizdə iqtisadiyyatın düzgün və məharətlə qurulub idarə olunmasının bariz nümunəsidir.

Bütün bunlarla yanaşı, ölkədə aparılan demokratik islahatlar da getdikcə daha geniş vüsət almaqla insan hüquq və azadlıqlarının təminatı sistemi daha da mükəmməlləşdirilir, tolerant bir mühitin mövcudluğuna şərait yaradan əsaslar möhkəmləndirilir, vətəndaş cəmiyyəti formalaşdırılır. Buna görə də, hər bir vətəndaş dövlətlə sıx əlaqədə olmaqla onunla olan münasibətlərdə müəyyən edilmiş hüquq və vəzifələrini, mənsub olduğu dövlətin bugününə və gələcəyinə görə daşıdığı məsuliyyəti daha düzgün dərk edir.

Ulu öndər siyasətinin son 15 ildə möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsi Azərbaycana möhtəşəm qələbələr qazandırır. Təsadüfi deyil ki, bu gün Azərbaycanın adı dünyanın firavan və sürətlə inkişaf edən ölkələrinin sırasında çəkilir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır, əsl söz sahibinə çevrilir. Azərbaycanda sabitliyin, iqtisadi inkişafın davamlılığı uğurlu hədəflərə yol açmaqla yanaşı, yeni-yeni tərəfdaşlar qazanılmasına da stimul verir. “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyində “Cənub” qaz dəhlizinin təməlinin qoyulması, “XXI əsrin müqaviləsi”nin imzalanması çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə yönələn addımların əsas tərkib hissələridir. Təbii ki, bu uğurları şərtləndirən amillər sırasında iqtisadi və siyasi islahatların paralel şəkildə və yüksək peşəkarlıqla aparılması xüsusi əhəmiyyət kəsb edir.

 Bu gün ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və demokratiya əksər dövlətlərə nümunə göstərilir. Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün əsas məkanlardan birinə çevrilmişdir. Ölkəmizdə olan qonaqlar, qısa zamanda sürətli inkişafa görə heyrətlərini gizlətməyərək, dövlətimizin həyata keçirdiyi siyasətə xalqın dəstəyini böyük məmnunluq hissi ilə qeyd edirlər.

Azərbaycanın yüksək templə hərtərəfli inkişafından danışılarkən dərin elmi bilikləri, geniş düşüncəsi, peşəkar idarəçilik qabiliyyəti, davranışı, xalqına və həyat yoldaşına olan sədaqəti, bir sözlə əsl Azərbaycan xanımına xas müsbət cəhətləri ilə örnək olan Mehriban xanım Əliyevanın dövlət və xalq qarşısında misilsiz xidmətləri haqqında söz açmamaq mümkün deyil. Onun ölkənin Birinci vitse-prezidenti kimi mühüm dövlət postuna təyin edilməsi də, dövlətimizin daha da qüdrətlənməsinə və milli maraqlara hesablanmış bir qərar idi. Heç kəsə sirr deyil ki, xalqımızın qəlbində Mehriban xanıma dərin, sonsuz inam və böyük etimad var. İnsanların öz dərd-səri ilə bağlı müraciətlərinin çox böyük bir hissəsinin ona ünvanlanması bunun aşkar göstəricisidir. Təbiidir ki, bu, həm də dövlətimizin ədalətinə və gücünə olan inamdır.

Tarixi proseslərin təhlili və müxtəlif dövrlərin təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, varislik prinsipinə riayət edilmədən xalqın rifahına xidmət edən ideyalar məcmusunun reallaşmasının və dinamik inkişafının davamlı xarakter alması mümkün deyil. Belə ki, bu halda mövcud olan mütərəqqi ideyalar aşınmalara məruz qalaraq məhvə məhkum ola bilər. Buna görə də, müdrik və uzaqgörən, xalqa, cəmiyyətə xidmət edən ideyaların sivil qaydada, demokratik prinsiplər əsasında ötürülməsi cəmiyyətin inkişafı üçün çox vacib amildir. Bu mənada siyasi sələfindən estafet kimi qəbul etdiyi strateji inkişaf kursunu yeni müstəvidə zənginləşdirməklə müasir dövrün tələblərinə uyğun şəkildə yüksək dinamizmlə reallaşdıran cənab İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədləri gördüyü işlərlə doğrultmaqla hər bir vətəndaşın Prezidenti olduğunu sübuta yetirərək, milli ideyalara sadiqliyin mükəmməl nümunəsini yaratmışdır. Zəngin elmi biliyi, dərin zəkası, yüksək erudisiyası, uzaqgörən düşüncəsi, möhkəm siyasi iradəsi, qətiyyəti, praqmatizmi, nümunəvi idarəçilik qabiliyyəti, təvazökarlığı, sadəliyi və ən əsası Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olması ilə xalqın sonsuz rəğbətini qazanmış Prezident İlham Əliyevin 11 aprel 2018-ci il tarixdə keçirilmiş prezident seçkilərindəki növbəti parlaq qələbəsi dediklərimizi bir daha təsdiq etdi.

Qürurumuzu artıran haldır ki, xalqımızın və dövlətçiliyimizin taleyində misilsiz rolu olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi respublikamızda, eləcə də onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilməklə, AXC qurucularının əziz xatirələri dərin ehtiramla anılır.

Bütün bunlar millətimizin və dövlətimizin öz şərəfli keçmişinə verdiyi yüksək dəyərin əyani təzahürüdür.

Xanlar VƏLİYEV,
Azərbaycan Respublikasının hərbi prokuroru,
ədliyyə general-leytenantı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında