2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında dövlət başçımızın sərəncamı hər bir soydaşımızda qürur hissi yaradıb. 100 il əvvəl –1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisənin baş verdiyi hər birimizə yaxşı məlumdur. Həmin gün müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi 23 ay yaşamasına və çox mürəkkəb, gərgin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, hər bir azərbaycanlının qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli sərəncamına əsasən, ölkəmizin bütün bölgələrində, o cümlədən ölkə xaricində silsilə tədbirlər keçirilir. Bayrağımızın, himnimizin, gerbimizin yarandığı, müstəqilliyimizin elan olunduğu tarixi günü sevinclə və qürur hissi ilə qeyd edirik. Dövlət başçısının bu qərarı xalqımızın keçmişinə, tarixinə, milli dəyərlərimizə dərin hörmətdən qaynaqlanır və dövlətçiliyimizin möhkəmləndirilməsinə, cəmiyyətdə həmrəyliyin, azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət edir. Belə müsbət nümunələr gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsində müstəsna əhəmiyyət kəsb edir, onlarda xalqımızın şərəfli keçmişinə görə qürur hissi aşılayır, Vətənə bağlılığı, məhəbbət hissini daha da artırır.
Tarix XX əsrin əvvəllərində xalqımız üçün misilsiz bir hədiyyə bəxş etdi və bu, Azərbaycan tarixində dərin izlər buraxdı. 1918-ci ilin birinci yarısında baş vermiş tarixi hadisələrdən biri faciə, insanlıq əleyhinə cinayət, soyqırımı idisə, digəri qürur, iftixar tariximiz idi. Belə ki, 1918-ci ildə Azərbaycan xalqı həm mart soyqırımına məruz qalıb, həm də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaradıb. Həmin il mayın 28-də Tiflis şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə – cəmi 23 ay mövcud olmuşdur. Lakin, bu müddətdə çox işlər görüldü. Hər şeydən əvvəl, xalqımız öz milli dövlətçiliyinə qovuşdu və istiqlalın, müstəqilliyin nə demək olduğunu gördü, onun mahiyyətini, vacibliyini dərk etdi. Bu dövlətin yaradıcıları olan M.Ə.Rəsulzadə, F.X.Xoyski, N. Yusifbəyli, Ə.Topçubaşov, H.Ağayev və başqa vətənpərvər istiqlalçılar həyatlarını riskə ataraq, gecəni gündüzə qatıb, milli dövlətçiliyimizin əsaslarını qoydular. O dövrdə Azərbaycan Milli Şurasının qəbul etdiyi "İstiqlal Bəyannaməsi" yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bəyan etdi. Bəyannamədə elan edilmiş prinsiplər – Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə hörmətlə yanaşmaq prinsipləri AXC-nin beynəlxalq nüfuzunu artırdı. Bununla yanaşı, Azərbaycan dövlətçiliyi üçün vacib olan bir sıra məsələlər həll edildi, siyasi və sosial sahədə zəruri islahatlar həyata keçirildi.
Cümhuriyyət nəinki ölkə daxilində bir çox mühüm işlər həyata keçirmiş, hətta beynəlxalq aləmdə də tanınmaq, ölkənin siyasi maraqlarını müdafiə etmək üçün ciddi addımlar atdı. Məhz bunun nəticəsi idi ki, Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox dövlət tərəfindən de-fakto tanındı və bu ölkələrin Bakıda konsulluq və nümayəndəlikləri açıldı.
AXC müsəlman Şərqində Avropa tipli idarəetmə prinsiplərinə keçən ilk dövlət oldu və bu prosesdə hətta Türkiyə Cümhuriyyətini bir neçə il qabaqladı. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verildi. Dövlətimizin yarandığı gün – 1918-ci il may ayının 28-də Ədliyyə Nazirliyi təsis edildi. Ədliyyə Nazirliyi 100 illik tarixi dövr ərzində zəngin, keşməkeşli bir yol keçərək, müasir inkişaf mərhələsinə çatıb və dövlətin hüquq siyasətini həyata keçirən bir orqana çevrilib.
Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Təsadüfi deyildir ki, ölkənin ədliyyə tarixinin ən şərəfli anları AXC-nin yaranması ilə başlanır. Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayır, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilir, binalar qaydaya salınır və çətinliklə də olsa, hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilir.
Azərbaycan Demokratik Respublikası 1920-ci il aprelin 28-də süqut etdikdən sonra Ədliyyə Nazirliyi ləğv edilir və yerinə Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilir. 1959-cu ildə Ədliyyə Komissarlığının fəaliyyəti yenidən dayandırılır və onun səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülür.
Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycanın ədliyyə tarixində yeni mərhələ başlandı. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək, məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmək, əhaliyə hüquqi yardımı yaxşılaşdırmaq, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmək, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yarandı.
Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən və Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr – 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət olundu. Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edildi.
Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi.
XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan keçmiş SSRİ-nin dağılması nəticəsində yaranmış tarixi şansdan bəhrələnərək, yenidən öz müstəqilliyinə qovuşdu. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq, milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Vətənpərvər oğul və qızlarımızın qanı bahasına qazanılmış müstəqilliyimiz ilk illər respublikaya rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı nəticəsində addım-addım uçuruma yaxınlaşırdı. Ölkədə baş alıb gedən xaos, anarxiya, qeyri-qanuni silahlı qruplaşmaların hegemonluğu vəziyyəti getdikcə ağırlaşdırır, qarşıdurma, silahlı toqquşmaya gətirib çıxarırdı. Yenicə bərpa olunmuş dövlət müstəqilliyimiz məhv olmaq ərəfəsində idi.
1993-cü ilin yayında xalqın təkidi ilə respublikanın siyasi rəhbərliyinə gələn ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və dövlət idarəçiliyindəki zəngin təcrübəsi, polad iradəsi xalqı bu bəladan xilas etdi. Ümummilli lider Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirdi və Xalq Cümhuriyyəti dövrü tarixinin araşdırılmasına ciddi diqqət yetirdi. Ulu öndər o vaxt bəyan etdi ki, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Tarixi şəxsiyyətin cümhuriyyət ideyalarının yaşamasına və təbliğinə böyük önəm verməsinin nəticəsidir ki, həmin vaxtdan başlayaraq, hər il respublikamızda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi təntənə ilə qeyd olunur.
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd edilməsi ilə bağlı müvafiq sərəncamında qeyd edilir ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Biz bu ənənənin davamını bu gün də görürük.
Ulu öndərin qurduğu müstəqil dövlət indi onun davamçısı Prezident İlham Əliyevin yürütdüyü məntiqli siyasət nəticəsində dünyada tanınan və inkişaf edən ölkələr sırasında layiqli yer tutur.
Bu, faktdır ki, bu gün Azərbaycan dünyanın sayılıb-seçilən, söz sahibi olan dövlətlərindəndir. Uğurla həyata keçirilən siyasi kursun bəhrəsi özünü açıq şəkildə büruzə verir. Ölkəmizin iqtisadi potensialı, beynəlxalq nüfuzu getdikcə artır. Bu gün müstəqil Azərbaycan bütün dünyada milli mənafeyə əsaslanan qətiyyətli siyasət həyata keçirən ləyaqətli ölkə kimi tanınır.
Yüz il əvvəl baş vermiş hadisələr bir daha təsdiqləyir ki, biz öz Vətənimizə, milli dövlətçiliyimizə bağlı olan bir xalqıq. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət xalqın mənafeyinə xidmət etdiyi kimi, xalq da bu siyasətə güclü dəstək nümayiş etdirir. Bu il aprelin 11- də keçirilən prezident seçkiləri bunu bir daha təsdiqlədi.
Respublikamızın bugünkü müsbət reallıqları, dünya birliyinə sürətli inteqrasiyası, mövqeyinin getdikcə möhkəmlənməsi Azərbaycanın müstəqilliyinin əbədi və daimi olacağını deməyə əsas verir. Bu gün dünya birliyi tərəfindən də də etiraf olunan ölkəmizdəki sabitlik, “iqtidar-xalq” həmrəyliyi bunun bariz ifadəsidir. Şübhə yoxdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edən xalqımız öz ənənələrini yaşadaraq, gələcəyə doğru daha inamlı addımlar atacaq.
Rəna DADAŞOVA,
Ədliyyə Nazirliyi Bakı şəhəri 36 saylı notariat kontorunun notariusu
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.