Milli dönüklük bataqlığında

Yaxud, ermənilərə bundan böyük hədiyyə ola bilməz

“Bakinski Raboçi” qəzetinin dünənki sayında  ( 23 may, 2018-ci il, http/br.az/ politics/ ) tanınmış kinorejissor Ayaz Salayevin “Rüstəm İbrahimbəyov və onun ermənilərin faciəsində azərbaycanlıların günahkar olduğu barədə filmi” adlı məqaləsini oxuyanda bəzi həqiqətlər mənim üçün yenidən aydınlaşdı. Daha doğrusu, bir neçə il əvvəl Rüstəm İbrahimbəyovun Azərbaycan xalqına qarşı kin və nifrətini tənqid edən yazılar qələmə aldığıma görə sonradan özümü qınayırdım: “Nə olsun ki, indi səhv edir, axı o, böyük ədib, mən isə sadə bir jurnalistəm”. Ayaz Salayevə dərindən təşəkkür edirəm ki, mənim həmin tərəddüdlərimi və peşmançılıqlarımı aradan qaldırdı. “Bakraboçi”nin həmin yazısı sübut etdi ki, Rüstəm İbrahimbəyov sözün həqiqi mənasında bu xalqı aşağılamaqdan ləzzət alır.

Kinorejissor yazır ki, 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Sadəlövh oxucu dərhal elə fikirləşə bilər ki, filmin ərsəyə gəlməsində məsul olanlardan hansısa erməni olduğuna görə məsələ “öz həllini belə tapıb”. Amma qətiyyən elə deyil. Qeyd edilir  ki, filmin üç müəllifindən biri gürcü, ikisi isə azərbaycanlıdır. Yəni bu ekran əsərinin ssenari müəllifi  Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya, onun köməkçisi isə Fuad İbrahimbəyovdur.

Ssenari müəllifi çox yaxşı bilir ki, bu film təkcə Qafqazda və ya Rusiyada deyil, ermənilərin ciddi-cəhdi və vəsaiti hesabına dünyanın bir çox ölkələrində, bəlkə hələ festivallarda da göstəriləcək. Ona görə də ermənilərə haqq qazandırmaq üçün uydurma bir ədəbi priyomdan istifadə edir. Belə ki, Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya tullanıldığı, sonradan daşlanıldığı  epizodu yaradılır ki, burada da  əsas məqsəd “vəhşi azərbaycanlıların” “dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir. Halbuki, erməni-türk problemləri başlanandan indiyədək  məlum olan bütün tarixi mənbələrdə göstərilir ki, istənilən münaqişənin səbəbi ermənilərin qaniçənliyi olub. Yəni Rüstəm İbrahimbəyov bu əsəri ilə təkcə öz xalqını aşağılamır, həm də indiyədək Qafqaz xalqları haqqında yazmış görkəmli rus və Avropa müəlliflərinin də üzünə tüpürür. Halbuki, tüpürülməli sima tamamilə kənarda qalır.

Qeyd edilir ki, bu ekran əsərində  erməninin “cəzalandırılması” aksiyasının sakinlər tərəfindən böyük  coşqu ilə qarşılandığı məqamlar da var. Bu isə həmin  qəddarlığın xalqımızın mentalitetinə xas olduğunu  beynəxlaq auditoriyaya təqdim etmək niyyətini büruzə verir.

İndi ermənilər həmin uydurma kadrları dünyanın bütün ekranlarına çıxararaq car çəkəcəklər ki, biz bu cür qəddarlığı, vəhşiliyi olan azərbaycanlılarla bir ölkədə necə yaşaya bilərik? Eynilə, Əkrəm Əylislinin “Daş yuxular”  adlı “əsərinin” ərsəyə gəlməsindən sonrakı vay-şivən kimi yenə də dünyanı “erməni səsi”götürəcək. Erməni ekranları, mikrofonları, tribunaları  Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu yaramaz, xəyanətkar və şərəfsiz davranışını  bütün dünyada azərbaycanlıların etirafı kimi təqdim edəcəklər. Yəni azərbaycanlı yazıçı öz soydaşlarını  ən neqativ fonda təqdim etmək üçün ermənilərə yeni mövzu vermiş oldu.  Bu isə o deməkdir ki, tanınmış bir azərbaycanlı tərəfindən “etiraf” olunan bu “həqiqətlər” dünya erməniliyi üçün əsl hədiyyədir.

Bəri başdan desək, bəlkə də yanılarıq, amma ehtimal olunur ki, bu bədnam filmin   maliyyə mənbəyinin   birbaşa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxa bilər. Rüstəm İbrahimbəyov bunu bacardı.  Rüstəm İbrahimbəyov həm də,  torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə soydaşının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsi kimi  bu “etirafları” dilə gətirməyi də bacardı. O, böyük ədib qələmiylə milli xəyanətin, insan mənəviyyətının deqradasiyası və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsini yaratmağı bacardı.

Bu dönük yazıçının filmi sadə vətəndaşından tutmuş yüksək vəzifəli məmuruna kimi bütün azərbaycanlıları yaramaz kimi təqdim edir. O, öz ekran əsərində elə bir fon yaradır ki, guya  30 min erməninin yaşadığı bir ölkədə hər kəs gecə-gündüz bu millətdən olan nümayəndələri tapıb cəzalandırmaq arzusu ilə yaşayır. Halbuki, Rüstəm İbrahimbəyovdan fərqli olaraq onlarca erməni müxtəlif dövrdə sakitlik və sabitliyin hökm sürdüyü Azərbaycanda yaşamaq istəyini dilə gətirib. Bu tendensiyanın davam etdiyi bir zamanda öz yazıçımızın özümüzə belə qənim kəsilməsini kim bağışlaya biləcək, bilmirəm.

“Böyük ədib” azərbaycanlıları alçaltmaqla, ermənilərin tamamilə günahsız olduqlarını “sübut etməklə” kifayətlənmir. Məqamdan istifadə edərək gerçək şəkildə Moskvaya yaltaqlanmağı da ( Onun yaşca məndən xeyli böyük olduğunu əsas tutan bəzi oxucular həmin ifadəyə görə bu sətirlərin müəllifini qınayacaqlar. Amma yaranmış vəziyyət bu ifadəni tələb edir.) məqsədəuyğun sayır. Belə ki, filmdə “qəddar” Bakının fonunda  bütün məsələlərin həll olunduğu, xoşbəxtlik adasını xatırladan, cənnət kimi təsvir olunan Moskva ucaldılır. Azərbaycanda döyülən, söyülən, əzilən, işgəncələrə məruz qalan ermənilər bu şəhərə sığınaraq,  əsl xoşbəxt həyat əldə edirlər.

Açıq şəkildə görünür ki, Rüstəm İbrahimbəyov Bakı ilə Moskvanın “təzadları”  fonunda öz həyatını təsvir edir: onu inkar edən və lənətləyən Bakı ilə müqayisədə alicənab Moskvanın açdığı imkanları vəsf edir. Başqa bir mühüm fakt isə ondan ibarətdir ki, həmin bədnam  filmdə azərbaycanlı obrazlarını  yalnız İbrahimbəyovun qohumları və  gürcü aktyorlar ifa edirlər. Bəlkə də İbrahimbəyov başa düşüb ki,  heç bir azərbaycanlı  belə yaramaz, düşmən layihədə yer almaq istəməz.

Filmin ideyası ondan ibarətdir ki,   Dağlıq Qarabağ münaqişəsinin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti dayanır. Yəni bu əsər bir müəllifin dünya  ictimaiyyətinə mesajıdır ki, mənim xalqım nə qədər vəhşi olsa da, mən humanist bir insan, ədalətli yazıçıyam. Amma əbəs yerə elə düşünür. Dünyanın ayıq adamları onu sadəcə bir dönük, satqın qələm sahibi kimi tanıyırlar.

O, həmin filmi ilə həm də “Milli Şura” deyilən qurumdakı siyası həmfikirlərinin mövqeyini və kimliyini dünyaya tanıtdı.  Həmin qurumun başında duran Əli Kərimli, Cəmil Həsənli və digərlərinin antimilli və ermənipərəst simasını  bu film aydın şəkildə göstərdi. İndi söz “Milli Şura” rəhbərlərinindir. “Məhsul” stadionuna gətirə bildikləri bir neçə yüz adam qarşısında keçmiş prezidentliyə namizədlərini necə təmizə çıxara biləcəklər? Xalq onların milli dönüklüyünü bilirdi. Ancaq Rüstəm İbrahimbəyovun bu xəyanətkar əməli, onun həmsədri olduğu “Milli Şura” başçılarının səviyyəsini “göylərə qaldırdı”.

Söz, eyni zamanda, Azərbaycan xalqınındır. İctimaiyyət nümayəndələri, ziyalılar, siyasi partiya, QHT, media nümayəndələri öz xalqına qarşı bu dərəcədə xəyanətkarlıq edən İbrahimbəyovun əməllərindən sonra “ağası gülüm olan”  müxalifət düşərgəsinə nə deyəcək? Onu xalq özü bilir. Mən isə onu bilirəm ki, Ayaz Salayev mənim bir neçə il davam edən tərəddüd və peşmançılıqlarıma birdəfəlik son qoydu. Yazdıqlarıma görə heç bir peşmançılığım qalmadı. Rüstəm İbrahimbəyov mənim həm əvvəl yazdıqlarıma, həm də bu sətirlərə tamamilə layiqdir.

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında