Azərbaycan-UNESCO əlaqələri uğurla inkişaf edir

Birləşmiş Millətlər Təşkilatının tərkibində olan UNESCO dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya  sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra – 3 iyun 1992-ci il tarixində UNESCO-ya üzv qəbul olunmuş və tərəflər arasında münasibətlər davamlı inkişaf etmişdir. Azərbaycan-UNESCO əlaqələrinin genişləndirilməsi isə ümummilli lider Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə qayıdışından sonra başlanmışdır. Azərbaycan ilə təşkilat arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması 2004-cü ildə birinci xanım Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsinə təsadüf edir.

Ümumiyyətlə, bəşəri maddi və mənəvi dəyərlərin qorunması, gələcək nəsillərə ötürülməsi prosesində Azərbaycanın oynadığı mühüm rol beynəlxalq səviyyədə tanınır və təqdir edilir. Xalqlar və mədəniyyətlər arasında davamlı dialoqun aparılmasında güclü aktora çevrilmiş Azərbaycanın verdiyi böyük töhfə yüksək qiymətləndirilir, dinc və mehriban birgəyaşayışın gücləndirilməsinə kömək edən bir sıra vacib müzakirələrin aparılmasına şərait yaradır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş “Bakı prosesi” dünyanın nüfuzlu elmi və siyasi dairələri tərəfindən rəğbətlə qarşılanır, fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin güclənməsinə təkan verən prosesin əhəmiyyəti yüksək qiymətləndirilir.

Xatırladaq ki, 2008-ci ilin 2-3 dekabr tarixində təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq, 10 İslam ölkəsi dəvət edilmiş və İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olunmuşdu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilmişdi.

2010-cu ildən “Bakı prosesi” qlobal hərəkata çevrilməyə başlamış və 2010-cu ilin 23 sentyabr tarixində BMT Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edilmişdi. 2011-ci ilin 7-9 aprel tarixində Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO-nun tərəfdaşlığı ilə 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunmuşdu.

“Bakı prosesi”nin uğurları fonunda Azərbaycan xalqının çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir və bu
 prosesin daha da güclənməsində Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilir. Xüsusilə də birinci xanımın UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti Azərbaycanın bu gün bəşəriyyətin daha çox ehtiyac duyduğu qarşılıqlı anlaşma və fərqliliyi qəbuletmə kimi vacib xüsusiyyətlərinin beynəlxalq səviyyədə təbliğ olunmasında müstəsna rol oynayır. Bir sıra ölkələrdə Azərbaycan mədəniyyəti günlərinin, Azərbaycanın dövlət müstəqilliyinin bərpası, habelə xarici ölkələrlə diplomatik münasibətlərin qurulması münasibətilə tədbirlərin keçirilməsi, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması, Avropa Parlamentinin və UNESCO-nun mənzil-qərargahlarında, BMT-nin Cenevrədəki Qərargahında silsilə tədbirlərin təşkil edilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasına öz töhfəsini verməklə yanaşı, həm də beynəlxalq səviyyədə təsdiqini tapmışdır. Xalqımız dünya mədəni irsinin qorunmasını strateji dəyər hesab edir və mədəniyyətlərarası dialoqun davam etdirilməsində və gücləndirilməsində, ən əsası, insanlar arasında sülh mühitinin yaradılmasında daim maraqlıdır.

Qeyd etmək vacibdir ki, Sovet İttifaqı dövründə Azərbaycanın UNЕSCО ilə əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. O, UNЕSCО-nun Azərbaycan mədəniyyəti ilə bağlı təşkil etdiyi tədbirlərdə yaxından iştirak etmişdir. Təkcə bir faktı göstərmək kifayətdir ki, 1983-cü ildə Bakıda təşkil edilmiş “Şərq xalça sənəti” I Beynəlxalq Simpoziumu zamanı o vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü olan Heydər Əliyev UNЕSCО-nun Baş direktorunun xüsusi məsləhətçisi Federiko Mayorla görüşmüş və həmin dostluq əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin bu təşkilat ilə münasibətlərinə öz müsbət təsirini göstərmişdir.

Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almaqdadır. Ötən illər ərzində UNESCO çərçivəsində Nəsirəddin Tusinin anadan olmasının 800 illik, Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik, аkаdеmik Yusif Məmmədəliyеvin, məşhur xalçaçı-rəssam Lətif Kərimоvun, akademik Musa Əliyevin, görkəmli yazıçı-pedaqoq Mir Cəlal Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyləri yüksək səviyyədə qeyd edilmişdir.

Mehriban xanım Azərbaycanla UNESCO arasında əməkdaşlığın 20 illiyinə həsr olunan tədbirdə çıxışı zamanı ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirərək demişdir ki, “Azərbaycan UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir. Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xüsusi diqqət yetirmişik. Biz dərindən inanırıq ki, yalnız yüksək səviyyəli təhsilə malik olan ölkə uğurlar əldə edə və xalqı üçün daha yaxşı həyat keyfiyyətini təmin edə bilər”. Ötən müddət ərzində tərəflər arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin dinamik xarakter alması günümüzün xoş reallığıdır.

Hələ 2005-ci ilin oktyabrında UNESCO-nun 60 illiyinə həsr edilmiş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində Parisdə “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda” mövzusunda keçirilmiş tədbirdə çıxış edən Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şərqlə Qərbin qovuşduğu bir məkan olaraq Azərbaycanın qlobal mədəni dialoqa öz töhfəsini verməyə hazır olduğunu vurğulamışdı.

Sonrakı illərdə bu istiqamətdə mühüm addımların atılması bunu bir daha təsdiqləmişdi. Dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycan mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə Mehriban xanım Əliyeva 2008-ci ildə UNESCO-nun keçmiş Baş direktoru Koişiro Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə isə UNESCO-nun “Qızıl Motsart” medalı  ilə təltif edilmişdi.

Bu il mayın 18-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə UNESCO-nun Baş Qərargahında təşkilatın baş direktoru Odre Azule ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı prosesi”ndən söz açaraq, bu il həmin prosesin 10 illiyinin qeyd olunduğunu vurğulamışdır. Birinci vitse-prezident bildirmişdir ki, 2019-cu ildə Bakıda növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Son illər ərzində Azərbaycan bu cür mötəbər tədbirlərə ev sahibliyi etməsi, həmçinin təhsil, elm və mədəniyyət sahələrində müxtəlif layihələrdə iştirakı ilə UNESCO-nun təşəbbüsləri və fəaliyyətinə böyük töhfələr vermişdir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təşkilatın keçmiş baş direktoru  Koişiro Matsuuranın 80 illik yubileyi münasibətilə Parisdə təşkil olunan tədbirdə də iştirak etmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, Koişiro Matsuura Mehriban xanım Əliyevanın fəaliyyətini həmişə yüksək qiymətləndirmiş və UNESCO-nun xoşməramlı səfirinin milli-mənəvi dəyərlərin qorunmasına yönəlik addımlarını alqışlamışdır: "Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə məxsus olduğu xalqın qadınlarına nümunədir".

Cənab Matsuura müsahibələrində Mehriban xanım Əliyevanın
UNESCO-dakı fəaliyyəti ilə bağlı bildirmişdir ki, o, UNESCO-nun tamamilə yeni sahəsi olan Qeyri-maddi mədəni irsin qorunması üzrə məsuliyyət daşıyan çox fəal xoşməramlı səfirdir. Belə ki, o, Qeyri-maddi mədəni irs üzrə yeni Konvensiyanı nəinki Azərbaycanda, həmçinin dünyanın digər yerlərində böyük uğurla təşviq edir. Hazırda Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın 160-dan çox ölkə tərəfindən ratifikasiya olunduğunu vurğulayan cənab Matsuura əlavə etmişdir ki, daha məşhur beynəlxalq konvensiya 190 ölkənin ratifikasiya etdiyi Dünya İrsi Konvensiyasıdır və söz yox ki, bu işdə Mehriban Əliyevanın xüsusi əməyi var və o, yeni konvensiyanın təşviqinə çox mühüm töhfələr vermişdir.

UNESCO-nun indiki baş direktoru Odre Azule keçmiş baş direktoru Koişiro Matsuuranın yubileyində iştirakına görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmiş və bu vəzifəyə seçildikdən sonra Azərbaycanla UNESCO arasındakı münasibətlərin zəngin tarixini daha dərindən öyrəndiyini və ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırmışdır. O, fəaliyyəti dövründə də ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini vurğulamışdır.

Mehriban xanım Əliyeva görüşdə Azərbaycan mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasına görə təşəkkürünü bildirmiş və bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırmışdır. Azərbaycanın Birinci vitse-prezidenti bildirmişdir ki, ötən 100 il ərzində Azərbaycan bir çox nailiyyətlər əldə etmiş və bunlardan ən vacibi qadınlara seçib-seçilmək hüququnun verilməsidir ki, bu da UNESCO-nun məqsəd və məramlarına, mandatına uyğun məsələdir. Bununla əlaqədar bu il ərzində UNESCO ilə birgə tədbirlərin təşkili nəzərdən keçirilmişdir. Baş direktor Odre Azule nəzərdə tutulan tədbirlərin keçirilməsinə dəstək verəcəyini bildirmiş və vurğulamışdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması və əldə edilən nailiyyətlər təqdirəlayiqdir.

Bir sözlə, Azərbaycanın UNESCO ilə münasibətlərinin inkişafı və güclənməsi respublikamızın beynəlxalq aləmdəki nüfuzunun daha da möhkəmlənməsinə şərait yaratmış, ölkəmizin dialoq məkanı kimi oynadığı tarixi missiyaya təkan vermiş və mədəniyyətlərarası dialoq üzrə beynəlxalq platformanın əsasını qoymuşdur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən verilən dəstək Azərbaycanın beynəlxalq əlaqələrinin daha da möhkəmlənməsinə və inkişafına gətirib çıxarmış və ölkəmizin sülhpərvər, bəşəri dəyərləri qoruyub inkişaf etdirən imicini gücləndirmişdir.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında